“Qondarma soyqırımı Konqresdən keçirmək imkanları məhduddur”

Ərəstun Oruclu: “Avropada bu məsələyə xüsusi diqqətin ayrılmasında Türkiyənin son illərdə yürütdüyü xarici siyasətinin təsirləri də var”

Avropa ölkələri qondarma erməni soyqırımı ilə Türkiyəyə qarşı hücuma keçiblər. Roma Papası Fransisin "soyqırım"ı tanımasından sonra, Avropa Parlamentinin 1915-ci il hadisələrilə əlaqədar qəbul etdiyi qətnamə birmənalı qarşılanmır. Avropadan fərqli olaraq, ABŞ hələlik səssizlik nümayiş etdirir. Digər yandan İranla "Altılıq" arasında əldə olunmuş ilkin nüvə razılaşması Yaxın Şərqdəki mövcud situasiyanı dəyişmək ehtimallarını artırır. Yekun razılaşmanı pozmağa çalışan Rusiya və Amerikadakı bəzi siyasi dairələr, Ağ Evə qarşı hücumlarının sayını artırıblar. "Olaylar"ın bu və ya digər məsələlər barədə yaranmış suallarını "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb.

- Qondarma erməni soyqırımın 100 illiyi ərəfəsində Türkiyəyə hücumların sayı artıb. Vatikandan sonra Avropa Parlamenti "soyqırmı" qəbul etdi. Bu azmış kimi Hitlerin törətdiyi yəhudi soyqırımını Almaniyanın "Phoenix" telekanalı Türkiyənin adına yazdı. Ərəstun bəy, fikrinizcə, bu hücumların əsl mahiyyəti nədir?

- Yəhudi soyqırımının Türkiyənin adına yazılması, sadəcə həmin alman telekanalının uydurmasıdır. Bu barədə ciddi danışmağa dəyməz. Bir çox media qurumları sensasiya yaratmaq xatirinə özlərindən məlumat uydururlar. Belə informasiyalar izləyici auditoriyası genişləndirməyə xidmət edir. Yəhudi soyqırımının bütün detalları bəllidir, bunu Almaniya hökumətinin özü də etiraf edib. Telekanal Holokostun tarixini unudur. Həmin dönəm qaçan yəhudiləri qəbul edən ölkələrən biri də Türkiyə idi. Hətta Avropanın bir sıra ölkələri və Amerika bu insanları qəbul etmirdilər. Ona görə də, alman telekanalının iddiası absurddur. Bu dezinformasiyanı yaymaqda müəllifinin məqsədinin nə olduğunu bilmirəm. Lakin bu gün Türkiyəyə qarşı qondarma soyqırımın tanınması paradının arxasında siyasi məqsədlər dayanır, xüsusən Avropadakı mühafizəkar təmayüllü siyasi və onlara yaxın dini çevrələrin yanaşması var. Avropa Parlamenti də Vatikan rəhbəri Fransisin açıqlaması əsasında, bu məsələni müzakirəyə çıxardı və səs çoxluğuyla qəbul etdi. Avropa Parlamentinə bu layihəni təqdim edənlər Avropa Xalq Partiyasının üvləridir. AXP-ni təşkil edənlər əsasən, Avropa ölkələrindən olan xristian təmayüllü mühafizəkar partiyaların təmsilçiləridir. Əslində, Vatikandan sonra Avropa Parlamentinin belə bir addım atacağı gözlənilən idi. Bu Avropada mühafizəkar dini və siyasi təmayüllü kəsimin əvvəlcədən razılaşdırdığı mövqedir. Təbii ki, bunlar təkcə Türkiyəyə təzyiq məqsədi daşımır. Ümumiyyətlə son zamanlarda Avropada müsəlman ölkələrinə qarşı baxışların kəskinləşdiyini nəzərə alsaq, görmək olar ki, bu konkret bir ictimai-siyasi prosesdir. Lakin Avropa dövlətlərindən olan həmin mühafizəkar partiyalar, ölkələrdə yaranmış antimüsəlman əhval-ruhiyyəsindən öz siyasi məqsədləri üçün yararlanmağa çalışırlar. Lakin bu hansısa bir xüsusi mərkəzdən idarə olunan proses deyil. Belə düşünməzdim, çünki bu konisproloji yanaşma olardı. İstisna etmirəm ki, həmçinin Avropa ölkələrinin siyasi hakimiyyət çevrələrində də, qondarma soyqırıma səssiz qalınmaqla onun qəbul edilməsinə razılıq verilib. Avropada bu məsələyə xüsusi diqqətin ayrılmasında Türkiyənin son illərdə yürütdüyü xarici siyasətinin təsirləri də var. Ərdoğan hökumətinin Rusiyayla yaxınlaşması, Çinlə hərbi sazişlər bağlaması, həmçinin NATO ölkəsi olan Türkiyənin raketlərdən müdafiə sistemini Çindən alıb quraşdırmasına qarşı reaksiyaların olacağı gözlənilirdi. Əslində bu reaksiyalar Ərdoğan hökumətinə ünvanlanmadı, bütövlükdə mənəvi dəyərlərin özünə qarşı oldu. Əgər Avropa Parlamentindən 1915-ci il hadisələriylə bağlı təsdiq olunmuş sənəd tələb olunsaydı, heç bir dəlil verə bilməyəcəkdi. Digər yandan bu proses onu göstərdi ki, belə uydurmalar sırf siyasi təzyiq vasitəsi kimi istifadə olunur və bu çox pis tendensiyadır.

