“On insanın həyatını yaşamışam” – “Tərk edilmiş”in “Çirkin”i

Müsahibim aktyor Kamran Ağabalayevdir. O evlidir, Müslüm və Əli adında iki oğlu var. K. Ağabalayevlə Azərbaycan kinosu, teatrları və rol aldığı filmlər barədə söhbət etdik.

- İlk öncə sizi yaxından tanımaq istərdik, bizə qısaca özünüzdən bəhs edərdiniz.

- 1980-ci il martın 3-də Bakıda anadan olmuşam, 190 nömrəli orta məktəbi, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Əlaçı olmuşam. Azərbaycanlı olmağımla fəxr edirəm. Bəziləri nədənsə, bunu gizlətməyə çalışırlar. Bir çox ölkələri gəzmişəm və hər yerdə dediyim ilk söz, azərbaycanlı olmağımla bağlıdır.

- Hobbiləriniz və sizi tamamlayacaq özəlliklərinizi bilmək istərdik.

- Hobbilərim - filmlər və futboldur. Dünya kinosu və futbolunda baş verənləri yaxından izləyirəm. 7-8 il peşəkar futbolla məşğul olmuşam.

- Aktyor olmaq sizin arzunuz idi, yoxsa bu təsadüfən oldu?

- Aktyor olmaq arzum deyildi. Bu, hobbimdən irəli gələn bir şey idi. 6-7 yaşında olarkən, filmlərə baxıb onları analiz etməyi çox sevirdim. 9-10 yaşımda isə filmlər haqqında sərbəst resenziyalar yazırdım. Həmin illərdə bir çox qadağan olunmuş filmlər vardı. Sovet illərində "Rembo" və "Rokki" kimi filmlərin yayımı qadağan idi. Baxırdım, nəsə yazırdım. Aktyorların üzlərini görə bilmirdik, onlarla qəzet və jurnallardan qiyabən tanış olurduq. Məşhur aktyorların şəkillərini qəzetlərdən kəsib "eyni səhnə"də "oynadırdım". Başqaları topla, oyuncaq maşınlarla oynayanda mənim məşğuliyyətim filmlər idi. Beləliklə filmlərə olan marağım getdikcə inkişaf edirdi. Hüquq fakültəsini bitirəndən sonra da öz sənətim üzrə işləmədim. Ancaq kinematoqrafiya sahəsində çalışmışam, kinoya yaxın sahələrə üz tutmuşam. 6-7 il DVD, kasset kirayə sahəsində çalışdım. Çünki filmlərə daha da yaxın olmaq istəyirdim. Nəticədə buralara qədər gəlib çıxmışıq.

- Hansı filmə çəkildiyiniz üçün sonradan peşman oldunuz?

- Filmə çəkilməmişdən qabaq verilən ssenarini oxuyuruq. Əvvəl rejissorla görüşürsən, onun fikirlərini öyrənirsən, bəxtimdən çəkildiyim filmlərin hamısının rejissorları yaxşı olub. İndiyədək oynadığım elə bir film yoxdur ki, çəkildiyimə görə peşman olum. Hər bir film film gətirir. Rolun böyüyü kiçiyi yoxdur. Bəxtimdən heç vaxt ikinci planda oynamamışam, ancaq baş rolları ifa etmişəm. Aktyorluq peşəsinin bir xüsusiyyəti xoşuma gəlir ki, biz sadə insanlar deyilik. Sadə insanlar yalnız bir həyatı - özlərinə aid olanları yaşayırlar. Mənsə aktyor olaraq, inanıram ki, hardasa, 10 insanın həyatını yaşamışam. 9-nu bədii filmdə, biri də öz həyatımı yaşayıram.

- Bu on insandan hansı sizə daha yaxındı?

- Deyəcəm ki, "Qanun naminə"dəki Abutalıb obrazı mənə yaxındır, lakin qardaş cinayətkardır. Amma Abutalıbın bəzi prinsipləri var, hansı ki, o, yoxsullara əl tutmağı, ədaləti sevir. Hardasa Abutalıbın bu xarakterində mənə yaxın nələrsə var. "Tərk edilmiş"dəki "Çirkin" filmin mənfi qəhrəmanıdı, amma cəmi 3-5 saniyəlik kadrda bir kəlməsilə ürəyində rəhm olduğunu görürük. "Çirkin"in bu xarakteri mənə yaxındır. "Babu" filmində ata hər bir çətinliklərə baxmayaraq, müxtəlif üsullara əl atır, oğurlanmış qızını tapmağa çalışır. İnanıram ki, həyatda başıma belə bir iş gəlsə, bunu edərəm. Özümə yaxın olan obrazı isə hələ oynamamışam. 

