“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real iş görülmədi”

Rauf Qurbanov: “Hansı tərəf dünyada haqqı və ədaləti müdafiə edəcəksə, qələbə də onun tərəfində olacaq”

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun "Olaylar"a müsahibəsi.

- Mərakeşdən Əfqanıstana, Ukraynadan Yəmənədək böyük bir arealda hər daşın altından Amerika çıxır, yaxud da bu regionlarda cərəyan edən proseslərdə birbaşa rolunun olduğu iddia edilir. İddialara inansaq, dünyada baş verən siyasi çevrilmələrin arxasındakı  spekulyator Amerikadır. Məqsədi nədir?

- Tamamilə düzgün buyurursunuz. Dünyada baş verən və verəcəyi planlaşdırılan vətəndaş qarşdurmalarının və dövlət çevrilişlərinin arxasında  məhz ABŞ və onun vassalı olan ölkələr durur. Ssenari Vaşinqtonda hazırlanır və yerlərdə olan "beşinci kolon"un əliyilə "rəngli inqilab"lar adı altında həyata keçirilir. Ölkələrin suveren hüquqları pozulur. ABŞ-ın əsas məqsədi dünya hökmranlığına nail olmaqdır. Bu dövlətin Con Makkeyn kimi yüksək çinli məmurları, bu ideyanın yaradıcısı və baş ideoloqları bu məsələni heç də ictimaiyyətdən gizlətmirlər. Siz əgər Amerikalı politoloq, ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından biri, hal-hazırda Beynəlxalq Strategiya və Araşdırmalar Mərkəzinin məsləhətçisi, Pol Nitse adına Müasir Beynəlxalq Tədqiqatlar Məktəbində Amerika xarici siyasəti üzrə professor Zbiqnev Bjezinskinin  "Böyük şahmat taxtası" kitabını oxusanız, onda bir daha mənim dediklərimin təsdiqini orada taparsınız.

- Rauf müəllim, xüsusilə Ukrayna məsələsində bir məsələ diqqət çəkdi. "Maydan"adək ABŞ bir çox ölkələrdə rejimləri devirdi. Hətta Rusiyanın hərbi varlığının olduğu Suriyada da buna cəhd etdi və bunun qarşılığında Rusiya ABŞ-a hansısa sanksiya tətbiq etmədi. Lakin Krımın ilhaqı və Donbasda vəziyyətin qarışması ilə ABŞ Rusiyaya ağır embarqolar qoydu. Nə baş verir?

- Rusiyaya qarşı tətbiq olunan sanksiyalar artıq həmin dövlətlərin özlərinin əleyhinə işləməyə başlayıb. Bu artıq reallıqdır. Rusiyaya qarşı sanksiyaları tətbiq edən dövlətlər bu məsələni nə qədər gizlətməyə, ört-basdır etməyə çalışsalar da fakt qarşısında etiraf etmək məcburiyyətindədirlər. Sizə yaxşı məlumdur ki, artıq bir sıra dövlətlərin parlamentləri və irili-xırdalı biznes sahibləri öz ölkələrində bu sanksiyaları aradan götürmək üçün ciddi çağırışlar edirlər. Həmin biznes sahibləri yaxşı anlayırlar ki, onlar siyasi avantüranın qurbanına çevriliblər. Rusiya kimi böyük bir bazarı itirmək heç bir dövlətə nə siyasi, nə də iqtisadi divident gətirə bilməz. Artıq bunu beynəlxalq ictimaiyyət də yaxşı anlayır. ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlarda Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü də ABŞ və onun müttəfiqlərinin düşdükləri vəziyyətdən çıxış yoluna bir cəhd kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, Rusiyaya tətbiq olunan sanksiyalar Putinin ətrafında Rusiyada siyasi baxışlarından asılı olmayaraq ictimaiyyətin birləşməsi üçün böyük şərait yaratdı. Tətbiq olunmuş sanksiyaların fövqündə qərbyönümlü müxalifətin kütləni ayağa qaldıraraq növbəti dövlət çevrilişinə cəhdi iflasa uğradı. Putin isə hakimiyyətdə öz dayaqlarını bir daha möhkəmlətdi.

