“Rüşvət verən, rüşvət alandan sərt cəzalandırılmalıdr” - MÜSAHİBƏ
Elçin Bayramlı: “Korrupsiyaya qarşı mübarizə tədbirləri effekt verir”
30 Aprel 2013 15:07 MüsahibəMüsahibimiz Altay Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri,
"Gündəlik Teleqraf" qəzetinin iqtisadi icmalçısı Elçin Bayramlıdır
- Sizcə, korrupsiya nədir, necə yaranır, hansı səbəblərdən təzahür edir?
- Korrupsiya cəmiyyətin, dövlətin ədalətsiz qanun və qaydalarına qarşı təzahür edən bir mənəvi-psixoloji xəstəlik kimi çox qədimlərdən bərqərar olub. Tarix boyu müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli sosial-ictimai münasibətlərin mövcud olduğu dövlət və cəmiyyət formalarında bu bəlaya qarşı müxtəlif səviyyələrdə mübarizələr aparılıb. Buna baxmayaraq, tarixin heç bir dövründə korrupsiyanın qarşısını tam almaq mümkün olmayıb. XX əsrin əvvəllərinə aid mətbuatı və ədəbiyyatı oxuyanda korrupsiyanın nə qədər dərinə işlədiyini görürük.
Sovet hakimiyyəti qurulduqdan sonra bu halların qarşısı xeyli dərəcədə alınmışdısa da, tamam kökünü kəsmək mümkün olmadı. Lakin, bəzi dövrlərdə onun səviyyəsi minimumadək endirilib. Məsələn, 30-40-cı illərdə Stalinin və Bağırovun hakimiyyəti dövründə korrupsiya halları xeyli dərəcədə azalmışdı.
Həmin dövrdə ölkədə sərt qayda-qanunlar hökm sürürdü. Faşizmə qarşı ağır müharibə aparıldığı bir vəziyyətdə mənəvi dəyərlər ön plana çıxmışdı, həm də, vətəndaşlar bir-birinin hərəkətlərinə daha çox nəzarət edirdi. Nəhayət müharibə şəraitinin ağır qanunlarının hökm sürdüyü bir yerdə o qanunları pozanların sərt cəzalandırılmasından doğan qorxu hissi kimi faktorlar vardı. Sonrakı dövrdə yumşalma baş verdiyindən belə halların yenidən artması müşahidə olundu. Demək, nəzarətin və cəzanın ciddiliyi burda yeganə olmasa da, çox mühüm rol oynayır. Korrupsiyanın güclənməsində digər faktorların da əhəmiyyətli rolu var ki, onların sırasında məmurların maaşlarının azlığı, qanunvericiliyin mükəmməl olmaması, ictimai nəzarətin yoxluğu, maddi dəyərlərin mənəvi dəyərləri üstələməsi kimiləri qeyd etmək olar. Bu səbəblər daha sonrakı dövrdə- ümumilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra- 70-ci ildən başlayaraq aradan qaldırıldı və yenidən korrupsiya səviyyəsinin azalma dövrü başladı. Lakin, 80-ci illərin əvvəllərində vəziyyət yenidən dəyişdi. Bu tendensiya 90-ci illərdə də davam etdi. 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyevin dövlət idarəetməsinin spesifik forması və yaradılan qanunvericilik bazası öz nəticəsini yeni əsrin başlanğıcından göstərməyə başladı. Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra isə, korrupsiyaya qarşı mübarizə daha vacib xarakter aldı.
Göründüyü kimi, korrupsiyanın son 100 ildəki tarixi təbəddülatlar dövrü olub. Deməli, burda ictimai-siyasi quruluşun tələbləri və cəmiyyətin mənəvi-əxlaqi dəyərləri ilə ilə yanaşı rəhbərin də mühüm əhəmiyyəti var.
- Korrupsiyaya qarşı mübarizədə hazırki qanunvericilik bazasını yetərli hesab etmək olarmı?
- Kоrrupsiyaya qarşı mübarizə sahəsində strateji kursun əsasları hələ Prеzidеnt Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 1994-cü il 9 avqust tarixli Fərmanının qəbul edilməsi ilə müəyyən olunub. Sonrakı dövrdə müxtəlif sahələrdə islahatlar aparılıb, qanunvеricilik bazası təkmilləşdirilib. Özəlləşdirmə, dövlət qulluğu, yerli özünüidarə, banklar, dövlət satınalmaları ilə bağlı qanunlar, Vеrgi, Gömrük, Cinayət, Cinayət-Prоsеssual, Mülki, Mülki-Prоsеssual, İnzibati Хətalar, Əmək Məcəllələri və digər çoxsaylı normativ hüquqi aktlar qəbul еdilib. Prezidentin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" təsdiq edilib. 2005-ci ildən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qüvvəyə minib. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında görülməsi nəzərdə tutulan işlərdən biri də qanunvericiliyin təkmilləşdirilməsi idi. Bu məsələ artıq öz həllini tapıbdır.