- İnsanların hansı maraqları əsəblərinizə toxunur?

- Burunlarını şəxsi həyatlara soxan insanları heç sevmirəm. Hər bir insan öz həyatını yaşamalıdır. Bu həyata isə heç kəs nə burnunu, nə də başını soxmalıdır. Kim necə istəyir, elə də yaşayır. Bir də qeybəti sevmirəm. Olan, olmayan şeylər haqqında danışmaq yaxşı deyil. Bu həyat bizə bir dəfə verilir və onu da özümüz yaşamalıyıq.

- Mütaliə edirsiniz?

- Uşaq yaşlarımdan kitab oxumağı çox sevirəm. Başım son zamanlar Haruki Murakamiyə qarışıb. Bir şeyi isə, fəxrlə deyə bilərəm ki, Stiven Kinqin bütün kitablarını oxumuşam. Ondan yeni kitablar gözləyirəm. Bulqakovun "Master və Marqareta"sı mənim üçün şah əsərdir. Kafkanı oxumuram, oxumaq da istəmirəm. Ola bilər ki, bu fikrim insanlara qəribə gələcək, lakin onun əsərlərini bəyənmirəm. Mümkündür, insanlar deyəcəklər ki, "sən kimsən ki, Kafkanı bəyənmirsən?", lakin bu mənim şəxsi fikrimdir və öz fikirlərimə hörmətlə yanaşıram. Hazırda Murakamini oxuyuram, ondan sonra növbədə Erl Stenli Qardnerin bir əsəri var.

- Bəs, Azərbaycandan kimləri oxuyursunuz?

- Azərbaycan ədəbiyyatından klassikləri oxumağı daha çox sevirəm. Sabiri sevirəm, Axundovu sevirəm. "Hophopnamə"ni bəlkə də beş dəfə oxumuşam. Füzulini çox sevirəm, onun dünyagörüşünə heyranam. Zamanlarımız arasındakı böyük fərqə baxmayaraq, Füzulinin dedikləri günümüzlə səsləşir. Nizamini sadə yazdığına görə sevirəm. Günümüzə qədər bir-iki əsəri gəlib çatmış şairimiz var - İzzəddin Həsənoğlu. Az olsa da, İzzəddin Həsənoğlunu oxumağı çox sevirəm. Müasirlərdən isə, son zamanlarda oxuduğum Gülay Hüseynovadır. Kitabının adı "P.S: Zatən, boyun da kiçikdir". Rahat, birnəfəsə oxunan kitabdır. Oxudum və müəllifi də təbrik edirəm, çox sağ olsun.

- Digər gənc yazarlarımızdan kimləri bəyənirsiz?

- Yalan danışmayım, heç birini oxumuram. Gənc yazarların bu gün üçün olan fikirləri və dünyagörüşünü bəyənmirəm. Əgər fikirlərini bəyənmirəmsə, kitablarını heç bəyənməyəcəm. Gənclərimiz son zamanlarda bir az mənfi fikirli olublar. Özüm pozitiv insan olduğumdan, neqativlə bağlı heç bir şeyi sevmirəm. Bəlkə gələcəkdə daha pozitiv əsərlər yazacaqlar və oxuyacam, amma bu gün bəyənmədiyim üçün heç bir gənc yazarı oxumuram.

- Bir film çəkmək istəsəniz, mövzusu nə olardı?

- Yəqin ki, mistik qüvvələrlə bağlı film olardı. Mistik qüvvələrə inanıram, onlarla maraqlanıram. Nənə-babalarımızdan cinlər, şeytanlar, qulyabanilərlə bağlı çox əhvalatlar eşitmişik.

- "Tərk edilmiş" haqda danışardınız. Uğur qazandımı?

