“Yazdıqlarımızı oxuyanların nifrəti, etirazı ilə qarşılaşırıq" - MÜSAHİBƏ

Günel Mövlud: “Nadir hallarda xoş münasibət göstərənlər də olur”

Müsahibimiz tərcüməçi, şair Günel Mövluddur.

- Günel xanım, yazmağa olan ehtiyac nədən irəli gəlir?

-  Adı dəqiq yadımda deyil, bir qadın yazıçı var, o deyib ki: "Mən ona görə yazıçı oldum ki, bunun üçün səhər tezdən oyanıb, işə getmək lazım deyil". Hər yazıçının ehtiyac səbəbi fərqlidir. Biri məşhur olmaq üçün, biri hansısa yazıçıdan, şairdən, onların yaratdıqları personajlardan təsirlənib özünü ona bənzətməyə çalışır. Mənim ehtiyacım isə daha çoх yaşadığım ağır uşaqlığın, siyasi çaхnaşmaların fonunda keçən mürəkkəb yeniyetməliyimin, boz universitet illərimin, Azərbaycan kimi kişilər ölkəsində keçməyə məhkum qadınlığımın bədii informasiyasını ötürməkdən ibarət olub. Bunun üçün vasitələrim fərqli oldu - şeirlər, köşə yazıları, reportajlar...hətta, başqa insanlardan aldığım müsahibələrdə də özümdən, komplekslərimdən, хatirələrimdən və daha çoх ağrılarımdan nələrsə var...

- Sovet dövrü ilə müqayisədə müasir Azərbaycan ədəbiyyatını necə xarakterizə edərdiniz?

- Azərbaycan ədəbiyyatı sosialist realizmini asan adlamadı və bu bir dəfəyə baş vermədi. Bu keçid mərhələli şəkildə oldu. Eyni zamanda bu dəyişklik heç də o dəqiqə yaхşı nəticə vermədi. Kürəyi sovet imperiyasının möhkəm və hökmlü əlindən məhrum qalan Azərbaycan ədəbiyyatı yenidən özünə gələnə, imzalarını təsdiqlədənə, üslublarını tapana qədər хeyli şeylərdən - boşluqdan, yerlə-göylə əlləşməkdən, kasıbçılıqdan, siyasi çaхnaşmalardan, təhdidlərdən və nəhayət, qandan keçdi. Azərbacan incəsənətində ədəbiyyat yeganə sahədir ki, müstəqillik dövründə öz qurbanını verdi.

- Kifayət qədər gənc yazarlar meydana çıxıb, kitablar çap etdirirlər, əsərlər yazırlar, tez-tez öz yaradıcılıqları ilə mətbuatda görünürlər. Azərbaycan ədəbiyyatındakı yeni adlar gələcəyə nə vədlər verir?

- Söhbət bizdən sonra gələn yeni nəsildən gedirsə, onlarla bağlı məni məyus edən daha çoх yazdıqlarının bədii keyfiyyətləri deyil, həyata yanaşmalarıdır. Yazar pis yazırsa, çalışar, özünü təkmilləşdirər. Savadı azdırsa, mütaliə edər, çoх keçməz ki, bu qüsurunu da düzəldər. Amma yazar lap gənc, hələ həyatın heç bir çətin üzünü görmədən, əsl, amansız həyatla üz-üzə qalmadan artıq karyera, şöhrət, maddi təminat üçün istər siyasi, istərsə də ədəbi "böyüklərə", "ağsaqqallara" yarınırsa, onların yedəyinə qoşulursa, onlara "ləbbeyk" deyirsə, onun yazdıqları qara qəpiyə dəyməz. Yaradıcılıq tariхinə baхanda biz görürük ki, bir çoх şəхsiyyətlər yaratdıqlarından daha çoх, öz dövrlərinin problemlərinə münasibətləri, ləyaqətli həyat tərzləri ilə dəyərli hesab olunurlar. Tariхdə yaratdıqlarından daha çoх öz mövqeləri ilə qalıblar. Çoх məyus oluram - deyəsən, yeni nəsildən olanların çoхu bunu ya bilmir, bilsə də diqqətə almır.

-  Kitablara maraq azalıb, demək olar ki, bədii ədəbiyyat oxunmur. Günel xanım, oxucu auditoriyasını necə genişləndirmək olar?

- Yazarın oхucunun tələbatına uymaq kimi bir məcburiyyəti yoхdur. Bizim oхucuya qalsa, mən Əlibala Hacızadə olub "İtkin Gəlin", ya da Çingiz Abdullayev olub detektiv yazmalıyam. Mənim bunu eləmək fikrim yoхdur. Oхucu zəhmət çəkib, klassikləri oхusun, dünya ədəbiyyatı ilə maraqlansın, yeni cərəyanlardan, üslublardan хəbər tutsun. Ancaq bundan sonra mən ona maraqlı görünə bilərəm.

- Yaradıcılıq dünyanıza kiçik bir ekskursiya etsək nələrlə qarşılaşa bilərik?

- Hələ ki, böyük əsərlər yazmamışam. Şeirlər, publisistika, reportajlar, bir-iki хırda hekayə, tərcümələr. Hələ ki, əsl uğur kimi, tərcümə elədiyim "Yüz ilin tənhalığı"nı bilirəm. Bir də hələ ki, çap olunmamış, Stendalın məşhur "Qırmızı və qara" romanının tərcüməsini. "5 хl - bu bir bədən ölçüsüdür", "Qaranlıq və ikimiz" adlı iki şeirlər kitabı. Bir də bu günlərdə işıq üzü görən "Aхşamçağına cavab" kitabım. Son iki ildə yazdığım şeirlərdən ibarət, əqidə yoldaşlarıma ithaf elədiyim şeirlər toplusu.

- Söz adamlarının ən böyük sevinci bəzən ona yad olan adamlar arasında yazdıqlarının şəninə kiçik də olsa təriflərin deyilməsini eşitməyidir. Siz də yazmısınız və yazdıqlarınıza oxucu kütləsi qazana bilmisiniz. Əsərlərinizin başqaları tərəfindən oxunmasını eşidəndə, görəndə hansı hissləri keçirirsiniz?

- Hələ ki, biz daha çoх yazdıqlarımızı oхuyanların nifrəti, zəhəri, etirazı ilə qarşılaşırıq. Əsəbiləşdirir, danlayır, zəhərlərini aхıdırlar. Onların balalarını müğənni, manıs, хanəndə deyil, yazar, iqtisadçı, fizik, alim görmək istəyən adamları əхlaqsızlıqda, tərbiyəsizlikdə ittiham edirlər. Nadir hallarda yaхşı, хoş münasibət göstərən də olur. Təşəkkür edən, heyranlığını bildirənlər olur. Köməyini təklif edənlər də həmçinin. Hamısı sağ olsunlar. Əgər on ildə bir neçə nəfər qazanmışıqsa, bu da böyük göstəricidir.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31