“Ola bilsin ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun”

Mayis Güləliyev: “Amma bu heç nəyi dəyişməyəcək”

"Ermənistan Cənubi Qafqazda həmişə Rusiya üçün plasdarm rolunu oynayıb"

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün daha da artır. Hakimiyyət əleyhinə baş qaldıran etiraz aksiyalarına qoşulan sadə insanların sayının artması, eləcə də əksər parlamentarilərin də prosesə dəstək nümayiş etdirməsi işğalçı ölkədə tezliklə hakimiyyət dəyişikliyinin baş verə biləcəyi ehtimalı yaradıb. Bəs görəsən Ermənistanda baş verən hadisələr hansı məcrada inkişaf edəcək və gözləntilər nədən ibarətdir? Bu və ya digər məsələlərlə bağlı "Vətən" Siyasi Blokunun icra katibi Mayis Güləliyevlə söhbətləşdik.

-Mayis bəy, son günlər Ermənistanda baş verən prosesləri necə dəyərləndirirsiniz və gözləntilər nədən ibarətdir?

-Ermənistanda hazırda baş verən hadisələrdə qeyri-adi bir mahiyyət axtarmağa dəyməz. İnkişaf etməkdə olan (daha doğrusu, üçüncü dünya) ölkələrin hamısı üçün xarakterik olan hadisə baş verir. Bu da ondan ibarətdir ki, bu ölkələrin həm fiziki, həm də informasiya sərhədləri açıqdır. İnsanlar dünyadan, xüsusilə, inkişaf etmiş ölkələrdən mütəmadi məlumatlar alırlar. Bu məlumatların əksəriyyəti insan rifahının daha yüksək olduğundan xəbər verir. Üçüncü dünya ölkələrində, o cümlədən Ermənistanda idarəetmə yüksək səviyyədə olmadığından rifah da yüksək ola bilməz. Beləliklə, bu ölkələrdə yaşayanlar özlərini daha çox inkişaf etmiş ölkələrin xalqları ilə müqayisə etdiklərindən cəmiyyətdə mütəmadi olaraq hakimiyyətə qarşı etirazlar baş qaldırır. Ermənistan regionun ən kasıb ölkələrindən biridir. Bu ölkənin faktiki yoxsulluğu ilə tarixi ambisiyası həmişə ziddiyyət təşkil edir və "milli eqoiz" ən həssas nöqtəyə  çevrilib.

-Sizcə, Ermənistanda baş verən hadisələrdə Qərbin, yoxsa Rusiyanın əli var?

-Burada kiminsə əlinin olmasını axtarmaq o qədər də düzgün addım deyil. Qeyd etdiyim kimi bunun əsas səbəbi cəmiyyətin özündədir. Aydındır ki, kimsə bu həssas vəziyyətdən istifadə etməyə cəhd edir və edəcək. Bu təbiidir. Amma əsas səbəb üçüncü dünya ölkələrinin demək olar ki, hamısına xas olan "müqayisə sindromudur". "Müqayisə sindromu" elə ictimai şüur vəziyyətidir ki, insanlar reallığı qəbul etmək istəmir və özlərini layiq olmadıqları səviyyə ilə müqayisə edirlər. Ermənistanın o dərəcədə nə yeraltı, nə də yerüstü  sərvəti yoxdur. İnsan resursları da o dərəcədə deyil ki, qısa zamanda inkişaf edib "Lüksemburq" olsun. Digər tərəfdən, milli eqoizm elə səviyyədə inkişaf edib ki, az qala dünyanı idarə etmək iddiasındadırlar. Belə ziddiyyət onlarda qeyd etdiyim "müqayisə sindromu" yaradır. Onların ictimai psixoloji durumunu həm Qərb ölkələri, həm də Rusiya çox diqqətlə öyrənir. Odur ki, onlar da bu vəziyyətdən öz xeyirlərinə istifadə edirlər.  Ermənistan Cənubi Qafqazda həmişə Rusiya üçün plasdarm rolunu oynayıb. Ondan Türkiyəyə, İrana və Azərbaycana  qarşı istifadə edilib. Hər bir ölkənin öz maraqları var. Rusiyanın da Cənubi Qafqazda öz marağı var. Bu maraqların reallaşmasında Ermənistan Rusiyaya həmişə kömək edib. Odur ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiya Ermənistanı heç bir ölkəyə güzəştə getməz. Krım Qara dəniz hövzəsində Rusiya üçün nə qədər vacib ərazi idisə, Ermənistan da Cənubi Qafqazda o qədər vacibdir.

