Suriyada baş verənlər, dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır

Vüqar Zifəroğlu: “Qarabağın işğal olunmuş, nəzarətdən kənar ərazilərində istənilən radikal terror təşkilatı rahatlıqla özü üçün baza yarada bilər”

Bu gün Suriya Yaxın Şərqin ən gərgin bir nöqtəsinə çevrilib. "Ərəb baharı"nın növbəti dayanacağı kimi seçilən Suriyaya bu baharı gətirmək hələlik Qərb ideoloqları üçün mümkün olmur. Bir neçə ildir ki, Bəşər Əsədi devirmək üçün bütün qüvvələrini səfərbər edən Qərbin Liviya, Misir, Yəmən və s. ssenarilərini Suriyada davam etdirə bilməməsi onu alternativ planlar üzərində işləməyə vadar edib. Bu alternativ planlar isə digər ərəb dövlətlərinin Suriyaya müdaxiləsinə nail olmaq, günümüzdə Qərbə dirəniş göstərən digər ölkələri Suriyada toqquşdurmaqdan ibarətdir. Artıq buna nail oldunduğunu da söyləmək mümkündür. Belə ki, Səudiyyə Ərəbistanı və Qətərin liderlik etdiyi 150 minlik ərəb ordusunun Suriyaya müdaxilə edəcəyi günün əsas mövzusudur. Bəs görəsən bütün bu proseslər Suriyanı hara aparacaq? Ümumiyyətlə, Suriyanın bundan sonrakı taleyi necə olacaq? Bu gün vaxtı ilə suriyalılara xoş gələcək, demokratiya, insan haqları vəd edənlər nə vaxtsa bu ölkədə günahsız insan tələfatı, qan tökülməsinin qarşısını ala biləcəklərmi? Ən əsası Suriyaya sabitlik gələcəkmi? Bu və ya digər suallarla bağlı "Oğuz" Araşdırmalar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Vüqar Zifəroğlu Suriyaya hərbi müdaxilədən sonra bu ölkədə sığınacaq tapan terrorçuların digər bölgələrə, xüsusilə Dağlıq Qarabağa "pənah" gətirməsinin mümkünlüyünə də toxunub.

-Vüqar bəy, Suriyada gedən proseslərin sonu sizcə nəylə nəticələnəcək və Suriyaya sabitlik gətirmək mümkün olacaqmı?

-Hazırda baş verənlər proseslərin heç də yaxın zamanlarda sona çatmayacağını, əksinə gərginliyin daha da artacağını proqnozlaşdırmağa əsas verir. Problem odur ki, Suriyada beş verənləri yalnız daxili qarşıdurma kimi səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal xarakter daşımaqdan çıxıb. Suriyada baş verənlər, dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri, məsələn Türkiyə, İran, Səudiyə Ərərbistanı və Qatar, İsrail, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər - Birləşmiş Ştatlar, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Suriya probleminin bu gün açılması müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb, bu ölkələrin orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Bu ölkələrdən hər birinin özünə məxsus "Suriya həqiqətləri" var və bu "həqiqətlər" hər ölkə üçün tamamən fərqli səciyyə və xüsusiyyətlərə malikdir.

-Savaşın şiddətləndiyi bir vaxtda Suriyadakı terrorçuların digər regionlara, eləcə də nəzarətsiz halda olan Qarabağa sığnması mümkündürmü?

-Biz dəfələrlə bildirmişik işğal altında olan ərazilərimiz nəzarətdən kənardır və potensial terror yuvalarıdır. Hətta bununla əlaqədar ən yüksək tribunalardan, ən mötəbər şəkildə öz narahatlığımızı ifadə etmişik. Onların nəinki Qarabağda sığınması mümkündür, hətta bunun belə olması ilə bağlı ayrı-ayrı məlumatlar da var. Bu gün Qarabağın işğal olunmuş, nəzarətdən kənar ərazilərində istənilən radikal terror təşkilatı rahatlıqla özü üçün baza yarada bilər. Bunun üçün orada hər cür münbit şərait var.

-Bu arada PKK terrorçularının Qarabağda özünə sığınacaq tapması barədə yayılan xəbərlər nə dərəcədə ciddididir?

-Əslində yuxarıda mən bu suala dolayısı ilə cavab verdim. Bu xəbərlər ciddidir. Hətta orada baza qurmuş terror təşkilatlarının sayını yalnız PKK ilə məhdudlaşdırmaq da düzgün olmazdı.

-Ümumiyyətlə, ərəb baharı Suriya ilə başa çatacaq, yoxsa planda digər ölkələr də var?

-Ərəb baharı bir başlanğıc idi və Yaxın Şərqdə yeni və qanlı proseslərə start verdi. İndi bu ssenari yerini başqa, daha qanlı və təhlükəli qarşıdurmaya - məzhəbsəl münaqişəyə verməkdədir. Qarşısı indi alınmazsa, həm miqyasına, həm də dağıdıcılığına görə daha ciddi və təhlükəli problemlə üz-üzə qala bilərik. Və bu, təbii ki, yalnız Yaxın Şərqlə məhdudlaşmaz.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31