Azərbaycanla əlaqələri inkişaf etdirmək lazımdır
Ufuk Turqaner: “Bu çox önəmlidir”
11 May 2016 13:17 Müsahibə"Bu prosesə ticarətlə məşğul olan iş adamları böyük dəstək verə bilərlər"
Artıq bir müddətdir ki, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyinatı olub. Qarşıdakı müddətdə Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri postunu xanım Ufuk Turqaner icra edəcək. Diplomatın ölkəmizdə fəaliyyətə başlamasının 3 ayı ərəfəsində onunla görüşüb Azərbaycanla bağlı təəssüratlarını öyrənmək istədik. "OLAYLAR"-a verdiyi müsahibədə Ufuk Turqaner hazırda Kipr probleminin həlli istiqamətində aparılan müzakirələr, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında mövcud olan əlaqələr və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılması vacib olan addımlardan da danışıb.
-Ufuk xanım, artıq bir müddətdir ki, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərirsiniz. Bu qısa müddət ərzində Azərbaycanla bağlı sizin diqqətinizi əsas etibarilə nələr çəkib? Azərbaycanla bağlı hansı təəssüratlarınız var?
-Əvvəla onu qeyd edim ki, Bakıda olmaq çox sevinclidir. Bakı çox gözəl bir şəhərdir. Eyni zamanda insanları da çox mehriban və səmimidir. Biz onsuz da qardaşıq və aramızda heç bir fərqlilik yoxdur. Dilimiz də eynidir. Azərbaycanlı qardaşlarımızın kiprlilərlə çox yaxşı yaxınlıqları var. Bunu gün keçdikcə daha çox hiss edirəm. Ümumiyyətlə, Bakıda olmaq çox gözəldir. Məlumat üçün qeyd edim ki, artıq Bakıda fəaliyyətə başlamağımın 3 ayı tamam olur. Hər ötən gün olduğun yeri daha çox tanıyır, daha çox şey öyrənirəm. Həm Azərbaycanın tarixi, mədəniyyəti, həm də şəhərləri, əyalətləri barədə daha artıq məlumatlar əldə edə bilirsən. Əminəm ki, Şimali Kipr Türk Respublikasının əhalisini də azərbaycanlı qardaşlarımız yaxından tanımaq, ora səfər etmək marağında olacaqlar. Onsuz da bir çox azərbaycanlı qardaşlarımızın qohum-əqrabası Şimali Kipr Türk Respublikasında ali təhsil alır.
-Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri olaraq iki ölkə arasında daha çox hansı sahələrdə əlaqələrin inkişaf etdirilməsini zəruri hesab edirsiniz?
-İlk növbədə onu qeyd etmək istəyirəm ki, görüləcək çox işlər var. Hansısa bir sahəyə xüsusi diqqət yetiriləcək, onu deyə bilməyəcəm. Çünki bütün sahələrdə eyni templə əlaqələr inkişaf etdirilməlidir. Məlum olduğu kimi Şimali Kipr Türk Respublikasına qarşı hələ də bir sıra sanksiyalar tətbiq edilir. Ancaq biz bu problemləri həll etmək məcburiyyətindəyik. Bu məsələdə təbii ki, Azərbaycandan yardım gözləyirik. İki ölkə arasında ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi çox önəmlidir. Bu prosesə isə ticarətlə məşğul olan iş adamları böyük dəstək verə bilərlər. İstər Şimali Kipr Türk Respublikası, istərsə də Azərbaycanın iş adamlarının qarşılıqlı əlaqələr qurması lazımdır. Şimali Kipr istehsalı olan bir sıra mal və məhsullar var ki, bu sıraya zeytun yağı və digər məhsulları aid etmək olar. Eyni zamanda Azərbaycanda da bir sıra məhsullar istehsal edilir. Ümid edirəm ki, bütün bunları nəzərə alaraq hər iki ölkənin iş adamları arasında ticari sahədə əməkdaşlıq əldə edilə bilər və onlar da hərəkətə keçə bilər. Eyni zamanda Sağlamlıq Turizmi ilə bağlı da əlaqələr qurula bilər. Şimali Kipr Türk Respublikasında bütün mövsümlər gözəldir. Biz də azərbaycanlı qardaşlarımızı Şimali Kiprdə gözləyirik. Azərbaycanlı qardaşlarımızı Şimali Kiprdə görməkdən çox məmnun olarıq.
