“Saatlarla şəkillərlə danışıram”
Nəvai Metin: “O pulları da, o xırda-para dostları da xərclədim”
25 May 2015 14:26 MüsahibəAzərbaycan Rəssamlar İttifaqının üzvü, UASB-nin (Türkiyə) Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başqanı, rəssam Nəvai Metinin "Olaylar"a müsahibəsi.
- Nəvai bəy, rəssamlıq qabiliyyətinizi necə kəşf etdiniz, sizi dəstəkləyən oldumu? Fəaliyyət göstərdiyiniz sahənin təhsilini almısınızmı? Bizə, bir az özünüzdən danışardınız.
- Şairin bir sözü var, deyir, uşaqlıq elədim böyüdüm. Mən də uşaqlıq elədim, rəssam oldum. Nə vaxt başladığımı deyə bilmərəm, amma onu bilirəm ki, uşaqlıq səhvlərimdəndi. Amma, bu səhvi yenə təkrar edirəm. Peşiman deyiləm. İlk dəstəkçim nənəm olub. Cızma-qaralarımı qoruyub, məni həvəsləndirib. Uşaqlıqdan rəsmlərə olan həvəsim məni o vaxtkı Lenin adına Pedoqoji İnstitutun Bədii qrafika fakültəsinə gətirdi. Təhsilimi orada başa vurdum. İnstitutdan sonra bir sıra vəzifələrdə çalışdım, öz şirkətimi qurdum. Amma gördüm ki, yox, rəsm olmasa olmur. Yenidən rəssamlığa qayıtdım. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 2012-ci ildən isə (Türkiyə) UASB-nin Azərbaycan Təmsilçisi və Rəsm Komitəsi Başkanıyam.
- Çəkərkən nə düşünürsüz?
- Rəssamlıq təkcə şəkil çəkmək deyil. "Mən şəkil çəkirəm, rəssamam" deməklə rəssam olmaq olmur. Bunun üçün rəssam kimi yaşamaq, rəssam kimi düşünmək lazımdı, bu halda rəssamlıqdan danışmaq olar. Saatlarla atelyedə oturub şəkillərlə danışıram. Ağ kətan təzə doğulan uşaq kimidi, sonda kim olacaq məlum deyil. Üzərinə nə çəksən, bu onun yaşayacaq həyatı olacaq. Beləliklə onun istiqaməti məlum olur, elələri də var ki, doğulan kimi ölürlər.
- Əsərlərinizə mücərrəd yöndən baxırsız?
- Yox, mən mücərrədçi deyiləm, işlərimə real yöndən baxıram. Rəsmə baxan hər kəs onun mənasını başa düşməlidir. Mücərrədçi dostlarım məndən inciməsinlər, amma onlara da hörmətim var. Realizmə üstünlük verirəm. Məhəmməd adında əziz qohumum var. Bir gün Məhəmmədlə bir mücərrədçi rəssamın yanına getdim və gördüm ki, bir əsərə maraqla baxır. Xeyli baxdı. Sonra əsər haqqında məlumat verdi, "bu adamdı, atın üstündə, ata qarpız verir". Məhəmməd mat-mat baxdı və ordan çıxdıq, gördüm çox fikirlidi. Dedim "Nə olub?", dedi "Qadan alaram, mən orda nə at gördüm, nə qarpız, nə də adam". Amma onu deyim ki, o rəssam dostuma böyük hörmətim var.
- Rəsmlərinizi tarixin hansı dönəmi üzərində çəkirsiniz?
- Rəsm çəkmək üçün vaxt təyin etmirəm, belə bir şey yoxdu. Gəldi çəkəcəksən, gəlmədisə göyə qalxsan da alınmayacaq. Ona görə də, zaman anlayışı yoxdu. Bəli, sifariş olarsa, vəziyyət dəyişir. Yaradıcılıq işi fərqlidir. Amma, buna baxmayaraq cəmiyyət daxilində baş verən proseslərə biganə qalmaq olmaz. Hamıdan əvvəl sənətçi günümüzün hadisələrinə reaksiya verməlidir. Məsələn, mayın 19-da Bakıda baş verən yanğın hadisəsi bu qəbildəndir. Bu hadisəyə etinasız yanaşmaq doğru deyil. Bu haqda yeni əsərim üzərində işləyirəm, hələlik eskiz variantı hazırdır.
- Şəkilləri diqqətə cəlb edən rənglər hansılardır?
- Rəng məsələsi bir az qəlizdir, yəni nə çəkirsən, necə çəkirsən, mövzu nədi - bunlar hamısı şərtdi. Təbii ki, faciələri əks etdirən rəsmlərə al-əlvan rənglər qatmaq doğru deyil. Bütün rənglər gözəldi, hərəsinin öz yeri var.
- Hansı əsəriniz sizə məşhurluq qazandırdı?