- Korrupsiyanın səviyyəsinin azaldılması üçün hansı qeyri-ənənəvi metodu təklif edərdiniz?
- Bununla bağlı müvafiq sahə ilə məşğul olan ekspertlər kifayət qədər metodlar irəli sürüblər. Mən təklif edərdim ki, rüşvət təklif edən və verən rüşvət alandan daha sərt cəzalandırılsın. Fikrimcə, bu, çox yaxşı effekt verərdi. Sosial qanunuyğunluqlara aid məşhur Qrosman qanunu var- Mürəkkəb məsələlərin həlli həmişə sadə və asan anlaşılan olur.
- Belə bir təklif də var ki, korrupsiyaya yol vermiş şəxslərin reyestri aparılsın və onlar gələcəkdə dövlət orqanlarına işə götürülməsin. Bu, nə dərəcədə effektli ola bilər?
- Əminəm ki, bu həddən artıq effektli metod olardı. Korrupsiya dövlətin, cəmiyyətin ən böyük bəlası, bütün problemlərin birbaşa və ya dolayı baiskarı olduğu üçün ona qarşı bütün metodlar məqbuldur. Korrupsiyaya yol verən şəxslərin adı, vəzifəsi, şəkli mətbuatda mütəmadi verilməli, onlar necə deyərlər, tarixə həkk edilməlidir. Belələrini qətiyyən bir daha dövlət işinə götürmək olmaz. Bu, həm çəkindirici vasitə olar, həm də cəmiyyətdə dövlətə inamı artırar.
- Korrupsiyanın qarşısının alınmasında KİV-in rolunu necə qiymətləndirirsiniz?
- KİV-i nahaq yerə 4-cü hakimiyyət adlandırmırlar. Mətbuat bu işdə dövlətə və cəmiyyətə çox kömək edə bilər. Həm maarifləndirici və məlumatlandırıcı, həm də araşdırıcı və ifşaedici rolu ilə. Sadəcə, mətbuat bazar prinsipindən ikilli yapışmamalı, ictimi maraqları və mənəvi dəyərləri üstün tutmalı, jurnalistlər isə vicdanlarını itirməməli, "cəmiyyətin gözətçi köpəkləri" rolunu vicdanla oynamalıdırlar. Bunun üçün stimullaşdırıcı tədbirlər çox əhəmiyyətlidir. Son dövrlərdə dövlətin bu sahədə fəaliyyəti güclənib. Ölkə prezidentinin mətbuatın inkişafına, jurnalistlərin sosial probemlərinin həllinə göstərdiyi diqqət təqdirəlayiqdir. KİVDF-nin yaradılması və faəliyyəti bu istiqamətdə əsas addımlardan biridir. Mətbuata, jurnalistlərə ayrılan yardımlar, qrantlar onların problemlərinin aradan qaldırılmasında mühüm roy oynayır. Mətbuatın gözü hansısa sponsorun cibində olmayanda, jurnalist öz ailəsinin adi ehtiyaclarını təmin etmək üçün başqa qanunsuz gəlir yerləri axtarmağa məcbur olmayanda cəmiyyətə daha yaxşı xidmət edə bilir.
- Sizcə korrupsiyaya qarşı mübarizədə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi hansı effekti verə bilər?
- İctimai nəzarət bütün dövlət strukturlarının səmərəli və şəffaf fəaliyyətində böyük rol oynayır. Təbii ki, korrupsiya, rüşvətin olmasında təkcə hökuməti günahlandırmaq düzgün deyil. Burada cəmiyyətin mənəvi-psixoloji durumu da önəmli rol oynayır. Burda əsas rol da elə vətəndaşların üzərinə düşür. Rüşvət verilməyən yerdə rüşvət alına bilməz. Vətəndaşlar rüşvət və ya yerlibazlıqla özündən layiqli birinin yerini tutmağı öz şərəfinə layiq bilməsə, qanunsuz gəlirdənsə, qanuni gəlir əldə etməyi üstün tutsa, etdiyi cinayətin cəmiyyətə nə dərəcədə zərər vurdugunu anlasa, həmçinin bu sahədə dövlətə yardım etsə, bu problemin səviyyəsi xeyli azalar.
- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat axtarış səlahiyyəti verilib. Bu, qurumun fəaliyyətinə nə dərəcədə müsbət təsir edəcək?
- Təbii ki, İdarənin səlahiyyətinin artırılması, əməliyyat axtarışı aparmasına icazə verilməsi təqdirəlayiqdir. Bunun vacibliyini, bu günlərdə Lənkəran Dövlət Universitetində müəllimin tələbədən rüşvət alarkən yaxalandığı faktında daha aydın gördük. Bu idarənin fəaliyyətinə bir neçə yuxarı dövlət qurumunun və ictimai təşkilatların nəzarətinin təmin olunması və vətəndaşların idarə ilə əməkdaşlığı daha çox effekt verər.
- Korrupsiyaya qarşı sərt inzibati tədirlər effekt verə bilər, ya maariflədirmə işləri?
- Bəzən korrupsiya terminini rüşvətlə eyniləşdirirlər, lakin rüşvət korrupsiyanın çoxsaylı müxtəlif formalarından yalnız biridir. Hesab edirəm ki, əsas məsələ təkcə az maaşlı müəllim, həkim və sairin rüşvət almasına qarşı ciddi cəzalandırılması deyil. Rüşvətlə yanaşı, qohumbazlıq, nüfuz qazanmaq, gələcək karyera istəyindən doğan hər cür təmənnalı fəaliyyət formalarına qarşı da güclü mübarizə aparlmalıdır. Əsas məsələ, nəticələrə qarşı deyil, onu yaradan səbəblərə qarşı mübarizə aparmaqdır. Təcrübə göstərir ki, sosial ədalətin təmin olunduğu cəmiyyətdə belə halların səviyyəsi son dərəcə az olur. Deməli, dövlət işi elə tənzimləməlidir ki, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılsın. Son illərdə bu istiqamətdə daha sanballı tədbirlər həyata keçirilir. Bununla paralel, dediyiniz tədbirlər də görülməlidir. Maarifləndirmə vətəndaşlara aid ola bilər, korrupsiyaya yol verən məmurlara qarşı sərt inzibati tədbirlər isə daha çox effekt verər.
- Azərbaycanda antikorrupsiya tədbirləri sizcə effekt verirmi? Xarici ölkələrdə 1-2 ilə nəticə özünü göstərir.
- Niyə vermir? Məncə yaxşı effekt verir. Sadəcə, biz istəyirik ki, min illərin mənəvi-psixoloji problemi bir neçə ildə tamamilə həll olunsun. Bu hal isə indiyədək dünyanın heç bir ölkəsində mümkün olmayıb. Artıq əhəmiyyətli nəticə var, son vaxtlar bu nəticələri bütün vətəndaşlar şəxsən görür, ya da eşidir. Bir sıra vacib sahələrdə "vahid pəncərə" sisteminin tətbiqi, dövlət qulluğuna qəbul üçün şəffaf keçirilən imtahanlar, pensiyaların plastik kartlarla verilməsi, bir sıra nazirliklərdə və digər dövlət qurumlarında elektron hökumətin tətbiqi, yaradılan qaynar xətlər, "ASAN Xidmət"in fəaliyyətə başlaması kimi çoxsaylı faktlar onu deməyə əsas verir ki, korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində tam gücü ilə aparılır. Prezident Administrasiyasnin rəhbəri, hörmətli akademikimiz Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu istiqamətdə ciddi işlər həyata keçirir. Hər il xeyli sayda dövlət qulluğunda çalışan şəxslərə cinayət işi açılır. Milli Məclisdə Hesablama Palatası tərəfindən dövlət qurumlarında aparılan yoxlamaların nəticələri barədə məlumatlar verilir. Ən əsası dövlət başçısı səviyyəsində siyasi iradə var. Son müşavirələrdə ölkə Prezidenti cənab İlham Əliyevin belə hallara son qoyulması ilə bağlı dövlət məmurlarından qətiyyətləri tələbləri və korrupsiyaya yol verən məmurların sərt cəzalandırılacağı haqda əvvəlkilərdən daha kəskin olan bəyanatı bunu deməyə əsas verir ki, yaxın vaxtda bu istiqamətdə böyük irəliləyişləri görəcəyik.
Əsas problem ölkə Prezidentinin müvafiq tapşırıqlarını, Fərman və sərəncamların, Qanun və qərarların tələblərini vaxtında və düzgün yerinə yetirməkdən ibarətdir.
Ərhun Abbas
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində çap olunur.