“Ölkədə vətəndaş cəmiyyəti uğurla inkişaf edir”

Rauf Zeyni: “Əldə olunmuş nailiyyətlərlə kifayətlənmək fikrində deyilik”

Son illər ölkədə QHT-lərə göstərilən diqqət və qayğı, dövlətin bu sahənin inkişafını diqqətdə saxlaması ümumilikdə ölkədə vətəndaş cəmiyyətinin inkişaf etməsinə müsbət təsir göstərib. Sevindirici haldır ki, artıq ölkə QHT-ləri ğz fəaliyyətlərini təkcə Azərbaycan daxilində deyil, eləcə də ondan kənarda qurur, ölkəmizin fəal təbliği ilə məşğul olurlar. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də hazırkı situasiyada ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətini uğurlu hesab edir. "OLAYLAR"-a verdiyi müsahibədə Rauf Zeyni bu sahədə mövcud olan bəzi problemlərdən də söz açıb.

-Rauf müəllim, bu gün ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Ölkəmizdə vətəndaş cəmniyyəti sürətlə və uğurla inkişaf edir. Rəqəmlərə nəzər salsaq görərik ki, bu gün 3 mindən çox qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçərək fəaliyyət göstərir. Həmçinin vətəndaş cəmiyyətinin bir hissəsi olan  4 mindən artıq KİV qeydiyyata alınıb. Regionlarda 100-ə qədər qəzet nəşr olunur. Eyni zamanda hər bir idarə və müəssisədə həmkarlar ittifaqları fəaliyyət göstərir. Hətta ucqar kəndlərimizdə belə  vətəndaş cəmiyyəti tərəfindən qadın liderliyi, intellektual cəmiyyət, yerli özünüidarəetmə haqqında, gənclər və idman sahəsində müxtəlif layihələr həyata keçirilir. Bu o deməkdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti xüsusilə son illərdə kifayət qədər inkişaf edib. Birinci Avropa Oyunları zamanı cəmiyyətimizin indikatoru özünü göstərdi. Yəni, vətəndaş cəmiyyəti, QHT-lər, kütləvi informasiya vasitələri öz sözünü dedi. Nəticədə on minlərlə insan Azərbaycana gələrək bu ölkənin necə tolerant, dialoq mərkəzi, multukulturalizm ölkəsi, düşüncə mərkəzi olduğunu öz gözləri ilə gördü. Buraya gələnlərə məlum oldu ki, Azərbaycan indiyə qədər hansı böyük tədbirlərə ev sahibliyi edib və hansı potensiala malikdir. Bu gün təkcə Azərbaycanın paytaxtı Bakı deyil, eləcə də Naxçıvan, Gəncə, Qəbələ və digər şəhər və şəhərlərimiz beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Bunların hamısını bir yerdə götürsək tam məsuliyyətlə deyə bilərik ki, bizim vətəndaş cəmiyyətimiz doğurdan da inkişaf edib. Təbii ki, əldə olunmuş nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Düşünürük ki, bundan da yüksək nailiyyətlər əldə etməliyik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bilik Fondu, Gənclər Fondu, Elmin İnkişaf Fondu və KİVDF kimi qurumlar fəaliyyət göstərir ki, həmin fondlar vasitəsilə dövlət 30-40 milyon manat vəsaiti vətəndaş cəmiyyətinin inkişafı üçün sərf edir. Həmin vəsait vasitəsilə də insanlar, ayrı-ayrı təşkilatlar ictimai, vətəndaş təşəbbüsləri, layihələrini həyata keçirirlər. Bu çox vacib məsələdir. Məhz dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq təşkilatlarımız, ayrı-ayrı insanlarımız xarici ölkələrdə də aktivləşiblər. Əgər əvvəlki illərdə bu sahədə müəyyən passivlik var idisə, indi keçirilən tədbirlər, təqdimatların beynəlxalq xarakter alması prosesi gedir. Əgər əvvəllər yalnız biz öz sözümüzü deyirdiksə, indi hansısa bir ölkənin siyasi-ictimai, mədəniyyət xadimi bizim sözümüzü deyir. Xüsusilə, ölkə prezidentinin apardığı milli, mütərəqqi, bəşəri və məqsədyönlü siyasətinin nəticəsi olaraq bu uğurlara nail oluruq. Əgər hər hansı bir ölkənin parlamentində 1-2 nəfər bizim əleyhimizə danışırsa, eyni zamanda 5 nəfər də bizim müdafiəmizə qalxır. Bu o deməkdir ki, biz dövlət, cəmiyyət, QHT-lər olaraq artıq öz sözümüzü beynəlxalq səviyyədə deməyə nail oluruq. Ona görə də mən ölkədə gedən prosesləri və vətəndaş cəmiyyətini fəaliyyətini müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən çətinliklər, problemlər də var. Xüsusilə maddi-texniki bazanın gücləndirilməsi çox vacibdir. Eyni zamanda müəyyən mənada maliyyə çatışmamazlıqları var. Hesab edirəm ki, dövlət vətəndaş cəmiyyətinə bir qədər də çox dəstək verməlidir. Çünki vətəndaş cəmiyyəti nə qədər güclü olsa, insanlarımız, vətəndaşlarımız da bir o qədər vətəndaş cəmiyyətinin layiqli üzvünə çevrilə bilər. Bu da ümumilikdə ölkəmizin inkişafına xidmət edər.

