“İslam dünyası xristianlığın 400 il əvvəl yaşadığı dönəmi yaşayır”
12 May 2015 15:55 MüsahibəDindar yazar Kənan Rövşənoğlunun "Olaylar"a müsahibəsi.
- Azərbaycanda məzhəblər arasında vəziyyət necədir, qarşıdurma riski varmı?
- Zənn eləmirəm. Təcrübə göstərir ki, məzhəblərarası qarşıdurma sadə müsəlmanların fikir ayrılıqlarından deyil, maraqlı qüvvələrin - onlar daxildə də olur, xaricdə də - təhriki ilə başlayır. Təbii ki, Azərbaycanda zaman-zaman buna cəhdlər olub. Ancaq daxildə güclü müqavimətin olması, dövlət strukturlarının müdaxiləsi və cəmiyyətin radikalizmə meylli olmaması son nəticədə məzhəbi qarşıdurmaların böyüməsinin qarşısını alıb. Bu səbəbdən də müsəlman ölkəsi olaraq risk həmişə olsa da, indiki durumda bunu gözləmirəm. Təbii ki, xırda təxribat cəhdləri hər zaman istisna deyil.
-Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan Suriyaya "cihad" etməyə gedənlər oldu. Bunu doğru addım hesab edirsinizmi? Suriyada döyüşmək cihaddırmı?
- Ümumiyyətlə, İslamın cihad anlayışı ilə bu günkü cihad anlayışı arasında fərq var. İslamın cihad anlayışı ilk növbədə insanın öz nəfsi ilə mübarizəsindən başlayır. Daha sonra vətəni müdafiə, məruz qaldığın zorakılığa qarşı özünü müdafiə və nəhayət ibtidai, yəni hücum cihadı. Bu mövzular ilkin İslam dövründə olduğundan xeyli dərəcədə dəyişib, "erroziyaya uğrayıb". Daha çox din üzərindən siyasət yürüdənlərin əlində alətə çevrilib. Suriyada cihad olduğunu düşünmürəm. Çünki istənilən halda hər iki tərəfdə müsəlmanlardır, üstəlik, hansısa xarici müdaxiləyə qarşı deyil, daxildə ədalətli hesab etmədikləri rejimə qarşı vuruşurlar. Hətta Məkkə müftiləri belə Suriyada cihad olmadığı haqda fətva verdilər. Suriyada qeyri-demokratik, avtoritar rejim var. Demək olar ki, digər 21 ərəb ölkəsində olduğu kimi. Azərbaycan üçün Suriyada savaşa gedənlər faktını təqdir edə bilmərəm. Suriyada fitnə var və bu bunun fəsadları qonşu ölkələrə yayıla bilər, necə ki, davamı oldu. Xüsusən də gənc adamların gedib öldürülməsi faciəvidir.
- Bəs, Azərbaycanda milli-dini modelin formalaşdırılması mümkündürmü?
- Mənə görə bu model olub. Azərbaycanın islam alimləri, Seyid Yəhya Bakuvi məktəbi, bütövlükdə minillik ərzində formlaşmış Azərbaycan İslam ənənələri mövcud olub. Təbii ki, İslam bəşəri bir dindir, onun hansısa ölkə, bölgə ilə məhdudlaşdırmaq mümkün deyil. Amma təcrübə göstərir ki, indi bir çox güclü müsəlman ölkələri islam adı altında öz dövlət siyasətini, milli dəyərlərini təbliğ edirlər. Bu səbəbdən reallıq bir çox ölkələri xarici "dini müdaxilələrə" qarşı daxili müqavimət yaratmağa çalışırlar. Düşünürəm ki, bu lazımdır. Amma bunun üçün ciddi yerli İslam mərkəzi olmalıdır.
-İŞİD-in Yaxın Şərqdə ortaya çıxmasıyla "radikal İslam" tezisi yayğınlaşdı. Azərbaycan mediasında da bu var. "Radikallıq və İslam", "Terror və İslam" tezisləri nə dərəcədə məntiqlidir?
- Radikal İslam fikri ilə müəyyən mənada razılaşmaq olar. Bu bir tarixi məqamdır. Müsəlman dünyası daxilində son 100 ildə davam edən xarici işğal və daxili avtoritar rejimlərə qarşı daxildə radikal islam fikirlərinin ortaya çıxmasına səbəb olub. Bu sadə dildə desək, gücsüzlükdən doğan bir radikalizm idi. Ancaq bütün bu tip hərəkatlarda olduğu kimi İslamda doğan radikalizm müəyyən maraqlı qüvvələrin müdaxiləsinə məruz qalır. Son olaraq zərbə İslam dininə dəyir. İslam sülh, rəhmət və bağışlanma dinidir. Günahsız insanların öldürülməsi, inancına, baxışlarına görə bir başqasını qətlə yetirmək İslamın mayası ilə ziddiyyət təşkil edir. Yəni reallıqda bu cür radikal qruplar islamdan kənardır. Sadəcə din deyil, dindən sui-istifadə edənlərin problemidir bu.
