“Cəhalət gülləsi, aydınlıq çiləsi” – Fazil Mustafanın 60 illik yubileyi ərəfəsində 30-cu kitabı gün üzü gördü

Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafanın yeni kitabı - "Cəhalət gülləsi, aydınlıq çiləsi" çıxıb.

Düşüncənin dirənişi və mənəvi qələbənin manifesti kimi dəyərləndirilən kitab "AVE Print"də, Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə nəşr olunub. Əsər bir şəxsin yaşam öyküsü olmaqla yanaşı, bütöv bir millətin yaddaşında qalan mübarizənin, dirənişin və düşüncə savaşının sənədidir.

Müəllif bu kitabda şəxsinə 28 mart 2023-cü ildə törədilən terror hadisəsini yalnız özünə qarşı akt kimi deyil, topluma, dövlətçiliyinə və dünyəvi dəyərlərə qarşı yönəlmiş təxribatın ideoloji kökləri ilə birlikdə incələnir. Əsərdə hadisənin istintaq və məhkəmə mərhələləri, terrorun ideoloji-siyasi, ictimai-mədəni motivləri, cəhalətin psixologiyası, din-siyasət münasibətləri və İran təsirinə qarşı mübarizə fəlsəfi-publisistik şəkildə dəyərləndirilir.

Fazil Mustafa kitabın "Sözönü"ndə yazır: "Mənim yaşadığım olay bir insanın həyatına yönəlmiş sui-qəsd kimi görünsə də, əslində, bütöv bir toplumun gələcəyinə tuşlanmış güllələrin qara simfoniyası idi... Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək, diriltmək anlamlarını daşıyır."

Əsər həm publisistik ruhu, həm də elmi incələmə dərinliyi ilə seçilir və oxucunu bir həqiqətə inandırır: "Cəhalətin gülləsi insana tuşlansa da, aydınlığın çiləsi xalqın düşüncəsini qoruyur."

Kitab, müəllifin bu il nəşr olunmuş "Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə" və "Anladım. Tanıdım. Yaşadım" əsərləri ilə birlikdə bir trilogiyanın son həlqəsini təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31