Azərbaycan musiqisinin dünyada tanıdılması:  uğurlar və çətinliklər

Musiqi insan ruhunun aynasıdır. O, yalnız əyləncə vasitəsi deyil, həm də bir xalqın tarixi, mədəniyyəti və düşüncə tərzini dünyaya  çatdıran güclü bir dildir. Azərbaycan musiqisi isə bu baxımdan özünəməxsus yer tutur. Azərbaycan musiqisi - tariximizin, mədəniyyətimizin və kimliyimizin ən parlaq ifadə vasitələrindən biridir. Muğamdan caz improvizasiyalarına, xalq mahnılarından simfonik əsərlərə qədər bu musiqi xalqımızın ruhunu, keçmişini və gələcəyini daşıyır. Hər bir notunda milli yaddaşımızın izləri duyulan bu irs bu gün təkcə ölkə daxilində deyil, dünya miqyasında da diqqət çəkir. Bəs Azərbaycan musiqisinin zənginliyi və özəlliyi nədən qaynaqlanır? Onun beynəlxalq aləmdə tanınması üçün hansı çətinliklər var və gələcəkdə musiqimizin dünyada daha geniş yayılması üçün hansı addımlar atılmalıdır? Bu və digər suallar ətrafında  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, professor Ceyhun Allahverdiyevlə söhbət etdik:

 - Ceyhun bəy,  Azərbaycan musiqisinin zənginliyini və özəlliyini necə izah edərdiniz? Musiqimizin zəngin ənənələri və unikal xüsusiyyətləri dünya musiqi mədəniyyətində necə dəyərləndirilir?

- Bizim haqqımız var bu suala çox geniş cavab verməyə, çünki biz bəlkə də nadir ölkələr sırasındayıq ki, bizdə "Musiqi günü" var. Yeri gəlmişkən, bu il dahi Azərbaycan bəstəkarı, musiqimizin demək olar ki, müasir istiqamətlərini müəyyənləşdirən, onu irəli aparan və dünya musiqi səviyyəsinə qovuşduran Üzeyir Hacıbəylinin 140 illiyidir. Bu ərəfədə müxtəlif tədbirlər və festivallar keçirilir. 18 sentyabrda Üzeyir bəyin adını daşıyan Beynəlxalq Musiqi Festivalı başlayacaq. Orada nəinki Azərbaycandan, həm də dünya musiqisini təbliğ edən və ifa edən kollektivlər iştirak edəcək. Müxtəlif musiqi mədəniyyət ocaqlarımızda təmsil olunacaqlar. Həmçinin, bizim bəstəkarlarımızın əsərləri səslənəcək. Mənim də bu festivalda əsərlərimin səslənməsi gözlənilir. Mədəniyyətimizi də ən doğru ifadə edən o konsertlərdir. Bu heç bir şərhə ehtiyac duymadan özünü tam biruzə verir. Azərbaycan həqiqətən xoşbəxt bir ölkə və xalqdır ki, onun musiqi mədəniyyəti həm muğam, həm aşıq musiqisi, həm xalq