"Uşaqları potensial müttəfiq kimi görmək lazımdır” - MÜSAHİBƏ

“Azyaşlının qorxduğu adamın yanında özünü ədəbli və sözəqulaq asan kimi aparması, əslində döyülmək qorxusundan doğan zahiri itaətkarlıqdır”

Uşaqların davranışında zaman keçdikcə baş verən dəyişikliklər valideynlər üçün sözün əsl mənasında böyük problemə çevrilmiş olur. Bir çox valideynlər övladlarının dəcəlliyindən, tərsliyindən, sözə qulaq asmamasından gileylənərək çətinlik çəkdiklərini deyir. Bəs, görəsən uşaqların zaman keçdikcə dəyişilməsi, arzuolunmaz imicə sahib olmaları nədən qaynaqlanır? Ailədaxili münasibətlərin, valideynlərin onlarla davranışlarının məsələyə nə qədər aid olub-olmamasını öyrənmək üçün psixoloq Tünzalə Verdiyeva ilə əlaqə saxladıq.

-Uşaqların şıltaqlıqları, davranışlarındakı dəyişikliklər əsasən hansı amillərdən qaynaqlanır?

- Bir çoxlarımız gələcəkdə necə valideyn olacağımız və övladlarımızı necə böyüdəcəyimiz haqda öncədən düşünürük. Ata, ya ana olduqdan sonra dünyaya gələn azyaşlı onların bu xəyallarını gerçəkləşdirmədikdə isə valideynlərin qurduqları xəyalları dağılmış olur. Bəziləri elə düşünür ki, uşaqları onları bilərəkdən qıcıqlandırır, əsəbiləşdirir və söz güləşdirir. Problemin həll olunması üçün valideynlər özlərini azyaşlıların düşdüyü durumda hiss etməlidir. "Çətin" uşağın davranışında dəyişikliklər etmək üçün çox vaxt tələb olunur. Ailədə rahatlığın və təlabatların vaxtında təmin olunmaması azyaşlıda ruhi sarsıntılar yaratmaqla onun davranışına və əxlaqına da mənfi təsir etmiş olur. Uşaq qaçmalı, oynamalı-oxumalı, rəqs etməli, ətrafdakıların məhəbbəti və qayğısı əhatəsində özünü hiss etməlidir. Uşaqların ailədaxili intizam qaydalarını pozmasını mütəmadi olaraq tərbiyəsizlik və intizamsızlıq kimi qiymətləndirmək düzgün olmazdı. Uşaqlarda müşahidə olunan iradənin ümumi zəifliyi yaş xüsusiyyətləri ilə, xarakterində qüsur olan şıltaqlıq və tərsliyin səbəbləri isə ailə tərbiyəsində buraxılan nöqsanlarla bağlıdır. Uşağın ailədə bütün istək və tələbləri dərhal yerinə yetirilirsə, o buna adət edir, sonralar ona qarşı yönəldilən qanuni tələblərə özünəməxsus tərzdə etiraz edərək müqavimət göstərməyə çalışır.
 

-Bəzən hər hansı bir azyaşlıda yaşına uyğun olmayan kin-küdurət müşahidə edə bilirik. Onların ətrafda baş verən hadisələrə bu qədər aqressiv münasibət bildirməsi nə ilə izah oluna bilər?

-Əsasən, azyaşlılara qarşı ailədaxili ayrı-seçkilik, lazımsız ləqəblərlə çağrılma və ya fiziki qüsurlara müxtəlif cür münasibətlər uşaq heysiyyatının zədələnməsinə və ətrafdakılara qarşı nifrət və aqressiyanın, pis əhval-ruhiyyənin yaranmasına səbəb olur. Onların  hər zaman ata qayğısına və ana nəvazişinə ehtiyacları var. Bəzən bu təlabat təmin edilmədiyindən uşaqların psixikasında neqativ təzahürlər,assosial hallar, çılğınlıq, dalaşqanlıq, kobudluq və aqressiv davranışa meyllər özünü göstərir. Ailədəki mövqeyindən narazı olan uşağa fikrini söyləmək üçün imkan verilməlidir. Uşaqla ünsiyyət qurmaq, onun narahatlığını hiss etmək azyaşlının sosial-psixi inkişafına zəmin yaratmış olur. 

-Uşaqların formalaşmasında ata-ana davranışının rolu da danılmazdır. Bəzən ana nəyinsə səhv olduğunu dedikdə ata "yaxşı eləmisən. Sənə qalmayıb, qoy nə cür istəyir o cür də etsin" deyir. Valideynlər arasında olan bu fikir ayrılığı azyaşlıya necə təsir edir?

