Xalqımızın diaspordan gözləntiləri çoxdur
Vüqar Abbasov: “Xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan hər kəs ölkəmizi yaxşı tanımalı, mədəniyyətimizi, problemlərimizi yüksək səviyyədə bilməlidir ki, fəaliyyət göstərdiyi ölkədə də bunları olduğu kimi təqdim edə bilsin”
19 May 2016 12:56 MüsahibəDünya Azərbaycanlıları yenidən Bakıya toplanır. Məqsəd aydındır. Dünya Azərbaycanlılarının IV Qurultayında bir araya gəlmək. Xəbərlərdən də aydın olduğu kimi iyun ayının ilk günlərində Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Dünya Azərbaycanlılarının Ali Toplantısının həssa bir dönəmə təsadüf etməsi isə qurultayın əhəmiyyətini daha da artırır. Bəs görəsən Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər nədir? Diaspor təşkilatlarının rəhbərləri, xaricdə yaşayan soydaşlarımız qurultayın nəticələrindən nə gözləyirlər? Bu və ya digər suallarla Qurultaya dəvət olunan Niderlandda yaşayan soydaşımız, fəal diasporçu, ölkəmizin aktiv təbliğatçısı, Connect təşkilatının sədri, Azərbaycan və Niderland jurnalistlər birliklərinin üzvü Vüqar Abbasovla söhbətləşdik.
- Vüqar bəy, Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntiləriniz nədir?
-Bilirsiniz ki, qurultaya dünyanın 49 ölkəsindən 500 nəfər dəvət olunub. Bu da imkan yaradacaq ki, dünyanın müxtəlif ölkələrindən gələn soydaşlarımız, təşkilat rəhbər və nümayəndələri ilə fikir mübadiləsi aparaq və bir-birimizin təcrübəsini öyrənək. Mənə həm də maraqlıdır ki, ora yığışan soydaşlarımız aidiyyatı təşkilatların qarşısında hansı məsələləri qaldıracaqlar. Hesab edirəm ki, bu cür tədbirlərdə iştirak, fikir mübadiləsi aparmaq, düşüncələrini bölüşmək, düşüncə və təkliflərini aidiyyatı təşkilatlara çatdırmaq üçün fürsət yaradır. Sözsüz ki, xaricdə fəaliyyət göstərən təşkilatlar Azərbaycanın heç bir dövlət qurumundan aslı deyil (olmamalıdır) və Azərbaycan Respublikası qanunları qarşısında heç bir öhdəliyi yoxdur. Bununla belə, əgər bizlər ölkəmizlə bağlı bir işlər görür və yaxud buna çalışırıqsa, bu kimi tədbirlərin keçirilməsinin vacib olduğunu düşünürəm. Ancaq təbii ki, məsələ tək belə tədbirlərin keçirilməsi ilə tamamlanmalıdır. Qurultayda qaldırılacaq məsələlər və.s. kağız üzərində qalmamalıdır. Hesab edirəm ki, müəyyən məsələlərdə bizlər eyni mövqedə olmalı və bu yöndə çıxış etməliyik. Hədəflərimizi bir daha müəyyən etməli və necə deyərlər, yol xəritəsi hazırlanmalıdır.
-Qurultaya hansı təkliflərlə gəlirsiniz?
-Yuxarıda da qeyd etdiyim kimi, istərdim ki, hədəflər və hədəfə doğru irəliləmək yolları barədə danışaq və nəticəyə gələk. Düzü hələ bilmirəm ki, qurultay zamanı sözümüzü demək, təkliflərimizi vermək üçün nə kimi imkanlar olacaq. Ancaq mən öz təkliflərimi zaman-zaman mətbuat vasitəsilə də vermişəm. Xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan hər kəs ölkəmizi yaxşı tanımalı, mədəniyyətimizi, problemlərimizi və.s. yüksək səviyyədə bilməlidir ki, fəaliyyət göstərdiyi ölkədə də bunları olduğu kimi təqdim edə bilsin. Təəssüf ki, bu, hər zaman belə deyil. Hesab edirəm ki, məhz diasporumuz üçün nəzərdə tutulan müəyyən maarifləndirici materiallar olmalıdır. Nəzərə alsaq ki, artıq xaricdə yeni nəsil formalaşmaqdadır və bu nəsil bizlərlə müqayisədə yaşadıqları ölkələrdə yerli dili, adət-ənənələri nə qədər yaxşı bilsələr də, ölkəmizlə bağlı məlumatlarının bizlər qədər olması bir qədər çətindir. Qeyd etdiyim kimi xaricdə yeni nəslin formalaşması diasporumuzun işini asanlaşdıracaq. Ancaq ölkəmizlə, tariximizlə bağlı biliklərimiz