“Həmsədrlərin dəyişdirilməsi heç nəyi dəyişməyəcək...” - MÜSAHİBƏ

“”Status-kvo dəyişməlidir” ifadəsi reallaşdırılmalıdır...”

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri, siyasi elmlər doktoru Elçin Əhmədov ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar və mövcud vəziyyəti dəyərləndirib.

-ATƏT bir təşkilat olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı addımlar atıb?

-1992-ci illərin əvvəllərindən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-in üzvü oldu. Bu məqsədlə fevral ayının ortalarında ATƏM­-in xüsusi missi­ya­sı Azərbaycanda oldu. 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq ATƏM-in Minsk konfransında, o cümlədən Minsk qrupunda həmsədrlik Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də münaqişənin həlli istiqamətində Rusiyanın "fərdi sülhpərvərlik" istəyinin qarşısının alınması idi. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

-Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı hansı təklifləri veriblər?

-1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (bu variantda isə münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) həllindən ibarət idi. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı.

-Azərbaycan tərəfi "Ümumi dövlət" ideyasına necə münasibət bildirdi?

-ATƏT-in Minsk qrupunun son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin (ABŞ, Rusiya, Fransa) başçılarına eyni məzmunlu məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini, xüsusilə həmsədrlərin axırıncı təklifini ciddi surətdə tənqid edən Azərbaycanın dövlət başçısı ABŞ, Fransa və Rusiya dövlət başçılarını münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırdı. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törətməklə yanaşı, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyətləri daha da dərinləşdirdi. Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "Ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk qrupu praktik olaraq dalana dayandı.

-Elçin müəllim, bildirdiniz ki, "Ümumi dövlət" prinsipi iflasa uğradıqdan Minsk qrupunun fəaliyyətində durğunluq yarandı. Proseslərə təkan vermək üçün hansı addımlar atıldı?

-Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi. Lakin bu görüşün nəticəsində də münaqişənin nizama salınması istiqamətində konkret nəticə əldə edilmədi. Sonradan "Paris prinsipləri" adını almış bu variantda əvvəllər irəli sürülmüş 3 təklifin ("paket", "mərhələli" və "ümumi dövlət") tərəfləri qane edən məqamlarının ümumiləşdirilməsi nəzərdə tutulurdu. Daha sonra Minsk qrupu həmsədrləri bəyan etdilər ki, onlar münaqişənin həlli ilə bağlı yeni təklif üzərində işləyirlər və onu iyul ayında Cenevrədə keçiriləcək növbəti görüşdə prezidentlərə təqdim edəcəklər. Lakin adı çəkilən görüş Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində baş tutmadı. 2002-ci ilin mart ayında regiona səfəri zamanı ATƏT-in Minsk qrupu həmsədrləri danışıqların Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri səviyyəsində davam etdirilməsini təklif etdilər. Bu təklif hər iki dövlət tərəfindən qəbul edildi. Mahiyyətcə "mərhələli həll" planını ehtiva edən Praqa formatının Azərbaycan tərəfindən dəstəklənməsinə baxmayaraq Ermənistan tərəfinin Dağlıq Qarabağın statusu məsələsini yenidən ilkin şərt kimi müzakirə olunmasını irəli sürməsindən sonra danışıqlar prosesi yenidən dalana dirəndi. 2004-cü il aprelin 16-dan başlayaraq Praqada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan "Praqa prosesi" adını almış danışıqların bu mərhələsində 2005-ci ilin yayına qədər iki dövlətin xarici işlər nazirləri 11 görüş keçirərək münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər.

-ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi yaxud ləğv edilməsi fikirlərinə münasibətiniz necədir?

-Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi və ya ləğv olunması ilə bağlı fikirlər səslənir. Ancaq həmsədrlərinin dəyişdirilməsinin elə bir mexanizmi yoxdur. Həmsədrlərin dəyişməsi mümkün olsa da, bu məsələnin həllinə heç bir kömək etməyəcək. Çünki təşkilatın qəbul etdiyi hər hansı bir sənəd qəbul edilərkən "konsensus" prinsipi münaqişənin ədalətli həllinə imkan verməyəcək. ATƏT-in Minsk qrupunun başlıca çatışmazlıqlarından biri də, məhz ATƏM çərçivəsində və onun himayəsi altında müqaviləni yeri­nə yetirməkdən imtina edən tərəfə qarşı sanksiya qəbul etmə me­xanizminin olmamasıdır. Eyni zamanda beynəlxalq təşkilatların "ikili standartlar prinsipi" təcavüzkar Ermənistanın imkan qədər mövcud status-kvonu qoruyub saxlamasına şərait yaradır.

-Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımları atmalıdırlar?

-Ermənistan Res­pub­li­kası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prin­siplərini kobud şəkildə pozmasına baxmayaraq, adı çəki­lən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahə­sin­də çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermə­nis­tan silahlı qüvvələrinin münaqişədə bi­la­vasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Er­mənistan Respublikasının münaqişədə iştirakı etiraf olunmuş, təcavüz faktları öz əksini tapmışdır. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII  fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı, təcavüzkarı adı ilə çağırmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Əks təqdirdə regionda olduqca kövrək olan sabitliyin hər an pozulma ehtimalı böyükdür və bu səbəbdən həmsədrlərin verdilkləri son bəyanatlarda dəfələrlə deyildiyi kimi "status-kvo dəyişməlidir" ifadəsi reallaşdırılmalıdır.

                                                                                                                      Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31