- Hamını maraqlandıran əsas məsələ ABŞ-ın bu prosesə mövqeyidir. Nəzərə alsaq ki, ABŞ-ın bölgədəki əsas müttəfiqi Türkiyədir. Vaşinqton "soyqırım"ı tanımaqla bunu nəzərə almaya bilərmi?

- ABŞ-ın bölgə siyasətində, artıq çoxşaxəli çalarlar nəzərə çarpır. Əvvəllər deyirdik ki, ABŞ-ın bölgədəki əsas müttəfiqi Türkiyədir. Amma bu gün ABŞ-ın çoxşaxəli münasibətlərə üstünlük verdiyi görünür. O cümlədən İranla münasibətlərini də tənzimləməyə çalışır. ABŞ-ın bölgədə İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqləri var. Lakin Amerikanın qondarma soyqırımı tanıması o qədər də asan məsələ deyil. Çünki Vaşinqton bu addımı atsa, bir çox amilləri nəzərə almalı olacaq. Bu gün ABŞ Konqresindən bu məsələni keçirmək imkanları çox məhduddur. Ona görə ki, Ağ Evə nəzarət Demokratların nəzarətindədir. Konqresin hər iki palatasında isə çoxluq Respublikaçılardadır. Təbii ki, Respublikaçılar Obama administrasiyasının xarici siyasətinə maneəçilik yaratmağa çalışır. Bu da məlum məsələdir, gələn il prezident seçkiləri olacaq. Biz bunu İran siyasətində, İsraillə əlaqələr məsələsində də gördük. Qondarma soyqırım məsələsi isə, bir az dolaşıqdır. Əgər administrasiya bunun əleyhinə olarsa, Konqresdə bu məsələni müzakirəyə çıxarıb qətnaməni qəbul edə bilərlər. Unutmayaq ki, Konqresdə çoxluq təşkil edən Respublikaçılar mahafizəkar xristian təmayüllü partiyadır. Bu baxımdan düşünürəm ki, ABŞ-ın qondarma soyqırımı qəbul etməsi təhlükəsi ola bilər. Digər yandan nəzərə alsaq ki, ayın 24-nə az vaxt qalıb və ABŞ siyasətinin gündəmində bu məsələ yoxdur, demək bircə, Obamanın 24 aprel müraciətində "soyqırım" sözünün səsləndirilməsi qalır. Əslində səsləndirilsə belə, bunun o qədər böyük əhəmiyyəti olmayacaq, adi bir söz olacaq. Əsas məsələ qətnamədir. Məsələn, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Komissiyası üçün tövsiyyə xarakteri daşıyırsa, Konqresin qəbul etdiyi belə bir sənəd artıq administrasiya üçün zəruri sayılacaq. Hər halda ABŞ-dan belə bir təhlükəli addım gözlənilən deyil.

- O zaman bu mənada, Qərb ölkələri və Ermənistanın Türkiyənin arxivləri açmaq təklifinə yaxın gəlməmələri siyasi məqsəd daşıyır.

- Təbii ki. Arxivlərin açılması ermənilərin "soyqırım" iddiasının mənasız olmasını isbat edəcək. Əslində Ankaranın arxivləri açmasına xüsusi ehtiyacı yoxdur. Çünki Avropa ölkələrinin çoxusunun arxivlərində 1915-ci il hadisələri ilə bağlı xeyli sənədlər var. Həmin sənədlər açılsa, bu erməni uydurmasını ifşa etməyə kifayət edəcək.

