“Beynimdə bir roman dolaşır”

Seymur Elsevər: “Özümüz olmaqdan kənara çıxmaq, sapınmaq fayda verməz”

Həmsöhbətim tanınmış mədəniyyət yazarı, sənətşünas Seymur Elsevərdi. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının üzvü, bir sıra mükafatlara layiq görülnüş Seymur bəy müxtəlif illərdə  Gənc Tamaşaçılar və Milli Dram Teatrlarında, "Səhər", "Kino" "Press fakt", "Panorama" və "Ekspress" qəzetlərində, Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda 15 il mədəniyyət sahəsində müəssisə rəhbəri olaraq çalışıb. Eyni zamanda o bir sıra teleradio qurumları ilə əməkdaşlıq edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Ədəbi iş" və "Ekran dramaturgiyası", "Kino tənqidi", "Kinososiologiya", "Kino tarixi" fənlərindən dərs deyib. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiəsinə hazırlaşır.

Seymur Elsevər özündə olan yaradıcılıq qabiliyyətini hələ orta məktəbin aşağı siniflərində oxuyarkən hiss edib. Ədəbiyyat və teatra  marağı ilə əksər sinif yoldaşlarından  seçilən  Seymur bəy 10 yaşından şeirlər  yazmağa başlayıb. Və təqribən bir il beləcə davam edib. Sonra nədənsə indiyədək özünə də aydın olmayan səbəbdən şeir yazmaq həvəsi sönüb. Baxmayaraq ki, bütün məktəb ona şair gözüylə baxırdı, amma o bu iddiadan uzağıydı.  Ona görə də şeirdən əl götürüb, içində baş qaldıran arzunun təhrikiylə keçmiş 26 Bakı Komissarı adına mədəniyyət sarayına üz tutub. Həmin illərdə orada  orta məktəb şagirdlərinin iştirakıyla "Şəfəq" dram studiyası fəaliyyət göstərirdi. Həmsöhbətim deyir ki, biz studiyada  hazırlanan tamaşalarda müxtəlif rollar oynayırdıq. Həmin illərdə qiraətlə və tamaşalarda ifa etdiyim rollarla  özümü aktyor kimi  sınaqdan çıxardım. Sonrakı illərdə isə bunun davamı olaraq, o zamanki Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.)  təhsil almaq qərarına gəldim."

Beləcə, Seymur Elsevər 45 yaşın tamamında  bizi maraqlandıran məsələlər barədə suallara özünəməxsus cavabı,  yanaşma tərziylə qarşınızda.

- Yazılarınızda bədiilik, bu yöndə istedadınız açıq-aşkar duyulur. Özünüzü bilavasitə ədəbiyyata həsr etmək fikriniz  var?

- Neçə müddətdi poeziya yox, nəsrlə bağlı fikirlərlə qolboyunam. Müəyyən mövzular var, inşallah  onları povest, yaxud roman kimi işləmək istəyirəm. Beynimdə dolaşan bir romanın  strukturu da hazırdı. Sadəcə oturub yazmaq qalır. Özümü dramaturq hesab etmirəm, heç bir teatrda da pyeslərim oynanılmayıb, amma bir neçə pyes yazmışam.  Üzərində bir qədər də işləyib, səhnəyə yararlı vəziyyətə salmaq olar. Ola bilsin gələcəkdə dramaturji fəaliyyətimi qurdum, lakin indi bu barədə danışmaq tezdi. Qaldı ki, yazılarımdakı bədiiliyə, hesab edirəm, jurnalist bədii təfəkkürə, yaradıcılıq imkanlaına sahib olsa, yazıları daha maraq doğurar və həvəslə oxunar. Bu baxımdan özümü klassik Azərbaycan jurnalistika məktəbinə aid edirəm. Müasir jurnalistika əsasən eləcə  faktı götürüb fiksasiya eləməyə - çevik şəkildə oxucuya, tamaşaçı və dinləyiciyə çatdırmağa meyllidi. Hazırki əksər jurnalistin qeyri peşəkarlığını, bədii təfəkkürə, yetərincə məlumat bazasına malik olmamasını bir kənara qoyaq, necə deyərlər, faktı quruca çatdırmaq sarıdan da fəaliyyəti kəm-kəsirlərlə doludu. Qloballaşmanın gətirdiyi bəzi məsələlər, vaxt qıtlığından informasiyanı emal edib, doğru-dürüst, yararlı şəkildə çatdıra bilməmək və sair xoşagəlməz mənzərə yaradır. Hadisələrə operativ müdaxilə  ümumən jurnalistlərdə yaradıcı keyfiyyətlərin itməsi, qeyri-səhihlik, obyektivlikdən uzaqlaşma ilə nəticələnir. Bununla belə şükür ki,  az sayda olsa da, mətbuatda peşəkarlar var.

