“ABŞ və Qərb dünya ölkələri üzərində malik olduqları üstünlükləri əldən verməmək üçün...””

Mütəllim Rəhimli: “Siyasətin yolverilməz hesab etdiyi bütün vasitələrə əl atırlar”

Son aylar Azərbaycan və Türkiyəyə qarşı müəyyən beynəlxalq dairələr tərəfindən təzyiqlər müşahidə edilməkdədir. İstər Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə qarşı aparılan antitəbliğat kampaniyası, istərsə də bir neçə gün əvvəl Avropa Parlamentinin qrup toplantısında qondarma erməni soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədi bu sıraya aid etmək olar? Bəs görəsən Qərbin, Avropanın bu təzyiqləri qarşısında rəsmi Bakı və Ankara hansı addımları atmalıdır? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, son vaxtlar Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş beynəlxalq təzyiqləri necə dəyərləndirirsiniz və burada məqsəd nədir?

-Birləşmiş Ştatlar və Qərb dünya ölkələri üzərində malik olduqları üstünlükləri əldən verməmək üçün siyasətin məqbul bildiyi və yolverilməz hesab etdiyi bütün vasitələrə əl atırlar. Onlar bu yollarla çalışırlar ki, əllərində olan və bir çox hallarda kiçik dövlətlərin və xalqların istismarı nəticəsində formalaşmış iqtisadi qüdrətlərini qoruyub saxlasınlar. Lakin vaxtilə Osmanlı İmperiyası tabeliyində olan bütün əraziləri, o cümlədən Avropanı yalnız ədalətli şəkildə, ayrıseçkilik etmədən, qanunun gücü ilə idarə etmişdi. Ona görə də bu möhtəşəm imperiyanın ömrü uzun olmuşdu. İndi isə biz Avropanın inkişaf etməkdə olan ölkələrə və Avropa Birliyinə daxil olmayan dövlətlərə, xüsusilə müsəlman kəsiminə qarşı ayrıseçkilik siyasəti apardığını müşahidə edirik. Bu zaman xristian təəssübkeşliyi açıq-aydın görsünür. Son dövrdə Türkiyənin iqtisadi potensialını və regional gücünü artırdığı bir çoxlarını narahat edir. Avropa Birliyinə qoşulmadan da Türkiyənin belə inkişafı bir çox dünya güc mərkəzlərinin kürkünə birə salıb. Düşünürəm ki, xarici təzyiqlərin indiki dövrdə artırılması həm də Türkiyə daxilində narazılığın çoxaldılmasına hesablanıb. Çünki hazırda bu ölkədə parlament seçkiləri kompaniyası başlayıb və Türkiyəni irəliyə aparan indiki hakimiyyətin zəiflədilməsi üçün onu istəməyənlərin əlinə yaxşı fürsət düşüb ki, bundan yararlanmaq istəyirlər.

-Bütün bunlara qarşılıq olaraq Ankara və Bakı hansı addımları atmalıdır?

-Təkcə Ankara və Bakı deyil, həm də "erməni soyqırımını" tanıyan ölkələrin hamısı bilir ki, belə bir şey olmayıb. Lakin bu cür yalanın Azərbaycan və Türkiyənin başı üzərində təzyiq aləti kimi saxlanılması görünür onlara lazımdır. Bütün bunlara baxmayaraq, bəzi ölkələrin, Vatikanın və Avropa Birliyinin  "soyqırımı" tanıması Türkiyə üçün heç bir hüquqi öhdəlik doğurmur. Lakin bu faktın özü ürək açan deyil və münasibətlər sisteminə indi və gələcəkdə təsir göstərməyə bilməz.  Həm də "soyqırımı" tanımaqla işin bitdiyi təsəvvürü də yanlış ola bilər. Bundan sonra erməni yalanını özlərinin siyasətinə çevirənlərin başının altından hansı təzyiq mexanızmləri çıxacağını da hesablamaq lazımdır. Düşünürəm ki, Türkiyə ilə Azərbaycan da birlikdə 31 martı türklərin soyqırımı günü kimi qeyd etməliydi və bu tədbirə dünya ölkələri də dəvət olunmalıydı. Bu addımın atılması hazırda müşahidə etdiyimiz əcaib qərarların meydana çıxmasının qarşısını alardı. Qeyd etdiyim kimi, "erməni soyqırımını" tanıyanlar özləri də bilir ki, belə bir hadisə olmayıb. Ona görə də onlara tarixi faktların, həqiqətlərin təqdim edilməsi nəyisə dəyişə bilməz. Biz yalnız Avropa xalqları ilə iş apara, onlarda düzgün ictimai fikir formalaşdıra bilərik. Avropada hökumətlər ictimai fikri nəzərə aldığından bu məsələyə yanaşmada da xalqın fikrini mütləq nəzərə almağa məcbur olacaqlar.

-Fransa və Rusiya prezidentlərinin qondarma soyqırımı anmaq üçün Ermənistanı seçməsi Türkiyə ilə Paris və Moskva arasında hansı fəsadlara yol açacaq?

-Fransa tarixən Ermənistanın müttəfiqi olub və bir neçə il əvvəl prezident Nikolas Sarkozi Ermənistanı ölkəsinin kiçik bacısı da adlandırmışdı. Türkiyə isə Ermənistanla müqayisədə Rusiyadan hər mənada daha uzaqdır. Nəzərə almaq lazımdır ki, Türkiyə Rusiyanın düşməni olan NATO hərbi blokunun, Ermənistan isə Rusiyanın proyekti olan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Düşünürəm ki, Avropa Birliyinin "erməni soyqırımını" tanıması müqabilində Vladimir Putinin dövlət səviyyəsində rəsmi olaraq onu etiraf etmədən bu "tədbirlərdə" iştirakı daha yumşaq mövqedir. Putinin bu addımı son vaxtlar Ermənistanın daxilində anti-Rusiya mövqeyinin qarşısını almağa və özünə yaxın olan indiki hakimiyyəti qorumağa hesablanıb. Çünki bir müddət əvvəl rus əsgərinin erməni ailəsini qətlə yetirməsi hadisəsi və Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra Rusiyaya qarşı nifrət formalaşırdı. Bu isə gələcəkdə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilərdi.

-Bu arada Fransa prezidentinin Ermənistandan Azərbaycana səfər edəcəyi bildirilir. Bu səfər nədən xəbər verir və tərəflərə yeni sülh varinatı təqdim edilə bilərmi?

-Fransa prezidenti Fransua Ollandın Ermənistandan sonra Azərbaycana səfər etməsi Parisin Bakının könlünü almağa yönəlik addımı kimi də qiymətləndirilə bilər. Fransa prezidenti yəqin ki, "erməni soyqırımı" ilə bağlı ölkəsinin yanlış mövqeyini və hansı zərurətdən irəli gəldiyini izah etməyə çalışacaq. Bununla da münasibətlərin tamamilə korlanmasının və etimadın itməsinin qarşısını almağa cəhd edəcək. Lakin ümid etmirəm ki, Parisin əlində Qarabağ münaqişəsinin nizamlanması üçün bitkin bir sülh planı olsun. Həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Birləşmiş Ştatlar və Rusiyanın birgə razılaşdırılmış variantı olmadan yerdə qalan bütün təkliflər qeyri-ciddidir. Onların müzakirəsi vaxt aparmaqdan başqa bir şeyə xidmət etməz.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31