“İndiki Seçki Məcəlləsi ilə də demokratik seçki keçirmək mümkündür” - MÜSAHİBƏ
Niyaməddin Orduxanlı: “Bu necə Milli Şuradır ki, onu Rusiya yaradır?”
27 May 2013 14:02 Müsahibə"Mən bu birləşməni İctimai Palata ilə Eldar Namazov və Rüstəm İbrahimbəyovun birləşməsi kimi xarakterizə edərdim"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının "OLAYLAR"-a müsahibəsi
-Niyaməddin bəy, prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Siyasi düşərgədə 2013-cü il prezident seçkiləri ilə bağlı proseslər öz axarı ilə davam edir. Hakim partiyanın seçkiyə hazırlaşdığı müşahidə edilir. Müxalifət daxilində də seçkidə iştirak etmək məqsədinin olduğunu qeyd etmək olar. Bu hal həm radikal müxalifət təmsilçilərinə, həm də konstruktiv müxalifət nümayəndələrinə aiddir. Demək olar ki, bütün siyasi qüvvələr seçkidə iştirak etmək niyyətinin olduğunu ortaya qoyub.
-Partiya olaraq prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsində dəyişikliklərə ehtiyac duyursunuzmu? Çünki bəzi dairələr Seçki Məcəlləsində dəyişiklik olmayacağı təqdirdə demokratik seçkilərin keçirilməyəcəyini iddia edirlər?
-Düşünürəm ki, indiki Seçki Məcəlləsi ilə də demokratik seçki keçirmək mümkündür. Seçkiyə 5-6 ay qalmış məcəllədə dəyişiklik etmək nəyi dəyişəcək ki? Həm Mərkəzi Seçki Komissiyasında, həm dairə seçki komissiyalarında kifayət qədər müxalifət nümayəndələri təmsil olunurlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi seçki məntəqələrində müxalifət nümayəndəsi kimi təmsil olunur və digər müxalifət nümayəndələrinin də təmsilçilik hüququ var. Bu dəyişiklik məsələsini indiki halda seçki komissiyalarından kənarda qalan siyasi qüvvələr təklif edir. Onların arzusu da başa düşüləndir. Bir daha qeyd etmək istəyirəm ki, seçkinin yaxınlaşdığı ərəfədə buna ehtiyac yoxdur.
-Partiyanızın qurultayına hazırlıq işləri necə gedir? Hazırda əsas diqqətin qurultaya hazırlıq prosesinə yönəlməsi prezident seçkilərinə hazırlıq prosesini ləngitmirmi?
-Artıq Bakı Əyləncə Mərkəzi ilə müvafiq müqavilə imzalanıb, icarə haqqı da ödənilib. Partiyanın qurultayı iyunun 2-də, Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında keçiriləcək. Neçə müddətdir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bütün rəhbər strukturları qurultaya hazırlıq işlərini həyata keçirir. Partiyanın 60 rayon şöbəsindən qurultaya 747 nəfər nümayəndə seçilib. Çalışacağıq ki, heç olmasa qurultay nümayəndəsinin 70-80 faizi qurultayda iştirak edə bilsin.
-Qurultayda nizamnamə və digər sənədlərdə dəyişiklik gözlənilirmi?
-Qurultayda ciddi bir nizamnamə dəyişikliyi gözlənilmir. Ola bilər ki, müəyyən sənədlərə əlavə və dəyişikliklər edilsin. Ancaq partiyanın əsas prinsiplərində hər hansı bir siyasətin dəyişilməsi gözlənilmir.
-Bəs qurultayda yenidən Xalq Cəbhəsinin birləşməsi təşəbbüslərinin qaldırılması və belə bir müraciətin qəbulu gözlənilirmi?
-Azərbayan Xalq Cəbhəsi Partiyasi 2001-ci ilin avqust ayında birləşdirici qurultayını keçirib və Qüdrət Həsənquliyev qurultayda sədr seçilib. Ona görə də kiməsə nəsə müraciət edilməsi gözlənilmir.
-Artıq bir neçə partiya, o cümlədən AMİP, ALP və ACP-də Milli Şuraya meyilli görünür. Sizcə ciddi qəbul edilməyən Milli Şura həqiqətən də real güc mərkəzinə çevrilə bilərmi?
-Toplananların yeri dəyişəndə cəm dəyişmir. Kim harda olmaq istəyir öz işidir. 20 ildir ki, radikal müxalifət bu siyasəti aparır. Nə əldə ediblər? Hansı uğuru qazanıblar? Milli Şura ideyasını gündəmə gətirən Eldar Namazov elə 15 ildir ki, müxalifətçilik edir. İndiyə qədər hansı uğura imza atıb ki? Mən bu birləşməni İctimai Palata ilə Eldar Namazov və Rüstəm İbrahimbəyovun birləşməsi kimi xarakterizə edərdim. Ciddi bir uğura imza atılacağını düşünmürəm. Seçkiyə 5-6 ay qalib bunlar hələ birləşmədən danışırlar. 3 ildən artıqdır ki, İsa Qəmbərlə Əli Kərimli bir təşkilatda fəaliyyət göstərirlər. Hələ indiyə qədər öz aralarında vahid mövqeyə gələ bilməyiblər. Hansının vahid namizəd olduğunu müəyyən edə bilməyiblər. Milli Şurada bunu neçə həll edəcəklər?
-Ümumilikdə Milli Şura ideyasının Rusiyadan gəldiyini bildikləri halda bir sıra müxalifət partiyalarının bu ideyanı dəstəkləməsini necə qarşılayırsınız? Milli maraqlardan danışan siyasilərin bu maraqlara zidd hərəkətlərə qoşulması bir qədər absurd deyilmi?
- Bu necə Milli Şuradır ki, onu Rusiya yaradır? Boş təbliğatdan başqa bir şey deyil. İnanmıram ki, Rusiya bu qüvvələrə dəstək versin. Rusiya İlham Əliyev hakmiyyətinin dəyişdirilməsini istəmir. Bu adamlar məqsədli şəkildə siyasi canlanmanı artırmaq üçün bu vasitədən istifadə edirlər. Rüstəm İbrahimbəyov mətbuatda deyir ki, dəli deyiləm ki, ölkəyə gəlim məni həbs etsinlər. Digər tərəfdən də deyir ki, hakmiyyətin həbsxana təzyiqi bizi yolumuzdan uzaqlaşdıra bilməz. Baxın, bu , nə danışdığının fərqində deyil. Qorxmursansa niyə gəlmirsən? Gəlməyəcəksənsə verdiyin bəyanat nədir?
-Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın bu günlərdə bir sıra müxalifət partiyaları ilə görüşü haqda nə deyə bilərsiniz?
-Burada siyasi çalarlar axtarmağın heç bir mənası yoxdur. Birləşmiş Ştatların ölkəmizdəki səfiri ənənəvi olaraq partiya nümayəndələri ilə görüşür. Səfirlə görüşdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi də iştirak edib. Səfirlik bizim də partiyanı görüşə dəvət edir. Biz o biri partiyalardan fərqli olaraq bundan siyasi şou düzəltmirik. Bu il seçki ildir və bu səbəbdən də səfirlik büün pariyalarla görüşür. Həmçinin də Yeni Azərbaycan Partiyası rəhbərliyi ilə də görüşlər olub. Bu adi görüşlərdən biri kimi qəbul edilməlidir.
Süleyman İsmayılbəyli