Filippinlər Fars körfəzinə dənizçi göndərilməsini dayandırmağı tövsiyə edib- ÖZƏL
14:33 DünyaFilippin hakimiyyəti yerli kadr agentliklərinə ölkə vətəndaşlarını Fars körfəzi və digər münaqişə zonalarında fəaliyyət göstərən gəmilərə göndərməyi dayandırmağı tövsiyə edib. Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, müvafiq tövsiyə Filippinin Miqrant İşçilər Nazirliyi tərəfindən verilib. Qərar beynəlxalq həmkarlar ittifaqlarının Hörmüz boğazı, Oman körfəzi və ətraf əraziləri döyüş zonası elan etməsindən sonra qəbul olunub. Bu status ekipaj üzvlərinə həmin sulardan keçməkdən imtina etmək hüququ, eləcə də daha yüksək maaş və ölüm və ya əlillik hallarında artırılmış kompensasiya imkanı verir.
Qeyd olunur ki, Filippinin bu addımı Fars körfəzində fəaliyyət göstərən gəmilərdə minlərlə dənizçinin rotasiyasını çətinləşdirəcək. Xüsusilə, Hörmüz boğazından keçə bilməyən gəmilərdə çalışan heyətin dəyişdirilməsi problemə çevrilə bilər.
Agentliyin mənbələri bildirir ki, döyüş zonası statusu Filippin vətəndaşlarının digər ölkələrin dənizçiləri ilə əvəz olunmasını zəruri edir. Tövsiyələrə əməl etməyən kadr agentlikləri isə lisenziyalarını itirmək riski ilə üzləşə bilər. Artıq bəzi agentliklər gəmi sahiblərinə bu region üçün Filippin vətəndaşlarının cəlb edilməyəcəyini bildiriblər. Filippinlər dünya üzrə dənizçi sayına görə lider ölkələrdən biridir. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar ayına olan vəziyyətə əsasən, ölkənin təxminən 590 min vətəndaşı müxtəlif gəmilərdə çalışır. Aprelin əvvəlində verilən məlumata görə, Fars körfəzində fəaliyyət göstərən gəmilərdə 5,6 minə yaxın filippinli dənizçi var. Ümumilikdə isə beynəlxalq qiymətləndirmələrə əsasən, bu bölgədə qalan gəmilərdə 20 mindən çox ekipaj üzvü mövcuddur.