- Kimləri oxuyursuz?

- Son illər müntəzəm olaraq kitab oxumuram. Amma mütaliədən kənarda da qalmamışam. Müasir müəllifləri, milli klassik və  dünya ədəbiyyatı nümunələrini, ixtisas yönümümə aid əsərləri mütaliə edirəm.  Ara-sıra vaxtilə oxuduğum kitabları təkrar nəzərdən keçirirəm.

- Sizi daha çox mədəniyyət sahəsinə aid və publisistik yazılarınızla tanıyırıq, bu sahədə təcrübəyə maliksiz. Hazırki dövrdə  publisistikanın vəziyyəti sizi qane edir?

- İndi publisistik yazılara meyl edənlər çoxdur. Son 10-15 ildə üzə çıxan köşə yazarlarının qələmə aldıqları demək olar, publisistika nümunələridi.  Yəni bu günün publisistikası əsasən   köşə yazılarından ibarətdi. Əvvəllərsə  publisistikanın sərhədləri və  biçimi fərqliydi. Bu gün tiraja hesablanmış yazılar çoxdur. Şəxsən mən, yazımı oxusunlar deyə mənəvi ölçülərdən kənara çıxmaram. Müəyyən çərçivələr var ki, onları aşmaq mənim nəzərimdə arzuolunan deyil. Əgər adamın içində daxili senzura varsa, o istər-istəməz müəyyən qaydalar sistemi yaradacaq. Təəssüf ki, indi xüsusilə bir çox gənc yazarlarda daxili  senzura yoxdu və onlar nə gəldi yazırlar. Hətta  həqarətdən belə çəkinmirlər. Halbuki problemləri adamlara təhqir və söyüş diliylə çatdırmaq yalnış yanaşmadı. Fərqlənmək üçün müəyyən dəyərlərə sayğısız mövqe tutmaq istəyi  doğru deyil. Yazarkən, hər hansı fikri söyləyərkən,  ölçüb-biçmək gərəkdi. Adi bir səhvlə uğursuzluğa yuvarlana, tam doğru  seçimlə uğur  qazana bilərsən. Bu baxımdan  həmin adamları axtarış yolunda hesab edirəm. Özünü  tanıtmağa iddialı olmaq yaxşıdı, lakin gərək iddialarla imkanlar üst-üstə düşsün. Tutalım, mən kosmosa uçmağa iddialıyam. Amma ömrümdə heç vertolyot sürməmişəm, hətta, bunu təsəvvür edə bilmirəmsə, kosmosdan dəm vurmağım gülünc olar. Yəni, yaradıcı adam əvvəlcə öz imkanlarını dəyərləndirməyi bacarmalı, sonra  bunun üzərində inkişaf etməyə çalışmalıdı.

- İnkişaf üçünsə, kitabların rolu əvəzssizdir. Amma bu gün adamlarda  mütaliəyə, yumşaq desək, etinasızlıq var. Sizcə, səbəb nədir?

