Korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmaqdadır - MÜSAHİBƏ

Anar Bağırov: “ Bu mübarizə bütün ictimai və dövlət idarəçilik sahələrini əhatə etməlidir”

Müsahibimiz Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Hakimlərin Seçki Komitəsinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırovdur.

- Anar müəllim, hazırda ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Bu gün ölkəmizdə sosial bəla olan korrupsiyaya qarşı ciddi mübarizə aparılmaqdadır. Bu mübarizə kompleks şəkildə - bütün ictimai və dövlət idarəçilik sahələrini əhatə etməklə aparılmaqdadır. Bu günə kimi qeyd olunan istiqamətdə ən yüksək səviyyədə çox saylı sənədlər qəbul olunmuş, onların icrası səmərəli qaydada, ictimaiyyətə açıq şəkildə həyata keçirilmişdir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərmanlar ilə "2004-2006-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", həmçinin "2007-2011-ci illərdə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" qəbul olunmuş, onların icrası Avropa institutları tərəfindən müsbət qiymətləndirilmişdir. Təbii ki, istənilən ölkədə korrupsiya ilə mübarizə tədbirləri həm strukturdaxili, həm də ki, ümumdövlət səviyyəsində aparılır. Bundan başqa bu fəaliyyət daimi xarakter daşımalıdır. Çünki korrupsiya ilə mübarizə tədbirləri təkcə bürokratik aparatı deyil, həmçinin kommersiya hüquqi şəxslərini, yəni şirkətləri, təşkilatları və s. qurumları da əhatə etməkdədir. Bu mənada son dövrlər diqqətimizi çəkən əsas sənədlərdən biri də 5 sentyabr 2012-ci ildə qəbul olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır. Bu sənədlərin məqsədi Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsindən ibarətdir.
Qeyd olunan sənədlərin qəbulu və onların icrası səviyyəsi onu göstərir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri lazımi səviyyədə aparılır. Və bu fəaliyyət müsbət qiymətləndirilə bilər.

- Bu mübarizə tədbirlərini effektli hesab etmək olarmı? Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrası onun səviyyəsinin azaldılmasına necə təsir göstərib?

- Məlumdur ki, Azərbaycanda korrupsiya ilə mübarizədə bir sıra ixtisaslaşmış qurumlar mövcuddur. Bunlardan ən əsasları - 2005-ci ildə yaradılmış Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyası, digəri isə 2004-cü ildə yaradılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Təbii ki, bayaq qeyd etdiyimiz kimi korrupsiya ilə mübarizə bir neçə qurum çərçivəsində deyil, kompleks şəkildə aparılır. Korrupsiya ilə kompleks mübarizə dedikdə yalnız vəzifəli şəxslərin korrupsiya cinayəti törətmələrinə görə təqib olunması deyil, həmçinin bu sahədə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanları və bələdiyyələrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarsı mubarizə sahəsində ixtisaslaşmış qurumlar, hüquq muhafizə orqanları və məhkəmələrin fəaliyyəti sahəsində işlərin aparılması, habelə iqtisadi və sahibkarlığın inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətin həyata keçirilməsi başa düşülməlidir.
Son dövrlər qanunvericiliyimizdə neçə-neçə çoxsaylı dəyişiklik və əlavələr olunmuşdur. Təsəvvür edin ki, bu yeniliklərin əksəriyyəti korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində edilmişdir. Misal üçün, ən aləmətdar hadisələrdən biri kimi yeni İnzibati Prosessual Məcəllənin qəbulu göstərilə bilər. Və ya Cinayət Məcəlləsinə "hüquqi şəxslərin cinayət məsuliyyəti" fəslinin əlavə olunması, "Xususi iqtisadi zonalar haqqında" qanunun qəbulu bu qəbildəndir. Korrupsiya ilə mübarizə sahəsində mühüm sayılan işlərdən biri də 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsidir. Həmin Agentliyin nəzdində Bakıda, Sumqayıtda, "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərməkdədir. Vətəndaşlar bu mərkəzlərdən yararlanmaqla operativ şəkildə şəxsiyyət, sürücülük vəsiqələrini dəyişdirə bilirlər, notariat xidmətlərindən istifadə edirlər, nikaha daxil olmalarını qeydiyyatdan keçirirlər, habelə hüquqi yardım xidmətlərindən rahat yararlana bilirlər. "ASAN xidmət"in yaradılmasının kökündə isə məhz korrupsiya ilə mübarizə, vətəndaşların üzləşdikləri yersiz süründürməçilik hallarının aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi durur. Son ayların təcrübəsi göstərir ki, korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlar öz effektini göstərməkdədir. Belə ki, ölkəmizdə korrupsiya ilə mübarizə fəaliyyəti bir sıra beynəlxalq təşkilatların - Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO), Beynlxalq Maliyyə Korporasiyasının hesbatlarında qənaətbəxş göstərilmişdir. Builki göstəricilərin isə daha da yaxşılaşacağına ümidlərimiz böyükdür.

- Korrupsiyanın səviyyəsinin azaldılması üçün daha hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirdiniz? Korrupsiyanın qarşısının alınmasında vətəndaş cəmiyyətləri və medianın rolunu necə qiymətləndirisiniz?

