Sarkisyan hakimiyyəti həm daxildən, həm də xaricdən böyük pressinq altındadır

Elşən Mustafayev: “Ölkəni dilənçi halına salan, hakimiyyəti ailə klan münasibəti ilə idarə edən Sarkisyan bu yaxınlara qədər “Qarabağ uğurları” ilə öyünərək özünü üzdə saxlamağa çalışırdı”

"4 günlük müharibə bu mifi dağıtdı"

Ermənistan son günlər cəbhədə yeni təxribatlara əl atıb. 1-5 aprel hadisələri zamanı ciddi uğursuzluqla üzləşib Azərbaycandan atəşkəsin təmin olunmasını xahiş edən işğalçı ölkə son günlərdə hansısa qüvvənin təsiri altında yenidən cəsarətlənib. Aprelin 26-dan başlayaraq düşmən qüvvələri cəbhə xəttində yerləşən mövqelərimizi, daha çox isə mülki obyektləri, yaşayış məntəqələri, kəndləri atəşə tutmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab versə də, bütün halda Ermənistan hakimiyyətinin hansı zərurətdən belə cəsarətləndiyi sual doğurur. Elə bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

-Elşən bəy, 1-5 aprel əməliyyatları zamanı Azərbaycandan atəşkəs xahişi edən Ermənistanın yenidən cəbhədə gərginlik yaratmasının arxasında nə dayanır?

-1-5 aprel əməliyyatları zamanı həm Ermənistan hakimiyyəti, həm də xalqı böyük panika içində idi. Artıq Xankəndindən köç başlamışdı. Bunlardan narahat olan Sarkisyan həm özü , həm də Rusiya vasitəsilə durmadan atəşkəs çağırışları edirdi. Atəşkəsdən sonra yaranan situasiya isə bütün sahələrdə Sarkisyan rejiminin əleyhinə işlədi, Özünü qorumaq üçün uğursuzluqlarda Rusiyanı günahlandırmağa başladı. Hətta Rusiya əleyhinə etirazlar da təşkil etdirdi. Sərhəddə gərginliyin yaradılmasının arxasında da Sarkisyanının özünü reabilitasiya etmək cəhdləri dayanır. Digər tərəfdən bu gərginlikdən istifadə edən Rusiya orbitr kimi öz rolunu tərəflər arasında daha da artırmağa çalışacaq.

-Erməniləri növbəti təxribata xarici güclər sürükləyə bilərmi?

-Sözsüz ki, bu amil də gərginliyin artmasında mühüm yer tutur. Sarkisyan hakimiyyəti həm daxildən, həm də xaricdən böyük pressinq altındadır. Ölkəni dilənçi halına salan, hakimiyyəti ailə klan münasibəti ilə idarə edən Sarkisyan bu yaxınlara qədər "Qarabağ uğurları" ilə öyünərək özünü üzdə saxlamağa çalışırdı. 4 günlük müharibə bu mifi dağıtdı. Xaricdən erməni diasporunun təzyiqləri dərhal başladı. Xalqın dəstəyini itirən, diasporanın də qəzəbinə tuş gələn bir hakimiyyətin ən yaxşı halda qarşıdan gələn seçkiləri uduzmasını, ən pis halda isə seçkidən qabaq devrilməsi mümkünlüyünü artıq hamı müzakirə edir.

-Proseslırin gedişi Qarabağ müharibəsinin yeni bir fazaya gətirib çıxara bilərmi?

-Hər şey mümkündür. Gördüyünüz kimi erməni tərəfinin provakasiyaları davam edir, yaşayış məntəqələri arteleriya atəşinə tutulur. Amma düşmən bütün dünyaya car çəkir ki, Azərbaycan atəşkəsi pozur. Bu isə uzun müddət davam edə bilməz .

-Bu arada Rusiya qırıcılarının Ermənistan səmasında görünməsi dolayı yolla da olsa Ermənistana bir dəstək mesajı sayıla bilərmi?

-Rusiya Ermənistanla hərbi İttifaqda olsa da Qarabağda birbaşa hərbi əməliyyatlarda heç vaxt iştirak etməyəcək. Ermənistana silah, digər loqistik yardımlar və s. edə bilər. Amma bundan artığına getməyəcək. 4 günlük müharibədə Rusiyanın Azərbaycandan təkidlə ardıcıl olaraq atəşi dayandırmaq təkliflərini etməsi də, Ermənistanı ağır məğlubiyyətdən qurtarmaq kimi qəbul edilməlidir.

-Ümumiyyətlə, proseslərin gedişi hansı nəticələrdən xəbər verir?

-Artıq məlumdur ki , hər iki tərəfi qane edəcək şəkildə məsələnin sülh yolu ilə həlli mümkün deyil. Bunu Ermənistan da anlayır Rusiya da. Hərbi yolla həllində isə Azərbaycanın məsələni birdəfəlik həll etmə imkanlarının olması da bir həqiqətdir. Bundan Ermənistan, həm də Rusiya çox narahatdır. Ona görə də Rusiyanın baş naziri Dmitri Medvedevin konflikti 40-50 illik dondurma təkilfini həyata keçirməyə cəhdlər olacaq. Konflikt zonasına Rusiya sülməramlılarının yeridilməsi problemi uzun müddətli dondura bilər. Cəbhə xəttində gərginliyin artırılamasının bir səbəbi də bu layihəni həyata keçirmək üçün bir vasitə ola bilər. Artıq rus politoloqları bu barədə danışmağa başlayıblar.Digər tərəfdən onlar onu da anlayırlar ki ,Azərbaycan bunun əleyhinə olacaq. Həmçinin atəşkəs pozuntuları bu şəkildə intensiv davam edərsə Azərbaycan geniş miqyaslı uğurlu hərbi əməliyyatlara başlaya bilər. Artıq bu dəfə Rusiyanın yenidən atəşi dayandırmaqla bağlı müraciət etməyə haqqı olmayacaq. Ən azından aprelin 5 də atəşkəsin dayandırılması Rusiya vasitəçiliyi və müəyyən şərtlərlə olmuşdur . Nəticədə isə vasitəçi üzərinə düşən işləri görə bilməmişdi, yaxud görmək istəməmişdi. Yaxın zamanlarda bu istiqamətdə bir çox mətləblər aydın olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31