“Yaxın Şərqdə yeni dövlətlər yarana bilər”
Mirzə Xəzər: “Bu, Ukraynanın bir neçə hissəyə bölünməsini labüd hala gətirəcək”
5 May 2015 14:21 MüsahibəUkrayna məsələsi Suriya problemi kimi düyünə düşdü. Regionda baş verənlər məsələnin həllini çətinə salır. Digər yanda - Yaxın Şərqdə cərəyan edən hadisələr qlobal arenada baş verən prosesləri fərqli istiqamətə yönəldib. İran və Qərb arasında əldə edilmiş anlaşma və İŞİD kilidinin uzun müddət açılmaması həssas vəziyyət yaradıb. Rusiya və ABŞ-ın mövqe savaşı da proseslərin təhlükəli istiqamətə yönəlməsinə təkan verir. Bu və ya digər məsələlər barədə "Olaylar"ın suallarını siyasi analitik Mirzə Xəzər cavablandırdı.
- Ukrayna da Suriya məsələsi kimi düyünləndi. Nə baş verir?
- Ukrayna və Suriya məsələsi arasında fərq böyükdür. Ölkənin şərq əyalətləri Rusiyanın himayə etdiyi separatçıların nəzarətindədir. Ukrayna bir dövlət kimi tamamilə iflas etmək istiqamətində irəliləyir. Ölkə ordusu pərən-pərən düşmüş, mənəviyyatı pozulmuş, heç bir məqsədi olmayan, döyüşmək həvəsindən məhrum silahlı fərari dəstələrini xatırladır. Yeni hakimiyyətin bütün cilovlarının köhnə oliqarxların əlində cəmləşməsi, ölkədə heç bir islahat aparılmaması, iqtisadiyyatın süquta uğraması, işsizliyin kütləvi şəkil alması Kiyevin əhali arasında nüfuzuna sarsıdıcı zərb endirib. Xalq artıq hakimiyyətə etibar etmir. Belə vəziyyətdə Ukrayna məsələsinin düyünlənməsi Rusiyanın yox, ən çox Poroşenko hökumətinin maraqlarına xidmət edir. Çünki ixtilaf düyünlənmədiyi və döyüşlər davam etdiyi halda Kiyev daha çox ərazini ruslara təslim etmək məcburiyyəti ilə üzləşəcək ki, yeni məğlubiyyətlər Poroşenkonun ABŞ və Avropanın gücünə arxalanan hakimiyyətinin dağılması, Poroşenko-Yatsenyuk cütlüyünün siyasi rəqiblərinin hücuma keçməsinə gətirib çıxara bilər. Bu isə, Ukraynanın bir neçə hissəyə bölünməsini labüd hala gətirəcək. Bunu nəzərə alaraq, ABŞ və Qərbi Avropa Rusiyaya təzyiqi zəiflədərək, Ukraynanın şərqində atşkəsin qorunub saxlanması üçün əlindən gələni edir. Əks təqdirdə əvvəlcə qeyd etdiyimiz kimi "it də gedər, ip də" - Qərb Ukraynada siyasi nüfuzunu tamamilə itirmək təhlükəsi ilə üzləşəcək.
- Bəs, mövcud status-kvo nə vaxta qədər davam edəcək?
- Uzun zaman. Ölkədə hakimiyyətin nəzarətini bərpa etmək, inzibati xaosu aradan qaldırmaq, dövlət strukturlarının işləməsini təmin etmək, pusquda gizlənən siyasi rəqibləri, xüsusilə Timoşenko cəbhəsini neytrallaşdırmaq üçün Poroşenko hökuməti, amerikalı və alman texnoloqlarına çox vaxt, illər lazımdır. Suriya başqa məsələdir. Suriya dərin bataqlıqdır. Ukraynada maraqları kəsişən tərəfləri aydın işarələmək mümkündürsə, Suriyada kimin kimə qarşı oynadığını, kimin kiminlə dost və ya düşmən olduğunu müəyyən etmək çox çətindir. Digər tərəfdən isə Suriya ixtilafında Rusiya və ABŞ da hər hansı şəkildə iştirak etsələr də, bu münaqişənin əsas oyunçuları Yaxın Şərq ölkələridir.
- Yaxın Şərq niyə qarışdı? Fikrinizcə, regionda baş verənlər iddia olunduğu kimi xristian ölkələrinin müsəlmanlara qarşı "yeni Səlib yürüşləri"nin təzahürüdür?
