“Parlament seçkilərində partiya olaraq iştirak etməkdə maraqlıyıq”
Taliyət Əliyev: “Digər partiyaların da “Qarabağ” bloku daxilində seçkilərə qoşulması istisna deyil”
24 Aprel 2015 14:27 MüsahibəBu ilin sonlarında ölkədə keçiriləcək parlament seçkilərində iştiraka əksər siyasi qüvvələr maraqlı olsa da, lakin seçki prosesində hansı formada iştirak bir çox partiyalar tərəfindən hələlik tam müəyyən edilməyib. Bu sıraya Azəbaycan Demokrat Partiyasını da aid etmək olar. "Qarabağ" blokunda təmsil olunan partiya seçkilərlə bağlı yekun mövqeyini yay aylarında açıqlamağı düşünür. Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə buna rəğmən partiyada müəyyən seçki hazırlıqlarının həyata keçirildiyini də bildirib. Azərbaycan Dermokrat Partiyasının rəsmisi parlament seçkilərinə qədər "Qarabağ" blokunun sıralarının genişlənib geniştərkibli seçki blokuna çevrilməsi mümkünlüyündən də danışıb. Taliyət Əliyev son dövrlərdə beynəlxalq aləmdə baş verən proseslər və regionun geosiyasi vəziyyətinə təsiri məsələsinə də toxunub.
-Taliyət bəy, Azərbaycan Demokrat Partiyasında seçki hazırlıqları necə gedir və partiyanın seçki ilə bağlı yekun mövqeyi nə zaman açıqlanacaq?
-Qarşıdan gələn parlament seçkilərində partiya olaraq iştirak etməkdə maraqlıyıq. İndiki durum partiyanın seçkilərə hazırlıq məsələsinə təsirsiz ötüşmür. Amma bütün çətinliklərə baxmayaraq hazırlıqlar davam etdirilir. Seçkilərlə bağlı yekun mövqeyimiz isə yay aylarında olacaq.
-Seçkilərə qədər üzvü olduğunuz "Qarabağ" blokunun sıralarının genişlənib geniş formatlı seçki blokuna çevrilməsi mümkündürmü?
-Bu istiqamətdə səylərimizi davam etdiririk. İdeoloji və siyasi baxışlarımız üst-üstə düşən digər partiyaların da "Qarabağ" bloku daxilində seçkilərə qoşulması istisna deyil. Lakin mövcud Seçki Məcəlləsi blok halında seçkilərə qoşulan siyasi partiyalara əngəllər yaradır. Blokda siyasi partiyaların sayı artdıqca əngəllər də artır. Ona görə seçki bloklarında maksimum 3-4 siyasi partiyanın iştirakı arzuolunandır.
-Bu arada Qərbin və Avropanın istər Azərbaycana, istərsə də Türkiyəyə yönəlik təzyiqlərini necə dəyərləndirirsiniz?
-Türkiyəyə təzyiqi "qondarma erməni genosidinin" Avropa Parlamenti tərəfindən tanınmasını nəzərdə tutursunuzsa, mən bunu ciddi təzyiq saymıram. Bundan əvvəllər də bu tipli qərarlar olub. Burada bir xristian təəssübkeşliyi məsələsi var. Digər tərəfdən "qondarma erməni soyqırımını" tanıyan əksər Avropa dövlətləri Çanaqqala döyüşündə məğlubiyyətlərinin əvəzini çıxırlar. Bu qərar tövsiyyə xarakteri daşıyır və heç bir hüquqi qüvvəsi yoxdur.
-Sizə elə gəlmirmi ki, hər iki dövlət Avropada təklənməkdədir və buna cavab olaraq Bakı ilə Ankara hansı addımı atmalıdır?
-Hesab edirəm ki, biz Türkiyə ilə qardaş dövlət olsaq da hər birimizin ilk öncə özəl dövlət maraqlarımız var. Azərbaycan ilk öncə özünün dövlət maraqlarını nəzərə alaraq xarici siyasətini həyata keçirməlidir. Sözsüz ki, Türkiyə ilə bizim bir çox ortaq maraqlarımız var ki, bu maraqlar naminə ortaq siyasət həyata keçirilməlidir.
-Yaranmış geosiyasi vəziyyət region üçün nə vəd edir?
-Bildiyimiz kimi yerləşdiyimiz regionda çox ciddi siyasi proseslər gedir. Yəqin ki, bu proseslər uzun zaman alacaq və regionun yeni siyasi coğrafiyasının yaranması ilə yekunlaşacaq. Bir tərəfdən Rusiya təhlükəsi, digər tərəfdən Yaxın Şərqdə baş verən qanlı hadisələr cəmiyyət və dövlət olaraq bizdən ayıq-sayıqlıq tələb edir. Eyni zamanda Azərbaycanın özünün təhlükəsizlik qayğısı naminə ehtiyatlı xarici siyasət həyata keçirməsini diqtə edir.
Süleyman