“Yalnız “anormal şəxslər” poeziya ilə məşğul ola bilər”

Emin Piri: “Niyə bazara gedən, bayağı və toy şeirləri yazmıram?!”

Müsahibimiz şair Emin Piridir. O, 1986-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində və Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr pilləsində təhsil alıb. 2008-2010-cu illərdə cəbhə bölgəsində tağım komandiri (leytenant) kimi xidmət edib. 2013-cü ildən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin məsul katibidir. Prezident təqaüdünə layiq görülüb. AYB və Gənclər Şurasının üzvüdür. 2014-cü ildə 2013-cü ilin yekunlarına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə, "Gənclər mükafatı" ilə təltif olunub. AYB-nin "Ən yaxşı şeir" və "Nəsimi" müsabiqəsinin qaliblərindəndir. Emin Piri yaxınlarda çap olunan, "Tanrının kölgəsi" adlı şeirlər kitabının da müəllifidir.

- İlk şeirinizi nə vaxt yazdınız, xatırlayırsızmı?

- Düzü, ilk şeirimin nə olduğunu xatırlaya bilmirəm. Amma əlifbanı öyrəndikdən sonra bir az cızmaqara etmişdim.

- Kimi özünüzə nümunə göstərirsiniz?

- Hər kəs mənim üçün nümunədir, eyni zamanda kimsə də nümunə deyil. Əgər həyat yolundan gedirsə, mənə daha çox ədəbiyyatdan kənar adamlar maraqlıdır. Çünki onlar normal kəslərdir. Yalnız "anormal şəxslər" poeziya ilə məşğul ola bilər.

- Siz də daxil olmaqla, indiki şairlərin çoxu sərbəst şeirlərə üstünlük verirlər. Qəzəl, qəsidə kimi şeir nümunələri demək olar ki, yaddan çıxıb.

- Qəzəl, qəsidə həmişə yaşayacaq. Amma bunlar müasir dönəmdə zamanını başa vurub. Düşünün ki, indi təyyarə və qatar varkən, hansısa uzaq ölkəyə faytonla gedirsən. Bu da belədir. Lakin qəzəli ərəbləşmədən çıxararaq, milliləşdirib yazsalar, niyə də olmasın? Mənə gəldikdə isə, heca vəznində də yazıram. Düzü, bunlar mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, hansı formatda  yazırsansa yaz, orada poeziya olsun.

- Özünüz, yoxsa cəmiyyət üçün yazırsız?

- Gəlin səmimi olaq, özümçün yazıram deyirəmsə, niyə mediada şeirlərimi çap etdirirəm, kitab təqdimatı keçirib insanları toplayıram?! Və yaxud cəmiyyət üçün yazıram desəm də yenə yalan olar, niyə bazara gedən, bayağı və toy şeirləri yazmıram?! Həm hamı, həm də heç kim üçün.

- "Tanrının kölgəsi"ndə daha çox kədərli mənzərələr əks olunub. Bu sizin daxili dünyanızla əlaqəlidir?

- Yalnız kədərli obrazlar var desəm, yalnış olar. Amma uşaqlığı və gəncliyi ya SSRİ-nin dağılmasına, ya da Qarabağ müharibəsinə düşən hər kəsin həyatında qara bir zolaq çəkildi.

- Hər kəs şair ola bilərmi, yoxsa şair öz anasından şair kimi doğulur? Bu sualı ona görə verdim ki, ədəbiyyat bazarında qalaq-qalaq kitabları olan yüzlərlə şair var.

- Mənim bu barədə nəsə deməyim, yaşımdan böyük çıxar. Amma şair olunmur, şair doğulur, şair yaşanılır. Yəni, bu fikirlə, kitablarla olan iş deyil, həyat məsələsidir.

- Ən sevdiyiniz şeiriniz hansıdır?

- Ayrı-seçkilik salmaq istəməzdim. Sonra şeirlərim məndən inciyər. Bu həm də ovqat məsələsidir. Bəzən imtina etdiyim şeiri, hansısa məqamda yenidən xatırlayıram. Amma hansı şeirimin bir-birindən nəylə fərqləndiyini, hansının necə olduğunu hər kəsdən yaxşı bilirəm, bu da mənim sirrimdir.

- Bəs, şairlə yazıçının arasında fərq nədir, bu fərq təkcə onların poeziya, yaxud nəsri seçməsiylə məhdudlaşır?

- Şairlik emosiyadır, dəlilikdir, dirilikdir, dəcəllikdir, uşaqlıqdır. Nasirlik isə daha çox səbr, zəhmət, təcrübə istəyir. Əgər insan ömrünə bənzətsək poeziya - gənc, dəlisov, şıltaq bir oğlandır, nəsr isə orta yaşlı, müəyyən həyat yolu keçmiş, təcrübə qazanmış səbrli müdrik biri. Hətta deyərdim şair və nasir bir-birinin tam əksidirlər. O ki, qaldı poeziyaya, nəsrdə də mükəmməl poeziya nümunələri yaratmaq olur.

- Özünüz üçün hədəf olaraq, nə qədər oxucu kütləsi təyin etmişdiz?

- Oxucu heç vaxt mənimçün hədəf olmayıb. Bəzən elə biri mənim şeirimi bəyənər ki, onu minlərlə insandan üstün tutaram. Poeziya da kəmiyyət yox, keyfiyyət önəmli olduğu kimi, oxucuda da buna getmək lazımdır. Birinci təqdimatım olduğu üçün dəqiq say deməyə acizəm.

- Özünüzü ifadə etmək üçün gücü necə əldə edə bildiniz?

- Təklənəndə özümü daha güclü hiss edirəm. Amma mənə əsl gücü verən daxilimdə yatan dəcəl uşaqdır.

- Şair olmaq həyatın sizə təqdim etdiyi ən böyük hədiyyə idi?

- Bu nə hədiyyədir, nə cəza, nə də mənim seçimimdir.




Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31