- Bəli, uğurlu film oldu. Artıq üç festivalda olub. Bundan sonra da festivallarda iştirak edəcək. Daha çox festival filmidi, art-xausa yaxın janrdı. Fəxr ediləsi məqamdır ki, Türkiyədə yazılan resenziyalar, məqalələrdə daha çox azərbaycanlı aktyorları bəyənirlər. O da maraqlıdır ki, Levent Ülgen, Hakan Vanlı, Nəriman Uğur kimi aktyorların adlarına toxunmayıb Kamran Ağabalayev haqqında yazırlar, deməli nəsə etməyə çalışmışam və alınıb. İnşallah, gələcəyə baxaq, görək bundan sonra nə olur. Türkiyədən yeni film təklifi almışam. Planda həm də "Tərk edilmiş"in davamını çəkmək var, həmçinin psixoloji triller janrında başqa bir film.

- "Tərk edilmiş"in "pis oğlanı"yla real siz arasında hansı fərqlər var?

- Böyük fərqlər var. Ən azından "Tərk edilmiş"in "pis oğlanı"nın məşğul olduğu sənəti heç bir halda insana yaraşdırmıram. Qadın alveri, orqan alveri ən murdar "iş"dir. Dünyanın ən alçaq, ən çirkin top-10 əməllərini saysam yəqin ki, birinci yerdə "Tərk edilmiş"in "Çirkin"inin həyata keçirdiyi işlər olar. İnsan dünyaya elə-belə gəlməyib. İnsan Allahın yaratdıqlarının ən üstünüdür. Onu satmaq olmaz, bu doğru deyil. Artıq bu, insanların öz vicdanına qalıb. Ona görə, "Çirkin"lə aramızda heç bir oxşarlıq yoxdur. Mən siqaret çəkənəm, amma o formada deyil. Düşünmüşdüm, siqareti necə çəkim ki, yadda qalsın. Çünki hər bir aktyor filmlərdə siqaret çəkir, lakin bunu fərqli etmək lazımdır. Bütün filmlərdən sonra keçirilən mətbuat konfranslarında ilk öncə sual olunurdu ki, belə siqaret çəkməyi haradan öyrənmişəm. Amma o bir obrazdır, xarakterdir və bu mənim işimdir. Həyata keçirmək lazım idi və bunu da etdim. Nə qədər uğurlu alınıbsa, bunu artıq Türkiyə və Azərbaycan mediası da yazır. O rola nəyi əlavə edə bilərsiniz deyə soruşsalar, "o xarakterdən bəzi şeyləri yığışdırardım", cavabını verərdim. 

- Hansı - mənfi, ya müsbət obrazlar sizə daha cazib gəlir?

- Əgər xarakterin yükü varsa, öz sözünü deyirsə, insanlara mesaj verə bilirsə, mənfi, ya müsbət obraz olsun heç bir fərqi yoxdur. Əgər rejissor məni hansısa obrazda görürsə, bu, mənim xoşbəxtliyimdir. Obrazlar arasında heç bir fərq görümürəm. Əsas onun daşıdığı yük və insanlara verdiyi mesajdır.

- Başqa bir məsələyə toxunaq. İnsanlar yeni çəkilən Azərbaycan seriallarından narazıdırlar, sizcə, günah kimdədir, rejissorda, yoxsa oyunçularda?

- Burada günah kollektivdədir. Film kollektiv işidir. Futbolumuzda olan problemlər, bu gün kinematoqrafiyamızda da var. Kinematoqrafiya da kollektiv işidir, burada söhbət təkcə rejissordan getmir. Heç bir rejissor təklikdə heç nə edə bilməz. Digər yandan kadr sıxıntılarımız, işıqçılar, yaxşı operator problemləri var. Aktyorların özlərində də problemlər var. Əgər aktyorun maddi sıxıntısı varsa və o, maddi sıxıntıyla çəkiliş meydançasına gəlirsə, fikri o maddi sıxıntının yanındadırsa, inanmıram ki, o aktyor verilən tapşırığı keyfiyyətli formada yerinə yetirə bilsin. Çünki, sən yaxşı oynamaq üçün yüz faiz öz fikrini oynadığın xarakter üzərində cəmləməlisən. Son çəkilən seriallarda hələ ki, bəyəndiklərim yoxdur. Filmlərimizdə isə bir az irəliləyiş var. "Nabat", "Axınla aşağı" filmləri sübut etdi ki, Azərbaycanda peşəkar filmlər çəkmək mümkündür. Bunun nəticəsidir ki, bir çox ölkələrdə yerlər tutdular. Film səbr işidir, bir az səbr etmək lazımdır, hər şey yaxşı olacaq. Çünki, dövlətin verdiyi dəstək yetərlidir, amma peşəkarlar işləməlidirlər. Bu barədə bir az problemlərimiz çoxdur.

