“Depressiyaya düşməyin yaşı yoxdur…”-MÜSAHİBƏ
6 İyul 2013 13:56 MüsahibəPsixoloq Tünzalə Verdiyeva depressiya ilə bağlı "Olaylar"ın suallarını cavablandırıb.
Psixoloqun sözlərinə görə, depressiya ruh düşkünlüyüdür, insanların yaşamaq və fəaliyyət göstərmək arzusunun azalmasıdır. Ətrafımızda hər 3 insandan biri depressiya keçirir. Sorğu keçirsək, görərik ki, hər bir insan ya hal-hazırda depressiyadadır, ya keçmişdə depressiya keçirib, ya da gələcəkdə depressiya keçirmək riski var.
-Depressiyanın səbəbləri hansılardır?
-Depressiyanın müxtəlif səbəbləri var. Bu, fərdə görə dəyişir. İnsanın ona ən yaxın olan şəxsi (valideynlər və digər şəxslər) itirməsi, sevgidə, iş fəaliyyətində uğursuzluq, xəyanətə uğramaq və s. depressiyanın səbəbləri içərisində göstərilir. İnsanın digər insanlarla ünsiyyətinin olmaması, interpersonal əlaqələrin zəifləməsi demək olar ki, depressiyanın ən əsas səbəblərindən biri kimi götürülür. Bundan başqa, övlad sahibi ola bilməmək, sonsuzluq faktoru demək olar ki, ağır depressiyanın səbəblərindən biridir. Narkomaniya, alkoqolizm və digər vərdişlər nəticəsində yaranmış depressiyalar da ağır depressiyalar hesab olunur.
-Depressiyanın əlamətləri nələrdir?
-Depressiyanın müxtəlif əlamətləri var. Yuxusuzluq, səhər yuxudan əzgin və yorğun oyanmaq, bəzən isə əksinə, həddindən çox yatmaq, iştahsızlıq, çəki azlığı, bəzi insanlarda isə bu, əksinə, həddindən çox qida qəbulu və kökəlmə, çəki artımı, diqqətin yayınması, yaddaş pozuntusu depressiyanın əlamətləridir. Tez-tez ağlamaq, kövrək olmaq, dəymədüşər olmaq da depressiyanın əlamətləridir. Bundan başqa, depressiyaya düşən insan özünü başqa insanlaradan təcrid edir, iş və əmək qabiliyyəti aşağı düşür, özünə qapanır, öz-özü ilə danışır, yaxınlarının ona kömək etməsinə imkan vermir.
-Depressiyanın hansı fəsadları var?
-Depressiyanın çox ciddi fəsadları ola bilər. Depressiyanın aşağıdakı növləri var: Major, minor, atipik depressiya. Əgər depressiya vaxtında müalicə olunmasa, yaxınları ona dəstək olmasa, psixoloqa müraciət olunmasa, depressiya xroniki hala keçər, hətta bir ömür boyu davam edən depressiyalar vardır. Ona görə də ümumi depressiya keçirən insanların içərisində 15-20 faizi intihar edir. Depressiyaya düşən insan ölüm haqqında düşünür. Onun yaşamaq həvəsi azalır.
-Depressiyadan necə çıxmaq olar?
-Depressiyadan çıxmaq üçün pozitiv insanlarla ünsiyyətdə olmaq lazımdır və onlarla söhbət bizi rahatladır və gələcəyə inam hissi yaradır. Bundan başqa qrup, söhbət terapiyası, kollektiv oyunlar, açıq havada idman növləri ilə məşğul olmaq insanı depressiyadan çıxarır. Su idmanı, üzgüçülük və yüngül gimnastika insanın depressiyadan qısa müddətdə çıxmasına səbəb olur. Qida rasionunda da dəyişiklik etmək lazımdır. Belə ki, yüngül, sulu yeməklərə üstünlük vermək, bitki çayları içmək, xüsusilə nanə çayı insanı depressiyadan çıxmağa kömək edir. Ən əvvəl ünsiyyətə can atmaq, yaxınları həmin insana kömək etməlidir. Depressiyaya düşən insan özü müəyyən etməlidir ki, onu depressiyaya salan səbəblər hansılardır? Və nəhayət psixoloqa müraciət etmək lazımdır. Əgər psixoloqa müraciət edilmirsə, depressiya öz-özünə də keçə bilər. Amma bu, insan ömrünün təxminən 8-10 ayını alır. Təbii ki, psixoterapevtin, psixiatrın köməyi ilə depressiya bir aya müalicə olunub aradan qaldırıla bilər.
-Hansı yaşda depressiya daha çox olur?
-Depressiyaya düşməyin yaşı yoxdur. Demək olar ki, bütün insanlar depressiyaya düşürlər. Altı aylıq bir körpə də depressiya keçirə bilər. Təsəvvür edin ki, anasından ayrılmış uşaq ağlamaqla, yuxusuzluqla, iştahsızlıqla depressiya əlamətlərini nümayiş etdirir. Daha çox yetkinlik yaşında və yaşlılığa keçid dövründə depressiya üstünlük təşkil edir. Çünki hər iki yaş dövründə orqanik dəyişikliklər baş verir. Orqanik dəyişikliklər isə psixikada böhran vəziyyəti yaradır ki, bu da depressiya halını qaçılmaz edir.
