İslama qarşı hücumların kökündə hansı amillər dayanır? - MÜSAHİBƏ
Rafiz Manafov: “İslam dininin sürətlə yayılan dinlərdən biri olması, müsəlman ölkələrində baş verən siyasi və ictimai proseslər ona qarşı hücumlara rəvac verir”
11 Aprel 2013 16:06 MüsahibəMüsahibimiz fəlsəfə üzrə fəlsəfə doktoru Rafiz Manafovdur
-Rafiz müəllim, Azərbaycanda dini tolerantlıq səviyəsini necə qiymətləndirirsiniz?
-Dini tolerantlıq məsələsi xüsusilə dindarların bir-biri ilə münasibətində öz əksini tapır. Bu məsələnin ölkəmizdəki müzakirəsinin tarixi zənnimcə çox qədim deyil. Çünki aydın məsələdir ki, sovet hakimiyyəti tamamilə hər növ dini və dindarlığı qadağan etmişdi. Buna görə də hər hansı bir dindarın başqa dindən olana tolerant, yaxud dözümsüz münasibətini də müəyyənləşdirmək əbəs idi. Ölkəmizdə bir çox din və məzhəb var, onların mənsubları mövcuddur. Bu dinlərin ümumi məzmununa nəzər saldıqda görürük ki, içərisində həm barışı, kompromisi və dostluğu irəli çəkən ideyalar olduğu kimi, ədavətə, ziddiyyətə və düşmənçiliyə sövq edən amillər də mövcuddur. Əslində hər din (bəzi uzaq şərq dinlərini nəzərə almasaq) və hər məzhəb öz-özlüyündə başqalarına qarşı bir az təcavüzkardır. Təbii ki, bu, dinin vahid həqiqət iddiasından irəli gəlir. Dinlərin motivasiyasını artıran və mənsubları tərəfindən daha da mənimsənilməsinə səbəb olan bir məsələdir bu. Hər din özünün doğru olduğunu, başqalarının yanıldığını söylər. Belə halda bu dinlərin mənsublarının da digərləri ilə münasibəti birmənalı olmur. Həmçinin ölkəmizdə də bu baş verir. Dinlər və məzhəblər daha dərindən öyrənildikcə, onların birləşdirici yönləri ilə yanaşı, təəssüf ki, parçalıyıcı tərəfləri də qabarıq şəkildə nəzərə çarpır. Çıxış yolu nədədir? Fikrimcə, yeni öyrənməyə başladığımız dinlərin təbliğçilərinə çox böyük məsuliyyət düşür. Ancaq əlbəttə ki, bu "təbliğçilərin" özlərinin də rasional düşüncəyə, ortaq ağla və bəşəri dəyərlərə üstünlük verən şəxslər olması zəruridir. Ancaq belə olan halda dinlərin, hətta məzhəblərin bir-birlərinə qarşı tolerantlığından bəhs edə bilərik. Yəni mən tolerantlıq məsələsinin bu prinsiplərdən asılı olaraq müsbətə, yaxud mənfiyə doğru dəyişəcəyini düşünürəm.
- Azərbaycanda qeyri-ənənvi dini cektaların fəaliyyətinə münasibətiniz necədir?
-Hər şeydən əvvəl Azərbaycan demokratik dəyərlərə, söz və vicdan azadlığına, dünyəvilik prinsipinə üstünlük verdiyi bəyan edir. Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndi də hər kəsə "düşüncə, din və vicdan azadlığı, din seçmə, din dəyişdirmə, dinini və əqidəsini açıq şəkildə yayma" azadlığı tanımaqla yanaşı, 2-ci maddə ilə bu azadlığı ictimai asayişin, ictimai nizamın, ümumi sağlamlığın, əxlaqın və digər haq və hüquqların qorunması naminə məcburi tədbirlərlə və qanunlarla məhdudlaşdırmaqdadır. Söz və vicdan azadlıqları konteksində məsələyə baxdıqda, qeyri-ənənəvi olan sektalara da münasibətin necə olacağını təxmin etmək mümkündür.
- Dünyada və eləcə də ölkəmizdə İslam dininə qarşı olan hücumların kökündə hansı amillər durur?
- Dünyada İslam dininə qarşı mənfi imicin formalaşmasının təməlində çoxlu sayda səbəb tapmaq mümkündür. Məsələn, İslam dininin sürətlə yayılan dinlərdən biri olması, müsəlman ölkələrində baş verən siyasi və ictimai proseslər kimi xarici səbəblər göstərilə bilər. Eyni zamanda İslam dininin elmi və texnoloji baxımdan uzun bir müddətdir ki, (təxminən XIII əsrdən sonra) geri qalmışlığı, dini ehkamın modern düşüncə ilə problelmi hala gəlməsi kimi daxili səbəblər də bu qəbildən olan amillərdir. Ancaq əfsuslar olsun ki, daxili səbəblər daha çox təsirli olmuşdur bu məsələdə. Uzun əsrlərdir ki, özünü yeniləməyən və modern bəşəri prinsiplərlə uyğunlaşdırmağa çalışmayan müsəlman dünyası bəzən haqlı bəzən də haqsız yerə mənfi obrazda görünür. Tarixin heç bir dövründə müsəlman dünyası, qərb məfkurəsindən fərqli olaraq intibah dövrü keçməmişdir. İntibaha bənzər fəaliyyətlər ya müvəffəq ola bilməmiş, yaxud da uzunmüddətli bir prosesə çevrilməmişdir. İslam dini əxlaqi məsələlərdə nə qədər uğurlu olmuşdursa, eyni dərəcədə də elmlə, sənətlə, fəlsəfəylə və siyasətlə münasibətlərində problemlər yaşamışdır. Bəşəri hüquqla çox böyük ziddiyyətlər yaşanır. Bunun üçün böyük bir islahata ehtiyac var. Düşünürəm ki, qloballaşma deyilən ictimai proses bütün sahələrdə olduğu kimi, ümumi olaraq dinlərdə, xüsusilə də İslam dinində yeni bir mütərəqqi fikrin formalaşmasına səbəb olacaq və bu mənfi imicdən xilas ola biləcəyik.
