İran Bakı ilə münasibətləri möhkəmləndirməkdə maraqlıdır - MÜSAHİBƏ

Möhsün Pakayin: “ Qarabağ münaqişəsinin həllinə kömək edə biləcəyimiz təqdirdə onu əsirgəməyəcəyik”

 Müsahibimiz İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayindir.

 - Cənab səfir, bir diplomat kimi İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyətini necə dəyərləndirirsiniz?

- Coğrafi cəhətdən yaxınlıq, eləcə də müştərək tarix və eyni mədəniyyəti və dini paylaşdıqlarına görə İran İslam Respublikası və Azərbaycan Respublikasının iqtisadi əlaqələri, ö cümlədən ticarət sahəsindəki potensiallar, kommunikasiya şəbəkəsi, yük tranziti və enerji sahəsindəki əlaqələr strateji və perspektivlidir. Bununla belə, iki ölkə arasındakı münasibətlərdə bəzən eniş-yoxuşlar müşahidə olunur ki, bu da hər iki dövlətin məsullarının uzaqgörənliyi sayəsində nizamlanır. Son aylar ərzində hər iki ölkənin prezidentlərinin və XİN başçılarının səmərəli və inam yaradan danışıqları, eləcə də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Şurasının sədri cənab Ramiz Mehdiyevin bir müddət öncə İrana səfəri münasibətlərin inkişafı yönündə yeni bir hərəkatin başlamasına səbəb olmuşdur. Fikrimcə İranın və Azərbaycan Respublikasının çox böyük potensialları var və bu potensialların oyrənilməsi iki tərəfin də inteqrasiyasına kömək edə və iki ölkəni strateji partniorlara çevirə bilıər. İranın dünya və regiondakı rolu və yerinin artmaqda olan əhəmiyyəti Bakıya aydındır və Qarabağ münaqişəsinin həlli prosesində İranın fəal iştirakını regionda sülh və sabitliyin təmin olunmas və ərazi bütovlüyünün qorunması baxımından faydalı bilir. İran İslam Respublikası da Azərbaycan Respublikasını regionun əhəmiyyətli dövləti və Qafqaza açılan qapı kimi görür. Ticarət, tranzit və enerji sahəsində müştərək quru və su sərhədlərini nəzərə alaraq, İran Bakı ilə münasibətləri möhkəmləndirməkdə maraqlıdır. İranla Azərbaycan Respublikası arasında yaxşı əlaqələr regionda sabitliyin və balansın təmin edilməsinə səbəb ola və hər iki ölkədə sülh və sabitliyin qorunmasında önəmli rolu ola bilər.

 - İranla Azərbaycan arasındakı iqtisadi əlaqələrin hazırki səviyyəsini yetərli hesab etmək olarmı? Sizcə bu əlaqələrin daha da genişləndirilməsi üçün hansı potensiallar mövcuddur?