- "Bacanaqlar" serialı barədə nə deyə bilərsiz? Seriala insanlar arasında maraq var. Bəs, siz, bu sahənin peşəkarı kimi serialı necə qiymətləndirirsiz?

- Bir söz deyə bilmərəm. Çünki bu serialın bir seriyasına belə baxmamışam. Sevilirsə nə yaxşı, insanlar maraq göstərirlərsə, deməli yaxşıdır.

- Fikrinizcə, insanlarda Azərbaycan filmlərinə maraq oyatmaq üçün daha çox hansı mövzulara üstünlük verilməlidir?

- Yaxşı olardı ki, sevgi mövzulu, ümumiyyətlə pozitiv filmlər çəkilsin. Mənfi mövzuların ekranlara çıxmasını sevmirəm. Çünki, insanlar belə filmlərə baxdıqca, daha çox vəhşiləşirlər. Günümüzün mediasında zatən, bu tip məlumatların sayı çoxdur. Biz nə həyatda, nə də filmlərdə bunları görmək istəmirik. Məsələn, Türkiyədə çəkilən 150 filmin 120-130-u pozitiv filmlərdir. Demirəm sırf komediya çəksinlər, bunun üçün müxtəlif mövzular var. Sevgi, idman filmləri çəksinlər. Tariximizdə o qədər idmançılar var ki. Hazırda bütün dünya onlardan danışır. Rusiya kinematoqrafiyası "Əfsanə nömrə 17"lə sübut etdi ki, Rusiyada belə filmlər daha çox sevilir. Bu filmlər insanlarda motivasiyanı artırır. Mən özüm də motivasiyalı filmləri sevirəm. Azərbaycanda da belə filmləri görmək istəyirəm.

- Bəs, Azərbaycan teatrlarında vəziyyət nə yerdədir? İnsanlar teatrlardan niyə qaçırlar?

- Düzdür, əvvəllər bir az durğunluq var idi, amma son zamanlarda teatrlara üz tutanların sayı artıb. Amma indi gəlməyə başlayıblar. Bizim doğrudan da teatrlarda dahi aktyorlarımız var. Məsələn, Qurban İsmayılov. Mən Qurban İsmayılovu Alpaçino və Deniroyla bir sıraya rahat qoya bilirəm. İstedadına görə, bəlkə onlardan da üstündür. Belə aktyorları öyrənmək lazımdır. Məsələn, Bəhram Osmanovun quruluşunda Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan "Müharibə" tamaşasını çox bəyəndim. Həm Qurban İsmayılovu, həm Kəmalə xanımı, həm Rasim Cəfəri, həm Nigar, həm də Roza xanımı çox bəyəndim. Onlar göstərdilər ki, Azərbaycanda gözəl aktyorlar və teatr tamaşaları var. İndi hər şeyi gözəl piar etmək lazımdır. Bunlar olduqca inanıram ki, insanlar teatrlara da gələcəklər. Azərbaycan teatrı keçmiş sovet ölkələri arasında ilk üçlükdədir. Biz bilirik ki, Böyük Moskva Teatrı dünyanın ən güclülərindən biridir. Əgər biz ilk üçlükdə varıqsa, demək bizim də deməyə sözümüz var.

- Gələcək planlarınız barədə danışardız.

- Türkiyədən iki yeni film təklifi almışam. Hazırda ssenarini oxuyuruq, baxırıq. Biri "Bütün dünya çirkin", biri "Bizlər Tanrı deyilik" adlanır. Hər ikisində baş rolu təklif ediblər. İnşallah, xeyirlisi, görək nə olur

- Bura qədər danışmaq istədiklərinizə əlavələriniz varmı?

- İnanıram ki, sabah bu günkü gündən daha yaxşı olacaq.


Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31