mahnıları və folklor baxımından o qədər zəngin bir xəzinəyə malikdir ki, bu, Azərbaycan musiqisinin simasını və kimliyini göstərir. Biz istər-istəməz qanımızda artıq bu musiqi ilə yoğrulmuşuq, onu səsləndirəndə milli kimliyimizi duyuruq. Bu, sanki möhür kimidir. Necə ki, doğulanda hansı milli mənsubiyyətə sahibiksə, musiqi dilimiz də milli mənsubiyyətimizi göstərir. Bizim şansımız budur ki, Üzeyir Hacıbəyli kimi dahi bir bəstəkar Azərbaycan musiqi mədəniyyətində yetişdi və əsrlər boyu paralel inkişaf edən Şərq və Qərb musiqisi, sanki iki paralel axan çay kimi, Üzeyir bəyin zamanında qovuşdu. O, bu mədəniyyəti gözəl bir sintez şəklində, eyni zamanda öz musiqimizin anadilində təqdim etdi. Bu gün hara baxsaq, Üzeyir bəyin izini görürük: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və s. - bütün bunlar onun mirasını davam etdirir. Üzeyir bəy həqiqətən də mədəniyyətimizin və musiqimizin yol xəritəsini yüz illər önə çıxartdı. Onun məktəbinin davamı olaraq, biz bu gün Bəstəkarlıq kafedrasında oturmuşuq. Başımızın üstündə Üzeyir bəyin portreti var. Onun tələbəsi olmuş Qara Qarayev bu kafedranı uzun illər inkişaf etdirib. Digər şəkildə də Qara Qarayevin məzunlarıdır. O, 50-dən çox bəstəkar yetişdirib. Onların arasında mənim də müəllimim Arif Məlikov olub. Eləcə də onun yanında Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov, Fərəc Qarayev, Aqşin Əlizadə bu sinfin inkişafına öz nəsillərində töhfələrini veriblər. Bu gün kafedrada çalışan müəllimlər həmin müəllimlərin tələbələridir. Qara Qarayevin tələbəsi Aydın Əzimov, Cövdət Hacıyevin tələbəsi Nazim Mirişli, Arif Məlikovun tələbələri - mən, Arzu Məmmədova, Gülnarə Məmmədova dərs deyirik. Bu xətt davam edir və bu, Azərbaycan musiqisinin inkişafını və bu günkü dövrünü əhatə edir. Azərbaycan musiqisi dünya konsert salonlarında səslənirsə, o böyük uğurla səslənir. Amma təəssüf ki, bizi hələ tam tanımırlar. Biz elə bilirik ki, bütün dünya bizi yaxşı tanıyır, amma bunun üçün hələ çox iş görməliyik. Qara Qarayevi də, Üzeyir Hacıbəyli kimi bəstəkarlarımızı dünya musiqisinə layiqincə təqdim edə bilməmişik. Əlbəttə, onların adları səslənir, amma bunun davamlı inkişafı üçün yeni işlər görülməlidir.