- Iki ölkə arasında müştərək iqtisadi kommisiyanın fəallaşması iqtisadiyyat səhəsindəki əməkdaşlığa hüquqi status verərək bu əməkdaşlığı inkişaf etdirdi. Ticarət, tranzit və enerji sahəsində bir-birimizlə əməkdaşlıq edirik. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollardan artıqdır və əgər sərhədyanı ərazilərdə yaşayan adi vətəndaşların sərhəddən keçirdikləri malların həcmini hesablasaq, bu bir milyard avrodan çox olacaq. Sözsüz bu rəqəm bizi qane etmir və görülmüş tədbirlər nəticəsində bu rəqəmlər artacaq. Biz Azərbaycan Respublikasından qaz alıb Naxçıvana ötürürük. Tranzit daşınma və yükdaşıma sahəsində İranın yolları bölgə ölkələri, o cümlədən Azərbaycan Respublikası üçün ən təhlükəsiz, ən sərfəli və ən yaxın tranzit yoludur. Iranın dəmir, su və quru yollarından istifadə olunur. Ticarət və enerji sahəsində daha çox əməkdaşlıq edirik. Keçən il İranla Azərbaycan Respublikası arasında iqtisadi mübadilələr 30 faiz artımla müşahidə olundu, lakin bu əməkdaşlıqlar daha böyük potensiala malikdir və iki ölkə arasında mövcud potensiallardan elə bir səviyyədə istifadə olunmalıdır ki, Azərbaycan İranın əsas şəriklərindən birinə çevrilsin. Son dövrlərdə iki ölkənin gömrük müavinlərinin görüşü və ardından gömrük baş idarələri rəhbərlərinin aylıq görüşləri ilə gömrük problemləri azalmış, gediş-gəliş və yük daşımaları qaydaları sadələşmiş, tranzit problemləri nisbətən aradan qalxmışdır. Bu iş, ticarət dövriyyəsinin artmasında müsbət təsirini göstərmişdir, hərçənd hələ də lazımi səviyyəyə çatmağa uzun yol var. Nəticədə iki ölkə arasında yük avtomobilləri hərəkətdədir. Müsbət iqtisadi nəticələrlə müşahidə olunan Mazandaran vilayəti başçısının Bakıya səfəri və Azərbaycan Respublikası energetika naziri müavinin Tehrana səfəri ikitərəfli münasibətlərin müsbət perspektivini təmin edən səmərəli addımlardan idi.

 - İranla Azərbaycan arasında mədəni əlaqələrin səviyyəsi günü-gündən artmaqdadır. Necə hesab edirsiniz, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- İki ölkə arasında çoxlu mədəni müştərəkliklər olduğunu nəzərə alaraq ölkələrimizin mədəniyyət günləri Tehranda və Bakıda keçirilib. İki ölkənin mədəniyyət və incəsənət ustaları, xüsusilə kino, musiqi, teatr, miniatür, rəssamlıq və xəttatlıq sahəsində fəaliyyət göstərən sənətkarlar bir-biri ilə yaxın əlaqələrə malikdirlər. Bu il Tehranda Azərbaycan mədəniyyət günləri keçiriləcək. Biz insanların əlaqələri üçün birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etmişik və bu iş iki xalqın daha çox ünsiyyət bağlamasına, səyahət, ziyarət və müalicə turizminin inkişafına səbəb olmuşdur. Hər iki ölkə rəhbərləri dostluq əlaqələrinin inkişafını istəyirlər və bu istəyi digər icra sahələrində də inkişaf etdirməliyik. Əlbəttə, bu arada mətbuat ümumi və xüsusi təsiretmə vasitəsi kimi mühüm rol oynaya bilər.

 - Zaman-zaman İran Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasını təklif edib. Bilmək istərdik ki, İran bu münaqişənin həllində hansı töhvəni verə bilər?

- Qarabağ münaqişəsi 20 ilin problemidir. Azərbaycan Respublikası ilə Ermənistan münaqişənin həlli üçün Minsk qrupunun mexanizmini seçib və indiyə qədər başqa mexanizm qəbul etməyiblər. Zənnimcə Minsk qrupu bu münaqişədə tərəfsiz deyil və elə bu səbəbdən Qarabağ münaqişəsinin həllinə müvəffəq olmayıb. Minsk qrupunun siyasəti münaqişənin həllini uzatmaqdır və bəzən bu münaqişənin həllini 20 illik bir dövrdə hesab edirlər ki, bu, nə Azərbaycan Respublikasının, nə də regionun təhlükəsizliyinin xeyrinədir. Fikrimcə region ölkələri bu məsələyə qatılmalıdırlar, ona görə ki, qeyri-region ölkələri məsələnin həlli üçün güclü iradəyə malik deyillər. İslam Əməkdaşlıq Təşkilatının məsələnin həllində iştirakı faydalı ola bilər. İran Qoşulmayanlar Hərəkatının hazırki sədri və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq vasitəçilik etməyə və hərbi əməliyyatlara son qoyulması, vəziyyətin əvvəlki hala qayıtması və ölkələrin sərhədlərinə hörmət edilməsi üçün əməkdaşlığa hazırdır. Qarabağ münaqişəsi İran sərhədlərinə yaxın bir ərazidə baş verən münaqişədir və təbii ki, regionda gərginliyin olması bizi narahat edir. Münaqişənin həllinə kömək edə biləcəyimiz təqdirdə onu əsirgəməyəcəyik.

