Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur

Cavid Şahverdiyev: “Mətbuatımız dövlət maraqlarını həmişə qoruyub”

Milli Mətbuatın 140 illiyinə saylı günlər qaldı. Artıq bu məqsədlə paytaxt Bakıda və regionlarda müxtəlif səpkili tədbirlər keçirilməkdədir. Maraqlıdır, ötən 140 ildə Azərbaycan mətbuatının itirdiyi və qazandığı nədən ibarət olub. Müsahibimiz Avrasiya İnformasiya Agentliyinin baş direktoru Cavid Şahverdiyevdir.

- Cavid müəllim, sizcə Milli mətbuatımız ötən 140 ildə hansı nəticələri əldə edə bilib?

- Milli Mətbuatımızın zəngin tarixi var. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Nəriman Nərimanov və digər ziyalılarımız cəhalət şəraitində, irtica dövründə yurdun müstəqilliyinə, xalqın azadlığına yönəlik millət Sözünün tərcümanları olublar. Azərbaycan mətbuatının bünövrəsini bu şəxslər qoyublar. XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud olsa da, Azərbaycanda bu sahədə sükut hökm sürürdü. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən Bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Xeyli zəhmətdən, əzab-əziyyətdən sonra o, 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxdı. "Əkinçi" qəzetində Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Öz sözlərini dolayı yolla olsa da, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. Adını sadaladığımız bu insanlar hər cür təhlükəni gözə alaraq, peşələrini ləyaqətlə yerinə yetirdilər. Açığı qeyd edim ki, bu gün Azərbaycan mediasında o cür ədiblərin sayı azdır. Baxmayaraq ki, o illərdən fərqli olaraq bu gün Azərbaycan mediasının inkişafına böyük diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın yaranmasının 120 və 125 illik, prezident İlham Əliyevin isə 130, 135 və 140 illik yubileylərinin xalq bayramları kimi qeyd olunması ilə bağlı sərəncamları və jurnalistlərə təbrikləri bunu əasalandıran amillərdəndir. Azərbaycan prezidenti İlham Əliyev mətbuat sahəsində ulu öndərin yaratdığı ənənələri uğurla davam etdirməkdədir. "Azərbaycan Respublikasında KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası"na uyğun olaraq, mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Heç bir ölkədə analoqu olmayan tədbir - jurnalistlərin mənzillə təmin edilməsi məhz Prezident İlham Əliyevin yaradıcı insanların, milli dövlətçiliyə xidmətləri ilə seçilən söz adamlarının əməyinə verdiyi çox böyük qiymət, dünyanın hər yerində təqdir olunan nadir qədirbilənlik nümunəsidir.

- Mətbuatımızın ikişaf səviyyəsini necə xarakterizə edərdiniz?

- Mətbuatımız inkişaf yolundadır. Bunu dövlətimizin mətbuata qayğısı da sübut edir. Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, dövlət siyasətinə uyğun olaraq, mediada peşəkarlığın yüksəldilməsi, redaksiyaların problemlərinin həlli, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əsaslı tədbirlər həyata keçirirlər. Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında da qeyd edildiyi kimi, mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Dövlətimizin başçısı İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə keçirilən mərasimdə səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır." Məhz bu fikirlərin fonunda ölkə Prezidenti İlham Əliyevin 2 iyun 2015-ci il tarixli "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını mətbuatın inkişafına diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirə bilərik. Sərəcamda da qeyd edildiyi kimi, XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaradıb. "Əkinçi"nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirib, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynayıb. Sənəddə o da vurğulanır ki, ötən yüzilliyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edərək, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaradıb. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb. 2008-ci ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

- Azərbaycan mətbuatının ictimai rəyə təsir imkanlarını necə dəyərləndirisiniz?

- Jurnalistikanın özünəməxsus iş prinsipi var, bu gün Azərbaycan mediası köklü sahələrdən sayılır. Hazırki dövrümüzdə mediamız bu və ya digər formada problemlərdən xali olmasa da, özünün sarı mətbuat dönəmini arxada qoyub və bugünkü mətbuatın formalaşması istiqamətində müəyyən addımlar atılıb. İstər ictimai təşkilatların dəstəyi, istərsə də dövlətin bu və ya digər formada dəstəyi çərçivəsində artıq Azərbaycan jurnalistikası dünya mediasına inteqrasiya olmaqdadır. Yaxın gələcəkdə Azərbaycan mediası, sözün həqiqi mənasında , özünü tam doğruldacaq. Medianın əsas xüsusiyyətlərindən biri də odur ki, ictimai rəyə təsir etmək gücündə olsun. Cəmiyyətdə olan əyrilikləri obyektiv şəkildə, olduğu kimi təqdim etsin. Medianın işi hər zaman cəmiyyətin inkişafına yönəlik bir addımdır. Mənə elə gəlir ki, media kimlərdənsə asılı olub, sifarişlə işləməməlidir. Onun sifarişi yalnız cəmiyyətdən, xalqdan gəlməlidir. Əgər media "cib mediası" prinsipini yerinə yetirərsə, deməli, cəmiyyət bu mediadan müsbət addım gözləyə bilməz. Azərbaycanda mətbuatın inkişafı üçün bütün lazımi addımların atılmasının nəticəsində regionlarda KİV-in sürətlə inkişaf edir, peşəkar kadrlar yetişir. Bu da xaricdəki bəzi dairələrin ölkəmizə qarşı çirkin kampaniya aparmasının qarşısının alınmasında əsas faktordur. Azərbaycanda keçirilən beynəlxalq nüfuzlu tədbirlər öncəsi Azərbaycan mediasının həm bu hücumlara tutarlı cavab verməsi, ictimai rəyi düzgün formalaşdırması mediamızın inkişafını göstərən amillərdən biridir.

- Mətbuatımız dövlətin maraqlarının müdafiəsində üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilirmi?

- Bu gün Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Atılan addımlar bir daha bu reallığı ortalığa qoyur ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarını informasiya mənbələrinə çatdırmaqdır. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir. Ən əsası bu sadiqlik sözdə deyil, əməli işdə öz təsdiqini tapır. Azərbaycanın 2001-ci ilin yanvarında demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da deyilənlərin təsdiqidir. Mətbuat azadlığından sui-istifadə hallarının yolverilməzliyini bəyan edən ümummilli lider Heydər Əliyev mətbuatın əsas prinsiplərini hər zaman jurnalistlərə xatırladırdı. Obyektivlik, qərəzsizlik, milli şüur, vətənpərvərlik. Mətbuatımız Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı prinsiplərinə əməl edərk dövlət maraqlarını həmişə qoruyub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi, sənəd əsasında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar da azad mətbuatın inkişafına stimul verir. Dövlətimizin başçısı İlham Əliyev 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında bildirib: "Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Əlbəttə ki, problemlər də var. Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər." Prezident İlham Əliyev media sahəsində gələcək inkişafı sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində gördüyünü qeyd edib. Görülən işlərin fonunda uğurların davamlılığı bir daha təsdiqləyir ki, Azərbaycan dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır. Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncam dünyada analoqu olmayan addım kimi dəyərləndirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 22 iyul 2013-cü il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı bir daha bu reallığı ortaya qoydu ki, bu istiqamətdə işlərin davam etdirilməsi dövlətin siyasətində prioritet məsələlərdəndir. Həmin Sərəncamda bu fikir əksini tapıb ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində duran əsas məsələlərdən biridir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31