- Əvvəl qeyd edim ki, Yaxın Şərqin qarışmasının kökündə xristianlıq amilindən çox müsəlman dünyasındakı məzhəbçilik mühüm rol oynayıb. Suriyada azlıq təşkil edən ələvilərlə (şiələrlə) əksəriyyət təşkil edən sünnilər arasındakı qarşıdurma və gərginlik yeni hadisə deyil. Ələvi hakimiyyətinə rəhbərlik edən Əsəd sülaləsinin sünnilərin son 30 ildə zaman-zaman baş qaldıran etirazlarını silah gücünə yatırtması məlumdur. 30 il qabaq Hafiz Əsədin Hələbdə sünnilərin üsyanını tanklarla qana batırması yaddan çıxmayıb. Buna baxmayaraq, Suriyada məzhəblər arasında nisbi sakitliyin pozulması regionun iki güclü dövləti - İranla Səudiyyə Ərəbistanı arasında nüfuz uğrunda gedən mübarizənin nəticəsi hesab etmək olar. Bununla yanaşı, Türkiyənin, ABŞ və Qərbi Avropanın Əsəd rejiminə qarşı üsyan qaldıran "ən-Nüsra" və digər qruplara açıq və gizli yardımı da Suriyanın xaosa yuvarlanmasına təkan verdi. ABŞ və Qərbi Avropa Əsədə qarşı olan qüvvələri müdafiə etdiyi üçün Rusiya rejimə kömək edir. Deməli bu gün burada Səudiyyə-İran qarşıdurması ilə yanaşı, Qərb-Şərq qarşıdurması da müzakirə olunan əsas mövzudur. Vətəndaş müharibəsinin ilk çağlarında Səudiyyə Ərəbistanı, ABŞ, Qərbi Avropa və Türkiyə Əsəd əleyhdarlarını vahid cəbhədə birləşdirmək cəhdləri nikbinlik yaradırdısa, sonradan bu cəhdlərin puça çıxdığının şahidi olduq. "İslam Dövləti"nin meydana çıxması isə bütün oyunları pozdu. ABŞ və Qərbi Avropa əvvəlki siyasətini kökündən dəyişməli oldu və bir nömrəli düşmən "rolu" Bəşər Əsəddən alınıb, "İslam Dövləti"nə verildi.
- İŞİD-in adını çəkdiz, bu barədə fikirləriniz maraqlı olardı.
- İŞİD böyük bir müəmmadır. İŞİD böyük bir oyunun adıdır.
- Proseslər hara gedir?
- Əsasən Suriya və İraqda proseslər, bu dövlətlərin parçalanması və həmin ərazilərdə məzhəb mənsubiyyəti nəzərə alınaraq bir neçə dövlətin yaradılması istiqamətində gedir.
- Regionun digər ölkəsi - İranda baş verənlərə diqqət edək. Əgər İran və Qərb arasında yekun anlaşma əldə olunsa, bunun regiona təsirləri nədən ibarət olacaq?
- İranla ABŞ arasında yekun razılığın əldə ediləcəyinə artıq şübhə yoxdur. Vaşinqton və Tehranda qəti qərar verilib. ABŞ-ın İranda dini rejimin inqilab yolu ilə dəyişəcəyinə bəslədiyi ümidlər suya düşdü. Tehran da Qərblə anlaşmadan başqa yolun olmadığını dərk etdi. İran və Qərb arasında yekun anlaşmanın əldə olunması regiona müsbət təsir göstərə bilər. Regionda yeni strateji gerçəklik hökm sürməyə başlayacaq ki, bundan bütün dövlətlər faydalana bilər.
- ABŞ bir çox Asiya ölkələrində çevrilişlər etməkdə ittiham olundu və buna görə, Amerikaya təzyiqlər edilmədi, sanksiyalar tətbiq olunmadı Lakin Rusiyanın Ukraynaya qoşun yeritməsiylə, federasiya Qərbin sanksiyaları qarşısında çökmək təhlükəsi qarşısında qaldı. Belə bir vəziyyətdə isə, ABŞ demokratiyanın, Rusiya isə işğalçılığın rəmzidir.
- İstəsək də, istəməsək də etiraf etməliyik ki, ABŞ bu gün dünyada təkbaşına yeganə super-gücdür. Qərbi Avropanın təhlükəsizliyini ABŞ təmin edir. Yəni Qərbi Avropa, eləcə də Yaxın Şərq regionunda bir sıra dövlət ABŞ-ın himayəsinə möhtacdır. Rusiya isə keçmişdə super-dövlət olmuş Sovet İttifaqının zəif kölgəsidir. Ayrı-ayrı Asiya ölkələrində çevrilişlər ABŞ-ı sarsıda bilməz. Ukraynaya qoşun yeritmək və yaxud separatçıları himayə etmək isə Rusiyaya baha başa gəldi. Amma Rusiyanın çökməsindən söhbət gedə bilməz. Qərbin, birinci növbədə ABŞ-ın belə bir niyyəti yox kimi görünür. ABŞ Rusiyanın dağılmasına yox, bəlkə də Orta Asiyanın zəngin yeraltı sərvətləri üzərində nəzarət yaratmağa can atır.
Mənsur Rəğbətoğlu