Diaspora Türkiyə mediası ilə yaxşı əlaqə qura bilmir
28 İyun 2016 14:32 MüsahibəSərdar Ünsal: "Hesab edirəm ki, bu sahədə daha aktiv olmaq lazımdır"
"Hesab edirəm ki, yerli və beynəlxalq media vasitələrindən yaxşı bir şəkildə faydalanmaq vacibdir"
Dünya Azərbaycanlılarının IV Qurultayından artıq bir müddət keçib. Qurultayda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev geniş və məzmunlu, proqram xarakterli çıxışı ilə diaspor nümayəndələri qarşısında yeni vəzifələr qoydu, onlara müəyyən tövsiyyələrdə bulundu. Dövlət başçısının qurultayda əsas diqqət yetirdiyi məsələlərdən biri də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu kütləvi informasiya vasitələri ilə əlaqələr qurmaq, həmin media qurumları vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdımaq idi. Həmçinin Azərbaycan Prezidenti Qurultayda çıxışı zamanı diaspor nümayəndələrinə media vasitələri təsis etməyi də tapşırdı. Artıq xeyli müddətdir ki, Qurultay nümayənədələri yaşadıqları ölkələrə qayıdıblar. Bəs görəsən onlar Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında qoyduğu məqsəd və vəzifələrə necə əməl edirlər? Ümumiyyətlə, diaspor nümayəndələri Qurultaydan sonra hansı addımları atırlar? Bu və ya digər məsələlərlə bağlı İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Sərdar Ünsal təmsil etdiyi qurumun xarici media vasitələri, xüsusilə Türkiyənin kütləvi informasiya vasitələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində atacağı addımlardan da danışıb.
-Sərdar bəy, Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı diaspora təşkilatları qarşısında bir çox vəzifələr qoydu. İqdır Azərbaycan Dərnəyi olaraq bu istiqamətdə hansı addımlar atmağı nəzərdə tutursunuz?
-İqdır Azərbaycan Dərnəyi olaraq Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında verdiyi tapşırıq və tövsiyyələrin reallaşdırılması istiqamətində artıq fəaliyyətlərə başlamışıq. Nəzərdə tutduğumuz tədbirlər proqramları çərçivəsində yeni tədrsi ili başlayandan etibarən məktəblərdə ermənilərin tarixən həyata keçirdikləri soyqırımlar barədə şagirdlərə məlumat verəcəyik. Həmçinin bu istiqamətdə bir sıra toplantılar keçirməyi də düşünürük.
-Diasporanın media ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində nələr düşünürsünüz və hansı addımlar atmağı hədəfləmisiniz?
-Təbii ki, diaspora olaraq medianın imkanlarından faydalanmaq lazımdır. Bu istiqamətdə bizim dərnək olaraq illərdir ki, müəyyən fəaliyyətlərimiz var. Hesab edirəm ki, yerli və beynəlxalq media vasitələrindən yaxşı bir şəkildə faydalanmaq vacibdir. Hətta qəzet , jurnal, bülleten nəşr etmək lazımdır. Təbii ki, bunun üçün də müəyyən maliyyə vəsaiti lazımdır. Əgər maliyyə vəsaiti və ya sponsor tapsaq media sahəsində çox yaxşı işlər görə bilərik. Əgər Diasporla İş üzrə Dövlət Komitəsi və ya iş adamları lazım olan dəstəyi versə Türkiyənin bütün bölgələrini gəzərək sərgilər təşkil edər, yerli mediaya "Erməni gerçəyii-Xocalı faciəsi -Dağlıq Qarabağ məsələsi" barədə daha geniş məlumat verə bilərik. Biz İqdır Azərbaycan Dərnəyi olaraq medianın imkanlarından hər sahədə istifadə etməyi planlaşdırırıq.
-Bu gün Azərbaycan diasporası Türkiyənin mediası ilə istənilən səviyyədə əlaqələr qura bilibmi?
-Təssüflər olsun ki, yox, qura bilmir. Hesab edirəm ki, bu sahədə daha aktiv olmaq lazımdır. Zaman-zaman millət vəkili Adil Əliyev və Qənirə Paşayeva ermənilərin vəhşilikləri, onların yalanları barədə açıqlamalar verirlər və həmin açıqlamalar Türkiyə mediasında əks olunur. Həmçinin bizim kimi dərnəklər açıqlamalar verirlər. Ən son Ermənistanla sərhəddə keçirdiyimiz mitinqin böyük əks sədası oldu. Heç şübhəsiz ki, bəzi fəaliyyətlər, işlər müəyyən imkanalarla bağlıdır. Dünya Azərbaycanlılarının IV Qurultayı zamanı Cənab Prezident İlham Əliyev diaspora sahəsinə 3 milyon manat vəsait ayırdı. Biz illərdir ki, ancaq öz imkanlarımız hesabına tədbirlər keçirib, konfrans, seminar və aksiyalar təşkil etmişik. Bizlərə bunun üçün heç bir vəsait ayrılmayıb. Ona görə də bütün tədbirlər, toplantıları yalnız maddi imkanlarımız daxilində həyata keçirmişik. Çünki bunu bir milli dava hesab etmişik.
-Erməni yalanlarına qarşı mücadilə məsələsində "Metsamor" Atom Elektrik Stansiyasının bölgə, xüsusilə İqdır üçün zərərlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansi fəaliyyətləri nəzərdə tutursunuz?
-"Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün illərdir ki, müxtəlif istiqamətlərdə fəaliyyətlər göstəririk. Bununla bağlı bir yazı hazırlayıram və yaxın vaxtlarda qəzetdə yayınlayacağam. Ola bilsin ki, bir ay sonra sözügedən stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı Iqdırda bir mitinq və ya mətbuat konfransı keçirək. Dünya ictimaiyyətini bu təhlükənin fərqində olsa da, təssüflər olsun ki, hələ də susqunluq nümayiş etdirir. Çünki stansiyada hər hansı bir qəza və partlayış baş verəcəyi təqdirdə onun təsirinə məruz qalacaq insanların çoxu türk və müsəlmanlardır. Hesab edirəm ki, dünya ictimaiyyətinin "Metsamor" Atom Elektrik Stansiyası ilə bağlı susqunluq nümayiş etdirməsinin əsas səbəblərindən biri də məhz budur.
Süleyman