Məsələ “yox” deməyi bacarmaqda deyil, “yox” dedikdən sonra özünü yetərli hiss etməkdir
19 İyul 14:16 MüsahibəBəlkə də bir çoxumuzun əziyyət çəkdiyimiz məsələlərdən biri "yox" deməkdir. Bəzən bu 3 hərfdən ibarət olan sözü demək bizi ağır yükün altında qoyur. Bəzi hallarda hansısa mövzuda özümüzü qurban vermək bahasına olsa da, "yox" deyə bilmirik. Hətta bəzən özümüzə müxtəlif sözlər də veririk ki, nə olur, olsun artıq "yox" deyəcəm. Bəs, bu 3 hərfli bəsit bir söz niyə bizə bu qədər problem yaradır?
Çünki "yox" sözünü eşitmək heç vaxt xoş deyil. Rədd edilmədən, uğursuzluğa qədər hər şeyi təmsil edir. Bəzən sürpriz, bəzən də gözlənilən olur, lakin nadir hallarda ümid etdiyimiz cavabdır. Buna görə də, bir çox insanlar bir şey etmək istənildikdə "yox" deməkdə çətinlik çəkirlər, çünki başqasının belə hiss etməsinə səbəb olmaq istəmirlər. Təəssüf ki, kimsə sizdən bir yaxşılıq istədikdə, xüsusən də iş mühitində, çox vaxt "yox" deməli olursunuz. Bəlkə kömək etmək üçün vaxtınız yoxdur və ya sadəcə olaraq bacarığınız yoxdur, amma buna baxmayaraq, "yox" demək bir çox insanı narahat edə bilər. Düşünürük ki, onlar bizim eqoist, paxıl və ya əməkdaşlıq etməyən biri olduğumuzu düşünəcəklər.
Psixoloq Minarə Səbzəliyeva "yox" deyə bilməməyimizin səbəbini bu cür izah edir:
-Burada bir çox səbəb ola bilər. Şəxs "yox" dedikdə yaşayacağı şeylərdən qorxa bilər. ""Yox" desəm, ayıb olar", ""yox" desəm, dəyərim azalacaq", ""yox" desəm, kənarda qalacam", ""yox"desəm, heç kim məni sevməyəcək", ""yox" desəm,..." kimi avtomatik düşüncələr insanı narahatlığına və münasibətlərdə sərhədsizliyə gətirib çıxarır. Bu nüans onu həmişə qurban rolunda və diqqətdən kənarda qalan insana çevirir. Belə bir vəziyyətdə nəticə adətən tükənmə və depressiya olur.
-"Yox" rədd etmək deməkdirmi?
-Əgər insan adi öhdəliklərini yerinə yetirə bilməməkdən danışmağa başlayırsa, bu zaman onun sərhədləri, psixi sağlamlığı üçün çətin bir situatsiya yaranıb. "Yox" demək "Mən bu yükün öhdəsindən gələ bilmirəm, bu, etmək istədiyim bir şey deyil" deməkdir. Digər tərəfdən, tükənmənin olmadığı normal şəraitdə deyilən "yox" da sərhədləri bildirmə davranışıdır. Bu cür münasibət qarşı tərəfin tələbləri, məsuliyyəti və gözləntilərini göstərməsinə yol açır. Bu, həm də qarşı tərəfin səhvlərini görməyə və bununla da münasibətini düzəltməyə imkan verir.
Yaxşı, gəlin görək, necə "yox" demək olar?
