"Restoran və kafelərdə ərzaq təhlükəsizliyi qaydalarına əməl olunmur"

Hər bir dövlət sağlam genfondun olması üçün onun mənəviyyatı ilə yanaşı, ərzaq istehsalının da etibarlı olması üçün çalışır. Bəs bu gün Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin vəziyyəti necədir? Müsahibimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur.

- Hər bir ölkədə əhalinin qəbul etdiyi ərzaq onun strateji sahəsi hesab olunur. Buna ölkə vətəndaşlarının istifadə etdiyi bütün ərzaq məhsulları aiddir. Yəqin sizin rəhbərlik etdiyiniz Azad İstehlakçılar Birliyi də bu sahə ilə bağlı ciddi işlər görür? Bir qədər bu sahədə gördüyünüz işlərdən danışın.

- Çox təəsüflər olsun ki, təhlükəli, arzuolunmaz ərzaq bütün dünya ölkələrində mövcuddur. Bu ona görə mövcuddur ki, istehlakçılar buna təlabat yaradırlar. Əgər istehlakçı təhlükəli malı almasa bu cür xidmət sahəsi ortaya çıxmaz. Çinlilərin məhşur bir sözü var: "Öz xəstəliyini qarşında duran boşqabda axtar". İnsan bədəni, orqanizmi onun yediyi qidadan formalaşır. Ərzağın təhlükəsizliyi problemi dünya ölkələrində olduğu kimi Azərbaycandan da yan keçməyib. Çox yaxşıdır ki, dövlət orqanları bu sahədə fəal işlər görürlər, ardıcıl addımlar atırlar. Yaxşı haldır ki, Azərbaycanda istehlakçıların hüquqları haqqında qanun qəbul olunub. Bu MDB məkanında ilk qəbul olunmuş qanunlardan biridir. Ermənistanda bu qanun 7 il, Gürcüstanda isə 8 il sonra qəbul olunub.

- Bu məsələdə bütün məsuliyyəti vətəndaşların üzərinə yönəltdiniz. Bəs nə etmək lazımdır ki, süfrələrimizə daha təhlükəsiz və təmiz qida gəlsin? Səhv etmirəmsə bu məsələ ilə bağlı siz ABŞ-ın İnkişaf Agentliyi ilə birgə layihə üzərində çalışırsınız. Bununla bağlı məlumat verərdiniz?

- Azərbaycan tezliklə Ümumdünya Ticarət Təşkilatına daxil olacaq. Ölkəmiz bu səbəbdən haqqında bəhs olunan sahəyə ciddi yanaşır. Azərbaycan ÜTT üzv olandan sonra bazar tam liberallaşacaq. Azərbaycana sonsuz sayda ərzaq malları gətiriləcək. Ona görə, yerli biznesin, orta və kiçik biznesin çökməməsi səbəbindən, o cümlədən yerli malların rəqabətə dözümlülüyünü təmin etmək üçün ABŞ-ın İnkişaf Agentliyi yerli malların davamlılığı layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azad İstehlakçılar Birliyi ilə ABŞ-ın İnkişaf Agentliyi arasında əməkdaşlıq mövcuddur. Bu sahədə Azad İstehlakçılar Birliyinin 10 üzvü treyninqlər keçib. Standartlara cavab verən emal müəsissələrinin mallarına Azad İstehlakçılar Birliyi gümüş, qızıl və  platin əmtəə nişanları verəcək. Artıq bu istiqamətdə xeyli işlər görülüb. Çox maraqlı haldır ki, beynəlxalq təşkilatın qaldırdığı bu halı İqtisadi İnkişaf Nazirliyi dəstəkləyib. Keyfiyyət nişanı almış müəsissənin yerli təbliğatını aparacayıq. Bundan başqa 154 xarici ölkədə əmtəə nişanı almış müəsissənin malları tanıdılacaq. Bundan sonra Azərbaycan malları dünya bazarına çıxarılacaq. İstehlakçı da öz növbəsində təhlükəli malın bazardan çıxarılması üçün çalışmalıdır. Bundan başqa paytaxtın hər yerində dana kəsilməsi, açıq havada ət satılması bizi çox narahat edir. Çünki istehlakçı buna təlabat yaradır. Biz istehlakçı ilə iş aparırıq ki, baytarlıq orqanlarına etimad artsın, marketlərdən ət alsınlar. Bu yöndə dövlət orqanları da öz fəaliyyətlərini şəfaflaşdırmalıdır. Bundan başqa istehlakçı mağazaya girib görür ki, 30 dərəcə temperaturda körpə qidaları satılır, o zaman həmin ərzaq məhsulunu almasın. İstehlakçılar bilməlidirlər ki, körpə qidalarının saxlanıldığı məkandakı hərarət 20 dərəcədən aşağı olmamalıdır.