-Ümumiyyətlə uşağa ziddiyyətli şeylər aşılamaq olmaz. Çünki, azyaşlı kimə qulaq asacağını ayırd edə bilməyərək çaşır, hansının daha düz hərəkət etdiyini başa düşmür. Sonda hər iki valideyninə olan etimadı, inamı yox olur. Uşaq ata və ya ananın ona qarşı münasibətində daha yumşaq olduğunu hiss edən kimi, səhv hərəkətlərinin izini itirmək üçün həmin şəxsdən istifadə edir və bu hal uşaqda ərköyünlük əmələ gətirir.

-Bəzən uşaq döyülərək nəyəsə görə müəyyən zaman çərçivəsində valideyninə "itaət" etməli olur. Döyülüb-təhqir olunduqdan sonra övladında müsbət dəyişikliklər hiss edən valideyn uşağın bu bicliyini anlamayaraq hər zaman bu üsuldan yararlanmaqla yaranacaq problemi həll edəcəyini düşünür. Lakin müəyyən zaman keçdikdən sonra...

-Bəzi ailələrdə uşaq dəcəllik etdikdə, sözə baxmadıqda, dərslərini öyrənmədikdə və ya xoşagəlməz hərəkətlər etdikdə valideynlər yerli-yersiz ona əl qaldırır və ya təhqir edirlər. Bu isə uşağın tərbiyəsinə çox mənfi təsir göstərir və valideyn uşağın gözündə nüfuzdan düşür. Döyülmək və alçalmaq qorxusu uşağı müəyyən vaxt çərçivəsində sözə baxmağa vadar edir. Azyaşlının qorxduğu adamın yanında özünü ədəbli və sözəqulaq asan kimi aparması, əslində döyülmək qorxusundan doğan zahiri itaətkarlıqdır. XIX əsrin ortalarında M.F.Axundov bu məsələyə münasibətini bildirərək yazırdı: "....bu günə qədər anlamamışlar ki, uşaqların tərbiyəsində çubuq və sillə, vurmaq onların əxlaqını pozur, təbiətlərini alçaldır, fitri cövhərini boğur, qorxaq və yalançı edir". Tez-tez döyülən uşağın daxili aləmində sarsıntılar yaranır, heysiyyatı zədələnir, qüruru sınır, yavaş-yavaş buna öyrəşərək, get-gedə reaksiya vermir. Beləliklə, başqa cəzalar da öz təsirini itirir. 
Valideynin öz uşağını sevmədiyi barədə fikirləşmək və bu fikirləri səsləndirmək yolverilməzdir. O, övladına köməklik göstərərək onun əxlaqındakı xoşa gəlməyən hərəkətləri dəyişməyə çalışmalıdır. Bəzi valideynlər qarşılaşdıqları konkret problemi dəqiq və aydın görmək üçün emosiyalarından əl çəkməlidirlər. Amerika psixoloqlarının fikrincə, övladının sevgiyə layiq olmadığını deyən ata, ya ana yaxşı vaideyn ola bilməməz. Bu valideyn kitabçasında qeyri-kafi qiymət almağa bənzəyir.

-Uşaqlar bəzən hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Buna görə, demək olarmı ki, uşağın pis işlərlə məşğul olması, valideynin istəyini doğrulda bilməməsi anidən baş verən hər hansı hadisədən, qorxu hissindən qaynaqlanır?

-Valideyn övladına çətinliklərə sinə gəlməyi də öyrətməlidir. Uşaqlar çox vaxt onları həyəcanlandıran və narahat edən şeyləri izah edə bilmirlər. Bəzən onların davranışı hisslərini ifadə etmək üçün yeganə vasitə hesab edilir. Pis davranış hər hansı bir stress vəziyyətini dəf etmək cəhdi də ola bilər. Buna görə də ata-ana mütəmadi olaraq övladının bu və ya başqa bir hərəkəti nə üçün etdiyini başa düşməyə çalışmalıdır.

- "Sən də filankəs kimi ol" deyimi ilə övladlarımıza yanaşmağımız nə qədər düzgün hesab edilir?

Əlbətdə ki, bu deyimi işlətmək düzgün hesab edilə bilməz. Valideyn uşağa öz arzularını neqativ deyil, pozitiv formada deməyə çalışmalıdır. Yaxşı olar ki, uşağa özünü necə aparmalı olduğu barədə deyilməsin, onun özünü necə aparmaq istədiyi barədə soruşulsun. Uşağa hər görüşdə narazılıq və həyəcan izhar etməkdənsə, ona özünü tapmaq üçün köməklik göstərmək lazımdır. Valideyn övladına bəslənən ümidlərə mütəəssir olmamaq üçün də diqqətli olmalıdır. Bütün valideynlər yaxşı bilirlər ki,intizam həmişə və hər yerdə olmalıdır. Sadəcə onlar sözə qulaq asmayan uşaq tərəfindən rədd cavabı aldıqda bu prinsipi unutmalı olurlar. Səbrli olmaq və uşağın qarşısına çox da böyük olmayan, əlçatan məqsədlər qoymaq lazımdır. Davranış bir saatın içində dəyişilmir.