Əvvəla, onu bilmək lazımdır ki, "yox" demək rədd etmək demək deyil. Ona görə də birinci cümlənin mənfi təsəvvür yaratmaması vacibdir. Bunun ən yaxşı yolu öz hisslərimizi izah etməklə başlamaqdır. Bizə neqativ hiss etdirənləri və bunun bizdə yaratdığı mənfi emosiyaları söyləmək, sonra qarşıdakı insandan nə gözlədiyimizi ifadə etmək çox vaxt səsimizi eşitdirməyə imkan verir. Mühakimə və günahlandırıcı üslubdan qaçmalı, mümkün qədər öz təcrübəmizə və hisslərimizə əsaslanaraq "yox" deməliyik. Bəli, insanlar həm "yox" deyəndə, həm də deməyəndə problem yaşayırlar. Halbuki, "yox" demədiyiniz zaman yaşadığınız problem sizi yeni bir problemə, "yox" dediyiniz zaman yaşadığınız çətinlik sizi həll yoluna aparır. Sizi həll yoluna aparacaq problemi öz üzərinizə götürsəniz, fayda əldə edərsiniz. Odur ki, lazım olanda "yox" deməyə cəsarət etməliyik.
M.Səbzəliyeva heç vaxt başqalarına "yox" deməyən insanların bunun qarşılığında nə gözlədiyindən danışıb:
-Əslində, öz istəklərini ifadə edə bilməyən, həddindən artıq digər insanların istəklərinə uyğun olmağa çalışan, qarşı tərəfi razı sala bilməsə, eqoist olacağını düşünən insanlar, insanların xoşuna gələn davranışları etməkdən çəkinmirlər. Heç vaxt öz istəklərini ifadə etməyənlər ətrafdakılar üçün problemə çevrilirlər, çünki özləri də daxil olmaqla heç kim onların həqiqətən nə istədiklərini, nəyə ehtiyac duyduqlarını və nə hiss etdiklərini bilmir. Əslində, "yox" deyə bilməyən insanlar çox vaxt istədiklərinə, hiss etdiklərinə və ya onlar üçün nəyin doğru olacağına diqqət yetirmirlər. Heç vaxt başqalarına "yox" deməməklə, bunun da qarşılığında başqalarının tələb və ehtiyaclarına heç vaxt "yox" deməməsini gözləyirlər.
-Onda başlıca səbəblərdən biri insanın özünə inamının olmamasıdır?
-"Yox" deyə bilməmək probleminin ən böyük səbəblərindən biri özünə inamın olmamasıdır. Özünə inamı olmayan insanlar başqalarını rədd etmək və ya onlara qarşı çıxmaq üçün cəsarət tapmırlar. Bu vəziyyət onlardan nə istənilirsə onu yerinə yetirməyə vadar edir. "Yox" deyə bilməmə probleminin digər səbəbi də fərdlərin yetişdiyi mühitdir. Avtoritar valideynlərlə böyüyən fərdlər valideynlərindən qorxduqları üçün yox cavabını verə bilmirlər. Valideynlərin övladlarına istədiklərini etmək üçün təzyiq göstərməsi "yox" deyə bilməmək və özünə hörmətsizlik probleminə gətirib çıxarır.
-Bəs "yox" deməkdə şəxsi sərhədlərin rolu nədir?
-İnsanların sərhədlər qoymasının əsas səbəbi özləri və digər insanlarla daha güclü əlaqələr qurmağa çalışmaqdır. Şəxsi sərhədlər hər hansı inkişaf edən münasibətlərin vacib hissəsidir və heç vaxt gözardı edilməməlidir. Fiziki sərhədlər gözlə görünə bilir, necə ki, hasarlar və divarlar hara gedə biləcəyinizi və gedə bilməyəcəyinizi, nəyin sizin olduğunu və nəyin olmadığını müəyyən etmək üçün istifadə edildiyi kimi, şəxsi sərhədlər başqalarının xətti keçməzdən əvvəl nə qədər gedə biləcəyini müəyyənləşdirir. İnsanların sizin şəxsi zonanıza keçməsinə sərhədlər mane olur. İnsanların sizi manipulyasiya etməsinə mane olurlar. Bu, insanların şəxsi işinizə həddindən artıq müdaxiləsinin qarşısını alır. Buna görə şəxsi sərhədlər vacibdir. Onlar başqalarına hara addım ata biləcəklərini və nələri edə bilməyəcəklərini bildirir. Sərhədlər bəzi hallarda şəxslərə və ya müxtəlif səbəblərə görə dəyişə bilər, burada siz sadəcə insanlara bu sərhədləri bildirməlisiniz. Bütün bunlar həm də digər insanların şəxsi sərhədlərini qəbul etmək və onlardan xəbərdar olmaq üçün vacibdir.
