"Azərbaycan siyasi partiyalarının ən ciddi çatışmazlığı…” - MÜSAHİBƏ
Mayis Güləliyev: “Siyasi müxalifət” hakimiyyətə iddialı insanların təkəbbürünə və ya hərisliyinə əsaslanıb cəmiyyəti qarşıdurmaya sürükləməməlidir”
13 May 2013 14:04 MüsahibəMüsahibimiz Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyevdir.
-Mayis bəy, hazırkı situasiyada müşahidə edilən məqam ondan ibarətdir ki, ölkə müxalifəti xalqın ciddi dəstəyini əldə edə bilmir. Sizcə, müxalifətin xalqın ciddi dəstəyindən uzaq olmasının başlıca səbəbi nədir?
-Burada iki ciddi amil öz mənfi təsirini göstərməkdədir. Bunlardan birincisi, Azərbaycanda iqtisadi və siyasi maraqları olan böyük güclərin, xüsusilə Birləşmiş Ştatların mövcud müxalifətdən hakimiyyətə təsir vasitəsi kimi istifadə etmək və ondan lazım olan güzəştləri almaq siyasətidir. İkincisi isə müxalifətin ardıcıl ideoloji bazası və aydın məqsədinin olmaması ilə bağlıdır. "Siyasi müxalifətin" ideoloji cəhətdən səfərbər edilməməsi və Azərbaycanın mövcud problemlərinin həllində alternativ proqrama malik olmaması cəmiyyətdə müxalifətə qarşı ciddi inamsızlıq yaradır. "Siyasi müxalifət" hakimiyyətin müvəffəqiyyətsizliyinə sevinib yalnız hakimiyyətdən narazılara arxalana bilməz. "Siyasi müxalifət" hakimiyyətə iddialı insanların təkəbbürünə və ya hərisliyinə əsaslanıb cəmiyyəti qarşıdurmaya sürükləməməlidir. Siyasi mübarizənin mahiyyətinə hakimiyyət uğrunda mübarizə yox, cəmiyyətdəki problemlərin düzgün müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının axtarılması daxil olmalıdır. Siyasi hakimiyyətin ələ alınması bu problemlərin həlli üçün mümkün variantlardan yalnız biridir. "Siyasi müxalifəti" heç də hakimiyyətin həyata keçirdiyi siyasəti yalnız tənqid edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar kimi xarakterizə etmək də düzgün yanaşma deyil.
-Belə bir fikir irəli sürülür ki, ənənəvi müxalifətin alternativ proqramlarının olmaması da onun xalq dəstəyindən məhrum olmasına gətirib çıxarır. Siz bu yanaşma ilə razısınızmı?
-Azərbaycanda "siyasi müxalifət" adına iddialı olan siyasi partiyaların bütün mənalarda "tərksilah" olunmasının əsas səbəbi də alternativ siyasi kursun olmamasıdır. Alternativ siyasi kursun olmaması həm iqtidar, həm də "ənənəvi müxalifət"in siyasi baxışları arasında ciddi fərqlərin olmamasından xəbər verir. Azərbaycanda ənənəvi müxalifətlə iqtidar arasında konseptual siyasi-ideoloji fərqlərin olmaması bugünkü "ənənəvi müxalifəti" ictimai dəstəkdən məhrum edir. Onu da qeyd edim ki, Qarabağ probleminin həllində iqtidar "ənənəvi müxalifətdən" xeyli tədbirli və humanist görsənir. Belə ki, bəzi müxalifət partiyaları bu problemin həllini atəşkəsin dayandırılmasında və müharibənin bərpa edilməsində görürlər. Hərbi və siyasi araşdırmalara əsaslanmayan belə məsuliyyətsiz çağırışlar müharibə yolu ilə iqtidarın zəiflədilməsi və beynəlxalq imicinə zərbə vurulması məqsədi daşıyır. Belə qüvvələr bilir ki, müharibəyə sürüklənmiş iqtidar ictimai qəzəbə tuş gələrək asanlıqla hakimiyyətdən gedə bilər. Belə təcrübədən 1990, 1992-ci və 1993-cü illərdə hakimiyyət dəyişikliyində istifadə edilmişdir. Hakimiyyətin ələ keçirilməsi naminə insan qırğınına və dağıntılara rəvac verməyə hazır olan belə "ənənəvi müxalifət" regionla bağlı qlobal siyasətdən və regionda gedən "Böyük Oyun" dan xəbərsizdir. Bir qrup müxalifət isə beynəlxalq təşkilatların təhriki ilə iqtidarın dəstəklədiyi dinc həll yoluna üstünlük verməyə məcbur olub. Həm "ənənəvi müxalifət", həm də iqtidar arasında ümumi cəhət ondan ibarətdir ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında, Azərbaycan cəmiyyəti ilə Qarabağda yaşayan erməni icması arasında hər hansı humanitar əlaqələr istisna edilir. Lakin nə iqtidar, nə də "ənənəvi müxalifət" qəbul etmək istəmir ki, belə vəziyyət Dağlıq Qarabağı Azərbaycandan daha da uzaqlaşdırır. Azərbaycanın yaxın qonşu ölkələrlə münasibətlərinin müəyyənləşməsində də iqtidar ənənəvi müxalifətdən daha çevik və praqmatik görsənir. Belə ki, iki milyon azərbaycanlının Rusiyada məskunlaşdığını deyən "ənənəvi müxalifət" bu ölkə ilə əlaqələrin durmadan zəiflədilməsini təbliğ edir. Əlbəttə "ənənəvi müxalifətin" belə düşünülməmiş siyasəti iqtidarla Rusiya hakimiyyəti arasında münasibətlərin daha da yaxşılaşmasına və iqtidarın Rusiya hakimiyyəti tərəfindən müdafiə olunmasına şərait yaradır.
-Bəs müxalifət partiyalarının ciddi şəkildə təşkilatlanmasına mane olan başlıca amillər nədən ibarətdir?
-Siyasi hakimiyyətdə iddialı olan partiyaların aydın ideoloji bazasının, siyasi mübarizə strategiyasının və perspektiv inkişaf proqramının olmaması bu partiyalar ətrafında mümkün sosial qrupların təşkilatlanmasına imkan vermir. Azərbaycan siyasi partiyalarının ən ciddi çatışmazlığı Azərbaycan cəmiyyətindəki problemləri qlobal problemlərlə uyğunlaşdırmaq bacarığının olmamasından irəli gəlir. Bu zərurət real vəziyyətdən çıxış etməklə Azərbaycanın perspektiv inkişaf xəritəsini müəyyənləşdirməklə bağlıdır. Azərbaycan Qlobal Dünya ilə müqayisədə çox kiçik bir ölkədir. Odur ki, onun qlobal problemlərə immuniteti də zəifdir. Qlobal miqyasda kiçik bir dəyişiklik Azərbaycan cəmiyyətində ciddi şəkildə özünü göstərə bilər. Dünyanı düşündürən enerji problemləri; əhali artımının yaratdığı problemlər; ərzaq çatışmazlığı və ekoloji problemlər Azərbaycan siyasi həyatında diqqət mərkəzində dayanmalıdır. Təəssüf ki, hakimiyyətdə iddialı olan "siyasi müxalifət" bu problemlərin fonunda Azərbaycanın gələcək perspektivlərini araşdırmaq və müvafiq siyasi qərar qəbul etmək gücündə deyil.
Süleyman İsmayıllbəyli