“Kəpəkli başı kəsib atmaqla müalicəsinə nail olmaq mümkün deyil!...” - MÜSAHİBƏ
Hafiz Mirzə: “Korrupsiyaya qarşı mübarizə fundamental şəkildə aparılmalıdır”
1 May 2013 15:33 MüsahibəMüsahibimiz yazıçı-publisist Hafiz Mirzədir.
- Hafiz bəy, Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizəni necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, indi bu mübarizə daha çox dildə, sözdə və kağız üzərindədir. Ölkənin bir çox sahələri var ki, xirtdəyə kimi korrupsiyanın içərisindədir. Mübarizə fundamental şəkildə aparılmalıdır. Bizdə korupsiyaya qarşı mübarizə anlayışı hərdən və lazım olanda yada düşür. Daha çox da kampaniyaçılıq formasında təzahür edir.
- Bir çox hallarda korrupsiyaya qarşı mübarizə istiqamətində insanlar arasında maarifləndirmə işlərinin aparılmasını vacib hesab edirlər. Sizcə, bunun effekti olacaqmı?
- İnsanlar arasında bu sahədə maarifçilik aparmaq məsələnin bəlkə də yüzüncü tərəfidir. Əsas yol bu deyil. Çünki alan da, verən də bizim öz insanlarımızdır. Məhz tələbat olan yerdə korrupsiya halları baş verir və nə qədər ki, tələbat olacaq, korrupsiya da baş verəcək. Alan olmasa da verən tapılacaq. Çünki hələ cəmiyyətimiz mənəvi cəhətdən paklaşmayıb. Bundan görə də proflaktika aparılmalı, yəni tələbatın yaranmasına əngəl olunmalıdır. Qanunlar qəbul etmək və ya barəsində gecə-gündüz danışmaq və ya bilmək hər şeyi həll etmir. Hamı korrupsiyanı dildə pisləyir, amma bu barədə çox danışanların özü ilk fürsətdəcə məmnuniyyətlə və peşəkarcasına alır.
- Korrupsiyanın aradan qaldırılmasında hansı addımların atılmasını vacib sayırsınız?
- Bundan ötrü cəmiyyətin maddi rifah halını yüksəltmək, idarəetmədə şəffaflığa nail olmaq və ədalət prinsipinin qorunmasına inamı yaratmaq lazımdır, çox təəssüf ki, hələlik bu keyfiyyət yoxdur. İnsanlar bəzən acığa, bəzən bəhsə düşərək, bəzən harınlıqdan, daha çox da həyat tərzi olaraq korrupsiyaya gedir. Bir çox hallarda korrupsiya insanların istəklərinin həyata keçməsinə kömək də edir. Ədalətsizliyə qalib gəlməyin bir yolu da korrupsiya sayılır. Korrupsiyaya qarşı kimlərisə tutmaqla, həbs etməklə işlər düzələn deyil. Məncə əsil mübarizə korrupsiyaya doğura biləcək halların aradan qaldırılmasından, əmək haqqının tələbat həddində yüksəldilməsindən və mükafatlandırma metodologiyasının tətbiqindən ibarət olmalıdır.
- Bir çox hallarda bəzi beynəlxalq təşkilatların hazırladığı hesabatlarda Azərbaycan haqsız olaraq korrupsiyanın ifrat dərəcədə yayıldığı ölkə kimi qiymətləndirilir. Hafiz bəy, bu məsələdə də Azərbaycana qarşı qərəzli münasibət özünü büruzə vermirmi?
- Korrupsiya dünyanın bütün ölkələrində var. Onu tamam məhv etmək mümkün deyil, amma faizini aşağı salmaq olar. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə daha çoxdur. Həmin ölkələri inkişafdan saxlayan ən mühüm amil də məhz elə korrupsiyadır. Amma Azərbaycan MDB məkanında iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkə sayılır. Deməli, bizdə korrupsiya ən azı MDB məkanındakı ölkələrdən daha azdır. Azərbaycana qarşı hər zaman bu cür ögey münasibət olub və var. Mən beynəlxalq təşkilatların heç bir hesabatının səmimiliyinə inanmıram, o cümlədən də bu barədə. Artıq onlar qatığın ağlığından bəhs etsələr belə məndə şübhə oyadarlar. Amma bu o demək deyil ki, Azərbaycanda korrupsiya yoxdur. Bunu hamı bilir ki, var. Olmasaydı, ona qarşı mübarizə qurumları yaradılmazdı.
- Prezident İlham Əliyev bir müddət əvvəl keçirdiyi müşavirədə korrupsiyaya qarşı mübarizə istiqamətində daha səmərəli işlərin görülməsini vacib saydı. Eyni zamanda dövlət başçısı onu da etiraf etdi ki, korrupsiyaya qarşı aparılan mübarizə dövlət başçısı olaraq onu qane etmir. Sizcə bu prosesin səmərəliliyini azaldan amil nələrdir?
- Mübarizənin səmərəliliyini azaldan əsas səbəblərdən biri bu işlərə təhkim olunmuş bəzi adamların və bəzi strukturların özlərinin qismən korrupsiyaya bulaşmasıdır. Quzunu qurda tapşırmaq olmaz axı. Məncə korrupsiyanın ən az inkişaf etdiyi ölkələrdən ekspertlər, müşahidəçilər və nəzarətçilər gətirmək və təhkim etməklə daha böyük uğur qazanmaq olar.
- Cəmiyyətdə hazırkı mənəvi deqradasiyanın səbəbi korrupsiyadır, yoxsa mənəvi mühit korlandığı üçün korrupsiyaya meydan açılıb?
- Hər ikisi mühüm rol oynayır. Məncə idarəetmədə qismən əxlaq pozğunluğu baş verir. Korrupsiya da bu pozğunluğun təzahürüdür. Əvvəlcə yüksək vəzifələr tutmuş məmurlar arasında korrupsiyaya qarşı mübarizə aparılmalıdır. Bəzi məmurlar, hakimlər, rəislər cəzalanarsa, digərlərinə yaxşı körk olar. Bir neçə il əvvəl korrupsiyaya qarşı çox kəskin mübarizəyə başlanılmışdı. Hamı qorxur, heç kəs rüşvət almır, çəkinirdi. Lakin təəssüflər olsun ki, o vaxt təkcə bəzi hərbi komissarları korrupsiya halına görə həbs etdilər. Sonra da yenə sakitlik hökm sürdü. İndi hər ay bir- iki nəfəri bu adla həbs edirlər, vəssəlam. Bu yaxınlarda Lənkəran Universitetinin prorektorunu bu ittihamla həbs etdilər. Amma bu hal iynə ucu qədər geniş ictimai təsir göstərmədi. Çünki, kəpəkli başı kəsib atmaqla müalicəsinə nail olmaq mümkün deyil, müalicə lazımdır...müalicə!
- Korrupsiyaya qarşı mübarizədə bəzi İslam dövlətlərindəki kimi sərt cəzalar nə kimi efekti verə bilər?
- Bunun müsbət təsiri də var. Ən azı orta və aşağı təbəqədə korrupsiyanın qarşısı alınar. Amma korrupsiya yuxarıların çörək ağacıdır axı! Aşağılarınki aşağı məbləğli rüşvətdir. Məncə cəza mühüm amildir. Ancaq ən mühüm olan yol korrupsiyaya olan tələbatı aradan qaldırmaqdır, həqiqi, doğruçu, tam səmimi və ciddi proflaktika tədbiq etməkdir. Təkcə cəza hər şeyi həll etmir. Bəzən qadağan olunmuş meyvə daha çox cazibədar olur.
Ömər Zamin
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.