- Layihədə qeyd olunur ki, məhsul istehsal olunduğu yerdən satış mərkəzinə kimi nəzarət olunacaq. Bu necə olacaq? Əslində, ərzaq məhsullarının bir qismi yerli istehsaldırsa, müəyyən hissəsi xaricdən idxal olunur. Bəs biz bir istehlakçı kimi bunu necə nəzarətdə saxlaya biləcəyik?

- Ərzağa tarladan istehlakçının süfrəsinə kimi nəzarət olunacaq. Bu nəzarət zəncir formasında olacaq. Hər an bu zəncirin qırılması və yaxud qidanın çirklənməsi baş verə bilər. Azad İstehlakçılar Birliyinin öyrəndiyi treyninq əsasında tarladan süfrəyə qədər ərzağın çirklənməsinə səbəb olan amilləri aradan götürmək məqsədilə istehsal müəsissələrinə nişanlar veriləcək. Bakı ətrafında müəsissələrdən birində olduq, biz orada treyninq aparırdıq. Orada kəsimə gətirilən danalar baytar nəzarətində idi. Yüzlərlə dananın saxlanıldığı yerdə ideal təmizlik mövcuddur. Dananın saxlanma yeri ilə kəsim yeri arasındakı məsafə 10 metrdir. Heyvanın sağlam çatdırılması üçün saxlanma yeri ilə kəsim arasındakı məsafə azdır. Qida zənciri bütünlüklə izlənir və təmiz məhsul meydana çıxır. Təsadüfü deyil ki, Standartlaşdırma, Patent və Metrologiya üzrə dövlət Komitəsi dönərin standartların hazırlayıb. Biz orada dönərin standartlara uyğun hazırlandığı gördük. Ancaq istehlakçılar dönərxanalara gedəndə dönərin harada hazırlandığı ilə maraqlanmırlar. Bu istehlakçının laqeyidliyidir . Bundan başqa əgər istehlakçının gözünün qabağında çirkli-paslı avtomobildən çörək boşaldılırsa, istehklakçı da bunu gördüyü halda gedib həmin çörəyi alırsa, artıq bu çirklənmiş çörək hesab olunur. Onu almaq olmaz. İstehlakçı gərək diqqətli olsun. O tipli yerləri baykot etsin.

- Ümumiyyətlə, bu gün cəmiyyətdə bu tipli problemlər geniş yayılıb, yoxsa əvvəlki illərlə müqayisədə problem azalıb?

- İpək yolu üzərindəki restoranların vəziyyəti qeyri-normaldır. Əvvəlki illərlə müqayisədə qismən düzəlib. Məsələn, orada boz-bullanıq mayelərdən hazırlanan limonadlar satılır. Hətta təhlükəli spirtli içkilər verilir. Bu səhədə dövlət qurumları ilə birgə iş aparırıq. Bu gün ölkədə zəhərlənmələrin böyük əksəriyyəti qidalanma ilə bağlıdır. Qida zəhərlənməsinin böyük əksəriyyəti restoran və kafelərin payına düşür. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31