- Son illərdə Azərbaycan musiqisi hansı sahələrdə və hansı janrlarda   beynəlxalq səviyyədə diqqət çəkib?

- Musiqimiz bayaq dediyimiz məsələlərlə bağlıdır. Təbliğat məsələsindən danışırıqsa, bu, sistemli bir şəkildə olmalıdır. Müəyyən tədbirlər, festivallar, konsertlər, dövlət tədbirləri olur. Dünya musiqisində bizim musiqimizin səslənməsi üçün sistemli və ona bağlı bir proqram olmalıdır. Çox istərdim ki, Azərbaycan musiqisi Mədəniyyət Nazirliyi tərəfindən geniş miqyasda, uzağa getmədən Orta Asiya, Türkiyə, Yaxın Şərq ölkələrində mübadilə və ya sifariş formasında təbliğ olunsun. Bu yaxınlarda Amerikada - Atlantada böyük festival keçirildi. Orada fleyta və fortepiano üçün 3 hissəli suitam səsləndi. Onun ifaçısı milliyyətcə belarusdur - Aleksandr Haskin. Beynəlxalq səviyyədə tanınan bir ifaçıdır. Bu festivalda əsəri ifa etdi, bir neçə gün sonra Moskvada növbəti festivalda yenə həmin əsəri səsləndirdi. Ən xoşu odur ki, biz onunla şəxsi tanış deyilik. İnternet üzərindən əlaqə yaradıb əsərin səslənməsi üçün razılığımı aldı və mən də böyük məmnuniyyətlə icazə verdim. Bu, təsadüfi hadisələrdir və bəstəkarların həyatında xoş məqamlardır. Lakin bu gün bəstəkarlıq sənəti ağır dövrünü yaşayır: bəstəkarlar çıxış etmək üçün sifariş ala bilmir və əsərlərinin qonorarlarını əldə edə bilmirlər. Vaxtilə bu sistem var idi - Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqı ilə birlikdə əsərlər təqdim olunurdu və konsertlərdə səsləndirilirdi. Müəyyən bir şkala var idi. Məsələn, iri həcmli əsərlər - opera, baletdən tutmuş mahnı janrlarına qədər. Bəstəkarlar da işləyərək qonorar əldə edə bilirdilər. Bu gün bu sistem hələ tam işləmir, amma ümidvarıq ki, bu məsələlər öz yerini tapacaq. İkinci tərəfdən, vaxtilə bəstəkarlar üçün kino filmlərində, sənədli filmlərdə və audio-vizual sahədə geniş imkanlar var idi. İnsanlar onları tanıyırdı. Məsələn, "Sehrli xalat" dedikdə Arif Məlikovu, "Böyük dayaq" dedikdə Fikrət Əmirovu, "Arşın mal alan" dedikdə isə ilk ağıla gələn Üzeyir Hacıbəyov olurdu. Bu gün belə məsələlər kənarda qalıb. Sanki böyük mədəniyyət məhdud bir səviyyədə inkişaf edir. Amma bizim çox istedadlı gənc bəstəkarlarımız var. Onlar xaricdə təhsil alır və dünyanın bir çox yerlərində çalışırlar. Bu, bizim üçün böyük şərəfdir. Klassik musiqimizin təbliğatı üçün kafedra olaraq son bir neçə ayda bir çox konsertlər keçirdik. Həm Asəf Zeynallı adına Musiqi Kollecində, həm Tofiq Quliyev adına 11 illik musiqi məktəbində, həm də Bülbül adına 11 illik musiqi məktəbində tədbirlər təşkil olundu. Daha sonra Xankəndində Qarabağ Universitetində də konsert keçirildi. Bunun çox böyük mənəvi bir hissi var idi ki, biz Xankəndində Üzeyir bəyin irsini yenidən ora qaytardıq. Bundan başqa, tələbələrimizi bir neçə efirdə tanıtdıq. Bu təbliğata böyük ehtiyac var, çünki bəzi insanlar düşünür ki, Azərbaycanda bəstəkarlıq yoxdur. Bu, ola bilməz. Azərbaycan xalqının istedadı heç vaxt tükənə bilməz. Sadəcə mühit məsələsi var, o mühitdə yetişmə prosesinə diqqət yetirmək lazımdır. Konsertlərdə çox gözəl və peşəkar səviyyədə musiqi səslənir. Təəssüf ki, bəzi efirlər vasitəsilə dinləyicilərimizin zövqü korlanır. Müəyyən tirajla Azərbaycan intonasiyasına aid olmayan musiqilər səslənir. Bu, beynimizi yavaş-yavaş zəhərləyir. Qara Qarayev, Arif Məlikov, Cövdət Hacıyev musiqisi yalnız nadir konsertlərdə eşidilir. Vaxtilə efirlər düzgün qurulurdu: həm klassik musiqi, həm xalq musiqisi, həm də əyləncəli musiqi balanslı şəkildə təqdim edilirdi. Əlbəttə, əyləncə olmalıdır. İnsanların həm əylənməyə, həm də düşünməyə haqqı var.

- Dünya səviyyəsində musiqimizin tanınması və qəbul olunması zamanı ən böyük çətinliklər nələrdir?