-Hər il Azərbaycanda Şimali Kipr Türk Respublikasının ali təhsil müəssisələrinin sərgisi təşkil olunur. Bu sərgilər azərbaycanlı gənclərdə Şimali Kipr universitetlərində təhsil almaq marağını artırırmı?
-Hesab edirəm ki, təhsil sərgiləri azərbaycanlı gənclərin Şimali Kipr universitetlərinə olan marağını daha da artırır. Ümid edirəm ki, təhsil sahəsində əməkdaşlıq daha da inkişaf edəcək və bundan sonra tələbat bir qədər də artacaq. Çünki Şimali Kipr Türk Respublikası təhlükəsiz, gənclərin yaxşı təhsil ala biləcəkləri bir yerdir. Ona görə də Şimali Kipr universitetlərinə olan marağın artacağını düşünürəm. Onu da etiraf edim ki, dünyada mövcud olan iqtisadi böhranın hər bir ölkəyə təsiri vardır və bu da öz növbəsində təhsil sahəsinə də təsir göstərir. Ancaq hesab edirəm ki, bu keçici bir prosesdir və istər Azərbaycan, istərsə də Şimali Kipr Türk Respublikası çox böyük zərər görmədən bu problemi geridə qoyacaq. Buna ümid edirik.
-Şimali Kipr Türk Respublikasının universitetlərinin hansı özəllikləri var və tələbələrə hansı imkanlar yaradılır?
-Məlumat üçün qeyd edim ki, mən Doğu Akdeniz Universitetinin məzunu olmuşam. Şimali Kipr Türk Respublikasının universitetlərində gənclərə yüksək səviyyədə təhsil verilir. Universitetlərin müəllim heyəti əsasən xarici ölkələrdən, Türkiyədən gəlirlər. Həmçinin Şimali Kipr Türk Respublikasının vətəndaşı olan müəllimlərimiz də var. Universitetlərin bütün professor və müəllim heyəti kifayət qədər savadlı, elmi dərəcələri olan şəxslərdir. Onlar universitetlərdə təhsil alan gəncləri də məhz dövlətə, millətə, ölkələrinə faydalı olacaq kadr kimi yetişdirirlər. Həmçinin universitetlərdə tədris ingilis dilində həyata keçirilir. Hər bir universitet bir şəhərciyi xatırladır. Orada universitetin tədris korpusu, yataqxanası və yeməkxanası fəaliyyət göstərir. Yəni tələbə universitet şəhərciyindən kənara çıxmaq məcburiyyətində qalmır. Ona görə də valideynlər heç nədən çəkinməyərək övladlarını daha yaxşı təhsil almaq üçün Şimali Kipr Türk Respublikasına göndərə bilərlər. Bir məqamı da qeyd edim ki, tələbələrin göstəriciləri daha yaxşı olduğu təqdirdə universitetlər tərəfindən onlara müəyyən güzəştlər də tətbiq olunur.
-Əvvəlki illərdə Şimali Kipr Türk Respublikasının ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrə müəyyən güzəştlər tətbiq edilirdi. Hazırda da həmin güzəştlər qüvvəsindədirmi?
-Təbii ki, qüvvəsindədir. Tədris ilinin başlanğıcında həmin tələbələr qiymət cədvəlini bizə təqdim edirlər. Buna qarşılıq olaraq da Şimali Kipr Türk Respublikası dövləti tələbələrə təqaüd verir. Təbii ki, qeyd etdiyim kimi tələbələrin qiyməti yüksək olmalıdır. Ona görə də gənclərə heç düşünmədən Şimali Kipr Türk Respublikasında ali təhsil almağı tövsiyyə edərdim. Azərbayvanda kifayət qədər bacarıqlı, savadlı gənclər var və onlar Şimali Kipr universitetlərində təhsil almaqla öz potensiallarını daha da artırmış olarlar. Nəticə etibarilə gələcəkdə dövlətə, millətə faydaları olar. Bir məqama da diqqət çəkim ki, bəzi tələbələr təhsil aldıqları müddətdə və ya sonradan universitetdə işləyirlər. Bəziləri isə magistr və doktorant təhsillərini da orada davam etdirirlər. Ona görə də bu imkanları dəyərləndirmək lazımdır.