- Bunun  səbəbləri bir deyil, iki deyil.  Məsələn, sovet dövründə mütaliə ideoloji işin tərkib hissəsiydi. Buna görə də geniş kitabxana və  kitab satışı şəbəkəsi qurulmuşdu. Kitabı oxumağın gərəkliyi adamlara aşılanırdı. Görkəmli və tanınmış müəlliflərlə yanaşı, gənc yazıçıların ilk kitabı silsiləsindən nəşrlər, ədəbi jurnallarda çap olunmağın məsuliyyəti və sair vardı. Kitabxanalara dövlət inhisarında olan nəşriyyatların çap etdiyi bütün kitab, jurnal və qəzetlərdən  nüsxələr göndərilirdi. Mağazalar həmin kitab, jurnal və qəzetlərin satışıyla məşğuluydu. Üstəlik, müntəzəm şəkildə şair, yazıçı və tənqidçilərlə orta, ali məktəblərdə, mədəniyyət evi və saraylarda, hətta, zavod-fabrikdə, kolxoz-sovxozlarda görüşlər keçirilirdi. Və təbii ki, bütün bu sadalananlar kitaba, qələm adamına, ədəbiyyata dəyər verməklə nəticələnirdi. İndisə belə işlək sistem yoxdu. Səbəbin biri budur. Amma ən başlıca səbəb artıq iyirmi dördüncü ildi müstəqilliyə qovuşan ölkəmizdə ideologiyanın olmamasıdı. Kitaba, yazıya maraqsızlığın digər səbəbi  elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdəki boşluqlarla bağlıdı. Digər yandan anaların uşaqlara nağıl, bayatı danışmaq, onları milli-mənəvi dəyərlər üzərində kökləmək ənənəsi getdikcə çıxdaş olur. Bunun yerini əcnəbi cizgi filmləri, kompüter oyunları, müxtəlif əyləncələr tutur. Bir anlıq fikirləşmək olar ki,  müsasirələşirik, yeniliklərə qucaq açırıq. Amma elə təməl  məsələlər var ki, ondan imtina etmək düzgün deyil. Xalqın min illərdən keçib-gəlmiş, milli təfəkkürünə, düşüncəsinə oturuşmuş dəyərləri var. Yaşlı nəsillə gənclər arasında bu baxımdan  kəskin fərqlər nəzərə çarpır. Texniki tərəqqi kitablar və ənənələrin unudulmasına, adamlarda  yadlaşmaya, soyuqlaşmaya gətirib çıxarır.   Gənclik məlumatları kitablardan əldə etmək əvəzinə, məlumatların daha tez əldə olunmasına şərait yaradan internetə meyllənirlər. Kitabın aşıladığı üstünlüklər, qələmlə yazmağın həzzi bir başqadı. Qələmlə yazanda adamın enerjisi, hissiyatı, bədənindəki isilik o yazıya hopur. Klaviatura isə adamı  avtomatlaşdırır.  Kitabdan uzaqlaşamaq müəyyən fəsadlara yol açır. Qeyri-sabit yaşayış tərzi, mənəvi dəyərlərin arxa plana keçməsi, əşyabaz olmaları adamları milli-mənəvi dəyərlərdən uzaqlaşdırır. Əşyabaz adam  çətin ki, kitabı seçsin. Əlbəttə, sovet dövründə də  əşyabazlar var idi. Amma bu gün vəziyyət daha acınacaqlıdı.  Adamlar hər şeyə daha tez sahib olmaq istəyirlər. Ailə quran kimi çaparaq avtomobil, ev almağa çalışırlar. Əvvəllər isə bu proses tədricən həyata keçirdi. İlk baxışda bu yaxşıdır, amma  ailədə birgə qurub-yaratmaq mədəniyyəti var. Bu isə  zəhmətə qatlaşmadan, eniş-yoxuş adlamadan mümkünsüzdü. Hazırki vaxtda deyilən dəyərləri itiririk. Maddiyyat əsirinə çevrilmək mənəvi aşınmaya yol açır. Adamlar canlı ünsiyyətdən qaçır. Çoxları üçün otağa qapanaraq, bir düyməylə dünyayla virtual əlaqə yaratmaq sanki hər şey deməkdi.  Qohumu, dostu, yaxın adamı ilə üz-üzə gəlməkdən, ünsiyyətdən qaçanlar  arasında bir-birinə qarşı qəribə, izaholunmaz acıq-qıcıqlı münasibət formalaşır.  İndi küçədə əksər adama  bir söz demək mümkün deyil, dərhal əsəbləşir, dözümsüzlük göstərir.  Boşanmaların sayının artması da qloballaşmanın gətirdiyi sadaladığımız və ayrıca danışmadığımız amillərlə  bağlıdır. Düzdür, internetin  üstün, gərəkli tərəfləri var. Amma  digər baxımdan  "hörümçək toru"nun yaratdığı virtual əlaqələr adamların real həyatında soyuqluq əmələ gətirir və insanları mənəvi məsələlərdən  uzaqlaşdırır. Bizim gənc dövlətimiz üçün bu proses onun inkişafının ilkin mərhələsində baş verir. Təəssüf ki,  dəyərlərin bərpası üçün 30, 40, 50 il və daha çox müddətlazım gələcək.  Baş verənlərə bəraət qazandırmaq çətindi. Ona görə də  çalışmalı, ilk növbədəsə dəyərlərin vacibliyini anlamalıyıq.