-Son vaxtlar hicab məsələsi ilə bağlı müxtəlif fikirlər səslənir. Sizin məsələyə münasibətiniz necədir?
- Hicab məsələsi iki şəkildə mübahisə olunur. Birincisi, hicabın dini baxımdan mövqeyi, dində vacibliyi məsləsi və geyim şəklinin necəliyi. Bu ilahiyyatçılar, din adamları, təfsirçilər və s. tərəfindən mübahisə olunur və çox da nəzərə çarpmır təbii olaraq. Bu heç ictimai bir məsələ də deyil. Ancaq hicabın hüquqi baxımdan qiymətləndirilməsində problemlərin olduğu da şübhəsizdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət din işlərinə qarışmır. Həmçinin dini ehkamdan dövlət idarəetməçiliyində istifadə olunmur. Bu da normaldır. Hər bir kəs öz dinini müstəqil şəkildə seçdiyi kimi, müstəqil şəkildə geyim tərzinə də sahib ola bilər. Burada əsas kriteriya ictimai asayişi pozmaq, ümumi qəbul olunmuş əxlaqi dəyərlərə zidd olmamaq götürülməlidir. Hicablı xanımların təhsil hüququndan məhrum edilməsi və yaxud bu və ya başqa şəkildə təzyiqlərə məruz qalması dünyəvi dövlət anlayışına və bəşəri hüquqa ziddir. Hər halda bu problemlərin həll olunması qarşıda duran vacib məsələlərdən biridir.
- Söhbət dünyəvilikdən düşmüşkən, dünyəvilik prinsipi İslam nöqteyi- nəzərindən necə qiymətləndirilir?
-Qeyd etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi, əslində, vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inancı özü seçir və bu inancına görə yaşamaq imkanı əldə edir. Dünyəvilik prinsipi, dövlətin bütün dinlərə eyni məsafədə dayanmasını, dini həyatı qarantiya altında almasını, heç bir din və ya məzhəbin əsaslarını dövlətin təməl əsasları halına gətirilməməsini hədəfləyir. Bu səbəblə də hər hansı bir dini dəstəkləmir, dinlərə eyni məsafədə dayanır və hər bir əqidənin öz prinsiplərini ortaya qoymasına şərait yaradır. Ancaq hüquqi tənzimləmələr yerinə yetirilərkən dövlət adına dinin qatı idarəetmə altında tutulması da dünyəvilik prinsipi ilə uzlaşmaz. Bu mənada dünyəviliyi dinə nəzarət və müəyyənləşdirmə mexanizmi kimi görmək doğru olmaz. Dünyəviliyi müstəqil bir prinsip kimi görmək əvəzinə, onun din və vicdan hürriyyəti ilə birlikdə nəzərə almaq, təbliğatları da ona müvafiq aparmaq daha doğru olar. Din və vicdan hürriyyətini beynəlxalq səviyyədə qəbul olunmuş şəklilə qəbul etmək, hüquq sisteminin dinin daxili prinsiplərini müəyyənləşdirməyə çalışmaması, sadəcə azadlıqlar arasındakı tarazlığı qoruyucu rol alması, din və ibadət etmə hürriyətini müəyyənləşdirici yox, qoruyucu funksiyaları yerinə yetirməsi, insanların qarşılıqlı olaran əmin-amanlıq və tolerantlıq içərisində yaşamasını təmin etmək hüququn əsas məqsədləri olmalıdır. Dinlərin və məzhəblərin öz təbiəti etibarilə başqalarını (digərlərini) əhatə etməyə, onlara öz prinsiplərini qəbul etdirməyə çalışması reallığını nəzərə alsaq görərik ki, hər hansısa bir dini və dindarı yad ünsürlərdən və təsirlərdən qorumağın yeğanə yolu dünyəvilik prinsipidir. Bütün din, məzhəb və sektaların dövlət qanunları qarşısında bərabər olduğunu təmin edən də məhz bu prinsipdir. Diqqət yetirilsə, əslində dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki İslam dini həm dinin, əqidənin və məzhəbin mənimsənilməsində həm də onun tələblərini yerinə yetirmədə azad iradəni əsas şərt olaraq müəyyən edir. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (cinayət hesab olunan əməlləri törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Sadəcə təbliğ və təşviq etmə yolu seçilməsi istənir. Dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz. Bunun səbəbi məcburi və ya mənfəət qarşılığında qəbul edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır. Hər hansısa məcburiyyət nəticəsində yerinə yetirilən dini rituallar dəyərsizdir.
Alim