Azərbaycanın mediasiya təcrübəsi Belarus Respublikasında keçirilən Beynəlxalq Praktik Konfransda təqdim edilib

25 aprel 2026-cı il tarixində Minskdə Hüquqşünaslar İttifaqı və "Mediasiya və Hüquq" Mərkəzi, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə birgə "Gənclərin tərbiyəsində əməkdaşlıq və qarşılıqlı anlaşma əsas kimi" mövzusunda hibrid formatda Beynəlxalq Praktik Konfrans keçirilib. Olaylar xəbər verir ki, b ir çox ölkədən nümayəndələrin qatıldığı konfransda Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev, Bakı 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova onlayn olaraq, mediatorlar Əkrəm Əliyev, Mehman Əliyev və Qulu Süleymanov isə əyani şəkildə iştirak edib.

Çıxış edən Əli Nəbiyev Azərbaycanda mediasiya institutunun formalaşması və inkişafı, xüsusilə də cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Mediasiya haqqında" Qanunun tətbiqindən irəli gələn yeniliklər barədə söz açıb və bu sahədə əldə olunan institusional nailiyyətləri, mediasiyanın mübahisələrin alternativ həlli mexanizmi kimi cəmiyyətdə artan rolunu diqqətə çatdırıb.

Leyla Nəsibova isə qanunvericilikdən irəli gələn mediasiya praktikası, mediasiya təşkilatlarının fəaliyyəti və bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri mövzusunda çıxış edərək, praktiki tətbiq zamanı əldə olunan müsbət nəticələri, xüsusilə ailə və kommersiya mübahisələrinin həllində mediasiyanın effektivliyini bildirib.

Konfrans çərçivəsində uşaqlar və gənclərlə bağlı mediasiyanın tətbiqi təcrübəsi, MDB iştirakçısı olan dövlətlərdə bu sahənin qanunvericilik tənzimlənməsi təcrübəsi, təhsil mühitində mediasiya və mediativ texnologiyaların inkişaf perspektivləri, habelə mediasiya institutunun təşviqi yolları müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31