TANAP "Türk Axını"ndan tez reallaşacaq

Taner Yıldız: "Azərbaycanla Türkiyə arasında inkişaf etdirilən ortaq layihələr bizim üçün prioritetdir"

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Putinlə görüşdən birbaşa müsahibəyə gəlmişdi... Müsahibəyə baxacaqsınız. Amma buna qədər bəzi deyəcəklərim var. Əvvəla, bu günlər Bakıda yeni ifadə yarandı. Böyük Qaz Dördlüyü. Bu dördlük Rusiya, Türkiyə, Azərbaycan və Türkmənistanı özündə birləşdirir.

Qazın beynəlxalq əhəmiyyəti bu dövlətlərin həm əlahiddə, həm də birgə əhəmiyyətini artırır. Bunlardan biri nəql edən, qalan 3-ü isə istehsalçıdır. Amma Azərbaycanın əla imkanları var ki, istehsal edəndən nəql edənə çevrilsin. Ərdoğan, Putin, Berdımuhamedov və Əliyevin Bakı görüşləri onu da nümayiş etdirdi ki, öz növbəsində müxtəlif təzyiqlərə məruz qalan dövlətlər miqyasından və gücünqdən asılı olmayaraq yeni müqavimət mərkəzləri yarada, aralarında ciddi fikir ayrılıqlarına malik olsalar belə bir-birinə söykənə bilərlər.

Taner Yıldızla TANAP və TAP-dan, Türkmənistan qazının aqibətindən, "Türk axını" ətrafında yaranmış yeni vəziyyətdən, Bir sözlə böyük qaz barədə danışdıq. Hətta Putinin Türkiyənin zəfərini yox, ermənilərin matəmini seçməsinə də toxunduq.

- Putinlə necə görüşdünüz? Millerlə necə görüşdünüz? Hansısa nəticələr əldə olundumu?

- Hörmətli Putinlə hörmətli dövlət başçımızın görüşündə bizlər də nazirlər olaraq iştirak etdik. Son dərəcə məhsuldar, gözəl və iki ölkənin dostluğunu və ortaq layihələrini - işbirliyini artıran bir görüş oldu. Əlbəttə ki, müzakirə etdiyimiz AES, "Mavi Axın", Qərb xətti var, yeni Türk axını və çoxsayda digər məsələlər var. Bunlarla əlaqədar müzakirələr son dərəcə məhsuldar bir şəkildə bitdi. Bir qiymət müzakirəmiz var idi. Qiymət müzakirəsi ilə əlaqədar mövzuları da müzakirə etdik. Amma bunu bizim azəri qardaşlarımızın bilməsi lazımdır ki, Azərbaycanla Türkiyə arasında inkişaf etdirilən ortaq layihələr bizim üçün prioritetdir. Bizim prioritetlərimiz, bir növ övladımız kimi böyüyən TANAP layihəsi heç bir layihə ilə kəsişməz, toqquşmaz. Heç bir layihə onun arxa plana atılmasına yol açmaz. Biz bütün bunları təşkil edərkən, bütün bu müzakirələri edərkən ilk növbədə bu hüquqa riayyət edirik, diqqət edirik. Bilirsiniz, biz TANAP-ın 30 faiz ortağıyıq, Xəzərdə 19 faizlik payımız var. Bütün bunlar bizim irəlidə daha böyük işlər görəcəyimizi göstərir. Bir ölkə ilə iş görmək digərinə mane olmaz. Azərbaycanla da iş görərkən o da Rusiyaya mane olmaz, yəni hər birini inkişaf etdirə biləcək, həyata keçirə biləcək işlərimiz var. Bizim Ukrayna üzərindən gələn xətti, boru tikintisini, istənilən halda, bənzər bir tutumla bərabər ehtiyatda saxlamağımız lazımdır. Yəni onun kimi bir boru xəttini hər zaman yaratmağımız lazımdır. Dediyim kimi, bunların hər birini qarşılıqlı müzakirə etdik.

- Türk axını ilə bağlı bir sualım olacaq. Mən son zamanlar Rusiya mətbuatında oxuyuram ki, belə fikirlər yer alır ki, hətta cənab Miller də bunu bu şəkildə ifadə edib ki, artıq iş başlandı. Doğrudanmı, bu istiqamətdə artıq iş başlanıb? Axı mən bilən ortada elə bir kontrakt da yoxdur...

- Hazırda, təbii ki, kontraktlar imzalanmayıb. Mən hörmətli Miller inşaatımı nəzərdə tuturdu, başqa bir şeyimi, onu tam bilmirəm, amma hal-hazırda biz yekun müqaviləni imzalamamışıq. Bilirsiniz, bunun bir də texniki-iqtisadi əsaslandırma hesabatı, razılığı, inşaat izni var, hökumətlərarası anlaşmalar qismi var. Bunların hər biri addım-addım icra ediləcək əməliyyatlardır. Ona görə bu təsnifatlara ayırma da, əlbəttə ki, içəridə müzakirə edildi.

