“Qorxutmaq üçün demirəm, amma Borxes ağlınızın bir ucunda olsun”
Ramil Əhməd: “Yazmadan, oxumadan, film izləmədən özünüzü xoşbəxt hiss edirsinizsə, belə də yaşamağa davam edin”
21 Aprel 2015 13:47 MüsahibəMüsahibim şair, esseist Ramil Əhməddir. O, 1994-cü ildə doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Prezident təqaüdçüsüdür.
- Fikrinizcə, niyə nəsrə münasibətdə poeziyaya maraq daha azdır?
- Ximenesin "şeir ucsuz-bucaqsız azlığa səslənməkdir" fikriylə razılaşır, istənilən cəmiyyətdə şeir kitablarının az oxunduğunu bilirəm. Sizcə, Fransada hələ o dövrdə Bodlerin şeir kitabı neçə nüsxə çap olunmuşdu? Yaxud da, Valeri. Nəsrdə isə oxucu daha çox kitabı sıxanda bir vedrə göz yaşı tökülən ucuz eşq macəralı, bütün mahiyyəti ancaq qatili tapmağa yönələn detektiv mövzulu mətnləri sevdiyini də anlayıram. Bir az da lokallaşdırsaq, məncə, Şərq insanı özünü duyğular vasitəsi ilə ifadə etdiyi üçün bizdə şeir uzun müddət öz aktuallığını saxlayacaq.
- Başlanğıcda istədiyinizi tapmadığınız fikrinə düşmüşdünüz və buna görə şeirlə sağollaşdığınız oldumu?
- Artur Rembo təxminən mən yaşlarda olanda şeirlə sağollaşmışdı. Bilmirəm, bəlkə, məndə də belə olacaq. Fikirlərimi daha çox iki janrda: şeir və essedə ifadə edirəm. Ola bilsin, gələcəkdə bu janrların arasına hekayə də, roman da daxil olsun. Ancaq yenə də nə vaxtsa şeirlə sağollaşacağımı düşünmürəm, ən azı oxucu kimi.
- Şeirləriniz sizi göstərirmi?
- Bu sualı iki mənada başa düşürəm. Birinci mənada, istər qurmaca olsun, istərsə də həyati sonda o şeirlərin müəllifi mən olduğum üçün şair kimi məni göstərir. İkinci mənada, bəzi şeirlərdə mən varam, çoxunda isə yox. Şeirimdəki bəzi obrazlarda bir az da olsa məndən nəsə var, amma heç biri tam mən deyiləm. Yazmaq həm də başqasına çevrilə bilməkdir. Məsələn, "Bir qadının gündəliyi" silsiləsinə daxil olan şeirlərdə bir qadının, "Çin qızı" şeirində çinli bir qızın, "Həndəsə müəlliminin dərsdənkənar oxusu"nda bir müəllimin gözündən həyata baxmışam. Yadıma Floberin bir sözü düşdü, mən nə qədər fransızamsa, bir o qədər də çinliyəm.
- Şeirlər qarşılaşdığınız hadisələrin nəticəsindən doğur, yoxsa mövzu əhatəliyinə üstünlük verirsiniz?
- Janrından aslı olmadan mətnlər gördüyün, yaşadığın hadisələrdən, oxuduğun kitablardan, dinlədiyin musiqilərdən, izlədiyin filmlərdən, bir sözlə, hər şeyin nəticəsində yarana bilər. Konkret olaraq bir şeyin adını çəkmək doğru olmaz. "Zaman tuneli" kitabımı oxuyanda orada bəzi şeirlər var ki, onlarla qarşılaşmağım mümkün deyil. Məsələn, "Robinzonun şeiri".
- Şeirlərinə ad qoyarkən nələrə diqqət edirsiniz?
- Şeirdən aslı olaraq dəyişir. Təxminən belə qruplaşdıra bilərik:
1) Bəzi şeirlərimin ötürdüyü mesaja uyğun olaraq sərlövhə seçirəm. Məsələn, "Topaz", "Metafizika", "Uşaqlar".
2) Bəzən ad oyunları edirəm: "Sonuncu şam yeməyi", "Hitlerin katibəsi", "Qırmızı".
3) Bəzən də şeirin bir misrasını seçirəm: "Gecələr tənhalığına film çək".
4) Bəzən "Əvəz-siz-lik" bölməsində olduğu kimi şeirə iki ad verirəm.
5) Son olaraq, intonasiya baxımından yaxın olan adlar qoyuram. "Axilles dabanı" silsiləsindəki şeirlərin adlarına fikir versəniz (Evrika, Amerika, Qrammatika, Homer-Kafka) sonunun KA ilə bitdiyini görəcəksiniz.
