“Dövlət orqanları rüblük, yarımillik və illik hesabatla çıxış etməlidir” - MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “ Əfsuslar olsun ki, bir çox dövlət qurumlarının hesabatlılığı və şəffaflığı məsələsi qapalı olaraq qalmaqdadır”

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra işlər həyata keçirilib və indinin özündə də davam etməkdədir. 1994-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra fərmanlar, Dövlət Proqramları, digər hüquqi sənədlər və beynəlxalq sənədlər imzalanmışdır. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsi və qanunun tətbiq edilməsi haqqında respublika Prezidentinin sərəncamı, əslində korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, onun qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır."Korrupsiyaya qarşı mübarizə üzrə" Dövlət Proqramının qəbul edilməsi, elektron hökumətin yaradılması istiqamətində həyata keçirilən işlər, açıq hökumət layihəsinin hökumət tərəfindən dəstəklənməsi və s. işlərin reallaşması onu göstərir ki, hökumət korrupsiyanı ciddi problem sayır və buna qarşı ciddi mübarizə aparmaq niyyətindədir. Amma bütün bunlara baxmayaraq, ölkədə korrupsiya böyük problem olaraq qalmaqdadır. Ekspertlərin qənaətincə,  korrupsiyaya qarşı mübarizəni bir qayda olaraq ölkədə fəaliyyətdə olan QHT-lər, eyni zamanda dövlət orqanları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirmək daha effektli ola bilər. Çünki korrupsiya hallarının olmasının məsuliyyətini təkcə dövlət strukturlarının üstünə atmaq düzgün olmazdı. Ona görə, vətəndaş cəmiyyəti də bu işdə yaxından iştirak etməlidir və ictimaiyyəti daha çox məlumatlandırmaq, cəmiyyəti fəallaşdıraraq prosesə daha çox insanı cəlb etmək istiqamətində işlərin görülməsi vacibdir.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu istiqamətdə aparılan  mübarizə o zaman tam qənaətbəxş hesab oluna bilər ki, korrupsiyanın səviyyəsi minimuna endirilsin. Hələlik bi istiqamətdə lazımi addımlar atılır. Əlbəttə görülən tədbirlərdən sonra müsbət nəticələr da var.  Xüsusilə "ASAN" xidmət mərkəzlərinin yaradılması bir sıra neqativ halların aradan qalxması ilə nəticələnib: "Hesab edirəm ki, bu xidmətin yaradılması həm dövlət orqanlarının modernləşdirilməsi istiqamətində inqilabi bir fəaliyyət, həm hökumətin yeni modelə keçməsi, həm də korrupsiya və rüşvətxorluğun azaldılması, şəffaflığın artırılması, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində  vacib olan bir məsələ idi ki, bu da hazırda əhatə dairəsini genişləndirməkdədir". Fond rəhbərinin sözlərinə görə,  digər bir məsələ "Elektron hökumət"in yaradılmasıdır ki, bu proses də sürətlə inkişaf etdirilir. Bunun reallaşması da dövlət orqanları ilə vətəndaşlar arasında  birbaşa təmasların aradan qaldırılmasına gətirib çıxaracaq. Belə tədbirlərin həyata keçirilməsi nəticə etibarilə korrupsiyanın səviyyəsinin azalması və şəffaflığın artırılmasına gətirib çıxaracaq. Demək olar ki, Azərbaycanda  bu xidmət çox az sahələrdən biridir ki, burada hər hansı korrupsiyadan söhbət gedə bilməz: "Amma bununla iş bitmir, düşünürəm ki, by istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Düşünürəm ki, "Elektron portal"ın formalaşdırılmasının sürətləndirilməsinə ehtiyac var. İnsanların bu xidmətdən istifadəsinin əlçatanlığının artırılması vacib şərtdir". Onun fikrincə, korrupsiyaya qarşı mübarizədə  başqa bir istiqamət dövlət qulluğununu təkmilləşdirilməsi ilə bağlıdır ki, bu zaman da çox əhəmiyyətli nəticə əldə etmək mümkündür: "Korrupsiyaya qarşı mübarizə məqsədilə bu kimi addımlar atılır və dövlət proqramları çərçivəsində çoxsaylı işlərin görülməsi nəzərdə tutulur. Buna baxmayaraq bir sıra qurumlar var ki, öz fəaliyyətlərini yeni qaydalara, yeni prioritetlərə uyğun qurmayıblar. Xüsusən, yerlərdə icra hakimiyyətləri orqanları hələ də sahibkarlara mane olan fəaliyyət nümayiş etdirirlər. Bununla bağlı problemləri dəfələrlə cənab prezident öz çıxışında qeyd edib. Eyni zamanda, mərkəzi icra hakimiyyət orqanları vətəndaş cəmiyyətləri və media ilə işləməkdə maraqlı deyillər. Nəticədə həmin orqanlar qapalı bir quruma çevriliblər: "Məsələn, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında  Daşınmaz Əmlakın Reyestri xidməti  cəmiyyət üçün qapalı bir sahədir. Vətəndaşlar tərəfindən dəfələrlə  müraciət edilməsinə baxmayaraq lazımi cavabları ala bilmirlər. Dövlət orqanları tərəfindən  şəffaflığın və açıqlılığın təmin olunması korrupsiyaya qarşı mübarizədə vacib şərtlərdəndir. Şəffaflığın təmin olunması ilə bağlı dövlət proqramının şərtlərinə görə, dövlət orqanları rüblük, yarımillik və illik hesabatla cəmiyyət və media qarşısında çıxış etməlidir. Əfsuslar olsun ki, bir çox dövlət qurumlarının hesabatlılığı və şəffaflığı məsələsi qapalı olaraq qalmaqdadır. Bütün sadalananlara baxmayaraq, ölkədə korrupsiyaya qarşı mübarizə müsbət istiqamətdə davam etməkdədir və həmin tədbirlərin müəyyən müsbət nəticələri göz qabağındadır".

Məlumata görə, Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən bir sıra təkliflər hazırlanır.  Hazırda  Milli Fəaliyyət Planına uyğun olaraq, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi, eləcə də korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının keçirilməsi istiqamətində təkliflərin hazırlanması üzərində iş gedir. Təkliflərin hazırlanması prosesi ictimaiyyətin iştirakı ilə həyata keçirilir. Məsələ ilə bağlı vətəndaşlar və  dövlət orqanlarından ərizə, müraciət və təkliflər  daxil olduqdan sonra onların qiymətləndirilməsi aparılacaq və təkliflər formasında hökumətə təqdim ediləcək. Yeri gəlmişkən qeyd edək ki, korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə Milli Məclis  "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik layihəsini müzakirə edib. Dəyişikliyə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Xatırladaq ki, hazırda cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir. Qeyd edək ki, müvafiq dəyişiklik layihəsi MM-ə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub. Bu isə o deməkdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və məqsədyonlü xarakter daşıyır.

Alim Hüseynli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31