“Bu əməliyyatlar onu sübut etdi ki,....”
Vüqar Zifəroğlu: “Qarabağ münaqişəsi heç də “dondurulmuş” sayıla bilməz və hər an ciddi şəkildə alovlanaraq Cənubi Qafqazda müharibə ocağının yaranmasına səbəb ola bilər”
4 Aprel 2016 14:32 Müsahibə"Son proseslər Kollektiv Təhlükəsizlik Müqaviləsi mifini də dağıtdı"
Aprelin ilk iki günü Qarabağdakı hərbi əməliyyatlar heç şübhəsiz ki, son dərəcə ciddi nəticələri və məqamları ilə yadda qaldı. Bu məqamlar heç də tək əldə etdiyimiz hərbi üstünlük və qazanmış olduğumuz qələbə ilə bağlı deyil. Ümumiyyətlə aprel əməliyyatları bizə nə verdi və təsiri nə oldu?
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyir ki, hərbi nöqteyi nəzərdən ermənilərin ilk- birinci müdafiə xəttinin yarılması son dərəcə ciddi psixoloji məqam idi. Onun sözlərinə görə, 1994-cü ildən sonra ilk dəfə idi ki, müdafiə xətti yarılırdı və bu bizim qələbəmizlə nəticələndi: "Hərbi nöqteyi nəzərdən düşmən qarşısında bu cür psixoloji üstünlük, heç şübhəsiz ki, orduda yüksək əhval-ruhiyyəyə səbəb olur ki, bu da ciddi faktordur. Cəbhənin ön xəttinin yarılmasının mümkünsüzlüyü haqqında illərdən bəri Ermənistanın yaratmış olduğu psixoloji mifi Azərbaycan ordusu darmadığın elədi". Mərkəz rəhbəri bildirib ki, daxili auditoriyanın - yəni Azərbaycan xalqının da belə bir psixoloji üstünlüyə ehtiyacı var idi: "Bu üstünlük "məğlub xalq" yükünün ağrısını müəyyən qədər azaltmış oldu. Bu həmçinin daxildə bütün siyasi-ideoloji fikir ayrılıqlarına rəğmən hamının Qarabağ adlı dəyər uğrunda bir yumruq kimi birləşə biləcəyini və bu zaman da dövlətin və ordunun yanında, ona tam dəstək verməyə hazır olduğunu göstərdi. Azad edilən nöqtələr və yaşayış məntəqələri ciddi strateji əhəmiyyətə malik idi. Bunu peşəkar hərbçilər də açıqlamalarında vurğuladılar. Adları çəkilən yüksəklik və yaşayış məntəqələrinin nəzarətimizə keçməsi, gələcək hərbi əməliyyatlar üçün münbit şərait yaradır və demək olar ki, Aran Qarabağında rahat manevr etməmiz üçün bütün imkanları yaradır. Aprel əməliyyatları həm də Ermənistana real gücünün nə olduğunu göstərdi ki, bu da düşmən ölkədə düşdükləri ağır durumu daha qabarıq və açıq şəkildə anlamalarına şərait yaratmış oldu. Erməni daxili auditoriyası Birinci Qarabağ savaşından sonra ilk dəfə açıq şəkildə məğlubiyyətin acısını daddı, Azərbaycanın gücünün və potensialının hətta kiçik hissəsini istifadə etməklə nəyə qadir olduğunu öz üzərində hiss etdi. Bu isə heç şübhəsiz ki, daxildəki siyasi proseslərə və eləcə də sosial narazılıqların artmasına öz təsirini göstərəcək.
