“İlk dəfə olaraq ölkəmizdə Avropa Oyunlarının keçirilməsi erməniləri qıcıqlandırmaya bilməz”
Mütəllim Rəhimli: “Biz bununla Avropa ictimai fikrində ölkəmizə və xalqımıza qarşı obyektiv fikirlərin yaranmasına ümid edə bilərik”
22 İyun 2015 14:33 MüsahibəAzərbaycan tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etdiyi bir ərəfədə təcavüzkar Ermənistan dövləti isə işğal altında saxladığı ərazilərimizdə təxribatları davam etdirir. Atəşkəs rejimini intensiv şəkildə pozan ermənilər işğal altında olan ərazilərimizdə genişmiqyaslı yanğınlar da törədirlər. Bəs görəsən ermənilərin əsas məqsədi nədir və Avropa Oyunları ərəfəsində Azərbaycanın təxribata cəlb edilməsi nəyə xidmət edir. Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli ilə söhbətləşdik.
-Mütəllim bəy, Avropa Oyunlarının keçirildiyi bir ərəfədə cəbhədə atəşkəs rejiminin pozulmasının intensivləşməsi, sərhədboyu ərazilərdə yanğınların törədilməsi nəyə xidmət edir?
-İlk dəfə olaraq ölkəmizdə Avropa Oyunlarının keçirilməsi və Azərbaycanın bütün Avropanın, hətta dünyanın diqqət mərkəzinə düşməsi erməniləri qıcıqlandırmaya bilməz. Bu idman yarışı Azərbaycan haqqında Avropada müsbət fikirlərin formalaşmasına təsir edir. Erməni lobbisi indiyədək azərbaycanlıları vəhşi, qaniçən, özlərini isə daim qonşuları tərəfindən təqib olunan, əzilən xalq kimi təqdim edirdilər. İndi Avropa görür ki, heç də belə deyilmiş. Eşitdiklərinin əksinə olaraq burada çox mədəni, qədim tarixə malik, yüksək mədəniyyətli bir dövlət və xalq görürlər. Ölkəmizdə yarışlarda iştirak edən çoxsaylı idmançılar, turistlər geri qayıtdıqdan sonra canlı təbliğatçılar olacaqlar. Bununla çox böyük miqyasda ölkəmizi təbliğ edəcək bir mobil komanda formalaşdırmış oluruq. Xüsusilə də Avropanın idman aləmində. Bütün bunlar da erməniləri narahat edir ki, illərlə külli miqdarda vəsait və enerji xərcləyib formalaşdırdıqları yalan bir andaca ifşa olmaqdadır. Ona görə də cəbhədə vəziyyəti gərginləşdirməklə regionda sabitliyin olmadığı təəssüratını yaratmağa çalışırlar. Əgər bu niyyətlərini həyata keçirə bilsələr sonradan bunun günahını bizim üzərimizə atmağa cəhd göstərəcəklər. Amma görünən odur ki, məqsədlərinə çata bilmirlər. Çünki əvvəlki illərdən fərqli olaraq Azərbaycan ordusu erməni diversiyasının hər bir hərəkətinin qarşısını vaxtında və uğurla alır. Ona görə də ermənilərin yaşadıqları qorxu hissi onların daha iri əməliyyatlara əl atmasına imkan vermir. Çünki burada da uduzmaq Ermənistan rəhbərliyini çətin vəziyyətə sala bilər.
-Bu ərəfədə yenidən sentyabr-oktyabr aylarında ermənilərin beş rayonu azad edəcəyi barədə məlumatlar yayılır. Sizcə, bu kimi məlumatlar nə dərəcədə realdır?
-Düşünmürəm ki, ermənilər əvəzində heç nə almadan işğal etdikləri rayonlardan hansınısa qaytarsınlar. Yaxud da bu prosesə vasitəçilik edən tərəfin maraqları nəzərə alınmalıdır. Baş verən hadisələrin analizi göstərir ki, regionda hələ belə bir situasiya yetişməyib. İndi regionda Rusiyanın təsiri daha çoxdur. Amma bununla belə Ermənistan hakimiyyətinin də Rusiya rəhbərliyi ilə kifayət qədər yaxşı münasibətləri var. Hələ üstəlik Ermənistan bizdən fərqli olaraq Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla Rusiyaya daha da yaxınlaşmaqdadır. Düşünürəm ki, bu cür informasiyalar ictimai fikri aldatmaqdan və Qarabağ probleminin həllini uzatmaqdan başqa bir şeyə xidmət etmir.
-Ümumiyyyətlə, vasitəçi ölkələrin münaqişənin həllinə olan biganəliyi Dağlıq Qarabağ probleminin yaxın perspektivdə həllini nə dərəcədə mümkün edir?