olmasa fəaliyyətimiz də heç bir nəticə verməyəcək. İstərdim ki, xaricdə yaşayan soydaşlarımızın birliyi üçün müəyyən işlər görülsün. Xaricdə yaşayan soydaşlarımız hər hansı fikir ayrılığına görə fərqləndirilməsin. Lobbiçilik fəaliyyətinin inkişafı (daha doğrusu yaradılması) üçün müəyyən işlər görülsün. Müşahidələrim deməyə əsas verir ki, xalqımızın diaspordan gözləntiləri çoxdur. Ancaq bəzən bu gözləntilər bizlərin imkanlarımız xaricindədir. Ancaq unutmayaq ki, xaricdə yaşayan soydaşlarımızın da dövlətimizdən haqlı gözləntiləri var. Məsələn, Azərbaycana gediş-gəliş üçün şərtlərin yumşaldılması. Yaxud başqa bir misal, xaricdə yaşayan soydaşlarımız yaşadıqları yerdə işləyib vergi ödəyirlər. Təsəvvür edin ki, müəyyən vaxtdan sonra, təqaüd (pensiya) yaşı çatdıqda kimsə Azərbaycana geri qayıtmaq istəsə onun təqaüd (pensiya) alması lazımdır ki, həyatını orda davam etdirə bilsin. Bunun üçün isə Azərbaycanın başqa dövlətlərlə müvafiq müqavilələri olmalıdır. Siyahını istənilən qədər uzatmaq olar. Bir sözlə, bizlərin də soasial-iqtisadi, ictimai-siyasi problemlərimizi öyrənib Azərbaycanın müvafiq dövlət strukturları qarşısında məsələ qaldırılsın. Əgər bizdən təkliflər istəyən olarsa, yaxud sözümüzü deməyə imkan olarsa məmuniyyətlə bunları cəmləşdirib təqdim edərik.
-Belə həssas bir dönəmdə qurultayın keçirilməsi nə dərəcədə əhəmiyyətlidir?
-Hesab edirəm ki, bizlər üçün həssas dönəm 1988 - ci ildən başlayıb və bu gün də həmən həssas dönəm davam edir. Nə qədər ki, torpaqlarımız geri alınmayıb, bu həssas dönəm bitməyəcək. Düşünürəm ki, bizim yerləşdiyimiz cografi əraziyə görə bizlər, eyni zamanda diasporumuz, hər zaman tədbirli olmalıyıq. Tarixə baxsaq görərik ki, Azərbaycan üçün həssas olmayan dönəm ya olmayıb, ya da çox az olub, xüsusən son yüz ildə. Əgər konkret olaraq indiki durumdan gedirsə deyə bilərəm ki, bizlər həm də diaspor fəaliyyətində müdafiə mövqeyi sərgiləməməli, deyək ki, ermənilərə cavab verməklə işimizi bitmiş hesab etməməliyik. Düşünürəm ki, hər zaman ilk addımı bizlər atmalıyıq ki, qonşularımız buna cavab verməyə məcbur olsunlar. Bunun üçün, yuxarıda da qeyd etdiyim kimi, tariximizi yaxşı bilməliyik. Ümumiyyətlə bilməliyik ki, biz nə istəyirik və hədəflərimiz nədir? Erməni diasporunun fəaliyyəti artıq bizlərə məlumdur. Hesab edirəm ki, bizlər bizə düşmən olanları onların zəif yerlərindən vurmalıyıq. Məsələn, Ermənistandakı Metsamor AES - nın ətraf mühit üçün nə qədər təhlükəli olduğunu sübut etməliyik. Avropalıların bəzi məqamlarda həssas nöqtələri var ki, yuxarıda qeyd etdiyim, ekologiya da bunlardan biridir. Siyahını istənilən qədər uzatmaq olar. Ancaq sözsüz ki, əsas işimiz Ermənistanı dünyaya işğalçı dövlət kimi tanıtmaq olmalıdır ki, bu da ancaq məsələlərə savadlı yanaşmaqla mümkün ola bilər.
-Dünya Azərbaycanlılarının III qurultayından sonrakı dövrdə görülən işlər qaneedici sayıla bilərmi?
-Təbii ki, üçüncü qurultay, edilmiş müzakirələr və müraciətlər barədə az-çox məlumatlıyam. Hesab etmirəm ki, qarşıya qoyulmuş məsələlərə yüz faiz nail olunub və bu, mümkün də deyil. Qarşıya qoyulmuş məsələlərin yarısına nail ola bilinərsə bu özü böyük bir iş olar. Niderlandlıların bir sözü var, deyirlər ki, hər şey həmişə daha yaxşı ola bilər. Bu baxımdan təbii ki, daha çox işlər görülə bilərdi və görülməlidir. Mən əsas keçiriləcək qurultayda qəbul ediləcək qərarlara və onların icrasına baxacam və ümid edirəm ki, hədəflərimiz istiqamətində müəyyən irəliləyişlər edə biləcəyik.
Süleyman İsmayılbəyli