“Müharibə vəziyyətində ABŞ Azərbaycana hərbi dəstək verə bilər”
Ərəstun Oruclu: “Bu halda, Rusiya üçün ən ideal vasitə Dağlıq Qarabağ münaqişəsini alovlandırmaqdır”
23 Aprel 2015 17:01 MüsahibəSuriyada başlayan müharibə 4-cü ilini tamamladı. Keçən illər ərzində proseslərlə bağlı verilən proqnozların heç biri özünü doğrultmadı. Yaxın Şərqin bu ölkəsində məsələ həll olunmamış, Yəmən silkələndi. Qiyamçılar və Hadi rejimi arasında siyasi mübarizə kimi başlayan savaş, daha sonra ərəb ölkələri və İranın müdaxiləsilə hadisələr məzhəbçilik müstəvisinə çıxdı. Yəmən və Suriyaya paralel olaraq, Ukraynada da vəziyyət ürəkaçan deyil. Qərb və Rusiya arasında yaranmış fikir ayrılığı, Ukrayna böhranını çıxmaza sürükləyir. Regionda yaranmış həssas vəziyyətin Dağlıq Qarabağ münaqişəsinə təsirləri barədə də müxtəlif fikirlər irəli sürülür. Bu və digər məsələlər barədə "Olaylar"ın suallarını "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırdı.
Əvvəli ötən sayımızda...
- Suriya qarışanda Bəşər Əsəd üçün "1 həftəyə devriləcək" dedilər. Aradan 4 il keçib, adam hələ də yerindədi. İndi nə deyə bilərsiz, fikrinizcə, yaxın gələcəkdə Suriyada nə baş verəcək?
- Suriya düyünü nəinki açılmadı, getdikcə daha möhkəm bağlandı. Ona görə ki, Suriya proseslərinə müdaxilə edən bir sıra ərəb dövlətləri və digər ölkələr çox radikal, ekstrimist qüvvələrə istinad etdilər. Son nəticədə isə "cihadçı" radikal qruplaşmaların, faktiki olaraq Əsədin əsas opponentinə çevrilməsi, Qərbi və ABŞ-ı həmin opponentlərə dəstək verməkdən çəkindirdi. Sonra, bu onlara qarşı əməliyyatlara başlamağa sövq etdi. Konkret olaraq, İŞİD-ə qarşı yaradılmış antiterror koalisiyasını nəzərdə tuturam. Hətta yarım-diktator, yarım-avtoritar olan Əsəd öz opponentlərinin yanında mələyə bənzəməyə başladı. Belə olan halda Qərb və xüsusilə bölgəyə təsiri olan dövlətlər pislə çox pis arasında seçim etməyə məcbur oldular. Təbii ki, pis Əsəd rejimi, çox pis isə onun silahlı opponentləridir. Əsədə opponent kimi meydana çıxan və Suriya ordusundan ayrılmış Azad Suriya Ordusu həmin radikal qruplaşmalar tərəfindən sıradan çıxarıldı. Bu günlərdə Almaniyanın "Şpigel" jurnalı İŞİD-in yaranması ilə bağlı geniş analitik məqalə dərc etdi. İlk dəfə idi ki, İŞİD haqqında məxfi mənbələrdən götürülmüş sənəd nəşr olunurdu. Sənədlərdən görünürdü ki, terrorçuların Suriya prosesində başlıca məqsədləri Əsədi devirmək deyil, ilkin mərhələdə onun silahlı opponentlərini sıradan çıxarmaqdır. Bundan sonra hakimiyyəti götürməyi planlaşdırırlar. Bu proses Qərbi məcbur etdi ki, mövqeyindən geri çəkilsin, həmin o radikal qruplaşmalara dəstək verən dövlətlərə təzyiq edərək, dəstəyin qarşısını kəssin. Nəticə etibarilə bu günkü mənzərə alındı. Mənzərə isə, çox acınacaqlıdır. Bir tərəfdə ölkənin böyük hissəsinə nəzarət edə bilməyən, bütün nəzarəti hücum və hərbi əməliyyatlar mexanizmindən ibarət olan Əsəd rejimi, digər yanda isə pərakəndə, həm biri-birilə, həm də rejimlə döyüşən müxtəlif terrorçular var. Beləliklə, Suriya düyününün yaxında açılacağını düşünmürəm. Hesab edirəm ki, proses bir neçə il davam edəcək.