-Valideyn əslində övladı ilə necə davranmalıdır?

-Hər bir uşaq şəxsiyyətdir. Valideynlərin çoxu bunu ağılla dərk etsələr də, emosional cəhətdən çox çətinliklə qəbul edirlər. Onlarda öz uşaqlarını qorumaq hissi təbiidir. Bəzən kənara çəkilərək, uşaqların işinə qarışmamaq lazımdır. Məsələn:uşaq yenicə anadan olduğu vaxtı yadınıza salın. Uşaq ağlayanda həmişə onu ovuda bilirdinizmi? Və ya hər zaman məcburi olaraq körpənizi yedizdirə bilirdinizmi?
İllər keçdikdən sonra da  onu otaqda dərslərini oxumağa məcbur etmək mümkünsüz olur. Əgər uşağın davranışı qanunazidd deyilsə və onun sağlamlığına heç bir təhlükə yaratmırsa, o zaman hadisələrin təbii inkişafını müşahidə etməklə kifayətlənmək olar. Valideynlər hisslərini övladının qəbul edə biləcəyi tərzdə ifadə etməyə çalışmalıdır. Onun pis hərəkəti və ya kobud davranışına baxmayaraq, ana, ya ata həmişə öz sevgilərini biruzə verməlidirlər. Valideyn uşaqla həmfikir olduqdan sonra onun davranışında baş verəcək dəyişikləri görə bilir. Hər zaman övladımızın özünütəsdiq və insani hisslərinə hörmətlə yanaşmalıyıq. Uşağı cəzalandırmaqla özümüzə qarşı hörmət və inam hissi qazana bilmərik. Valideyni tərəfindən nəyəsə görə tənqid edilən uşaq kar müdafiəni seçməyə üstünlük verəcək ki bu zaman onunla ünsiyyət yaratmaq daha çətin olacaq.  Beləliklə valideynləri tərəfindən çox sıxışdırılan uşaq sonradan tərslik edərək onlara tabe olmaqdan imtina edəcək. Ata-ana dəcəllik edən övladlarına vərdişlərinin nə üçün müdafiə edilməməsinin səbəblərini izah etməlidir. Lakin valideynin bəzi tələbləri birbaşa uşağın təhlükəsizliyinə aiddirsə, bu müzakirəsiz yerinə yetirilməlidir.

-"Çətin" tip adlanan uşaqlarla necə davranmaq lazımdır? Son olaraq valideynlərə müəyyən mənada da olsa kömək etmək üçün dəyərli məsləhətlərinizi öyrənmək istəyirik.

- "Çətin" uşaqları idarə etmək üçün ilk növbədə problemi uşağın şəxsiyyətindən ayırmaq lazımdır. Qarşılıqlı anlamaya nail olmaq üçün valideyn azyaşlıya özünün deyil,yalnız müəyyən hərəkətlərinin xoşagəlməz olduğunu izah etməlidir. Valideyn övladına nəyin yolverilməz olduğunu etik qaydalara riayət  etməklə ciddi və sakit tərzdə başa salmalı, problemlərin qarşılıqlı əməkdaşlıq şəraitində həllinə cəhd göstərilməlidir. O, azyaşlıya məsələnin həlli yollarını göstərərək bütün mümkün variantları sadalamalıdır. Əgər körpə valideyn nəzarətinə təslim olmursa - mütəəssir olmaq lazım deyil. Valideyn lazım gələrsə ona təsir göstərə bilər. Sadəcə uşaqları əks hücumçu kimi deyil, potensial müttəfiq kimi görmək lazımdır. Ailə ilə məktəbin uzlaşdırılmış vahid tələblər sistemi uşaqlarda intizamlılıq və məsuliyyətlilik, müstəqillik, təşəbbüskarlıq və dözümlülük kimi əxlaqi-iradi keyfiyyətlərin, borc hissinin formalaşdırılmasında əsas vasitə. Ətrafdakı sosial mikromühit və ailədəki psixoloji durum, tərbiyə şəraiti, valideyn və müəllimlə qarşılıqlı münasibətlər də uşaqda öz əksini tapır. Pis təsirlər ləğv edildikdə, azyaşlılarla ehtiyatla davranıldığı halda aktiv və əməksevər yeni nəslin yetişəcəyindən əmin olmaq olar.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31