"Zorakılığa qarşı çıxarkən növbəti zorakılığa şərait yaratmaq olmaz"- Mətanət Ağamirli
6 Dekabr 11:21 Müsahibə"Qadın döyülər də, söyülər də" stereotipi: Qadın zorakılığına qarşı necə mübarizə aparaq?
Bu gün cəmiyyətimizin ən aktual məsələlərindən biri olan qadın zorakılığı problemi hər birimizi narahat edir. Zorakılıq yalnız fiziki deyil, həm də psixoloji, iqtisadi və cinsi formalarda özünü göstərərək qadınların həyatlarındakı ən əsas hüquqlarını - azad yaşamaq və təhlükəsizlik hüquqlarını, eləcə də psixoloji sağlamlığını əlindən alır. Statistikaya görə, hər il minlərlə qadın zorakılığın müxtəlif formalarına məruz qalır və bu problem yalnız fərdi deyil, ailələrə, cəmiyyətə və ümumilikdə insanlığa ciddi zərbə vurur.
"Olaylar"ın müsahibi əməkdar jurnalist, teleaparıcı, fəal ictimaiyyətçi Mətanət Ağamirlidir.
- Mətanət xanım, sizcə, Azərbaycanda qadın zorakılığına qarşı ictimaiyyətin münasibəti son illərdə dəyişibmi?
- Son illərdə Azərbaycan ictimaiyyətinin qadın zorakılığına daha diqqətlə, daha həssas yanaşması müşahidə olunur. Bu təbiidir. Çünki qloballaşan dünyada ölkələr birlikdə müxtəlif layihələr həyata keçirir, bir-birinin təcrübələrindən bəhrələnirlər. Bu baxımdan Azərbaycanda da dövlət və qeyri-dövlət sektoru tərəfindən qadın zorakılığına qarşı mübarizə, qadın hüquqlarının müdafiəsi yolunda müxtəlif layihələr, proqramlar gerçəkləşdirilir. Əlbəttə, bu ictimaiyyətin fikrinə, yanaşmasına, ictimai şüurun dəyişməsinə təsir göstərir. Lakin təcrübə göstərir ki, maarifləndirmə proqramları, layihələr nə qədər çox olsa da yenə də azdır. Bu isə o deməkdir ki, bu proqramlar, layihələr mütəmadi, fasiləsiz olaraq dövlət və qeyri-dövlət sektoru, həmçinin cəmiyyətin vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər bir fərdi tərəfindən həyata keçirilməlidir. Çünki qadın cəmiyyətin bütün üzvlərinin hər birinə təsir edən amildir. Qadın Allahın yaratdığı mütərəqqi bir varlıqdır. Qadın varsa, orada haqq və ədalət var. Qadın yaradan, yaşadan, inkişaf etdirən, qoruyandır. Qadın hər bir fərdin anası, bacısı, qız övladıdır. Hər insanın həyatında mütləq ki, qadın var. Bu səbəbdən hər bir insan bu mövzuya diqqətlə yanaşmağa məsuliyyət daşıyır.
- Cəmiyyətdə qadın zorakılığı ilə bağlı danışılmayan və ya görməzdən gəlinən tərəflər hansılardır? Bu məsələlər üzə çıxarılsa, dəyişikliklərə səbəb ola bilərmi?
- 20-30 il öncə qadınlar istər məişət, ailə münaqişəsi zəminində, istər ailənin müxtəlif üzvləri tərəfindən, istərsə də cəmiyyətdə, işlədiyi yerdə təzyiqə məruz qaldığı zaman öz hüquqlarının müdafiəsi üçün əksər hallarda müxtəlif səbəblərdən etirazlarını bildirmirdilər, öz səslərini, əzablarını içlərində boğurdular. Lakin son illər dünyanın, cəmiyyətin dəyişməsi, yeni tendensiyaların ortaya çıxması, qloballaşma, dövlətin hüquq-mühafizə orqanlarının zorakılıqlara aktiv müdaxiləsi, dövlətin apardığı təbliğat xarakterli maarifləndirmə proqramlarının məntiqi nəticəsi var. Bu günün qadını artıq 20-30 il öncənin qadını deyil. Bu gün hər kəs öz hüququnun müdafiəsini, tapdanmış hüququnun bərpasını müxtəlif platformalarda açıqlamaqdan çəkinmir, tələb edə bilir. Bu gün cəmiyyətdə qadın zorakılığı ilə bağlı danışılmayan və görməzdən gəlinən tərəflərdən danışarkən iki nüansı qeyd etmək istərdim. Mən təhsil sahəsində hər cür zorakılığa qarşı mübarizə ilə bağlı maarifləndirmənin daha da genişləndirilməsinin tərəfdarıyam. Hesab edirəm ki, yeniyetmələrə ilkin dövrdən, uşaqlıqdan təbliğ edilən dəyərlər, maarifləndirmə daha yüksək nəticə verə bilər. Birmənalı şəkildə qadın zorakılığı ilə bağlı təhsil sistemində və məktəblərdə maarifləndirmə proqramları fundamental əhəmiyyət kəsb edir. Bu gün məktəblərdə, təhsil müəssisələrində aparılan maarifləndirmə proqramları 10-15 il sonranın təminatıdır. Bu, 10-15 il sonra qadın zorakılığının minimuma enmək şansını kifayət qədər artırır. Zorakılığın sayının minimuma enməsində təhsil sisteminin oynadığı rolu heç bir sahə oynaya bilməz. Məsələ ondan ibarətdir ki, təhsil sisteminin özünün o qədər yenilənməsinə, şəffaflanmasına, inkişaf etməsinə