- Qərb Yaxın Şərqi çalxalamaqda ittiham olunur. Yəməni kim silkələdi? Bu məsələdə də Qərbin adı çəkilir, halbuki Yəmənin mövcud rejimi belə desək, Qərbin maraqlarına tam cavab verirdi?
- Mövcud rejimin Qərbin maraqlarına cavab verib-vermədiyini demək çətindi. Lakin bu rejim yarandığı ilk gündən özünü zəif göstərdi. Hər kəs görürdü ki, onun perspektivi yoxdur. Yəməndəki siyasi qarşıdurma və məzhəb ayrılığı ki var, buna tarixin ayrı-ayrı dönəmlərində də rast gəlinib. Yəmənin yaxın tarixinə baxsaq görərik ki, bu ölkə məzhəbçilik əsasında iki yerə bölünmüşdü. Düzdü həmin vaxt ortada məzhəbçilikdən daha aktual geosiyasi faktor vardı. Bu, ABŞ-SSRİ qarşıdurması idi. Yəmənlərdən biri şərti olaraq Sovet yanlısı idi, digəri Amerika. SSRİ dağıldıqdan sonra ölkə birləşdi. Təbii ki, uzun müddət ayrı-ayrı dövlətlərdə yaşamış müxtəlif təriqət, məzhəb təmsilçiləri vahid ölkədə yalnız müvafiq avtoritar, yarım-totalitar Salehi rejiminin təsiri altında birləşməli oldular. Bu da uzun müddət çəkə bilməzdi. Böhran yetişdi və növbəti mərhələyə keçdi. İndiki proseslərdə Qərbdən çox, İran və ərəb ölkələrinin təsirləri daha böyükdür. ABŞ Yəmən məsələsi ilə əlaqədar yaradılmış və Səudiyyə Ərəbistanının təşəbbüsüylə qurulmuş koalisiyanı dəstəklədiyini bəyan etdi. Lakin faktiki olaraq, orada real bir iş görmür. Məncə, Yəməndə baş verənlər daha çox müsəlman dünyasının daxili problemidir. Xüsusilə Ərəbistan yarımadası dövlətləri - Səudiyyə Ərəbistanı başda olmaqla İranın şiə icmaları vasitəsilə ərəb ölkələrinə müdaxiləsinin qarşısını almağa çalışır. İran isə, ərəb ölkələrindəki şiə faktorundan istifadə edərək, bu dövlətlərə öz təsir imkanlarını genişləndirməyə çalışır. Bunu biz İraqda, Suriyada, Livanda görürük. Ərəblər bunun qarşısını Yəməndə almasalar, son nəticədə proses onların özlərinə qədər gedib çıxa bilər. Bəhreyndə sünni rejimin idarə etdiyi ölkənin əksəriyyəti şiələrdir, lakin onlar hakimiyyətdə təmsil olunmurlar. Digər tərəfdən isə Səudiyyə Ərəbistanının neftlə zəngin bölgələrində yaşayan əhalinin 20%-i şiədir. Heç kəs təminat verə bilməz ki, İran sabah bu ölkələrdə eyni faktordan istifadə etməyəcək. Bu məsələlər ərəblər üçün daha aktualdır, nəinki Qərb üçün. ABŞ və digər Qərb dövlətləri bu gün çoxşaxəli siyasət yürüdürlər. İranla əlaqələrini normallaşdırmağa çalışırlar, Səudiyyə Ərəbistanı ilə müttəfiq münasibətlərini qoruyub saxlayırlar. İsrail və Türkiyə ilə strateji əlaqələr saxlayırlar. Belə olan halda, Qərbin açıq tərəf tutaraq Yəməndəki hərbi əməliyyatlara qoşulmasını gözləmək, sadəlövhlük olardı. Burada Qərb daha çox müşahidəçi qismində çıxış edir. Prinsip etibarilə, oynayan hər iki tərəflə bu və ya digər şəkildə münasibətləri var.