- Amma maraqlıdır, biz Azərbaycan və Türkiyə olaraq TANAP-la bağlı müqaviləni imzalamışıq. Və müqavilə imzalansa da biz deyirik ki, bu, 2018-ci ildə gerçəkləşəcək. Rusiya ilə kontrakt imzalanmayıb, amma onlar artıq bəyanat verirlər ki, bu, 2016-cı ildə gerçəkləşəcək. Bu, necə baş verir?

- İndi, əlbəttə ki, TANAP-ın bütün imzalar - həm müqavilələr imzalandı, nazirlər arasında bunlar edildi, şirkətlər arası edildi, SOCAR-la BOTAŞ arasında, hörmətli Natiq Əliyevlə bizim aramızda. Bunlar Türkiyə Böyük Millət Məclisi tərəfindən də təsdiqləndi. Yəni TANAP-ın reallaşma zamanı çox irəlidədir. Yəni hələlik Türk axını ilə əlaqədar olan bu proseslər hələ tamamlanmayıb. Amma Rusiyanın inşaatı daha tez başlatmaq kimi və daha ardıcıl etmək kimi bir proqramı ola bilər. O baxımdan bir problem olmaz. Yəni daha gec başlayıb dənizdən bir boru xəttini daha tez bitirə bilər. Quru yolu ilə 1800 km uzunluğunda borunun tikintisi daha çox çətindir. Yəni vaxt baxımından ona, məncə, əhəmiyyət verməmək lazımdır. 2018-dən əvvəl 2016 - yeni eyni şeylər deyil. Yəni ki layihə eyni şey deyil, eyni zəhmət, eyni güc, eyni iş deyil. Yəni biri dəniz altından, biri quruda inşa ediləcək.

- Yəni realdırmı 2016-cı ildə Türk axının işə düşməsi?

- Bilmirəm. Biz o hissədə Qara dənizdə görülən işlərə ortaq deyilik. Yəni Qara dəniz hissəsinə biz ortaq deyilik. Biz sadəcə quru hissəsinə, yənin botu xəttinin Trakyaya girən hissəsi ilə əlaqədar müzakirə edirik. Ona görə biz indi Qara dənizdəki keçidlə əlaqədar hər hansı bir sərmayə, hər hansı bir pul qoymuruq, hər hansısa bir ortaqlığımız da yoxdur. Ona görə 2016-nın sonundamı bitirəcəklər, 2017-nin sonundamı, bizim nəzarətimizdə deyil o layihə.

- İki Rusiya var - bir Rusiya Türk axını layihəsinin təşəbbüskarlarından biri və dəstək verənlərindən biri. Hansı ki, Ermənistanda soyqırım hadisələrində, onun yüzilliyində iştirak etməmişdi və o vaxt bu müqavilə, daha doğrusu, bu şərtləşmə həyata keçirildi. İkinci Rusiya isə artıq soyqırımın yüzilliyində iştirak edib və bu gün yenə də Türk axını layihəsi ətrafında müzakirələrdə fəaldır. Rusiyanın həmin o hadisələrə qatılması, Rusiya prezidentinin İrəvanda soyqırımın yüzilliyi münasibətilə keçirilən törəndə iştirak etməsi vəziyyəti dəyişdimi? Yəni hansısa bir tərəddüdlərə yol açdımı?

- Açığı, hörmətli Putinin elə bir bəyanatını mən şəxsən, enerji naziri olaraq da, bir millət vəkili olaraq da mən, açığı, təxmin etmirdim. Yəni elə bir açıqlama gözləmirdik. Əlbəttə ki, o açıqlama bizi məyus edib. Yəni bunu açıq bildirməliyəm. Əlbəttə, hər iki ölkədə necə ki, bizim Qarabağa göstərdiyimiz həssaslıq, necə ki, hörmətli İlham Əliyevin bizim bir qisim "qırmızı xət"lərimizə göstərdiyi həssaslıq necədirsə, bu, necə doğrudursa, əlbəttə, hər iki ölkənin arasında da bu həssaslığın gözlənilməsi lazımdır. Yəni Rusiya Federasiyası ilə Türkiyə arasında da gözlənilməsi lazımdır. Mən o ifadələrin irəliləyən zamanda "təmir" ediləcəyinə inanıram.

- Aydındır. TAP-la da bağlı bir sualım var icazə versəniz. Ola bilər ki, TAP-la bağlı layihədə kimlərsə, belə deyək, mən bilmirəm, osmanlı türkcəsində bu söz varmı, naz edirsə, əgər kimsə naz edirsə, bəlkə, bu layihədə hansısa bir marşrut dəyişikliyi etmək olar. Məsələn, Bolqarıstan vasitəsilə Cənubi Avropaya çıxmaq olar. Bax, belə bir ideya müzakirə olunurmu? Yoxsa, elə biz yapışmışıq TAP-da köhnə marşrutdan, elə onunla da gedirik...