ehtiyac var ki, bu bizim ən ağrılı tərəfimizdir. Hər şey təhsildən başlayır., hər şey! Təhsil sistemində maarifləndirmə proqramlarının əhəmiyyətini öncə orda çalışan müəllimlər, direktorlar, pedaqoqlar dərk etməlidirlər. Yalnız o zaman məsələnin məsuliyyətinin nə dərəcədə ciddi olduğunun fərqində olaraq onu şagirdlərə, yeniyetmələrə aşılaya bilərlər. Bu gün orta məktəblərin yuxarı sinif şagirdlərinin əksəriyyətində repetitorlara müraciət edilməsi kimsəyə sirr deyil. Hamımız bilirik ki, böyük əksəriyyət repetitorlarla məşğul olur. Bu isə məktəblərdə dərs davamiyyətini şübhə altına alır. Gerçəkləri dilə gətirməkdən çəkinməməliyik. O zaman ortaya "məktəblərdə maarifləndirmə proqramları kimlərlə aparılacaq" sualı çıxır. Konkret olaraq əgər yuxarı sinif şagirdlərinin davamiyyətində problemlər varsa, o maarifləndirmə proqramları kimlərə keçiriləcək və hansı nəticə verəcək?
Zaman-zaman müxtəlif sosial platformalarda, əsasən orta məktəblərdə bullinqlər - hansısa qıza, oğlana qarşı zorakılıq olunduğunun şahidi oluruq. Düzdür, kütləvi deyil, amma problem var və biz müxtəlif formalarda çəkilib yayılmış video materialların şahidi oluruq. Bu yaxınlarda aptek müdirinin öz işçisini necə vəhşicəsinə döyməyinin görüntüsü yayıldı, sosial şəbəkələrdə hamımız izlədik. Bu gün ali, yüksək dəyərlərlə, milli mənəvi dəyərləri qoruyaraq inkişaf edən ailələrdə qadınların hüquqları daha çox müdafiə olunur. Lakin orta məktəblərdə baş verən bu kimi halların məktəbdən kənara çıxması, təşviş, həyəcan, qorxu yaradır. Şagirdlərə aşılanır ki, məktəbdə baş verən şeyləri danışmaq qəti qadağandır. Xüsusilə məktəb direktorları, müəllimlər tərəfindən bu məsələlər ört-basdır edilir. İkinci məsələ isə, bu yaxınlarda yenə sosial media üzərindən - xəbər resurslarında, onlayn platformalarda yer alan bir məlumatı oxudum və o məlumatın kütləviliyi, izləyici çoxluğu təşkil etməsi mənim də diqqətimi çəkdi, maraqlandım. Akademiyanın müəyyən institutlarında elmi fəaliyyətdə olan qadınlara qarşı qısqanclıq, savadlı xanımlara elmi müdafiədə yaradılan süni maneələr, institutun rəhbərləri tərəfindən intriqaların yaradılması, institut dəhlizlərində biədəb davranışlar, etik normaya sığmayan mübahisələr, qadınların üz-üzə qoyulması kimi eybəcər hallar, düşünürəm ku, cəmiyyətin görməzdən gəldiyi məsələlərdəndir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Halbuki istər dünyəvi qanunlarla, istərsə də mənəvi dəyərlərlə bu kimi halların yolverilməz olduğunu hamımız bilirik.
- Bəzi qadınlar cəmiyyətin təzyiqindən çəkinərək zorakılığa məruz qaldıqlarını gizlədirlər. Sizcə, onların bu "susqunluğunu" necə sındırmaq olar?
- Söylədiyiniz hallar 20-30 il əvvəl daha çox idi. Bilirsiniz ki, bizə keçmişdən ənənəvi şəkildə gəlib çatan bəzi kodlaşmış şüuraltı düşüncələr var. Məsələn, ailənin sirri ailədə qalmalı, ətrafa çıxmamalıdır. Hətta ailələrdə belə bir ifadə də vardı: "Qadın döyülər də, söyülər də, amma ailəni qorumalıdır". Xeyr. Qadın söyülməməli, döyülməməlidir, baş üstündə saxlanmalıdır. Qadın baş tacıdır. Doğru olmayan bu stereotiplərin aradan qalxması üçün yəqin ki, bölgələrdə, kəndlərdə, ucqarlarda, elə paytaxtın özündə də maarifləndirmə proqramları hələ uzun zaman davam edəcək. Ən böyük nümunə isə biz özümüzük - fərdlər! Hesab edirəm ki, bu gün gənclər, orta nəslin nümayəndələri sosial platformalarda, sosial şəbəkələrdə bu istiqamətdə doğru təbliğlə məşğul olmalıdırlar. Nədən doğru təbliğlə məşğul olmalıdırlar? Çünki bu gün bizim nəzərdə tutduğumuz fərdlər, sosial şəbəkələrdə təmsil olunan hər bir vətəndaşımızın həyatı mütləq qadınlarla bağlıdır. Təhsilli qadının özgüvəni, xoşbəxtliyi, hər kəsin həyatına toxunur. Bu reallıqdır və biz onu inkar edə bilmərik. Sosial şəbəkələr çox ciddi təsir imkanına malikdir. Sosial şəbəkələrdə aktiv olan hər bir vətəndaş - dövlətini, xalqını, ailəsini sevən hər bir insan bu istiqamətdə təbliğatdan vaz keçməməli və bu məsuliyyəti dərk etməlidir. Əlbəttə mən doğru təbliğatı nəzərdə tuturam. Mənə görə, "dəyərlərini qorumaqla inkişaf etmək" devizi ən doğru təbliğatdır.