- Ukrayna barədə nə deyə bilərsiz? Fikrinizcə, Ukraynanın Rusiya ilə ərazi münaqişəsi həll olmadan bu ölkə NATO, yaxud Avropa İttifaqına üzv edilməlidirmi? Belə bir addım Rusiya üçün öldürücü zərbə olardı.
- İnanmıram ki, bu məsələ Qərb üçün aktualdır. Çünki bu qədər ciddi problemlərlə Ukraynanı Avropa İttifaqı, yaxud NATO-ya qəbul etmək mümkün deyil. NATO-nun nizamnaməsində göstərilib ki, daxili münaqişələri olan dövlətlər bu quruma üzv qəbul edilə bilməzlər. Bu səmərəli deyil. Avropa və ABŞ bu gün Ukraynaya daha çox dəstək verməklə, oraya investisiyalar yatırmaqla inkişaf etdirməsində daha maraqlıdır. Çalışırlar ki, inkişaf etməklə dəyişən Ukrayna Rusiya üçün bir örnəyə çevrilsin. Amma Rusiyanın Ukrayna ərazilərinin xeyli hissəsini faktiki olaraq, öz tərəfdarları vasitəsilə işğal altında saxlaması, bu prosesə maneə olur. Bəlkə də bu faktor olmasaydı, Ukraynanı bu qurumlara üzv qəbul edərdilər. Lakin Ukrayna 50 milyon əhalisi olan böyük bir ölkədir. Onu Avropa İttifaqına qəbul etmək formal iş deyil ki, burada müvafiq proqramın tətbiqi, Aİ-nin standartlarına uyğunlaşdırmaq məsələləri var. Bu da böyük xərclər tələb edir. Ona görə də düşünmürəm ki, Ukraynanın indiki vəziyyətində bu məsələ aktualdır. Ukraynanın bu qurumlara üzv edilməsi hökmən lazım deyil, bu ölkənin iqtisadi və demokratik inkişafı Rusiya üçün ciddi təhdid faktorudur. Rusiyanın siyasi və iqtisadi modelinə baxdıqda, onun yaxın 10-15 ildə dəyişəcəyini gözləməyə dəyməz. Belə olan halda Ukraynada sosial, iqtisadi, hüquqi və demokratik inkişaf başlayarsa, o Rusiya və əhalisi üçün cəlbedici amilə çevriləcək. Bu gün əsas güc rolunu inkişaf amili oynayır. İşğal etdiyi ərazilər isə Rusiyaya ciddi problemlər yaradır. Bundan sonra Rusiyanın həmin siyasəti bir qədər də genişləndirməsi, federasiyanın tamamilə beynəlxalq təcridinə gətirib çıxara bilər ki, bundan sonra Ukrayna amilinin Rusiyaya təsir imkanları olmayacaq. Rusiya dünyadan təcrid olunmaqla elə bir vəziyyətə gəlib çata bilər ki, o daxildən dəyişmək təhlükəsi qarşısında qala bilər.
- Lakin məsələ qaranlıq qalır ki, nəyə görə, Qərb Rusiyanın sərt reaksiya verəcəyini bilə-bilə Ukraynanı tərəfinə çəkmək istədi. Bu əvvəlcədən planlaşdırılmış iş deyildi ki, məsələn, Qərb bununla Rusiyanı müxtəlif cəbhələrdə mübarizəyə çəkərək zəif salmaq niyyətində ola bilərdi.