Bu əməliyyatlar onu sübut etdi ki, Qarabağ münaqişəsi heç də "dondurulmuş" sayıla bilməz və hər an ciddi şəkildə alovlanaraq Cənubi Qafqazda müharibə ocağının yaranmasına səbəb ola bilər. Bu müharibə ocağı isə öz təsirini Azərbaycanın Yaxın Şərqin qapısı olması və həmçinin Türkiyə və Rusiya faktorlarına görə təkcə postsovet məkanına göstərməyəcək və əslində miqyası genişlənəcək. Hər halda 3 günlük müharibənin od-alovu fəaliyyətsiz Minsk qrupunun öz "donu"nu əritməsi üçün əslində bəs etməlidir". Ekspert deyir ki, son proseslər Kollektiv Təhlükəsizlik Müqaviləsi mifini də dağıtdı. Bu isə bəlkə də ən ciddi məqamlardan hesab oluna bilər: "Təsəvvür edin ki, ermənilərin hər zaman kölgəsində gizlənməyə çalışdıqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki üzvü- Qazaxıstan və Belorus Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyənat verdi. Digər ölkələr isə baş verənləri sadəcə müşahidə etməklə kifayətləndilər. Ermənilər çox gözəl anladılar ki, Azərbaycanla mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə KTM adlı qurumdan dəstək olmayacaq. Ermənilərə yalnız ruslar havadarlıq edəcəklər. Azərbaycan isə bir daha Rusiyanın mövqeyini özü üçün netləşdirmiş oldu. Sual oluna bilər ki, məgər net deyildi? Şübhəsiz ki, Rusiyanın, rəsmi Moskvanın Qarabağ məsələsinə və eləcə də ermənilərə də, bizə də münasibəti bəllidir. Amma açıq etiraf edək ki, istər siyasilər arasında, istərsə də xalqın arasında hələ də Rusiya ilə bağlı tərəddüddə olanlar kifayət qədərdir və məhz bu son 3 gündə Rusiyanın mövqeyi və rus kanallarının "söz ifrazatı" onların gözlərini bir çox məsələlərə aça bilər, təbii ki, əgər görmək niyyətləri varsa". Vüqar Zifəroğlu Türkiyə və Pakistanın ortaya qoymuş olduğu mövqeni isə təqdir edib: "Bu iki ölkənin mövcud müharibə ssenarisi reallaşarsa Azərbaycanın yanında olacaqları ilə bağlı heç bir tərrəddüdə yer olmayacağını aşkar şəkildə ortaya qoymuş oldu. Bu dəstəyin həm siyasi, həm də hərbi sahələri əhatə edə biləcəyi vurğusu ön planda idi. İran isə, açılamasından da göründüyü kimi, münaqişəyə daha açıq mövqe bildirməkdə bir o qədər maraqlı olmadığını nümayiş etdirdi. Amma rəsmi Tehrandan fərqli olaraq Güney Azərbaycanda bu iki gündə baş verənlər böyük həyəcanla izlənildi. Hətta soydalarımızın Araz boyu toplaşaraq dəstək nümayiş etdirmələri barədə görüntülər yayıldı. Təbrizli soydaşlarımız isə "mən Azərbaycan əsgəriyəm" - yazılmış vərəqlərlə şəkillərini paylaşdılar. Hadisələrə Qərbin münasibəti də maraqlı oldu. Rusiya ilə müqayisə etsək görərik ki, Qərb daha sakit davrandı. Verilən açıqlamalarda da atəşkəsə çağırış tonu, məsələn, Rusiya rəsmilərinin isterik ajiotajından fərqlənirdi. Burada həmçinin diqqəti çəkən məqam Qərb mediası ilə bağlıdır. Ruslardan fəqrli olaraq yayımlanan xəbərlərin əksəriyyətində Qarabağın Azərbaycan ərazisi olduğu vəeləcə də toqquşmanın səbəbkarı kimi erməni tərəfinin olduğu vurğulanırdı. Beş aparıcı dünya informasiya agentliyindən biri - Associated Press-in yayımladığı xəbər buna misal ola bilər. Cərəyan edən proseslər bir daha onu da üzə çıxarıdı ki, informasiya müharibəsi sahəsində ciddi boşluqlar var. Bu daha çox özünü müxtəlif informasiya portalları və sosial şəbəkələrdə göstərməkdədir. Bunun üçünsə maarifləndirmə işinə ehtiyac var. İnformasiya müharibəsində boşluq özünü əsasən üç istiqamətdə göstərdi: Birincisi, bizim tərəfimizdən düşünülmədən paylaşılan xəbərlər və şəkillər ermənilər üçün kifayət qədər ciddi materiallar verdi ki, haqqımızda mənfi rəy formalaşdırsınlar (məsələn, kəsik baş şəkili kimi). İkincisi, erməni tərəfinin və Rusiya xəbər portallarının qəsdən dövriyyəyə buraxdığı dezinformasiyaların bizim saytlarda və sosial şəbəkələrdə yayımlanması kimi (məsələn, əldə edilən yüksəkliklərin təkrar ermənilər tərəfindən geri alınması kimi). Üçüncüsü, rəsmi instansiyalar yayımlanan və həqiqəti əks etdirməyən informasiyalara çevik reaksiya vermirdilər. Nəticədə biz sözün həqiqi mənasında Rusiya mediasının hərtərəfli informasiya manipulyasiyasına məruz qaldıq, bu bizim öz daxili auditoriyamıza ciddi təsir etdiyi kimi, xaricə də öz təsirini göstərmiş oldu. Eləcə də bir sıra iri media orqanları baş verənləri müəyyən qədər təhrif edilmiş formada dünyaya çatdırmış oldu. Məsələn, Reuters kimi nüfuzlu informasiya agentliyinin "Azərbaycan ordusu ilə Dağlıq Qarabağ erməniləri arasında döyüşlər başlayıb" başlığı ilə xəbər yayımlaması kimi. Hər halda bu məqamlarda diqqət ediləsi və nəticə çıxarılası çox şey var. Əgər nəzərə alaq ki, qabaqda bizi itirilmiş torpaqlarımızın qaytarılması gözləyir".
Füzuli