- Başqa bir məsələyə diqqət edək. Hesab edirsinizmi, "Altlıq"la İran arasında əldə olunmuş razılaşma pozulacaq? Çünki ilkin razılaşmanın əldə edilməsindən sonra Konqres və Amerikadakı yəhudi lobbisi Ağ Evə qarşı hücuma keçdilər. İsrailin Baş naziri Binyamin Netanyahu da açıqlamasında anlaşmanı pozacaqlarını dedi.

- Yəhudi lobbisi deməzdim, İranla anlaşmanı pozmağa çalışan məhz Respublikaçılardır. Bayaq dediyim ki, administrasiyanın xarici siyasətinə təsir etməklə onu uğursuzluğa çəkmək istəyir, səbəbi də qarşıdan gələn prezident seçkisidir. Respublikaçıların isə mövqeyi kifayət qədər zəif görünür. Netanyahu da Respublikaçıların bu mövqeyindən istifadə etdi. Bu səbəbdən İsraillə Ağ Ev arasında xeyli gərginlik var. İran prezidenti Həsən Ruhani də bu məsələdə açıq mövqe sərgilədi. O, dedi ki, rəsmi Tehran danışıqları Konqreslə yox, administrasiya ilə aparır. Bu konkret mesajdır ki, Konqresdə bu anlaşmaya hansı mövqeyin sərgilənməsindən asılı olmayaraq, İran danışıqlar prosesinin davamında razılaşmanın əldə olunmasında maraqlıdır. Həqiqətən belə bir iradə oratlıqda varsa, bu danışıqların baş tutması ehtimalı kifayət qədər yüksəkdir. Unutmayaq ki, burada söhbət təkcə İran-ABŞ münasibətlərindən getmir, "Altılıq"a BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 aparıcı nüvə dövləti (Çin, ABŞ, Almaniya, Fransa, Rusiya və İngiltərə) daxildir. Yəni bu, iki ölkənin əlaqələrini göstərən proses deyil, daha ciddi məsələdir. Lakin yekun razılaşmanın əldə edilməsində son dərəcə optimist deyiləm. Danışıqlar prosesində hansısa problemlər yarana bilər ki, nəticədə sonda yekun anlaşmanın əldə olunmaya bilər. Hər halda bu günkü mövcud tendensiya və verilən açıq bəyanatlardan görünür ki, tərəflər yekun razılaşmanın əldə olunmasında maraqlıdırlar.

- Hadisələri qabaqlayaq. Ərəstun bəy, əgər yekun razılaşma əldə olunsa, bunun Rusiyanın Yaxın Şərq siyasətinə hansı təsirləri olacaq?

- Əlbəttə, mənfi təsir edəcək. Ona görə ki, Rusiyanın Yaxın Şərq siyasətində əsas tərəfdaşı İran olub. Rusiya region siyasətində İrandan vasitə kimi istifadə etməyə çalışdı və bir çox hallarda bu alındı. Bunun obyektiv səbəblərindən biri o idi ki, bölgənin mövcud problemlərinə İranla İsrail arasında fərqli yanaşmalar olub və ABŞ-ın İsraillə mövqeləri üst-üstə düşüb. Çünki ABŞ-İran münasibətlərində gərginlik var idi. Bu səbəbdən təklənməmək üçün İran Rusiyanın dəstəyinə ehtiyac duyurdu. Rusiya da bunun əvəzində Yaxın Şərq proseslərinə təsir etmək imkanı əldə etmişdi. Rusiya başa düşür ki, yekun razılaşmadan sonra bu imkanları əldən çıxa bilər. Bu səbəbdən də, ilkin razılaşmanın arxasınca, Rusiya Prezidenti Vladimir Putin İrana "S-300" zenit-raket komplekslərinin satışına tətbiq olunan qadağanı aradan qaldırdı. Bir növ İran, yaxud İranla münasibətlərdə daha yaxın olmaq uğrunda ABŞ-la Rusiya arasında rəqabət başladı. Lakin istənilən halda yekun razılaşma əldə olunarsa, şübhəsiz ki, bu Rusiyanın bölgədəki mövqelərini xeyli dərəcədə zəiflədəcək.

Mənsur Rəğbətoğlu


Ardı  var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31