-Kimlər depressiyaya düşür?
-Daha çox yeniyetmələr, yeni ana olmuş xanımlar depressiyaya düşür. Yeni ana olmuş xanımlarda ümumi sinir sistemi zəifləyir, başqalarından daha çox diqqət gözləyirlər. Yeni ana olmuş xanımların üçündən biri depressiya keçirir. Daha çox mükəmməllik axtaran insanlar depressiyaya məruz qalır, onlar hər şeyin yaxşısını istəyirlər, idealistdirlər və həmin insanlar həyatda o mükəmməlliyi tapmayanda depressiyaya düşürlər, özlərini günahkar, yararsız, dəyərsiz hiss edirlər. Yaşlanmaq və yaşlı insanlarda ölüm qorxusu depressiyanın səbəblərindən biridir. Başqa bir səbəb isə ağır xəstəliklərə (xərçəng, şəkər, müxtəlif anomaliyalar, yataq xəstələri) düçar olmuş insanlar xəstəlik barədə məlumatlandıqca, onun sağalmaq ehtimalının az olduğunu bildikcə ağır depressiyaya məruz qalır.
-Depressiyaya düşdükdə kimə müraciət etmək lazımdır?
-Depressiyaya düşdükdə, əlbəttə, hər şeydən əvvəl, insana ailə üzvləri, qohumlar dəstək göstərməlidir. Və əlbəttə ki, bütün müasir dövlətlərdə, sivilizasiyada depressiyaya düşən insan psixoloqa müraciət etməlidir. Əgər depressiya ağır formadadırsa, psixoterapevt və psixiatr müalicəsi almalıdır. Dərman terapiyası, yəni antidepressant preparatlar müalicənin yalnız 30 %-i təşkil edir, amma yaxınların qayğısı, ünsiyyət isə depressiyanın tamamilə aradan qaldırılmasına gətirib çıxarır.
-Depressiyaya düşməmək üçün nə etməli?
-Depressiyaya düşməmək üçün sağlam həyat tərzi keçirmək, insanlarla ünsiyyətdə olmaq lazımdır. Həyatı olduğu kimi qəbul etmək lazımdır. Baş verən hadisələrdə biz özümüzü günahkar hesab etməməliyik. Belə olduqda insan depressiyaya az düşər.
-Depressiyaya məruz qalan insanların davranışları necə olur?
-Depressiyaya məruz qalan insanların davranışları əsasən, zəif və hərəkətsiz olur. Onlar danışarkən səsi yavaş olur. Yavaş addımlarla yeriyirlər, ləng hərəkət edirlər, idman məşğələlərindən çəkinirlər, çünki energetika sahəsi aşağı düşür.
-Kimlər depressiyaya daha az düşür?
-Həyatda iki önəmli seçim var. Birincisi, peşə seçəndə, bir də həyat yoldaşı seçəndə. Ailə həyatı quranda insan öz hisslərinə inanmalıdır. Peşə seçimində isə seçdiyin peşəyə həvəs, maraqla bərabər, qabiliyyət də nəzərə alınmalıdır. İnsan öz işindən zövq alanda, öz ailəsində dinclik tapanda depressiyaya az düşür. Belə bir deyim də var ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Depressiyaya az düşmək, yəni həyatı olduğu kimi qəbul edənlər depressiyaya az düşürlər.
-Depressiyaya məruz qalan insanlara necə kömək etməli?
-Depressiyaya məruz qalan insanları biz əvvəlcə tanımalıyıq. Ona əziz olan insanlar anlamlıdılar ki, o insanın artıq marağı, həvəsi və fəaliyyəti zəifləyib və ona yardim etməlidirlər. Bunun üçün çalışmalıdırlar ki, onunla ünsiyyətdə olsunlar, onu depressiyaya salan səbəbləri aşkar etsinlər ki, bu səbəbləri aradan qaldırsınlar. İnsan öz-özünü depressiyadan çıxarmaq üçün əgər hansısa bir ölkəyə təkbaşına səyahət edirsə, depressiya onun paltarlarına, onun çamadanına girəcək. İnsan təkbaşına depressiyadan çıxa bilməz. O, ətrafında olan insanların təsiri, qayğısı, nəvazişi ilə depressiyadan çıxa bilər. Depressiyada olan insanla danışarkən onu qınamaq lazım deyil. Ən azı onun ruhi vəzyyətini nəzəzrə alıb onunla həmin an razılaşmaq lazımdır. Sonradan əsl həqiqəti ona söyləmək olar.
-Depressiya xəstəlikdirmi?