- Peşəkar musiqi tariximiz 1908-ci ildən başlayır. Avropa ölkələrində 500-600 illik inkişaf dövrü var, amma Azərbaycan musiqisi hələ ilk addımlarını atırdı. Baxmayaraq ki, Avropa bu dövrlərə qədər böyük dahilər yetişdirmişdi, böyük cərəyanlar keçmişdi, böyük üslublar formalaşmışdı, Üzeyir bəy ilk operasını yazdıqdan sonra, 1940-cı illərdən etibarən Azərbaycanda Niyazi, Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlar musiqini inkişaf etdirdilər. 1950-ci illərə qədər görkəmli bəstəkarlar nəsli yetişdi. Azərbaycan musiqisini dünya musiqisinə təqdim etdilər. Bu həm bizim musiqimizin dünya musiqisinə inteqrasiyasının nə qədər rahat olduğunu göstərdi, həm də Üzeyir bəyin uzaqgörənliyi sayəsində mümkün oldu. Üzeyir bəy təkbaşına yüz bəstəkarın gördüyü işi həyata keçirdi və Azərbaycana çoxlu beyinlər, tanınmış simalar, pianoçular dəvət etdi. Bütün ixtisaslar üzrə - simli alətlər, musiqi nəzəriyyəsi, bəstəkarlıq və s. mütəxəssisləri Bakıya dəvət edərək uzun illər dərs keçdilər, kadrlar yetişdirdilər. Qısa müddət ərzində Qara Qarayev, Fikrət Əmirov nəsli formalaşdı. Fəxrlə deyə bilərik ki, dünya musiqi səviyyəsinə gəlib çatdıq. Hətta daha da peşəkar şəkildə, yeni bir janr kimi dünya musiqisinə Fikrət Əmirov "Simfonik muğam" janrını gətirdi. Arif Məlikovun "Məhəbbət Əfsanəsi" baletinə isə sağlığında ikinci bir bəstəkar tapmaq olmaz ki, müəllifin yaşadığı dövrdə bütün dünya teatrlarını gəzin və görəsiniz ki, əsəri 60-dan çox teatr səhnəsində tamaşaya qoyulub. Və illərdir ki, həmin səhnələrdən düşmür. Yəni, musiqi sahəsində fəxr edəcəyimiz çoxlu nümunələrimiz var. Bu nümunələr simvollara çevrilməlidir. Gənclər bu simvollara söykənərək inkişaf etməlidirlər. Bu, məktəb dövründən aşılanmalıdır. İnsan ruhu yalnız onun hansı qida ilə qidalanmasından ibarət deyil, onun mənəvi qidası poeziyadan da gəlməlidir, rəngkarlıqdan da, musiqidən də qidalanmalıdır. Təəssüf ki, son illər biz milli dəyərlərimizi sistemli formada təqdim edə bilmədik. Pərakəndəlik yarandı. Halbuki əsl sənət özü-özünü qoruyub saxlayandır. Onu heç nə ilə məhv etmək mümkün deyil. Bu gün də Üzeyir Hacıbəylinin uverturası səslənən kimi hər şey unudulur, qəlbdə gözəl hisslər oyanır.

- Qarşıdan gələn 18 sentyabr - Milli Musiqi Gününü qeyd edərkən, bu günün Azərbaycan musiqisinin inkişafına və təbliğinə təsiri nədir?

- Bu günün əhəmiyyəti hədsiz böyükdür. Bir sıra konsertlər keçiriləcək. Bu festivalın xüsusi əhəmiyyəti ondadır ki, Üzeyir bəyin yubiley ilidir. Bununla bağlı bir çox müsabiqələr gözlənilir. Bu il həm də qələbəmizin 5 illiyidir. Biz də - Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedramız da, qismət olsa, bu münasibətlə bir müsabiqə elan etmək istəyir. Hansı ki, gənc bəstəkarların özünü biruzə verməsi üçün bir şərait yaratmaq istəyirik. Musiqi gününün əhəmiyyəti ondadır ki, xatırlayırıq kim olduğumuzu. 18 sentyabrda Üzeyir Hacıbəylinin adını eşidəndə, necə ki bizim rəmzlərimiz var - bayrağımız, gerbimiz, himnimiz eləcə də bizim Üzeyir Hacıbəylimiz var. Bu rəmzlərin biri kimi o da bizim üçün müqəddəs bir dəyər sayılır. Əgər müqəddəslik varsa, onu hiss etməli, qorumalı, aşılamalıyıq. Müəllimdirsə - öz tələbələrinə, vətəndaşdırsa - öz ailəsinə sirayət etdirməlidir.

- Gələcəkdə Azərbaycan musiqisinin dünya səviyyəsində daha geniş tanınması üçün həm dövlət, həm də cəmiyyət olaraq hansı addımları atmalıyıq?

