Kölgələrdə qalanlar: Asılılığın sosial təcridi və yenidən inşa- MÜSAHİBƏ
23 Avqust 18:12 MüsahibəGünümüzdə narkotik asılılığı cəmiyyətin görməməzlikdən gəldiyi, bəzən isə bilincli şəkildə təcrid etdiyi bir məsələ kimi ortaya çıxır. Asılılıq təkcə fərdi bir problem deyil; bu, bir insanın cəmiyyətdən təcrid olunaraq itirildiyi bir mübarizə meydanıdır. Bəzən, bu asılılıqla mübarizə aparanlar üçün cəmiyyətin qapıları bağlanır, nəticədə isə onlar daha dərin bir çıxılmazlığa sürüklənirlər. Bu yazı, narkotik istifadəçilərinin cəmiyyət tərəfindən təcrid edilməsi ilə yaranan ağır nəticələri və onların bərpası üçün vacib olan sosial dəstəyin əhəmiyyətini vurğulayan bir hekayəni önə çıxarır. Hər bir insanın təcrid olunma riski, bəlkə də, cəmiyyətin ona göstərdiyi münasibətin nəticəsidir.
Narkotik istifadəçiləri cəmiyyətdən uzaqlaşdırıldıqca, onlara qarşı olan yanaşma asılılıqlarını artırırmı?
Müsahibimiz, asılılıq üzrə mütəxəssis Anar Abbasov qeyd edir ki, stiqmaya məruz qaldıqlarına görə narkotik istifadəçiləri sosial mühitdən uzaqlaşır və toplumla olan bağları qopur:
-Məhz bu sosial mühitdən uzaqlaşdırılma şəxsi daha da çox mənfi, nadürüst davranışlar, daimi yalanlar, sosial normalardan kənar davranışlara yaxınlaşdırır. Araşdırmalar göstərir ki, istifadəçi şəxslərə sağalması üçün psixoloji dəstəklə yanaşı sosial dəstəyin olması labüddür. Belə ki, resosializasiya prosesi zamanı hər bir şəxsə uyğun dəyərləndirmə aparılır, riskli mühitdən uzaq durmaları həyata keçirilir, şəxsiyyət keyfiyyətləri inkişaf etdirilir ki, şəxslərin yenidən maddə istifadəsinə qayıtma ehtimalları azalsın, təkrar istifadənin qarşısını alacaq bacarıqları artsın. Bununla da asılılığa gətirib çıxara biləcək disfunksional davranışların qarşısı alınır. Sosial və yaşam bacarıqlarını inkişaf etdirmək, toplum üçün adaptasiyanı həyata keçirmək şəxsləri nəinki maddə istifadəsindən uzaq saxlayır, həmçinin öz həyatlarını davam etdirmək üçün töhfə verir. Bununla da şəxs bu dəstəklə öz həyatını daha yaxşı şəkildə qurmağa başlayır... Lakin yenə də o, hər hansısa çətinliklərlə qarşılaşdıqda bizə müraciət edir. Sosial risklər üzərindən dəyərləndirmələr edirik və müdaxilərlə sosial riskləri azaldırıq ki, bu da şəxslərin sağalma müddətini artırır.
-Ailələrin bu problemi gizlətməsi hansı nəticələrə gətirib çıxara bilər və bu prosesin anonimliyi necə təmin edilir?
-Resosializasiya prosesində ailələrə də sosial xidmət göstərilir. Təbii ki, burada valideynlərin, ailələrin ən çox narahat olduğu nüanslardan biri isə övladının/yaxınının gizliliyinin qorunub/qorunmamasıdır. Bildirmək istəyirəm ki, göstərilən sosial xidmət tamamilə anonimlik və məxfilik prinsipinə uyğun olaraq qorunur. Dünya ölkələrində resosializasiya ilə bağlı aparılan araşdırmaların nəticələri bir daha bunu deməyə əsas verir ki, sosial müdaxilənin aparılması zamanı bu müdaxilələrin daha keyfiyyətli və tez bir şəkildə nəticə alınması üçün kompleks iş vacibdir. Burada ailə ilə görüşərək ailənin övladı ilə ünsiyyət bacarıqlarının inkişafı, vəhdət şəkildə sağalma yoluna təkan verən prinsiplər müzakirə olunaraq professional dəstək göstərilir. Çünki cəmiyyətimizdə illərlə mövcud olan stiqma nəticəsində şəxslər ailəsində olan belə problemləri gizlədirlər. Onlarda belə bir fikir var: "Bu situasiyanı qonşu, qohum bilsə nə düşünər? Bizim üçün nə deyər?" Bu düşüncələr ailələrdə təşviş yaradır və nəticədə də problemin həllinə yönəlik davranışlar bu problemi gizlətmək üçün olan davranışlarla əvəz olunur. Lakin bilmək lazımdır ki, belə bir problemi gizlətmək (hansı ki, alkoqol/qumar/digər psixoaktiv maddə istifadəsi) bu problemin həlli yolu olmayıb, əksinə bu problemin davam etməsinə səbəb olur. Ələlxüsus ailələrin asılılıqla bağlı övladlarında yaranmış problemləri, reallığı gizləmək və qəbullanıb uğurlu bir müdaxilənin olmayacağına inanmaq əvəzinə həll üçün daha real həll yollarından istifadə etmək labüddür.