-Depressiya müasir dövrün, psixologiyanın, psixoterapiya və psixiatriyanın bir nömrəli problemi kimi qoyulur. Yüngül depressiyaya xəstəlik kimi baxılmır. Yəni ki, işdə, sevgidə uğursuzluqdan və yaxud da kiminsə ona kobud cavab verməyindən depressiyaya düşə bilər. Bu da xəstəlik sayılmır, amma depressiya 2 aydan artıq davam edirsə və buna pixoloji, professional dəstək göstərilmirsə, bu xəstəliyə çevrilə bilər və müalicəsi aparılmasa, xroniki hala keçə bilər. İnsan bir ömür boyu depressik vəziyyətdə yaşaya bilər ki, bu da keyfiyyətsiz bir yaşama gətirib çıxara bilər. Tədqiqatlar onu göstərir ki, depressiyaya meylli insanlar ola bilər və burada genetik faktor vacib rol oynayır. Depressiya ailə, ictimai münasibətlər, sinir sistemi və genetik kodla da əlaqəli ola bilər. Bu faktorlar üst-üstə gələndə insan depressiyaya düşə bilər.
-Depressiya irsi xarakter daşıyırmı?
-Depressiya insanın sinir siteminin, beyin quruluşunun və genetik xüsusiyyətlə birbaşa əlaqəlidir. Hər bir insanın temperamenti var. Sanqviniklər, xoleriklər, fleqmatiklər, melanxoliklər. Ən çox depressiyaya melanxoliklər meyllidirlər. Çünki onlar özlərini ifadə edə bilmir, sosiallaşmaqda çətinlik çəkirlər, gec adaptasiya olurlar. Bu həm də irsi xarakter daşıyır. Sanqviniklər və xoleriklər depressiyaya az düşürlər. Çünki sanqviniklərin ətrafında dostları çox olur və onlar ünsiyyətcil olur. Onlar hər şeylərini bölüşürlər deyə, depressiyaya düşmürlər. Belə bir söz var ki, dərdi bölüşərsən azalar, sevinci bölüşərsən çoxalar. Xoleriklər isə əsəbləşən kimi dərhal coşurlar, etirazlarını bildirirlər, həm də kin saxlamırlar, yəni depressiyaya düşmə ehtimalı xoleriklərdə azdır. Fleqmatiklər və melanxoliklər daha çox depressiyaya düşür. Fleqmatiklərdən daha çox melanxoliklər depressiyaya düşür. Çünki melanxoliklərin ciddi ünsiyyət problemi var.
-Kompüterdən istifadə etmə depressiyaya səbəb olurmu?
-Müasir dövrü kompütersiz və mobil rabitəsiz təsəvvür etmək çətindir. Gündəlik həyatda mobil rabitə bizim işimizi asanlaşdırır. Təsəvvür edin ki, Amerikada yaşayan bir tanışımızla skype vasitəsilə həm səsini eşidə, həm də üzünü görə bilərik. Kompüterin müsbət tərərfləri olduqca çoxdur, amma İKT-dən məqsədyönlü şəkildə istifadə etmək kompüter, istifadəçi mədəniyyətidir. Çalışmaq lazımdır ki, asılılıq yaranmasın. Yeniyetmə və gənclərdə bu asılılıq yaranır ki, bu valideynləri həddindən çox narahat edir. Valideyn kompüteri övladının dərslərinə lazımi köməyi göstərsin və istədiyi materialı daha asan əldə etsin deyə alıb. Övladı isə kompüterdən istifadə edə-edə müxtəlif sosial şəbəkələrdə dostları çoxalıb, vaxtının çoxunu orada keçirir, özünə qapanır, hətta nahar edəndə belə süfrəyə gəlmək istəmir ki, bu da valideynlərin həqiqətən ciddi narazılığına səbəb olur. Kompüter aludəçisi canlı ünsiyyəti azaltdığına görə bu psixoloji problemlərə səbəb olur. Bu da depressiyaya gətirib çıxarır. Nə qədər müasir olsa da, köməyi dəysə də, virtual aləm, kompüter vasitəsilə ünsiyyət canlı ünsiyyəti əvəz edə bilmir. Biz yazışırıq, yeni fikirlər öyrənir, amma yaxınımızda olan insanın emosional vəziyyətini görə bilmirik. Buna görə də kompüter asılılığı haqlı olaraq valideynlərin narahatçılığına səbəb olur. Son vaxtlar kompüterin arxasında o qədər oturub yemək vaxtını itirənlər var, bəzi hazır məhsullar atışdırır və şişmanlıq yaranır. Kompüter alışqanlığı təkcə sinir sistemində, beyin fəaliyyətində yox, həm də orqanizmdə də bir çox problemlər yaradır. Yeniyetmələr çox vaxt qulaqcıq vasitəsilə mahnıya qulaq asırlar və bu bir müddət keçdikdən sonra qulaqda küy yaradır. Eşitmə problemi yaranır. Bu problemi olan uşaq dərsdə uğur qazana bilməz, çünki o, diqqətini toplaya bilmir. Təkrar-təkrar müəllimdən nə dediyini soruşduqda bu da dərsin də pozulmasına səbəb olur. Kompüterdən çox istifadə gözün zəifləməsinə səbəb olur. Gərək qoruyucu eynəklərdən istifadə olunsun. Amma normadan artıq kompüterdən istifadə etmək psixoloji problemlər, ünsiyyət pozğunluğu yaradır və bu müasir depressiyaların səbəb olmasına gətirib çıxarır.
Sevda Qurbanqızı