“İstəklə doğulmadım”

İradə Aytel: “Yazanda heç kimi düşünmürəm, özüm üçün yazıram, iç dünyamı, İradəni yazıram”

Yazıçı İradə Aytelin "Olaylar"a müsahibəsi.

- Müvəffəqiyyət qazanmaq üçün təhsil əhəmiyyətlidir, lakin çətin bir dövrdə başladığınız üçün hansı çətinliklərlə qarşılaşdınız?

- Bəli, müvəfəqiyyət qazanmaq üçün təhsil əhəmiyyətlidir, əgər tutduğun yol elmə, yaratmağa, yaşatmağa, bəşəriyyətə xidmətə doğru gedirsə bu belədir. Lakin elə müvəffəqiyyətlər də var ki, fərdin yalnız özünə xidmət edir. Belə olanda, təhsilin əhəmiyyəti olmur. Müvəffəqiyyətin zirvəsində olan təhsilsizlər çoxdur. Bəli, mənim orta və ali məktəblərdə təhsil aldığım illər çətin zamana təsadüf edib. Çətinlikləri adlasam da, xoşbəxtəm ki təhsilliyəm. Bəlkə də çoxları mənimlə razılaşmayacaq, amma təhsili, savadı, intellekti olmayanlarla zaman keçirmərəm. Anam da təhsilsizdir, lakin o, ömrünün 45 ilini ali təhsilli əriylə - atamla keçirib və tibb bacısı kimi həkim atamın sağ əli olub. Odur ki, ailəmizdə oxumaq ən vacib şərt olub. Təhsilə çox böyük önəm verirəm. Ailədə ananın təhsilli olması isə daha vacibdir. Belə olanda övladlar elm sahibi olurlar.

- Sizi digər yazıçı həmkarlarınızdan fərqləndirən üstünlükləriniz nələrdir?

- Məni həmkarlarımdan çox şey fərqləndirir. Az yazıram, mütaliəyə az zaman ayırıram. Məsələn, Kənan Hacı ilə müqayisədə. Özünüreklamla məşğul olmuram və sair. Siz üstün cəhət dediniz, əslində heç bir üstün cəhətim yoxdur. Bircə yerdə özümü üstün bilirəm. Qalaq-qalaq kitabları, ad-sanları olan yazarlar var ki, adi orfoqrafiyanı bilmirlər. İnanın səmimiyyətimə, adlı-sanlı baş redaktorlar, yazıçılar var ki, bağlayıcı ilə ədatın fərqini bilmirlər, onlara baxanda özümü üstün sayıram.

- Yazarkən xəyal gücünüz ən çox nəyə zorlanır?

- Əslində yazarkən zorlandığım heç bir şey yoxdur. Yazmayanda zorlanıram. Yazmaq üçün içimdəkiləri demək üçün çox zorlanıram. Yazanda isə sanki yenilənirəm. Ürəyim boşalır, dincəlirəm. Yazmağa başladımmı, qələmi mən yox, qələm məni aparır. 2003-cü ildə övlad itkisi yaşadım. Bir il heç nə yazammadım və demək olar ki, bu dünyadan təcrid oldum. İnsanlara da yovuşmurdum. Bir gün kompüter arxasına keçdim və "Yetim laylalar" hekayəmi yazdım. O hekayədən sonra sanki bu dünyaya yenidən gəldim. O bir ildə çəkdiklərimin hamısı vərəqlərə tökülərək, içimi təmizlədi.

- Kitablarınızı bir ictimai mesaj düşüncəsi ilə yazırsınız, yoxsa bu yazdıqca düşüncələrinizə görə şəkillənir?

- Yazanda heç kimi düşünmürəm, özüm üçün yazıram, iç dünyamı, İradəni yazıram. Əgər yazdıqlarım sonra kitab olursa, cəmiyyət tərəfindən necə qarşılanacaq, bunu da fikirləşmirəm. İctimaiyyət mən özüməm. Özümə hesabatım daha vacibdir. Köşə yazılarımı isə birbaşa icimaiyyətə mesaj olaraq yazıram.

- Çapa getdikdən sonra imtina etmək istədiyiniz kitabınız olub?

- Kitablarımı sevirəm. İlk kitabım o qədər zəifdir ki, ilk yox, əslində çoxusu, bəlkə də hamısı zəifdir. Lakin, heç birindən imtina etmək fikrim olmayıb. Heç birinin çapına peşiman deyiləm. Bircə "İkimizin bir evimiz varıydı" şeirlər kitabının üz qabığının dizaynından narazı qalmışam. Kitabın çapında birbaşa tanınmış dizayner Ramiz Hümbətovun əməyi olub. Ramiz müəllimi sağ olsun, kitaba dağ-dərə şəkili qoyub. Bu mənzərəni heç sevmirəm. Yəni, təbiəti çox sevirəm, kitabdakı şeirlərin o üz qabığına, ya da o üz qabığının o şeirlərə heç bir dəxli yoxdur.

- Son dönəmlərdə mətbuatda ara-sıra dərc olunan yazılarınızda bir kədər hiss olunur? Nə baş verir, İradə xanım?