- Yazmaq üçün vərdiş etdiyiniz tərziniz varmı, yoxsa ilham hardan, necə gəldi elə?
- İlham məsələsinə bir az başqa cür yanaşıram. Danışsam, uzun çəkər. Qısaca deyim ki, həftəiçi 5 saat, şənbə-bazar isə 11-12 saat ədəbiyyata vaxt ayırıram. Beş gün saat 22:00-03:00 qədər, həftə sonları isə 11:00-18:00, sonra fasilə və 22:00-03:00 qədər. Şənbə və bazar günləri daha çox film izlməyə üstünlük verirəm. Bu il qrafikim belə idi, universitetdə səhər növbəsi olanda isə vaxtlar dəyişirdi. İlham dediyiniz şey çox mücərrəddir, onu gözləmək işini təsadüflərin ixtiyarına buraxmaq deməkdir. Biz niyə ilham məsələsinə ilişib qalmışıq bilmirəm. Bundan qurtulmaq üçün dünyanın peşəkar yazıçılarının, şairlərinin müsahibələrini oxumaq kifayətdir. Mənə görə, çağdaş dövrün yazıçısı, şairi nə yazdığını, necə yazdığını bilməlidir. Pamukun dediyi kimi, ilham bəzən gələr, bəzən gəlməz, bəzən də arabir baş çəkər.
- Bəs esselerinizi necə yazırsınız?
- Birinci mərhələdə yazmaq istədiyim mövzu haqqında düşünürəm. O barədə məlumat toplayıram, qeydlər edirəm. Nə yazacağımı müəyyən edəndən sonra necə yazacağımı, üslub haqqında düşünürəm. Faulzun "Bir fikri ifadə etməyin yüzlərlə yolu var" cümləsi həmişə ağlımın ucunda olur. Və ən vacibi budur ki, əvvəllcədən yazını necə başlayıb necə bitirəcəyimi bilirəm. Buna görə də bəzən yazmağa son hissədən başlayıram. Yaxud da, yazının ortasında olacağını planlaşdırdığım bir abzasdan başlayıram. Beləcə, yazının hansı yerində ilişsəm, oranı boş qoyub sonrakı abzasdan başlayıram.
- Zaman sizin üçün nə deməkdir?
- Zaman haqqında bunu deyə bilərəm, hər nə qədər adı ətrafında mübahisələr olsa da bəlkə də, Şekspir müasirimiz olsaydı, "Hollivud" filmləri üçün ssenari yazan biri olardı. Kim bilir...
- Oxucularınız arasında cinslər arasında say fərqi nə yerdədi?
- Əsas məsələ ümumi oxucunun nə qədər olması, nə qədər kitab oxunmasıdır. Oxucunu qadın və kişiyə bölməkdə məqsədinizin nə olduğunu bilmirəm. Amma bu yaxınlarda keçirilən imza gününə istinadən deyim ki, sayca xanımlar üstünlük təşkil edirlər.
- Şeirləriniz yaşantılarınızdır, yoxsa digər şeirlərinizin sizə verdiyi ilhamdır?
- Bu barədə az da olsa artıq danışdıq. Nədən və necə yazmaq şairə görə dəyişir. Vacib olan mətndir. Fikrimcə, yazıçının, şairin iki materialı var. Birincisi, bilgi, informasiya, ikinci isə xəyal gücü, təxəyyüldür.
- "Zaman tuneli" kitabınızda "Müharibənin öldürdüyü İsa" şeiri müharibədə ölən övladına görə acı çəkən anadan bəhs edir. Bu tip mövzular digər şairlərdə də var. Belələrində isə bir qayda olaraq, adətən müharibədə həlak olan övlad yox, onun anasının kədəri əks olunur. Həlak olanın yarımçıq qalan arzuları ananın acısından daha kədərli deyildimi? Bu xətt "Tanrının balaları", "Ana və oğul"da da davam edir. Digər şairələrdə də belələri çoxdur.
- Mətn güzgü kimidir, hamıda fərqli duyğular yaradır. Sizin bu cür yanaşmanızı anlayışla qarşılayıram, amma fikirlərinizlə razılaşmıram. O şeir tamam başqa məsələləri ifadə edir. Belə başa düşdüm ki, şeirin başlanğıcına və "Əvvəl insanlığı, sonra insanları əzib keçdilər" misrasına fikir verməmisiniz. Sualın ikinci tərəfinə gəldikdə isə, min illərdi mövzu eynidir, dəyişən ifadə formaları, üslublardır. Uzağa getməyək, Nizamidən sonra yazılan "Leyli və Məcnun"ları xatırlayaq. Adlarını çəkdiyiniz "Müharibə" silsiləsinə daxil olan şeirlərdir. Eradan əvvəl VIII əsrdə yazılan Homerin "İlliada" və "Odiseya"sı Troya müharibəsi haqqında deyildi? Bəs "Hərb və sülh", "Əlvida silah", "Beş nömrəli sallaqxana", Remarkın bütün romanlarının cəmi bircə mövzusu var: müharibə. Bir az da bu tərəfə gəlsək, Dünya müharibəsi dövründə Rəsul Rzanın, Səməd Vurğunun, Süleyman Rüstəmin yazdığı şeirlər... Uzun danışmaq istəmirəm. Qısaca onu deyim ki, mövzu, dramaturji situasiya barəsində Jorj Poltinin əla bir kitabı var.