-Məlumdur ki, QHT-lərin ayrı-ayrı layihələri maliyyələşdirilir, onların mövcud problemlərinin həlli istiqamətində addımlar atılır. Bütün bunların qarşılığında QHT-lər özlərini xarici auditoriyaya təqdim edə və ölkədəki real vəziyyəti beynəlxalq aləmə çatdıra bilirmi?

-Mövcud imkanlar çərçivəsində təbii ki, qeyri-hökumət təşkilatları real vəziyyəti, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğını beynəlxalq aləmə çatdıra bilirlər.. Əgər nəzərə alsaq ki, bizə qarşı antiAzərbaycan kampaniyasını həyata keçirənlərin əllərində milyardlarla dollar vəsait var, biz isə onlara qarşı milyonlarla manat həcmində mübarizə aparırıq. Çünki dünya arenasına çıxmaq, dünya siyasətində subyektə çevrilmək üçün bizdə o qədər də rıçaqlar yoxdur. Ancaq buna baxmayaraq Azərbaycanın regionda, dünyada iqtisadi, strateji əhəmiyyəti artdıqca bizim də gücümüz, potensialımız, tribunalarımız artır. Biz də həmin imkanlar  çərçivəsində QHT-lər olaraq aktiv fəaliyyət göstəririk. Beş il bundan əvvəl QHT Şurası xarici ölkələrdəki qeyri-hökumıət təşkilatlarına qrant verə bilmədiyi halda, hazırda həmin imkanlar yaranıb. Əgər vəsait daha çox olarsa bir o qədər də böyük işlər görülə bilər.

-Bəs bu gün QHT-lərin hansısa problemi varmı ki, həmin problemlərin həlli olduqca vacibdir?

-Müəyyən problemlər var. Bu gün daimi ofis məsələsi ən böyük problemdir. Bizim forumun 658 üzvü var, ancaq həmin təşkilatların 10 faizinin daimi ofisi yoxdur. Eləcə də forumun daimi ofisi yoxdur. Düzdür, fəaliyyət göstəririk və müvəqqəti ofisimiz var. QHT-lərə Dövlət Dəstəyi Şurası və TİKA ofisin formalaşması, eyni zamanda onun icarə haqqının ödənməsinə dəstək verirlər. Ancaq ictimai yararlı binalardan birini QHT Evi kimi vermək mümkündür. Düşünürəm ki, dövlət bu sahəyə diqqətini artırmalıdır. Məlum olduğu kimi QHT-lərə Dövlət Dəstəyi Şurasının tərkibində Əliməmməd Nuriyevin sədrliyi ilə hüquq və monitorinq komissiyası yaradılıb. Əgər hər hansı bir hüquqi, maliyyə, bank sistemi ilə bağlı problemlər varsa, həmin məsələ araşdırılır. Təbii ki, bu kimi problemlər mövcuddur və onlar aradan qaldırılmalıdır. Ümumiyyətlə, irili-xırdalı heç bir problem olmamalıdır ki, hər hansı bir QHT-nin fəaliyyətinə məhdudiyyət yaranmasın. Hazırda "İctimai iştirakçılıq" haqqında qanuna müvafiq olaraq nazirliklərdə İctimai Şuralar yaranır. Bir neçə nazirlikdə yaranan İctimai Şuralarda QHT nümayəndələri üzv və sədrdirlər. Ədliyyə, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Miqrasiya Xidmətində bu prosesə gedir. Düşünürəm ki, belə İctimai Şuraların yaranması vətəndaşın və vətəndaş cəmiyyəti üzvünün "İctimai iştirakçılıq" haqqında qanundan irəli gələrək dövlət idarəetməsində iştirakçılığının təmin olunması deməkdir.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31