- 2003-cü ildə yaşadığım itkinin daha çətinini 2014-cü ildə yaşadım. Atam dünyasını dəyişdi. Yenə yaza bilmirəm, yenə dünyadan təcridəm. Tədbirlərə qatılmıram, efir dəvətlərindən qaçıram, yaza bilmirəm. Hər gün atama məktub yazmaq istəyirəm, amma yaza bilmirəm. Bəlkə də atama məktubum məni yenidən həyata qaytarar. Bilmirəm. Son zamanlardan danışmayaq.

- Sizin üçün zaman nə deməkdir?

- Mənim üçün zaman məfhumu yoxdur. Zamanı mən özüm yaradıram. Yazmağa görə özümə zaman ayırmıram, yazmaq üçün zaman yuxuda da, oyaqkən də, işdə, evdə və həmişə var. Yazmaq üçün sadəcə içdən vəhy gəlməlidir ki, qələmi götürəsən. O "filan işə vaxtım yoxdu" deyənlərin səmimiyyətinə inanmıram. Tanrım hər şeyi zamanında yaratdığı kimi, hər bir iş üçün də kifayət qədər vaxt verib, sadəcə ondan səmərəli istifadə etmək lazımdır. Düşünməyin ki, mən zamandan doğru istifadə edirəm, qətiyyən elə deyil. O qədər yatağanam ki, indiyədək yuxuya sərf etdiyim vaxtı əslində daha səmərəli istifadə edə bilərdim.

- Bəs sizin üçün önəmli olan nədir?

- Mənim üçün önəmli olan nə yazmaq, nə də şöhrət deyil. Mənim üçün önəmli olan sevilmək, sevimli xanım, təhsilli, qayğıkeş ana olmaqdır, savadlı, tərbiyəli övladlar yetişdirməkdir. Önəmli olanı deyirəm, arzularımı yox.

- "İstəkdən yoğrulsan da, İstəklə doğulmadın"

- Hə, istəklə doğulmadım, o qədər çox idi arzum, arzumdaca boğuldum. Mən doğulanda atam oğul istəyirmiş. Çox vaxt mənə "oğlum" deyirdi. İstəklə doğulmadım.

- Ən çox nəyin yoxsulluğunu yaşayırsız?

- Evimdə səs-küyün yoxsuluyam!

- Azərbaycan yazarları içərisində "bu adamın əsərləri məni yazar olmaq üçün həvəsləndirdi" dediyiniz bir yazar varmı?

- Uşaq hekayələrimi məhz Aləmzər Əlizadədən güc alıb yazmışam. Gəncə Yazıçılar Birliyinin məsləhətçisi, müasir Azərbaycan uşaq ədəbiyyatının sütunlarından biri və birincisi olan Aləmzər Əlizadədən. Şeirlərimi içimdəki səsdən güc alıb yazmışam, nəsrimi isə, Azərbaycan ədəbiyyatında sevdiyim şair və nasirlər çoxdur. Lakin konkret olaraq kimdənsə güc alıram desəm, yanılaram. İçimdəki səs olmasa yüz dəfə Ramiz Rövşəni oxuyum, yenə bir bənd də yaza bilmərəm.

- Yazarlığa gənc namizədlərə təklifləriniz nələrdir?

- Yazmaq istəyənlərə bir sözüm var, yazmaq qızıldırsa, mütaliə o qızılın cilasıdır.

- Günümüzün ədəbi mühiti necə görünür?

- Mühitdə adı gələcək nəsillərə çatacaq yazarlarımız var. Bu çox yaxşıdır, amma pis tərəfi daha çoxdur. Hamı əlinə qələm alıb, hamı yazar olub. Olsun, məni daha çox qıcıqlandıran isə, ədəbiyyata dəxli olmayan bəzilərinin ədəbi mühitdə at oynatmasıdır. O at oynadanlar isə özü kimilərini başına yığıb, özlərini reklam etməklə məşğuldurlar. Daha dəhşətlisi də budur ki, kütləvi informasiya vasitələrinin çoxusu elələrinin əlindədir. Bu isə xalqı təbəqə yox, kütlə olaraq formalaşdırır. Ramiz Rövşəndən, Musa Yaqubdan, Aləmzər Əlizadədən və başqalarından daha çox cığatellər, nazilələr, turallar ədəbiyyata sıranır. Bu isə ədəbi zövqləri tənəzzülə doğru aparır. Təəssüf ki, bu kimi hallar təkcə ədəbiyyatda deyil, digər sahələrdə də var. Zaman bu prosesi əridib süzə biləcəkmi?! Gözləmək lazımdır.

- Əgər bir tısbağanın çanağı yoxdursa, o çılpaqdır, yoxsa evsizdir?

- Tısbağanın çanağı yoxdursa, o nə evsiz, nə də çılpaq deyil. O sadəcə bədbəxtdir! İndi mən sənə sual verirəm, niyə heç sevgidən danışmadın? Yaramın qaysağınamı qıymadın?


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31