- Mütləq mənada bizim kimi inkişaf yolu keçən ölkələrdə dövlət dəstəyinə ehtiyac var. Çünki biz hələ Avropa, Amerika kimi əsrlərə dayanan bir dövlət deyilik. Baxmayaraq ki, 1918-ci ildə Şərqdə ilk Cümhuriyyəti qurduq. Amma yeni yaranmış dövlət olaraq, böyük sıçrayışlar etmişik. Həqiqətən, Azərbaycan adı və nüfuzu dünyada özünəməxsus bir lider səviyyəsində rol alıb. İstərdim ki, bu temp musiqi mədəniyyətində də davam etsin. Burada çoxlu eksperimentlər aparmağa vaxtımız yoxdur, hazır məhsulumuz var və bunu yaxşı təqdim etmək lazımdır. Çox yaxşı olardı ki, hər hansı bir bəstəkara teatr sifarişləri olsun. Şəxsən mən 2020-ci ildə Tac Mahal haqqında üç pərdəli bir balet tamamlamışam. 5 ildir ki, həm müsahibələrimdə, həm çıxışlarımda bu barədə məlumat verirəm. Amma obyektiv və subyektiv səbəblərdən hələ də bu balet səhnəyə yol tapa bilmir. Bunun səbəblərindən biri odur ki, Opera Teatrı neçə ildir ki, təmirlə əlaqədar bağlıdır. Amma teatrları fəaliyyət göstərir. Üstəlik, imkanlarımız yalnız ölkə daxilində məhdudlaşmır. Yaxın ölkələrlə də əlaqələr qura bilərik. İstərdim ki, bu əsər səhnəyə yol tapsın. Bu günkü nəsillərə nümunələr lazımdır. Tələbə görməlidir ki, onun müəllimi o əsəri səhnəyə qoymaq üçün böyük əziyyətlər çəkib. Qorxmaq lazım deyil ki, bu əsər uğurlu olacaq, yoxsa uğursuz. Bethoven dövründə uğursuz əsər olmayıb? Sadalanan əsərlərdə, filmlərdə uğursuzluqlar olmayıb? Əlbəttə, olub. İnkişaf yalnız uğurla uğursuzluğun mübarizəsi nəticəsində gedir. Amma fəaliyyət olmayanda, hər şeyə şübhə ilə yanaşanda inkişaf da olmur. Bu baxımdan istərdik ki, nəinki Bakıda, həm də böyük şəhərlərimizdə - Gəncədə, Sumqayıtda filarmoniyalar açılsın. Onların tərkibində simfonik orkestr, xor qrupu, kamera qrupu, rəqs qrupu olmalıdır. Bu, bir tərəfdən həmin şəhərlərin inkişafına, digər tərəfdən musiqiçilərə iş yeri yaradılmasına səbəb olacaq. Bu gün kifayət qədər kadr problemi var. Bu kadrlar üçün yeni iş yerləri açılsa, təbii ki, tələbat da olacaq. Bu kimi məsələlər bizi narahat edir və arzu edirik ki, bu məsələlər tezliklə həllini tapsın və ölkəmizin inkişafına xidmət etsin.

- Uğurlu musiqiçi olmaq üçün gənclərimizə hansı prinsipləri və məsləhətləri verərdiniz?

- Həyatda şans məsələsi var. Nəyə görə? Əslində şans tək başına heç nəyi əldə etməz. Ardında böyük bir zəhmət var. Amma həmişə də zəhmət şanslı olmur. Onu özünə yaxınlaşdırır. Çünki zəhmət dedikdə fədakarlıq səviyyəsində zəhmətdən söhbət gedir. Gün olur ki, bəstəkar günlərlə, aylarla işləyir. Hazırlıq dövrü, düşüncə mərhələsi keçirir. Əgər bir əsər ortaya çıxarmaq istəyirsə, bəstəkar bütün günü beynində onu formalaşdırır. Gecə oyanıb o problem olan hissəni tapırsan. Bəzən sevindirir, bəzən hər şeydən küsdürür. Amma əsər təqdim olunanda, alqışları eşidəndə bütün yorğunluq itir, bu əzablara dəyər deyirsən. Bizim sənətimiz ağır sənətdir. Bəstəkarın çiynində çox məsələlər durur. O gərək musiqi ədəbiyyatını , dünya musiqi tarixini, onun nəzəriyyəsini, elmini də yaxşı öyrənsin.

 Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31