Psixoloq sərhədlərin bizimlə başqaları arasında fiziki və emosional komfort zona yaratdığını vurğulayır:
-Onlar insanlara hansı münasibət və yanaşmaların sizə uyğun olduğunu göstərirlər. Valideynləriniz, uşaqlarınız, dostlarınız, müdiriniz və s. Bütün münasibətlərinizdə sərhədləri təyin edə bilmək çox vacibdir. Sərhədlər olmadan, siz özünüzü tükənmiş hiss edə və əsl hisslərinizi və ehtiyaclarınızı ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Lakin bəzi hallarda bu sərhədlər qəzəb və ya aqressiya ilə qarşılanır. Ancaq bu, sərhədlərin qoyulmasının səhv olduğunu göstərmir. Sərhədlər digər insanları cəzalandırmaq və ya nəzarət etmək demək deyil. Bayaq da qeyd etdiyim kimi, əslində münasibətləri asanlaşdıran bir fenomendir. Bu sizə çaşqın görünürsə, başqalarının sizinlə özünüz arasında sərhədlər qoymasının necə bir şey olduğunu düşünün. Məsələn, müdiriniz aydın sərhədlər qoyanda və konkret olaraq sizdən nə gözlədiyini və nə istədiyini söylədikdə bunu daha yaxşı anlayır və ona uyğun davranış edirsiniz. Vəzifələrinizi yerinə yetirərkən sizi qeyri-müəyyənlikdən xilas edir bu faktor, daha asan və aydın addımlarla hərəkət etməyə imkan verir. Valideynləriniz, dostlarınız və ətrafınızdakı insanlarla olan bütün münasibətlərinizdə hər iki tərəfin gözləntiləri və ehtiyacları barədə aydın olmaq əlaqələri daha sağlam etdiyini araşdırmalar bir daha sübut etmişdir.
-Bəs, sərhədlərimizi doğru müəyyənləşdirmək və qorumaq üçün nə edə bilərik?
-İlk növbədə doğru ünsiyyət qurmaq. Başqalarını incitmək qorxusu ilə içinizdə saxladığınız sözləri, ifadələri onları mühakimə edərək deyil də, "mən" dilinizlə danışaraq izah edin. Öz hisslərinizi və düşüncələrinizi göstərin. Bəyənmədiyiniz hərəkətləri edənlərə sərhədlərinizi göstərin. Sərhəd qoymağın özünü sevməyin əlaməti olduğunu dərk edin. Burada həm hörmət, həm incikliklərin olmaması bizim sərhədlərimizi müəyyən edə bilməyimiz və çəkə bilməyimizlə çox əlaqəlidir.
Özünüzə bəzi suallar verməyə başlamalısınız. Sizcə, nəyə haqqınız var? Sizin "hüquqlarınız" nədir? Sevilməyə, hörmət olunmağa, dinlənilməyə və qayğı göstərilməyə haqqınız varmı? Yoxsa siz düşünürsünüz ki, sən bu imtiyazları qazanmalısan və bunun üçün ideal, yaxşı olmalı, hər zaman başqalarını düşünməli, onların ehtiyaclarını və rifahını düşünməlisən. Əgər belədirsə, onda tamamilə yanılmış olarsınız. Fikriniz və ya sərhədləriniz olmadan başqalarının hörmətini qazana bilməyəcəksiniz. Bu, uçuruma aparan yoldur. Özünüzə qayğı göstərməli və ətrafınızda sağlam sərhədlər qoymağı öyrənməlisiniz. Bu, eqoist olacağınız anlamına gəlmir. Tarazlığı tənzimləmək üçün bir müddət bunu etməlisiniz. Heç vaxt özünüzü birinci yerə qoymasanız və həmişə başqalarının ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tutsanız, o zaman ruhunuzu bitirən kin və narazılıq içində tükənəcəksiniz.
Qiymət Mahir