 - İranla Azərbaycan arasındakı beynəlxalq əməkdaşlıq səviyyəsini yetərli hesab etmək olarmı?

- Xoşbəxtlikdən beynəlxalq qurumlarda, xüsusilə BMT-də, İƏT-da, ECO-da və Qoşulmayanlar Hərəkatında iki ölkə arasında faydalı münasibətlər və əməkdaşlıq mövcuddur.

   - Bir diplomat kimi İranla Azərbaycan arasında daha hansı sahələrdə əməkdaşlığın perspektivlərini uğurli hesab edirsiniz?

- İnanıram ki, Azərbaycan gələcəkdə də İranın xarici siyasətindəki strateji mövqeyini qoruyub saxlayacaq. Ona görə ki, İran dövləti Azərbaycanın inkişaf və tərəqqi etməsini istəyir və iki ölkənin əlaqələri digər ölkələrlə münasibətlərdən təsirlənmədən inkişaf və tərəflərin uzunmüddətli mənafelərini təmin edə bilər.

   -Son zamanlar İrana yönəlik sanksiyalar bu ölkənin iqtisadiyyatına hansısa mənfi təsir göstərib?

- İrana qarşı tətbiq edilən embarqonun əsas səbəbi bir neçə ölkənin İranın sülhyönümlü nüvə proqramının əleyhinə olmağıdır. Iranın nüvə proqramı sülhyönümlü və iqtisadi inkişafa nail olmaq məqsədilə davam etdirilir. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) özünün ən böyük və güclü yoxlamalarını İranın nüvə obyektlərində həyata keçirmişdir. Belə ki, bu agentlik indiyə qədər yüzdən artıq elan olunmamış və dörd mindən çox elan olunmuş yoxlamalar aparmışdır. Əksər hallarda MAQATE elan edib ki, İranın nüvə silahı istehsal etməsinə şübhə yaranması əlimizdə heç bir fakt yoxdur. Hərçənd düşmənlərimiz embarqo məsələsini şişirtməyə və yalandan onu nüvə proramı ilə əlaqələndirməyə çalışırlar. Halbuki inqilabın qələbəsinin ilk illərindən tətbiq olunan embarqo məsələsində nüvə proqramı mövzusu ümumiyyətlə yox idi. Embarqo yeni bir məsələ deyil və İslam inqilabının qələbəsinin ilk illərindən mövcud olmuşdur. Lakin İslam quruluşu son 34 ildə məruz qaldığı embarqoya rəğmən davamlı şəkildə proqressiv və inkişaflı hərəkətdə olmuşdur. Biz bu gün nüvə qüdrətinə və böyük hərbi bacarığa malik olan bir ölkəyik. Biz kosmosa peyk göndərmişik, tibb sahəsində regionda öncüllük, elm sahəsində böyük nailiyyətlər əldə etmişik və bütün bunlara embarqo tətbiq olunan dövrdə nail olmuşuq. Bu embarqolar əslində bir xalqa qarşı müharibədir, lakin Allahın köməyi ilə düşmənlər bu müharibədə də İran xalqına məğlub olacaqlar. Əlbəttə, embarqonun bəzi problemlər yaratmağı təbiidir, bunu inkar etmək olmaz. Lakin biz ölkəmizdə mövcud olan iqtisadi, xüsusilə enerji sahəsindəki potensiallar, eləcə də xalqın İslam inqilabını, dini və milli maraqları müdafiə etmək üçün malik olduğu iradə sayəsində müqavimət göstərdik və embarqonun öhdəsindən gəldik. Bizim dünya ölkələri ilə əlaqələrimiz adi şəkildə davam edir. Neftimizi satırıq və pulunu da lazımi qaydada alırıq. Ölkənin iqtisadi işləri davam etdirilir. Görünür Qərbin tətbiq etdiyi embarqolar İran İslam Respublikasını öz hədəflərindən döndərə bilməyəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31