-Bu arada Rusiyanın Ermənistana 200 milyon dollarlıq silah verməsi, hətta bu ölkəyə pulsuz elektrik enerjisinin verilməısi barədə yayılan məlumat nədən xəbər verir?

-Qeyd etdiyim kimi Ermənistan Rusiya üçün vacib ərazidir. Burada Rusiyanın böyük hərbi bazası yerləşir. Nə qədər ki,  regionda Rusiyanın maraqları Türkiyə və İranın maraqları ilə toqquşur, Rusiya Ermənistanı müdafiə edəcək və onun hərbi cəhətdən tamamilə zəifləməsinin qarşısını alacaq. Fərqi yoxdur, Ermənistana nə qədər maliyyə ayrılır. Əsas olan odur ki, hər bir halda Rusiya Ermənistanı müdafiə edəcək. Hazırda Ermənistanın nəqliyyat və enerji sistemi tamamilə Rusiyanın nəzarətindədir. Ermənistan sözün əsl mənasında "müstəqil" deyil və ola da bilməz. Ən azı belə demək olar ki, Ermənistanda Rusiyanın hərbi bazası varsa, deməli o, müstəqil deyil.

-Bir neçə gün əvvəl Con Makkeynin "Rusiyanın növbəti hədəfi Azərbaycandır" deməsi bizdə də tezliklə daxili sabitliyin pozulacağına dəlalət edirmi?

-Azərbaycanı Ermənistanla müayisə etmək tamamilə səhv yanaşmadır. Ermənistan Rusiya üçün "plasdarmdır".  Azərbaycan isə Rusiya üçün tərəfdaş. Odur ki, Rusiyanın Ermənistana olan münasibəti Azərbaycana ola bilməz. Fərqi yoxdur, bu münasibət daha istidir, yoxsa, daha soyuq. Əsas fərq münasibətlərin mahiyyətindədir. Heç vaxt Rusiya Azərbaycan cəmiyyətinə tamamilə inam hissi ilə yanaşmayıb. Son 200 ildə Rusiya hakimiyyətinin Azərbaycan cəmiyyətinə  olan münasibətinə baxsanız bunu hiss edərsiz. Belə bir münasibət Qərblə də var. Qərb Gürcüstana olan inamını Azərbaycana, hətta Ermənistana göstərmir. Beləliklə, münasibətlərin mahiyyətində olan fərq reallıqda bu münasibətlərin necə formalaşmasından xəbər verir.  Rusiya bir dövlət kimi istər ki, Azərbaycanla münasibətlər yaxşı olsun. Hətta Rusiya istər ki, Azərbaycan  Avropa Şurasından və digər Avropa təşkilatlarından uzaqlaşsın. Amma Azərbaycan bu istəkləri tamamilə yerinə yetirsə belə Azərbaycana münasibət  yalnız tərəfdaş kimi qalacaq. Rusiya başa düşür ki, Azərbaycan cəmiyyəti tarixən daha çox Türkiyə  və İran cəmiyyətləri ilə bağlı olab. Azərbaycan cəmiyyətinin mahiyyətində İslam mədəniyyəti əsas rol oynayır. Odur ki, Rusiya regionda Ermənistanla münasibətə daha çox üstünlük verir.

-Ümumiyyətlə, Cənubi Qafqazdakı siyasi prosesləri yaxın vaxtlar üçün necə dəyərləndirirsiniz?

-Regionda yaxın gələcəkdə, yəni yaxın 3-5 ildə ciddi dəyişikliklərin olacağını tamamilə istisna edirəm. Ola bilsin ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun, amma qeyd etdiyim kimi bu heç nəyi dəyişməyəcək. Azərbaycanla Rusiyanın və digər region ölkələrinin münasibəti kifayət qədər yaxşı qurulub. Azərbaycanın xarici siyasətinin "ana xəttini" təşkil edən "balanslı münasibət" çox uğurlu modeldir. Beləliklə, regionda marağı olan bütün vektorlar, o cümlədən, Türkiyə, Qərb, İran və Rusiya hazırki vəziyyətlə tamamilə razıdırlar. Belə olan halda ciddi dəyişikliklərin olacağını düşünmürəm.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31