Azərbaycan üçün unikal şərait yaranıb
Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar 2018-ci illə bağlı müəyyən gözləntilər, ümidlər olsa da. Lakin ilin ilk günlərindən tərəflər arasında yaşanan olaylar, xüsusilə Ermənistan tərəfinin cəbhə xəttində yeni təxribatlara əl atması bütün ümidləri puça çıxarıb. Hətta vəziyyətin bu həddə davam etməsi fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda bir araya gələcəyi də mümkünsüz görünür.
15 Yanvar 2018 13:40 MüsahibəMəhəmməd Əsədullazadə: "Seçkiqabağı Sarkisyanı xalqın qəzəbinə vermək, həmçinin işğal olunmuş ərazilərdə Ermənistanın yeni tikinti siyasətinin qarşısını almaq etibarı ilə lokal əməliyyatlara başlanmalıdır"
Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar 2018-ci illə bağlı müəyyən gözləntilər, ümidlər olsa da. Lakin ilin ilk günlərindən tərəflər arasında yaşanan olaylar, xüsusilə Ermənistan tərəfinin cəbhə xəttində yeni təxribatlara əl atması bütün ümidləri puça çıxarıb. Hətta vəziyyətin bu həddə davam etməsi fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın vaxtlarda bir araya gələcəyi də mümkünsüz görünür. Çünki Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ilin əvvəlləindən aqressiya nümayiş etdirir. Elə cəbhə xəttində atəşkəsin müntəzəm şəkildə pozulması, xüsusilə bu zaman düşmən tərəfin ağır texnika, iriçaplı silahlar, pulemyot və snayperlərdən istifadə etməsi deyilənləri təsdiqləyir. Bəs vəziyyətin belə davam edəcəyi təqdirdə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin görüşünə lüzum qalacaqmı? Ümumiyyətlə, düşmən tərəfinin davam edən aqressiyasına qarşı hansı önləyici tədbirlər almaq lazımdır. Bu və ya digər suallarla bağlı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.
-Məhəmməd bəy, hazırda, daha doğrusu cari ilin əvvəlinə Azərbaycanla Ermənistan arasında mövcud durumu necə dəyərləndirərdiniz?
-Əvvəla onu qeyd edim ki, Ermənistanda qeyri-müəyyən siyasi situasiya, cəbhə xəttində də özünü göstərir. 2018-ci ilin ilk günlərindən başlayaraq, Ermənistan-Azərbaycan cəbhə xəttində düşmən ölkənin təxribatları və atəşkəsi pozması mütəmadi xarakter alıb. Ermənistan tərəfinin ilin ilk günləridən itkilər verməsi, təssüf ki, bizim tərəfdə şəhidin olması, yeni gərginlikdən xəbər verir.
- Hazırkı vəziyyət tərəflər arasında danışıqlar prosesinin davam etməsi üçün şərait yaradırmı?
-Vurğulamaq lazımdır ki, ötən ilin sentyabrından başlayaraq aparılan danışıqlar çərçivəsində cəbhədə nisbi sakitlik hökm sürürdü. Bu danışıqlar sürəcində substantiv danışıqların pozulması, erməni tərəfinin sabotaj təklifləri, deskalasiyanın davam etməsinə şərait yaratdı. Son dörd ay ərzində danışıqlarda müsbət irəliləyişlərin əldə olunmaması fonunda, artıq cəbhədə yenidən silahlara üstünlük verilməsinin şahidi oluruq. Bu məınada danışıqların uğursuz olması, cəbhədə atəşkəsin pozulması hallarının gözlənilən nəticəsi idi. Yerevanın etimad mühitin formalaşması kimi cəfəngiyyat fikirləri, demək olar ki, özləri tərəfindən qəsdən pozulur. Nə qədər ki, Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmayənca, etimad mühitidən söhbət gedə bilməz.
-Bəs, Ermənistanın təxribat cəhdlərinin qarşısı hansı formada alınmalıdır?
=Düşünürəm ki, artıq, Ermənistanın məlum təxribatlarının qarşısı ən sərt üsulla alınmalıdır. Bundan əlavə, son dörd ay ərzində rəsmi Yerevanın və Kremlin diplomatik manevrlərinə və imitasiyasına ən sərt cavab, qoşunların təmas xəttində işğalçı qüvvələrə ciddi zərbə vurulmaqla verilməlidir.
-Bəs xarici işlər nazirlərinin görüşündən gözləntiləriniz nədir?
Bu ayın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən bir araya gələcək. Mahiyyət etibarilə bu görüş analoji danışıqların davamıdır və perspektivə əsaslanmır.
-Bu arada düşmən ölkədə bir növ hakimiyyətin ötürülməsi prosesi baş verəcək? Bu mənada Ermənistanın daxili siyasi durumunu necə dəyərləndirərdiniz?
-Qeyd edək ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri və hakimiyyətdə institusional dəyişikliklər, prezident Serj Sarkisyanın yenidən hakimiyyətdə qalması, bu ölkədə xalqın və müxalifətin etirazları ilə müşayiət olunacaq. Sarkisyanın hərbi-siyasi hakimiyyəti daxili problemlərdən yayındırmaq üçün diqqəti cəbhə xəttində təxribatlara çəkməsi gözlənilir. Azərbaycan işğalçı ölkənin bu təxribatlarına qarşı misilsiz cavab zərbəsi vurmalı, Moskvanın hər hansı bir təhdidləri qarşısında geri çəkinməməlidir. Çünki artıq Kreml, Suriya və Ukrayna bataqlığına ilişib və çalışır ki, Qarabağ ətrafında status-kvonu qorusun. Rəsmi Bakı Rusiyanın geosiyasi maraqlarından irəli gələn status-kvonu qəbul etməməli, işğalçı qüvvələrə zərbə endirməklə, Ermənistanda Sarkisyan rejimini laxlatmalıdır. Obrazlı desək, Cinin canı şüşədə olduğu üçün, Sarkisyanın canı cəbhə xəttindəki vəziyyətdən asılıdır. Hazırda Azərbaycan üçün unikal şərait yaranıb. Seçki qabağı Sarkisyanı xalqın qəzəbinə vermək, həmçinin işğal olunmuş ərazilərdə Ermənistanın yeni tikinti siyasətinin qarşısını almaq etibarı ilə lokal əməliyyatlara başlanmalıdır.
-Yəni, bu il ərzində düşmənə ciddi zərbə vurulmalıdır?
-Bəli. Bu il ərzində biz diplomatik və hərbi müstəvidə Ermənistan üzərində qələbə çalmalıyıq. İl ərzində Azərbaycan vəziyyəti dəyişməlidir. Çünki, Rusiya və Ermənistan çalışacaq ki, mənasız danışıqlar davam etsin. Həmçinin ATƏT-in Minsk qrupunun mənasız səfərləri də il ərzində davam etməklə, ölkəmizə Ermənistanın təmas xəttində atəşkəsin aşkarlanma mexanizmlərinin qurulması təklifini qəbul etdirməyə çalışacaqlar. Və, danışıqları, yalnız atəşkəsin qorunması və fərqli istiqamətində aparmağa cəhd edəcəklər.
Qeyd edim ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə yeni hərbi texnikalar daşıyır.
Məhəmməd