- Zorakılıq mövzusu medianın gündəmində tez-tez yer alır. Sizcə, bu mövzunun təqdimatında media hansı səhvləri edir və necə düzəldə bilər?
- Zorakılıq mövzusunun medianın gündəmində olması təbiidir, belə də olmalıdır. Təcrübə göstərir ki, bu gün mediasız mümkün deyil. Bu gün internet dünyasında yaşayırıq və media da virtuallaşır. İstənilən məsələnin medianın gündəminə çevrilməsi çox normaldır və vacibdir, hətta aktualdır. Bütün sahələrdə olduğu kimi, mediada da bəzən müxtəlif qruplar və ya hansısa resurs, şəxsi internet səhifəsi bu kimi mövzulardan öz şəxsi mənafeləri üçün istifadə edir. Əlbəttə belə hallar da var. Lakin media ictimai güzgüdür. Burda istənilən Azərbaycan qadınının yaşadiğı hər hansı bir məsələ mediada şouya çevrilməməlidir. Əksinə, ona daha təmkinli, məntiqli, doğru yanaşmalar sərgilənməlidir ki, bir az öncə qeyd etdiyimiz o zorakılığa məruz qalan qadınlar da bundan cəsarətlənib öz məruz qaldıqları zorakılığın, haqsızlığın qarşısında susqunluq nümayiş etdirməsinlər. Yəni medianın işi cəmiyyətə informasiyanı olduğu kimi ötürmək və eyni zamanda informasiyaya yanaşmaları həm dünyəvi, həm milli-mənəvi dəyərlər sistemindən dəyərləndirmələri ötürməkdir. Qadınlara qarşı zorakılıq halları eybəcər şəkildə İP göstəricilərinin yüksəlməsi məqsədilə deyil, zorakılığın yolverilməzliyini vurğulayan, qanuni və mənəvi dəyərlərimizə əsaslanan yanaşmalarla cəmiyyətə çatdırılmalı və müzakirəyə çıxarılmalıdır. Əks halda deqradasiyaya rəvac verən amil rolunda çıxış edər.
- Zorakılıq hallarını işıqlandırarkən medianın məsuliyyəti nədir? Jurnalistlər bu mövzuya necə yanaşmalıdır?
- Birincisi, biz tutduğumuz mövqe və hansı məsuliyyəti daşıdığımızdan asılı olmayaraq vətəndaşıq. Deməli öncə bizim vətəndaş məsuliyyətimiz var. Hər bir media nümayəndəsinin borcudur ki, hər hansı bir zorakılıq halını işıqlandırarkən son dərəcə həssas, diqqətli olsun, vətəndaş məsuliyyətini unutmasın. Bir müddət öncə Türkiyədə baş verən bir hadisəni xatırladacam: bir qadın evində baş verən zorakılıq halına etiraz olaraq televiziyaya müraciət edib ki, məni ailədə sıxırlar, hüquqlarım tapdalanır, zorakılığa məruz qalıram. Aparıcı emosionallıq edərək öz proqramının reytinqi naminə, qadına canlı yayında başını açmasına şərait yaradır. Nə baş verdi? Canlı yayımdan çıxanda televiziyanın qarşısında həmin qadının 19 yaşlı oğlu anasını bıçaqlayaraq öldürdü. Sonra verdiyi izahatda isə bildirib ki, "Atam mənə dedi ki, anan əxlaqsızlıq edib, efirə çıxıb, başını açıb. Bu bizim namus məsələmiz idi". Söz yox ki, həmin proqram dərhal bağlandı. Amma gec idi. Bir ailə faciə yaşayırdı... Bu elə həssas məsələdir ki, xırda bir ehtiyatsızlıq bir ailənin, bir nəslin faciəsinə səbəb ola bilir. Bütövlükdə isə bir ailənin, onun övladlarının, atasının, anasının, onu əhatə edən doğmalarının mənəvi terroru, mənəvi zorakılığı deməkdir. Zorakılığa qarşı çıxarkən növbəti zorakılığa şərait yaratmaq olmaz. Media bunu heç vaxt unutmamalıdır.
Qiymət Mahir