- Biz dəfələrlə bildirmişik ki, ATƏT bu problemi həll etmək gücündə və səlahiyyətində deyil. Çox yaşı haldır ki, artıq Azərbaycanda ictimai fikir də getdikcə bu gerçəkliyi qəbul etməkdədir. Hətta hakimiyyətdən də bununla bağlı fikirlər səslənir. Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov da bir müddət əvvəl belə bir fikir söyləmişdi. İctimai rəyi izləyən və onunla hesablaşan ATƏT-in Minsk Qrupunun həmsədrləri də artıq yalanlarının üstünün açıldığını görürlər. Ona görə də fəaliyyətlərində passivləşmə hiss edilməkdədir. İndi onlar hər iki ölkə rəhbərinin - həm Ermənistan, həm də Azərbaycan prezidentlərinin fikrini gözləyirlər. Əgər prezidentlər özləri bu vasitəçiliyin davam etdirilməsində maraqlıdırlarsa və üstəlik daxili ictimai rəyi missiyanın uğurlu perspektivinə və alternativsizliyinə inandırmağa hazırdırlarsa və bu istiqamətdə çalışacaqlarsa, onda biz yenidən ATƏT-in Minsk Qrupunun aktiv fəaliyyətini müşahidə edəcəyik. Əks halda ATƏT-in Minsk Qrupu problemin həllindən rəsmi olmasa da qeyri-rəsmi olaraq kənarlaşdırılacaq. ATƏT-in ölkəmizdəki ofisinin bağlanması ilə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqe göstərir ki, o bu qurumun Dağlıq Qarabağ məsələsində fəaliyyətindən razı deyil. Əgər bu mövqe dəyişməsə və Minsk Qrupunun vasitəçiliyindən imtina edilərsə bu Dağlıq Qarabağ probleminin həllində dönüş deməkdir. Əks halda isə beynəlxalq ictimai rəy bizi düzgün başa düşməyəcək və hakimiyyəti qınayacaq ki, demokratiya, azad seçki və insan haqqlarını müdafiə edən ATƏT-ə qarşı çıxır. Ona görə də bu həssas məsələni kifayət qədər götür-qoy etmək və düzgün qərar vermək lazımdır.
-İlk Avropa Oyunları çərçivəsində Azərbaycandakı real vəziyyəti öz gözləri ilə görən avropalıların bundan sonra ölkəmizə olan qərəzi, ədalətsiz mövqeyi bir qədər azalacaqmı?
-İlk Avropa Oyunlarını keçirməklə Azərbaycan çox böyük miqyaslı bir təbliğat kampaniyası aparmış olacaq. Təbii ki, ölkəmizə gələn idmançılar və yarışları izləyən turistlər ölkəmiz və xalqımız haqqında təsəvvürlərə malik olacaqlar. Düşünürəm ki, onlar gələcəkdə yaxşı təbliğatçılardır. Biz bununla Avropa ictimai fikrində ölkəmizə və xalqımıza qarşı obyektiv fikirlərin yaranmasına ümid edə bilərik. Lakin bu Avropanın Azərbaycana qarşı siyasətinin dəyişməsi demək olmayacaq. Düzdür, Avropada ictimai fikri nəzərə alırlar, ancaq bunun üçün Oyunlardan sonra da davamlı olaraq işləməyimiz lazımdır. Çalışmalıyıq ki, xərclənən külli miqdarda vəsaitimiz batmasın, Avropanın ictimai fikri, xüsusilə idman ictimaiyyətinin fikri onun siyasətinə çevrilə bilsin. Bunun üçünsə ayrıca, düşünülmüş planlı iş aparılmalıdır.
-Ümumiyyətlə, bundan sonrakı proseslər, yəni Avropadakı bəzi dairələrin Azəbaycana olan münasibəti hansı məcrada inkişaf edəcək?
- Avropanın siyasəti onun öz maraqlarına uyğun qurulub. Bu qədim qitənin özünəməxsus tarixən formalaşmış ənənələri və siyasəti mövcuddur. Onu bir günün, yaxud bir ilin içərisində, ya da bir tədbirlə və ya tədbirlər silsiləsilə tamamilə dəyişmək mümkün deyil. Nəzərə almalıyıq ki, Avropa üçün həqiqət onun marağını ifadə edirsə "həqiqət"ə çevrilir, əks halda o onlar üçün yalandır. Birinci Avropa Oyunları ilə Azərbaycan Avropanın idman dünyasında özünə qarşı fikirləri kökündən dəyişdirə biləcək. Lakin bu nə bütövlükdə Avropanın ictimai, nə də siyasi dairələrinin fikri demək deyil. Bununla belə artıq bu dairələr də Azərbaycan haqqında danışanda bir qədər ehtiyatlı mövqe tutmağa çalışacaqlar. Bundan başqa Avropada Azərbaycan əliaçıq, zəngin bir ölkə təəssüratını yarada biləcək. Amma bu fikirlər gələcəkdə Azərbaycanı rentabelli olmayan tədbirləri keçirməsi üçün hədəfə çevirməməlidir.
Süleyman