“Bəziləri hələ də köhnə streotiplərdən xilas ola bilməyib”
Əli Oruclu: “Müxalifət-iqtidar münasibətlərinə, düşmən, yadplanetlilər kimi baxırlar”
10 Aprel 2015 16:35 Müsahibə"Azərbaycandakı müxalif siyasi qüvvələr kütləvi aksiyaları əsasən ona görə keçirirlər ki, öz varlıqlarını, güclərini və "əzələlərini" göstərsinlər"
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun "OLAYLAR"-a müsahibəsi
-Əli bəy, seçki ərəfəsində olan Azərbaycanda müxalif düşərgənin iki cəbhəyə ayrıldığı müşahidə edilir. Bir cəbhə seçkiyə hazırlaşdığı halda, digər cəbhə kütləvi aksiyalar təşkil edir. Bu cür vəziyyəti müxalifət təmsilçisi kimi necə dəyərləndirirsiniz?
-Hər bir siyasi qüvvənin özünün strateji xətti olur və buna görə siyasətini, taktiki gedişlərini müəyyənləşdirir. Müxalifət düşərgəsi yekcins deyil və hər bir siyasi partiyanın, qrupun da fərqli baxışları, yanaşmaları var. Hər kəs nəyə qadir olduğunu, nə istədiyini az-çox dərk etdiyindən buna uyğun da addımlar atır. Bir qism hesab edə bilər ki, ölkədə gedən proseslərə ciddi reaksiya vermədən və cəmiyyətin içindən gələn təlabatları, narazılıqları diqqətə almadan hansısa formada məqsədinə çata bilər. Bəzilərini "idarəolunan demokratiya", yaxud "yumşaq siyasi kurs", kosttruktiv xətt adlandırılan siyasət qane edə bilər. Müxtəlifliyin ziyanı yoxdur. Əksinə bunların hamısı sosial siyasiləşməyə xidmət edir və insanlara seçim imkanı yaradır ki, hansı qüvvəni seçsin. Bu gün Azərbaycanda kifayət qədər aktual problemlər mövzular və problemlər var ki, bu müzakirə olunub, həllini tapmalıdır. Yaxşı olardı ki, bu müzakirələr meydanlarda deyil, parlament divarları arasında, dəyirmi masa ətrafında kütləvi informasiya vasitələrində keçiriləydi. Sivil ölkələrdə problemlərdən çıxış yollarının məqbul qaydası budur. Azərbaycandakı müxalif siyasi qüvvələr kütləvi aksiyaları əsasən ona görə keçirirlər ki, öz varlıqlarını, güclərini və "əzələlərini" göstərsinlər. Kütləvilik alınmayanda isə keçirilən aksiyalar əks-effekt verir. Hər halda hesab edirəm ki, seçki ərəfəsində əhalinin siyasi fəallığını yüksəltmək və ictimai-siyasi proseslərə cəlb etmək vacibdir.
-Maraqlıdır ki, hakimiyyətlə görüş keçirən siyasi partiyalar opponentləriniz tərəfindən aşağılanır. İddia edilir ki, hakimiyyət heç bir nüfuzu, 5 nəfər belə funksioneri olmayan partiyalarla görüş keçirir. Bu yanaşmaya AMİP olaraq mnünasibətiniz necədir?
-Bilirsiz, bəziləri hələ də köhnə streotiplərdən xilas ola bilməyərək, müxalifət-iqtidar münasibətlərinə, düşmən kimi, yadplanetlilər kimi baxırlar. Kimin qəbul edib etməməsindən asılı olmayaraq bu iki düşərgə var. Qarşıduran, rəqabət aparan tərəflər varsa, deməli, müzakirə predmeti də var, fərqli baxışlar, yanaşmalar da. Heç kim iddia edə bilməz ki, bu milləti və dövləti müxalifət iqtidardan, yaxud da əksinə iqtidar müxalifətdən çox istəyir, ya istəmir. Azərbaycan ümumi vətənimizdir. Hamımız da istəyirik ki, şəhidlərimizin qanı bahasına, ən ağır məhrumiyyətlərə dözə-dözə, vuruşa-vuruşa müstəqilliyinə qovuşduğumuz dövlətimiz dünyanın ən qabaqcıl, ən inkişaf etmiş dövləti olsun. Bununsa yolunu hərə bir cürə görür. "Ağıl, ağıldan üstün olar" kəlməsi elə-belə yaranmayıb. Cəmiyyət varsa, problem də var. Bu problemin həllini qarşılıqlı olaraq bir-birimizin üzərinə atmaqla, bir birimizi suçlamaqla, inkarçılıqla həll etmək olar? Düşmənçilik, qarşıdurma və daxili gərginliyi düşmənlərimiz arzulayır. Biz nədə sivil dünyadakılar kimi öz problemlərimizi, gələcək planlarımızı, inkişaf və milli və dövləti maraqlarımızı iqtidarlı-müxalifətli müzakirə etmirik? Üzünü Avropaya ABŞ-a tutan siyasi qüvvəllər də bilir ki, onlar da belə edirlər. Sadəcə burda bir inadkarlıq, özündən razılıq, inkarçılıq və siyasətlə şəxsi münasibətlərin çulğalaşdığı halları var. Hesab edirəm ki, nəinki iqtidarla-müxalifət arasında, hətta, müxalifətlə müxalifət arasında da müntəzəm görüşlər keçirilməli, aktual mövzular müzakirə edilməlidir. Kimlərin nə söyləməsindən asılı olmayaraq düşünürəm ki, ölkədə tezliklə dialoq mühiti yaradılmalı, iqridar-müxalifət arasında soyuqluq, inkarçılıq aradan qaldırılmalı, cəmiyyətə həlimlik gətirilməlidir.
-AMİP son illərə qədər sosial tələblərlə aksiya keçirən partiyalardan olub. Bəs Milli Şuranın aksiyalarına nə üçün dəstək vermir?
-Ölkədə ən çox və ən kütləvi aksiya keçirən partiya Azərbaycan Milli İstiqlal Partiyası olub. Siyasi meydan sözün əsil mənasında AMİP və onun lideri Etibar bəyin ixtiyarında olub. Siz xatırlayırsınızsa ötən əsrin 80-ci illərinin sonlarında Xalq Hərəkatı zamanı meydanlara axışan milyonlarla insan Etibar bəyin çıxışını dinləmədən oranı tərk etmirdi. Elə sonrakı dövrlərdə də uzun müddət meydanlar bizim olub. Milli Şuranın keçirdiyi aksiyalara AMİP-in partiya olaraq dəstək məsələsinə gəlincə, partiya üzvləri fərdi qaydada qatılıblar. Mən özüm də hər iki mitinqdə etirazçıların arasında olmuşam. Eyni zamanda Milli Şura bu aksiyanı təkbaşına təşkil etdiyini bəyanladığına görə, partiyanın orda iştirakı düzgün alınmazdı. Bildiyim qədər Milli Şuradan AMİP-ə belə bir müraciət də olunmayıb. Bizim üçün insanların maddi-rifah halının, iqtisadi vəziyyətlərinin yüksəldilməsi çox önəm daşıdığından belə məsələlərə həssas yanaşırıq və dərhal reaksiya veririk. Şərt deyil ki, bunu mütləq küçə və meydanlarda bildirək. İnsanlarla fərdi işləmək, fərdi təbliğat, mümkün vasitələrdən və ələ düşən fürsətdən yaralanaraq bunadan çıxış yolları haqqında fikir və mülahizələrimizi bölüşməyimiz də mübarizənin bir formasıdı.
Füzuli