-Anar bəy, resosializasiya müddətində şəxsin müalicə nəticələrinin uğurlu olması üçün hansı faktorlar əhəmiyyətlidir?
-Resosializasiya asılı şəxsin həyatında alkoqol və ya digər narkotik vasitələr istifadə etmədən öncə edə bildiklərini və ya edə bilməyəcəyini düşünərək maddə istifadə etdikləri davranışları yenidən bacara biləcəklərini göstərir. Müalicə müddəti boyunca şəxslər bizdən dəstək alır və motivasiya ilə öz yollarına davam edirlər. Asudə zamanların dəyərləndirilməsi və şəxsin sağalma yolunda vacib olan fəaliyyətləri planlanmalıdır.
Asılılıq, el dili ilə desək, yenidən qayıtma halları, yəni ressidiv vermə ehtimalı ola bilən xəstəlikdir. Şəxsin boş vaxtı hər nə qədər çoxdursa, xəstəliyə yenidən qayıtma hallarına daha tez-tez rast gəlinə bilər. Məhz buna görə, ilk zamanlarda şəxsin boş vaxtının dəyərləndirilməsi sağalmada çox-çox önəmli rol oynayır. Bu müddətdə də bizim nəzarətimiz altında şəxsin sağalma müddətinə uyğunluğu, resosializasiya prosessində aktiv rol oynaması da dəyərləndirilir və müdaxilələr edilə bilir. Məhz bu period şəxsin müalicəyə bağlılığı artırılaraq müalicə nəticələri uğurlu alınır.
Müsahibimiz psixoloq Minarə Səbzəliyeva qeyd edir ki, narkotik asılısı şəxslərin problemlərinin əxlaqi yox, tibbi problem olduğu unudulmamalıdır. Burada istər narkotik, istər alkoqol, istərsə də qumar asılısının ən önəmli ehtiyacı sosial dəstək və qayğıdır.
-Minarə xanım, narkotik asılılığının hansı sosial əlamətləri valideynlər üçün xəbərdarlıq siqnalları ola bilər?
-Narkotik maddələr din, dil, irq, mədəniyyət, cinsiyyət, təhsil səviyyəsi, sosyoekonomik vəziyyət fərqi bilmədən şəxslərdə rast gəlinə bilər. Övladı valideynlərlə əvvəlki kimi ünsiyyət qurmur, gecələri gec gəlmələri artıb, evdə mövcud ailə qaydalarını ehmal edir, daimi qəzəbli, mənfi emosional vəziyyətdədir, dərslərdə davamiyyəti aşağı enib, gizlin telefon danışıqları varsa, burada şübhələr başlaya bilər. Burada ilk addım çox önəmlidir. Biz, istifadəçi şəxslərdən asanlıqla bunu qəbul etmələrini gözləyə bilmərik. Əgər valideynlər övladlarından yuxarıda sadalanan faktorlarla bağlı şübhələnirsə və ya istifadəsi ilə bağlı qeyri-müəyyənliklər varsa, mütləq asılılıq üzrə mütəxəssislərə müraciət etsinlər. Onlar mütləq ki, mütəxəssislərin dəstəyi nəticəsində özləri sağlıqlı şəkildə övladlarına yanaşacaq, həm də özlərində olan narahatlıqlarda tək olmadıqlarını anlayacaqlar. Burada ailələr üçün ən önəmli nüans odur ki, övladlarını doğru şəkildə müalicəyə gətirmənin yollarını və müalicə müddətini öyrənə bilərlər. Daha da vacib faktor mütəxəssislərlə birlikdə hərəkət etmələridir.
-Resosializasiya zamanı maddə istəyi ilə mübarizədə hansı dəyişikliklər faydalıdır?
-Maddə istifadə edən şəxslər maddədən imtina etdiyi dönəmlərin ilk vaxtlarında beyində baş verən dəyişikliklərə görə dayana bilməyib istəməyərək də olsa təkrar maddə qəbul edə bilərlər. Buna səbəb şəxsə təsir edən çox güclü maddə istəyidir. Məhz resosializasiyada şəxsin bu dönəmdə istək gəldikdə maddə istifadəsinin yerinə başqa bir fəaliyyətə yönləndirilməsi və maddə qəbul etməməsi üçün hansı addımları atması tövsiyyə olunur.