- Bir dəfə "soyuq müharibə" illərində ABŞ Rusiyanı məğlub etdi və SSRİ-ni çökdürməyi bacardı. Bəs, indiki çəkişmədə hansı tərəfi qalib görürsünüz?

- Mən sualın qoyuluşu ilə tam razı deyiləm. ABŞ "soyuq müharibə"də SSRİ-ni çökdürmədi. Sovet İttifaqı sadəcə olaraq, o vaxtkı Sov. İKP-nin rəhbərliyində olan satqın və xəyanətkar insanların hesabına öz mövqeyini itirdi və parçalandı. Bu da aydın məsələdir. İndiki çəkişmədə isə hansı tərəf dünyada haqqı və ədaləti müdafiə edəcəksə, qələbə də onun tərəfində  olacaq. ABŞ-ı bu sırada görmürəm.

- Şimali Koreya tez-tez Uzaq Şərqdə səssizliyi pozur, xüsusilə Cənubi Koreyanı təhdid altında saxlayır. Digər yandan isə Kim Çen İn Qərbin ağır sanksiyaları qarşısında olan Rusiyaya loyal münasibət bəsləyir. Fikrinizcə, dünyaya açıqlamaq istəyən Şimali Koreyanın aqressivliyi və Rusiyayla yaxınlığı Qərbə nə vəd edir?

- Şimali Koreya öz  suverenliyini, müstəqilliyini qoruyur. Burada heç bir təhdiddən, aqressiyadan söhbət gedə bilməz. Əksinə, bu gün Qərb dövlətləri sosialist Koreyasına qarşı aqressiya nümayiş etdirirlər. Məhz bu səbəbdən artıq neçə illərdir ki, Şimali Koreya dünyadan təcrid olunmuş şəkildə yaşayır. Yalnız  xalqın öz rəhbəri ətrafında sıx birliyi, sosialist iqtisadi münasibətlər və insanların gələcəyə olan inamları koreyalıları yaşadır. Bilirsiniz ki, Şimali Koreya nüvə silahına malik olan bir dövlətdir. Belə bir hərbi potensiala malik olmaq onun təhlükəsizliyinin təminatçısıdır. Rusiya ilə yaxın münasibətlərə gəlincə isə, bunun çox dərin tarixi kökləri var. Bu münasibətlərin təməli hələ Sovetlər dönəmində qoyulub və bu gün də uğurla davam etdirilir.

- ABŞ-ın Kubayla yaxınlaşmasına cavab olaraq, Rusiya Argenatinada nüvə stansiyasının inşasına başlayacağını bildirdi. Digər yanda isə, Çin Argenatinada iki stansiyanın inşasını həyata keçirir. Kifayət qədər isti əlaqələri olan Çin və Rusiyanın Cənubi Amerikada möhkəmlənmək cəhdləri nədən qaynaqlanır?

- ABŞ-la Kuba arasında diplomatik münasibətlərin yaxşılaşmasını heç də bu dövlətlər arasında dostluq münasibətlərinin yaranması deyil və buna cavab olaraq da Rusiyanın Argentinada nüvə stansiyasının inşasına başlaması kimi dəyərləndirmək düzgün olmazdı. İlk öncə nəzərə almaq lazımdır ki, dünyada kommunist ideologiyasına, sosializm quruluşuna qarşı mübarizə aparan Amerika imperializminin heç vaxt sosialist Kubasına münasibətləri səmimi ola bilməz.  ABŞ-ın Kubayla əlaqələri yaxşılaşdırmaqda əsas məqsədi mövcud Kuba hakimiyyətini daxildən parçalamaq və bu Azadlıq adasında hakimiyyətə özlərinin lazım bildiyi komandanı gətirməkdir. Belə bir yanaşma ABŞ-a xarakterik olan bir üsuldur. Əvvəlcə onlar demokratiya pərdəsi altında müəyyən addımlar atırlar, sonra isə öz məqsədlərinə çatmaq üçün bütün qeyri-demokratik üsullardan istifadə edirlər. Düşünürəm ki, ABŞ-ın Kubayla əlaqədar planları nəticə verməyəcək. Çünki Kubada xalqın etimadını doğrultmuş, möhkəm ideoloji dayaqlar üzərində oturaqlaşmış bir hakimiyyət var. Qaldı ki Rusiyanın Çin və Argentinayla əlaqələrinə, hesab edirəm  ki, bu sırf qarşılıqlı iqtisadi, kommersiya münasibətləridir. Bu cür məsələlərə siyasi don geyindirmək doğru deyil.