-Bəs turizm sahəsində əlaqələr qaneedici sayıla bilərmi?
-Mən daha çox azərbaycanlı qardaşlarımızın Şimali Kipr Türk Respublikasına səfər etməsini istəyirəm. Məlum olduğu kimi Şimali Kipr Türk Respublikasının həm tarixi, həm coğrafiyası, ətraf mühiti çox zəngindir və bu gözəllikləri biz qardaşlarımızla paylaşmaq istəyirik. Qeyd etdiyim kimi eyni dildə danışırıq və azərbaycanlı qardaşlarımız Şimali Kiprə gedəcəkləri təqdirdə heç bir dil problemi ilə qarşılaşmayacaqlar.
-Ufuk xanım, hazırda Kipr probleminin həlli ilə bağlı fəaliyyətlər hansı səviyyədədir? Problemin həlli ilə əlaqədar aparılan müzakirələr davam edirmi?
-Hazırda Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının iştirakı ilə müzakirələr davam edir. Təbii ki, 50 illik bir problemin çox qısa bir müddətdə həllini gözləyə bilmərik. Bunu gözləmək də real olmaz. Amma onu da qeyd edim ki, çox sıx-sıx görüşlər keçirilir. Şimali Kipr Türk Respublikası prezidentinin müzakirəçi heyəti var və heyət hər gün rum tərəfinin müzakirəçi heyəti ilə saatlarla bir araya gəlib fikir mübadiləsi aparır. Ona görə də çox asan bir məsələ deyil. Buna baxmayaraq ümidimiz Kipr probleminin həllində bir anlaşmanın əldə olunmasınadır. Şimali Kipr Türk Respublikası bu günə qədər arxa planda qalan, sanksiyalarla üzləşən tərəf olub. Yalnız Türkiyə Cümhuriyyətinin dəstəyi ilə ayaqda durub. Kipr Respublikası adını isə Rum tərəfi təmsil edir və onun bütün mənfəətlərindən faydalanırlar. Avropa Birliyinin yol verdiyi xəta səbəbindən Şimali Kipr Türk Respublikası böyük sıxıntı yaşayır. Düşünürəm ki, Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında əlaqələr nə qədər dərinləşib inkişaf edərsə, bu Rum tərəfinə də bir mesaj olar və aparılan müzakirələrə də fayda verər. Yəni Rum tərəfi Şimali Kiprin dəstəkləyicilərinin olduğunu görər. Ona görə də Azərbaycanla əlaqələri inkişaf etdirmək lazımdır. Bu çox önəmlidir.
-Dünyada yaşayan iqtisadi böhran və onun Türkiyəyə təsiri Şimali Kiprə Ankaradan olan yardımların azalmasına təsir göstərməyib?
-Türkiyə Cümhuriyyəti hər zaman hizim arxamızdadır və ən böyük dəstək verən dövlətdir. Ona görə də Türkiyədən Kiprə olan yardımlarda hansısa axsamalar müşahidə edilməyib. Eyni zamanda belə bir çətin zamanda Kipr türkləri də canla-başla çalışırlar ki, hazırda mövcud olan iqtisadi böhranın az təsirləri olsun. Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən bütün sektorlar bunu dərk edir və planlı şəkildə öz işlərini görürlər. Ümid edirəm ki, bu dönəmi ən az zərərlə başa vura biləcəyik.
-Türkiyənin Avropa ölkələri ilə əlaqələrində zaman-zaman yaşanan problemlər, xüsusilə Ankara ilə Moskva arasında mövcud olan gərginlik avropalı və rusiyalı turistlərin Şimali Kiprə səfərinə əngəl törətməyib?
-Yox. Onların Şimali Kiprə olan münasibətində bir dəyişiklik yoxdur. Rusiyalı turistlərə gəlincə, onlar daha çox Cənubi Kiprə səfər edirlər. Ona görə də qeyd etdiyiniz proseslərin bizə bir təsiri olmur.
-Son günlər Türkiyədə yaşanan siyasi böhranın Şimali Kiprə təsiri nə dərəcədə mümkündür?
-Hesab etmirəm. Çünki hakimiyyətdə fərqli insanlar ola bilər. Ancaq Türkiyə Cümhuriyyətinin Kiprlə bağlı siyasəti eyni qalır və hər hansı bir dəyişiklik olmaz.
Süleyman İsmayılbəyli