- Bir də "Zaman tuneli"ndə niyə tənha gedirsiniz?
- Bəzi sənət sahəsində kollektivin böyük rolu var. Deyək ki, kinoda, teatrda. Ancaq roman, şeir yazmaq hamıdan uzaqlaşıb saatlarla bir otaqda tək qalmaqdır. Deyim ki, mahiyyət etibarı ilə bir otağa girib qapıını bağlasan belə yenə də tək deyilsən. Oxuduğun kitablar, yaşadığın hadisələr, aid olduğun coğrafiyanın xüsusiyyətləri səninlə birlikdə, sənin içindədir. Ona görə də şair Kafavis yazır ki, hara getsən də bu şəhər arxanca gələcək. Yəni sən bu şəhəri öz içində daşıyacaqsan həmişə.
- Şeirlərinizdə qadınlara daha çox yer ayırmısınız. Nədir şairələrin bu qadınlara olan marağı?
- Xüsusi olaraq belə etməmişəm. Sadəcə belə alınıb.
- Bəs sevgi haqqında olan şeirlər niyə çoxluq təşkil edir?
- Belə deməzdim. Məncə, mövzu baxımından kitab balansı qoruyub saxlayır.
- Hər növdən olan kitabları oxuyursunuz?
- Kitabxanamda daha çox şeir, roman, hekayə kitabları var. İxtisasıma uyğun olaraq elmi, nəzəri kitablar da geniş bir hissəni tutur. Sevdiyim azsaylı yazarların esse, müsahibə, məqalələrindən ibarət kitablarını da böyük zövqlə oxuyuram.
- İnsanların kitaba qarşı soyuqqanlılığı nədən qaynaqlıdır?
- Ourel deyirdi ki, yazıçı siyasətə qoşulmasa da, siyasət gəlib ona qoşulur (gülür). Xoşuma gələn bir fikir var, əvvəl ağıllı idim dünyanı dəyişmək istəyirdim, indi müdrikləşmişəm özümü dəyişirəm.
- Yəni?
- Demək istəyirəm ki, kitab oxumaq və ya oxumamaq bir seçimdir. Demokratik olaq, insanların seçiminə müdaxilə etməyək.
- Ailələrdə uşaqlara deyilən "çox oxuma gözlərin kor olar" ifadəsi haqda nə düşünürsünüz?
- Əgər o uşaqlardan kimsə bu danışdıqlarımızı oxuyacaqsa, onlara demək istəyirəm ki, valideynlər haqlıdırlar. Mənə baxsınlar, mənfi 3,5 eynək taxıram. İldə iki dəfə göz həkiminə getmək məcburiyyətindəyəm. Qorxutmaq üçün demirəm, amma Borxes ağlınızın bir ucunda olsun.
- Bu ironik cavab oldu...
- ... Bilirsiniz, məşhur bir söz var: "Yaza bilmirsinizsə, yazmayın". Yəni yazmadan, oxumadan, film izləmədən özünüzü xoşbəxt hiss edirsinizsə, belə də yaşamağa davam edin. Yox, yazmaq, oxumaq sizdə su, yemək, sevişmək kimi bir təlabata çevrilibsə, bunun sonunda nə olursa-olsun, kim nə deyirsə-desin o adamlar öz işlərindən əl çəkməyəcəklər.
- İndi bir şeir oxumağınızı istəsəm, hansı şeirinizi deyərsiniz?
- Yolmayın,
çobanyastığının günahsız ləçəklərini,
Yormayın, eyni suallarla onu:
- Sevir, sevmir...
Cavabını bildiyiniz sualları
başqasından soruşmayın.
Çiçəklər uşaqlar kimidir,
yalan danışa bilməzlər...
Göndərməyin parabüzənləri
sevdiyinizin arxasınca,
düşünün.
Bəlkə də,
barmağınızın ucundakı böcək
elə sizi aparmaq üçün gəlmiş...
- Bəs başqa bir müəllifdən?
- Yəqin ki, Elüarın "Burada yaşamaq üçün" şeirini deyərdim.
Mənsur Rəğbətoğlu