- Naz etmək ifadəsi elə bizdə də istifadə edilir. Çox gözəl bir ifadədir. "Naz etmə" deyərlər.

- Naz eliyənlərə biz deyirik ki, "buyurun, Bolqarıstandan biz keçib gedirik Cənubi Avropaya". Bu, mümkündürmü?

- Bu cür bir layihənin elastikliyi çox yüksəkdir. Yəni Bolqarıstandan da, Yunanıstandan da gedə bilər. Amma mən Yunanıstan üzərindən hər nə qədər siyasi iradə dəyişmiş olsa da, fərqli bir marşrut təxmin etmirəm. Nə qədər naz etsələrdə, belə böyük layihələrdən imtina edəcəyinə inanmıram. Yəni TAP Yunanıstan üzərindən, İtaliyadan davam edər.

- Yəni bu birmənalı şəkildə sizin qənaətinizdir ki, belə olacaq.

- Mənim qənaətim belədir - naz edilə bilər, bu cür layihələrin imkanları ola bilər, təhdidləri ola bilər, müxtəlif vaxtlarda çox pessimist bədbin işlər ola bilər, zaman-zaman çox nikbin şeylər ola bilər. Amma bu böyük layihələr belə tamamlanar. Bakı-Tiflis-Ceyhan xam neft boru xəttinin tikintisi zamanı da həddən artıq çox fərqli baxışlar olmuşdu. "Edilə bilməz" deyilmişdi, "həyata keçirilə bilməz" deyilmişdi. İndi borudan 2,2 milyard barel neft axdı. Hələ davam edir. 2,2 milyard barrel - yəni siz bunu 100 dollardan hesablasanız, bu 220 milyard dollar gəlir deməkdir. Yəni buradan bu qədər gəlir əldə edildi. Kimlərin azəri qardaşlarımızın, Qazaxstanın, Türkmənistanın - buradan fərqli netflər ixrac edildi. Ona görə mən bənzər bir işin davam edən strukturda reallaşacağına inanıram. Xırda nazların olması da normaldır.

- Xırda naz hətta gözəlləşdirir.

- Nazla əlaqəli daha bir cümlə var Türkiyədə: "Fazla naz aşiqi usandırar". Yəni məqbul, normal nazda heç bir problem olmaz.

- Türkmənistandan ala biləcəyiniz qaz hansı yolla daxil olacaq Türkiyəyə?

- 2 yolla da daxil ola bilər. Xəzərdən də - əlbəttə ki, Xəzərin statusu var. Məlumdur. Ətraf mühit şərtləri var. Yəni o dənizin statusu necədir - bunlar hələ dəqiqləşdirilməyib. Amma mən varın bölüşdürülməsi üçün bunun doğru olacağına inanıram. Yox paylaşıldıqca ölkələrin əlinə bir şey keçmir, var paylaşıldıqca ölkələrin əlinə bir şeylər keçir. Amma hansı yolla olur-olsun, Türkmənistan qazının Bakıya çatdırılması lazımdır. Hörmətli Bərdimuhəmmədovla da dünən hörmətli dövlət başçımız görüşdülər, bu mövzularda müzakirələr apardılar. Keçən ay - mayın 1-də Aşqabaddakı toplantımızda hörmətli Natiq Əliyevin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti hörmətli Şevçoviçin, istərsə cənab Məhəmmədovun iştirakı ilə dördlük bir toplantı keçirdik və orada hüquqi məcburiyyəti olmayan, amma gözəl bir mətn imzaladıq. Nəticədə əgər bir ölkə istehsal edirsə, çatdırılır, çatdırılırsa, istehlak edilir. Yəni bu zəncirin tamamlanacağına inanırıq biz. Türkmənsitan da bunun istisnası deyil, Türkmənsitan da bu ölkələrdən biridir.

- Və nəhayət sonuncu sualımı vermək istəyirəm. Bizim müsahibəmiz bir az gec başladı. Ona görə ki, biz gözləyirdik ki, siz gələsiniz və bu görüşün ərəfəsində - siz, sizdə "asansör" deyirsiniz - onun yanında QAZPROM-un prezidenti Millerlə görüşünüz oldu ayaqüstü. Yəni təsadüfi söhbətinizin mövzusu nədən ibarət idi və Türkiyə özünə lazım olan endirimləri, onu qane edən endirimləri, güzəştləri Rusiya tərəfindən ala bildimi? Təsadüfən, bayaq bu barədə danışmırdınız ki?

- Aldı, yəni bununla bağlı, endirimlərlə əlaqədar heç bir problem yoxdur. Bir də dünyanın gedişatı hara gedir, təbii qazda qiymətlər hara gedir, neft qiymətləri hara gedir, əlaqələrimiz necə olacaq - bütün bunlar üzərində geniş və böyük müzakirələr apardıq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31