- Azərbaycanda 1987-ci ildən başlayan Azadlıq Hərəkatı zamanı biz tələbə idik. Ölkədə cərəyan edən proseslərə biganə qala bilmədik. Yaxşı yadımdadır, o vaxt Şəhriyarın portretini çəkdim. Həmin dönəmdə əsər qiymətini ala bilməsə də, sonrakı dövrlərdə məşhur oldu. Qəzet, jurnal və telekanallarda yayımlandı. Bəlkə də bu əsər yolumu dəyişdirdi. Satdım onu, sonralar isə geri qaytara bilmədim.
- Yaradıcılıq işinizdə kimi nümunə göstərirsiz?
- Klassiklər həmişə bizə nümunə olub. Amma təhsil aldığımız illərdə ustadlarımız olub. Olduqca aristokrat, mədəni, böyük bir nəslin davamçısı olan rəssam Rais Rəsulzadə bu gün də mənim ustadım və müəllimimdi.
- Fotoaparatların sürətlə sərgiləri "işğal etdiyi" zamanda rəssam olmağa gərək varmı?
- Bu məsələ həmişə gündəmdə olub. Onu da ancaq sənəti, rəssamlığı başa düşməyənlər deyə bilər. Tamamilə fərqli məsələlərdir və müqayisə mövzuları belə ola bilməzlər.
- Rəssamların çoxusu həyatları ərzində bir çox dəyərli əsərlər yaratmalarına baxmayaraq, cəmiyyətlərdə bu əsərləri çox gec kəşf edilir. Öldükdən sonra onlara qiymət verilməsinə münasibətiniz necədir? Kəşf edilmək üçün mütləq Moemin Strikləndi kimi ölmək lazımdırmı?
- Bu, tarix boyu belə olub. Van Qoq buna ən yaxşı nümunədi. Çox kasıb yaşayıb, heç vaxt çox pulu olmayıb. Amma bu gün, vəziyyət necədi? Bu gün Van Qoqun əsərləri dünya muzeylərinin büdcəsini formalaşdırır. Əsərlərinə milyonlarla qiymət qoyurlar. 60, 70 milyona satılan rəsmləri var. Burada günahı rəssamda axtarmaq lazımdı. "Mən rəsm çəkirəm, başqa yerdə işləyə bilmərəm" fikriylə yaşayan rəssamlar mütləq çətinliyə düşməlidir. Rəsm çəkmək könül işidir, amma könül işiylə qarın doymaz. Bununla yalnız könlünü şad edə bilərsən. Amma boya almaq üçün pul lazımdı, pul qazanmaq üçünsə işləmək.
- Daha çox hansı tip əsərlər diqqətinizi çəkir?
- Demək olar ki, hər gün klassiklərin əsərlərinə baxıram, əsasən intibah rəssamlarının rəsmlərinə. Da Vinçi, Van Qoq, Titsian, Rembrant və başqalarının əsərləriylə maraqlanıram. Hesab edirəm ki, bu rəssam üçün mütailədi.
- Əsərlərinizə hisslərinizi qarışdırırsız?
- Təbii ki. Elə rəssamlığın fotoqrafdan fərqi budur. Rəsm əsərində hiss, həyəcan var. Yəni rəssam əsərə hissini əlavə edə bildisə, o əsərin ömrü uzun olur, ya da tam əksinə.
- Yaxınlarda 50 yaşınız tamam olacaq. Bu illər ərzində nələr qaldı geridə?
- Qismət olsa, 50-yə bir şey qalmadı. 50 yaşa həmişə çox kimi baxmışıq. 50 yaşlı Səməd Vurğun hələ də gözümüzün qabağındadı: ağ saçlı qoca bir kişi. Amma ömrün 50-ci ili heç də çox deyilmiş, geriyə baxanda "heç nədi" deyirsən. 50 il uzun-uzadı yol gəldim. Bilirsiz, ömür uzaqdan görünən dağa bənzəyir, uzaqdan gözəl görünür, forması, əzəməti, gözəlliyi, dumanı, çəni. Hər şey yerindəymiş kimi görünür. Amma bir də o dağın içinə girmək lazımdır. Görəcəksən ki, nə sıldırım qayaları, nə keçilməz yolları, qorxulu keçidləri var. Ömür də dağ kimi enişli-yoxuşludu. Keçən 50 ildə pis yaşamadım. Hər nə istədimsə oldu, çünki heç vaxt çox şey istəməmişəm, acgöz olmamışam. 50 ildə elə vaxt oldu ki, çoxlu pul qazandım, irili-xırdalı dostlarım da oldu. Ancaq bu gün peşiman da deyiləm ki, o pulları da, o xırda-para dostları da xərclədim, iri dostlara dəymədim, qorudum, xəsislik elədim.
Mənsur Rəğbətoğlu