- Kitablarla yanaşı, qəzetlər də çıxdaş olur. Yaxşı ki, məlumat  əldə etmək üçün çoxlu sayda internet saytları, sosial şəbəkələr var. Lakin adamlar  yenə də dünyada baş verən proseslərdən məlumatsızdırlar.

- Cəmiyyətin həyatında əsas informasiya mənbəyi geniş auditoriyaya malik telekanallarıdı. Televizyalarda dilin vəziyyəti bərbaddı, mənəvi dəyərlər arxa plandadı. Demək olar ki, mənəviyyat, maarifçilik məsələsi üzərində sanballı bir veriliş yoxdu. Tutaq ki, on veriliş varsa, bunun yalnız biri bu məsələlərdən bəhs edir, doqquzusa şou xarakterlidir, qalmaqal yaradacaq, səs-küyə səbəb olacaq ucuz proqramdı. Telekanllar əsasən reytinq, baxımlılıq dalınca qaçırlar. Sanki hansısa qüvvələrin marağındadır ki, insanların başı bu tip şeylərə qarışsın və onlar öz köküylə, vacib olan digər məsələlərlə maraqlanmasınlar. Cəmiyyətin yalnız az qismi baş verənlərdən xəbərdardı. Qalanlar isə süni gülüş yaradan məsələlərə diqqət ayırırlar. Saytlarda da ciddi xəbərlərin yerinə çəkisi az olan məlumatlar daha çox oxunur. Bütün inkişaf etmiş ölkələr  bu mərhələni keçiblər. Bizim cəmiyyətimizdə də zaman-zaman onun inkişafına təkan verən ziyalıların rolu qabaracaq. Hələlik isə bu sarıdan vəziyyət acınacaqlıdı. Nə qədər ki,  qeyd etdiyimiz məqamlar  həllini tapmayıb, istər mütaliə, istər ciddi oxucu, ümumi intellekt məsələlərində kəsirlər olacaq. Bir məqama da diqqət etmək yerinə düşərdi. Deyilənə görə, bağçalarda dünya xalqlarının nağılları aşılandığı halda, bizim "Göyçək Fatma"nın nağılından bəhs edilmir. Söz yox, Qrimm qardaşlarının, Andersonun nağıllarıyla tanışlıq yaxşıdı, amma gərək öz nağıllarımızı  unutmayaq. Bəs, "Məlikməmməd"i kim oxuyacaq? Bu işi kənardan gələn kimsə yox,  özümüz görməliyik. Dilimizin imkanlarını aşılayan çox gözəl dastanlarımız, nağıllarımız, folklorumuz var. Bizim aşıq dastanlarımızda ibrətamiz məqamlar qabardılıb, dilmizin imkanlarını aşılayan -  adət-ənənələrimizin gözəlliyini, namus-qeyrət məsələsinə verdiyimiz dəyəri, saflıq, əhdi-peyman məsələlərində təpərimizi, qətiyyətimizi göstərən saysız-hesabsız nümunələr var. Niyə biz bunu aşılamırıq, onlarda yaxşı bir şey görmürük? Nəyə görə, xristian, məsələn, bizim qızların gəlin köçərkən  qırmızı geyinməyini, ədəb-ərkanla bağlı dəyərləri götürmür, biz tez onlara sarı qaçırıq? Əslində isə bu gün Qərb əldə etdiyi nailiyyətlərin əksərinə Şərqdən öyrəndiklərinin, görüb-götürdüklərinin əsasında yiyələnib. Bütün bunları nəzərə almaq, dəyərləndirmək lazımdır. Özümüz olmaqdan kənara çıxmaq, sapınmaq fayda verməz!

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31