Məhz resosializasiya prosesində şəxsin sosial həyata adaptasiyası üçün şəxsin zamanını keçirdiyi mühitləri, dostları və çevrəsini, yuxu-oyaqlıq saatları və gündəlik rejimini, asudə zamanların doğru dəyərləndirilməsi kimi bir çox situasiya ələ alınır. Məhz resosializasiya prosesində psixoloji dəstəklə şəxsin qısa müddətdə asılılığa qayıtma riskini azaltmaq, beləliklə də uzun müddətdə də şəxsin yaşamını yenidən sağlıqlı şəkildə qurmasına təkan verilir. Burada doğru mütəxəssisin seçilməsi isə ən doğru qərardır.
-Ailə daxilində asılılığın təsirləri nələrdir?
-Asılılığın ailə xəstəliyi olması artıq aydındır. Asılılıq ailə daxilində problemlərin də yaranmasına səbəb ola bilməkdədir. Ailə daxilində güvən problemlərinin yaranması da nəinki xəstəliyin daha mənfiyə doğru getməsinə təkan yaradır, həmçinin ailədə də bir sıra psixosomatik, psixi, nevrotik və başqa bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır. Ailə daxilində bu gərgin və sarsılmış mühitin daha yaxşı şəkildə bərpa olunması da məhz resosializasiya prosesində həm psixoloji, həm sosial dəstək ilə mümkündür.
Məhz bütün bu müddət ələ alındığı zaman şəxsin maddə ilə daha da aktivləşdirdiyi həzz bölgəsi və ona eyforiya verən narkotik vasitə, alkoqol, qumar və ya s. uzaq durmaq və bunu davam etdirmək çox çətin ola bilir. Sosial-psixoloji dəstəyin məhz bir digər hədəfi də şəxsdə bu dalğalanmaları müşahidə edərək iş birliyi halında şəxsin motivasiyasını artırmaq, bu çətin sağalma yolunda tək olmadığını hiss etdirməkdir. Bayaqdan sadaladığımız kimi, asılılıqda remissiya bərpa kompleks işini özündə ehtiva edir və şəxsin həyatının bir çox sferalarına dərindən təsir etməkdədir. Məhz bu səbəblə asılılıq sadəcə asılılığa səbəb olan faktorlardan uzaq durmaqla şəxsin həyatındaki digər problemləri həll etdiyi mənasına gəlmir. Psixoloji və sosial dəstək şəxsin asılılıq problemini bir bütün olaraq ələ almaqdadır.
-Asılılıqdan əziyyət çəkən şəxsin bərpası üçün necə bir plan hazırlanır və hansı müalicə üsulları istifadə olunur?
-Asılılıqdan əziyyət çəkən şəxsi dəyərləndiririk və hazırki vəziyyətdə hansı səviyyədə asılılıqdan əziyyət çəkdiyini müəyyənləşdiririk. Bu mərhələdə şəxsin maddə istifadə keçmisi, sosial mühiti, sağlamlıqla bağlı problemləri və ümumi yaşam fəaliyyətləri ələ alınır. Dəyərləndirmənin ardından hər bir fərdə uyğun bərpa planı hazırlanır. Bu, asılılığın növündən asılı olaraq dəyişir. Burda davranış asılılığı və ya psixoaktiv maddə asılılıqları olmaqla asılılıqlar fərdi və qrup terapiyaları olaraq bölünür. Hansı ki, asılılıqdan əziyyət çəkən şəxslərin fərdi psixoterapiya seansları və qrup terapiyaları ilə dəstəyin həyata keçirilməsi nəzərdə tutulur. Burda çox faktorlar nəzərə alınır, psixotəhsil, profilaktika, yenidən istifadənin qarşısının alınması, emosiyalara və düşüncələrə yönəlik bir sıra qrup terapiyaları, individual psixoaterapiya seanslarında motivasyonal görüş texnikaları, koqnitiv davranış və koqnitiv terapiya, davranışçı müdaxilələr, sxem terapiya və başqaları şəxslərin daha keyfiyyətli sağalma nəticələrini ehtiva edir.
Ailə dəstəyinin önəmini bayaq da vurğuladım və bir daha bildirmək istəyirəm ki, asılılıq kompleks işi tələb etdiyindən ailənin asılı şəxslə və yaxud da ümumiyyətlə asılılıqla necə davranacağı və hansı addımların daha yaxşı nəticələrin doğuracağını öyrənmələri bu periodu həm özləri, həm də asılılıqdan əziyyət çəkən şəxs üçün daha sağlıqlı və uğurlu edəcəkdir.
Qiymət Mahir