- Bu mümkündür. Digər yandan isə, Qərb Rusiyaya anlatmaq istəyirdi ki, öz siyasətini Rusiyanın iddialarına uyğun şəkildə qurmaq fikrində deyil. Biz 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzünü gördük, məhz bu ölkənin NATO-ya can atması səbəbindən. Təbii ki, buna Saakaşvili hökuməti tərəfindən rəvac verilən amillər də oldu. Separatçı Cənubi Osetiyada hərbi əməliyyatlara başlanılmasını nəzərdə tuturam. Amma istənilən halda bu təcavüzün arxasında Gürcüstanın NATO istəyi dayanırdı. Qərb orada daha çox diplomatik vasitələrə üstünlük verdi və Rusiyaya sanksiyalar tətbiq etmədən onu çəkindirməyə çalışdı. Baxmayaraq ki, Rusiya Gürcüstanın iki separatçı bölgəsini "müstəqil dövlət" kimi tanımaq haqqında qərar verdi. Bu, faktiki olaraq son nəticədə bir növ Rusiyanın qarşısından çəkilmək oldu. Qərb növbəti dəfə Ukraynada eyni mövqeni sərgiləsəydi, Rusiya başqa-başqa iddialara düşərdi. Rusiyanın Suriyadakı aqressiv siyasəti Qərbə bir mesaj oldu ki, Rusiyanı dayandırmağın vaxtıdır. Ona görə də, düşünmürəm ki, Qərb bunu hesablamamış addım atıb. Belə bir ssenari də işlənmişdi ki, Rusiyanı aqressivləşdirməklə beynəlxalq təcridə məruz qoymaq, ona iqtisadi sanksiyalar tətbiq etmək və bununla da Rusiyanı zəiflədib yerində oturtmaq.
- Bəs, Dağlıq Qarabağ barədə nə düşünürsüz?
- Düşünmürəm ki, indiki mərhələdə həll prosesində irəliləyiş ola bilər. Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdən çıxarmaq təhlükəsi var. Buna səbəb kimi Avrasiya, xüsusilə Yaxın Şərq bölgəsində yaranmış və yaranmaqda olan yeni geosiyasi situasiyadır. Bu baxımdan düşünürəm ki, Ukraynanın Qərb tərəfə getməsi, İranın Qərblə yaxınlaşması Rusiyanın Cənub-qərb cinahının - hərbi, geosiyasi, strategiyası nöqteyi-nəzərindən müdafiəsiz qalmasıdır ki, Rusiya hadisələri önləyərək Cənubi Qafqazda özünün yekun və son təmsilçiyini, nəzarətini tətbiq etmək istəyər. Bu halda Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq ən ideal vasitədir. Bu təhlükə var. Amma münaqişənin həll olunması istiqamətində real addımların olacağı bu şəraitdə inandırıcı görünmür.
- Ərəstun bəy, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aktiv fəaliyyətə başladı. Səfir burada müxtəlif görüşlər keçirdi və Azərbaycanın hərbi imkanlarına baxış keçirdi. Bunun hansısa xüsusi mənası var idi?
- Ola bilsin ki, bu sual bundan əvvəlkinə cavabımla əlaqəlidir. Mümkündür ki, ABŞ-da Rusiyanın bölgədə hərbi vəziyyəti gərginləşdirə biləcəyi narahatlığı var. Bu baxımdan Azərbaycanın hərbi imkanlarını nəzərdən keçirir və Azərbaycana hərbi dəstək, yaxud başqa bir dəstəyin verilməsi imkanları araşdırılır. Hər halda Azərbaycan hakimiyyətinin razılığı olmadan Sekuta Azərbaycanın hərbi imkanlarına baxış keçirə bilməz.
Mənsur Rəğbətoğlu