- Ölkədə İslamın düzgün təbliği üçün təklifləriniz nə olardı?
- Bu məsələ bir müsahibə ilə həll oluna bilməz. Təbii ki, daha ciddi elmi müzakirələrə, araşdırmalara ehtiyac var. Bu əslində bütün müsəlman aləminin ciddi problemidir. Müxtəlif təkliflər var. Mənə görə, İslam dünyası xristianlığın 400 il əvvəl yaşadığı dönəmi yaşayır. İslam aləmi dinin cəmiyyətin həyatında rolu və iştirakı ilə bağlı dəqiq bir mövqeyə gəlməli olacaqlar. Düşünürəm ki, həqiqi İslam dəyərlərini bərpa etmək, cəmiyyətə təqdimatı üçün çalışmalar var. Bir qədər əvvəl Misirin əl-Əzhər Universitetində İslam alimləri bu təklifi irəli sürüblər. Ancaq bütövlükdə islam aləminin ortaq nöqtəyə gəlməsi bir az zaman alacaq.
- Başqa bir məsələyə diqqət edək. Yas mərasimlərində israfçılığın azaldılması üçün müəyyən addımlar atıldı. Lakin bu addımlar insanlar tərəfindən o qədər müsbət qarşılanmadı...
- Yaxşı addımlar idi, amma bu ənənəvi olaraq tapşırıq və məcburiyyət olduğu üçün tam qəbul oluna bilmədi. Düşünürəm ki, bunun üçün ilk növbədə qanun olmalı idi. Bu məsələnin dini tərəfi həllini tapıb, bütün islam alimləri, bütün məzhəbləri ardıcılları israfa qarşı olduqlarını deyiblər. İsraf adətləri sovet illərində- Azərbaycanda İslam rəsmən qadağan olduğu illərdə formalaşıb. Bunun dinlə əlaqəsi yoxdur. Bu adətlərdən qurtulmaq üçün qanunlar olmalıdır.
- Ümumiyyətlə İslamda yas mərasimlərində ehsan məsələsi varmı?
- İslamda ehsan xeyir əməllər, yaxşılıqları nəzərdə tutur. Bunun yas məclisində yemək verməklə xüsusiləşdirmək olmaz. İslam dini dünyadan köçən insanın dini qaydalara əsasən yuyulub qüsul verilməsi, kəfənlənib, meyit namazı qılındıqdan sonra basdırılmasını əmr edir. Bundan sonra olan işlərin birbaşa dini hökmlərlə əlaqəsi yoxdur. Daha çox savab qazanmaq, rəhmət oxutdurmaq üçün edilir. Amma indiki yas mərasimləri bayağı adətlərə çevrilib və dindən çox kənardır.
- Dəbdəbəli qəbir daşlarına ehtiyac varmı. İslamın bu barədə mövqeyi nədir?
- İslam deyir ki, müəyyən müddətdən sonar qəbir torpağa qarışıb itməlidir. Bu yaradılışın məntiqidir. Bir daha yuxarıdakı fikrimə qaydıram ki, bu cür adətlər Azərbaycanda İslamın rəsmən qadağan olunduğu sovet dönəmində yaranıb, dinlə bağlılığı yoxdur. İslam dini bir insanın borc-xərc edib bir neçə min manata mərmər daş alıb qəbirin üzərinə qoymasına əmr edə bilməz. Bu dinin fəlsəfəsi ilə ziddir. Düşünürəm ki, bu daha çox cəhalətin, bəzi bu fəaliyyətlərdən pul qazanan insanların vasitəsilə qorunub saxlanır. Mümkün qədər tez bir zamanda qurtulmaq lazımdır. Məsələn, əgər söhbət savabdan gedirsə, başdaşının pulunu bir tələbənin təhsil haqqına, bir xəstənin müalicəsinə vermək İslam dini baxımından çox böyük, ölçüyə gəlməz savabdır. Nəinki mərmərə verib qəbristanlıqda dikəltmək.
Mənsur Rəğbətoğlu
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində çap edilir