- Düşünürəm ki, istənilən ölkədə korrupsiyanın səviyyəsinin azaldılmasında bayaq sadaladığım tədbirlərdən başqa, digər mühüm tədbir əhalinin hüquqi maarifləndirilməsi işinin səmərəli təşkil edilməsidir. Maarifləndirmə fəaliyyətinin öhdəsindən isə dövlət orqanları təkbaşına gələ bilməzlər. Bu fəaliyyətə qeyri-hökumət təşkilatlarının, KİV-lərin cəlb olunması zəruridir. Son bir neçə ildə rəhbəri olduğum "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyi (AHİM) tərəfindən korrupsiya ilə mübarizəyə həsr olunmuş bir sıra layihələr həyata keçirilmişdir. Bunlardan biri BMT-nin Ədalətli məhkəmə hakimiyyəti İşçi Qrupu tərəfindən 2005-ci ildə hazırlanmış "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri" adlı sənədin Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizin hakimləri arasında paylanılması ilə bağlı layihə idi. Bu sənəd hakimlərin davranış qaydaları toplusu olmaqla, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya qurşanmanın qarşısının alınması ilə bağlı göstərişlər baxımından zəngindir. Qeyd olunmalıdır ki, layihə çərçivəsində "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nin Kommentariyası əsasında hakimliyə və vəkilliyə namizədlər üçün dərslər deyilmiş və tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə beynəlxalq konfrans da keçirilmişdir. Bundan başqa, hazırda AHİM tərəfindən digər bir layihə icra olunmaqdadır. Layihə ərzində Avropa Vəkillər Assosiasiyası tərəfindən hazırlanmış "Avropa vəkillərinin davranış qaydaları" və BMT-nin Ədalətli məhkəmə hakimiyyəti İşçi Qrupu tərəfindən hazırlanmış "Məhkəmə aparatı işçilərinin etik davranış qaydaları"nı göstərə bilərik. Hər iki sənəd hüquqşünasların davranış qaydalarından başqa, onların korrupsiya və ona şərait yaradan hallarından müdafiə olunması məsələlərinə həsr olunmuşdur. Layihə çərçivəsində ölkəmizin regionlarında məhkəmə aparatı işçiləri və vəkillər üçün dərslər keçiriləcəkdir. Bu fəaliyyətdə KİV-in rolunu gəldikdə isə, qeyd olunmalıdır ki, KİV bu gün korrupsiya ilə mübarizə işində bəlkə də fəallıq nümayiş etdirən ən əsas oyunçulardan biridir. Məhz KİV vasitəsi ilə əhalinin geniş təbəqəsi korrupsiya ilə mübarizə sahəsində aparılan işlər barəsində məlumatlanır. Çünki bu gün elektron dünyamızda hər kəsin internetə çıxışı olmasına baxmayaraq əhalinin əksər təbəqəsi məlumat almaq üçün dövlət orqanlarının internet səhifələrinə o dərəcədə çox daxil olmurlar, nəinki xəbər saytlarına və ya portallarına. Bu mənada KİV ilə əməkdaşlıq olmadan korrupsiya ilə mübarizə fəaliyyəti öz məqsədlərinə çatmaya bilər. Nəticədə, ölkəmizin bugünkü reallığında korrupsiya ilə mübarizədə KİV-in rolunu müsbət qiymətləndirmək olar.
 

- Korrupsiya ilə mübarizədə vəkilliyin rolu barədə nə deyə bilərsiniz?

- Vəkillərin korrupsiya ilə mübarizədə rolları əhəmiyyətlidir. Vəkillərin korrupsiya ilə mübarizədə ən fəal ola biləcəyi hüquqi məkanlar da müxtəlifdir. Bura dövlət orqanlarını, məhkəmələri və s. aid etmək olar. Misal olaraq bildirməliyəm ki, vəkil dövlət orqanları və ya məhkəmələrlə tez-tez təmasda olur. Mütəmadi olaraq bu proseslərə cəlb olunan vəkil səlahiyyətli orqanlarla tez-tez ünsiyyətdə olduğundan onların davranışına prosesin digər iştirakçılarından fərqli olaraq daha yaxında bələd olur. Bu prosesin istənilən mərhələsində vəkil həm öz, həm də müdafiə və təmsil etdiyi tərəf adından etik davranış qaydaları və ya korrupsiya haqqında qanunvericiliyin pozduğuna görə istənilən səlahiyyətli şəxsdən müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar ölkə üzrə dövlət orqanlarında korrupsiyanın qarşısının alınmasında müstəsna rola malik olduqlarından vəkillərin həmin orqanların işinə bu sahədə dəstək vermələri zəruridir. Vəkillər müxtəlif qurumlarda hüquq pozuntularının birbaşa şahidləri ola bildiklərindən onların belə faktların qarşısının alınmasında operativ davranma imkanları daha genişdir. Ümumiyyətlə, bu sahədə sadə vətəndaşdan daha məlumatlı olan vəkil, korrupsiyaya şərait yaradan halları qabaqcadan görmək imkanına malik olmaqla onun qarşısının alınmasında müstəsna rol oynaya bilər.
 

Alim

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31