-  Başqa bir məsələyə diqqət edəyin. Suriya və Ukraynadan sonra Yəmən məsələsi də düyünə düşür. Bu düyünlərin açılması nədən asılıdır?

- Məsələlərin düyünə düşməsinin əsas səbəbi mövcud problemlərin həllinə ikili standartlarla yanaşma, müstəqil dövlətlərin daxili işlərinə kənardan müdaxilə, dövlət çevrilişinə olan cəhdlərdir. Belə xoşagəlməz hallar yolverilməz və beynəlxalq hüquq normalarına tamamilə ziddir. Hər bir dövlət mövcud problemlərini öz Konstitusiyası çərçivəsində çözmək səlahiyyətlərinə malikdir. Baxın Suriyada nələr baş verir? ABŞ başda olmaqla, onun müttəfiqləri təkidlə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edirlər. Bu cür tələblərlə çıxış edən dövlətlər hansı beynəlxalq hüquqi normativ aktlara arxalanaraq belə anti-demokratik tələblər irəli sürürlər? Suriya dövlətinin taleyini suriyalıların özləri  müəyyənləşdirməlidir. Bu onların müstəsna hüquqlarıdır. Ukraynada da, Yəməndə də eyni hadisə təkrar olundu. Lakin Suriyadan fərqli olaraq, adlarını yuxarıda qeyd etdiyim dövlətlər hakimiyyətdə davamlılıq göstərə bilmədi və qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırıldılar və vətəndaş müharibəsi başladı. Hesab edirəm ki, bütün bunlar ABŞ-ın dünya ağalığına nail olması üçün apardığı cəhdlərdəndir. Belə hallar onsuzda narahat olan dünyamızı bir qədər də gərginləşdirir və dünya üçün çox pis bir presendent yaradır. Bu düyünlərin açılması üçün BMT çərçivəsində müstəqil ölkələrin daxili işlərinə kənar müdaxilələrə son qoyulmalı, hər bir dövlətin  öz müqəddəratını həll etmək hüququ ona kağız üzərində yox, real həyatda verilməlidir.

- Rauf müəllim, bəs Dağlıq Qarabağ münaqişəsi hansı halda həll oluna bilər?

- Bilirsiniz ki, Dağlıq Qarabağla əlaqədar BMT-nin hələ 1993-cü ildə qəbul olunmuş 4 məlum qətnaməsi var. Qətnamələrin əsas məğzi nədən ibarətdir, ona bir qədər aydınlıq gətirmək istəyirəm. Azərbaycan Respublikasının işğal olunmuş əraziləri qeyd-şərtsiz olaraq azad olunmalı və AR ərazi bütövlüyü tam təmin edilməlidir. Çox təəssüf  hissi ilə qeyd etmək istəyirəm ki, dünyada ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin qətnamələri bu günə kimi icra olunmayıb.
Bax bu, mövcud problemlərə ikili standartlarla yanaşmanın əyani təzahürüdür. Baxmayaraq ki, bu məsələnin çözülməsi üçün dünyanın 12 aparıcı dövlətlərinin iştirakı və o cümlədən 3 super dövlətin həmsədirliyi ilə Minsk qrupu adlanan bir qurum yaradılıb. Ancaq 22 ildir ki, bu qurum yalnız monitorinqlər keçirməklə məşğuldur. Məsələnin həlli üçün isə real heç bir iş görülməyib. Mən Dağlıq Qarabağ münaqişəsinin həllinə başqa müstəvidən yanaşmaq istəyirəm. Ermənistanda iqtisadi vəziyyət və Ermənistanın Rusiya Federasiyasından nə dərəcədə asılı olmağı heç kim üçün sirr deyil. Və mən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həllinin əsas açarı məhz Rusiyanın əlindədir. Azərbaycanla Rusiyanın istər iqtisadi, istərsə siyasi cəhətdən yaxınlaşması bu problemin dinc yolla həllinə öz töhfəsini verə bilər.


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31