“Səudiyyə Ərəbistanı-Azərbaycan yaxınlaşması Rusiyanı narahat edir”
Elşən Musayev: “Nə Qərbin, nə Rusiyanın, nə də Minsk Qrupunun Dağlıq Qarabağla bağlı gözlə görünən səyləri yoxdur”
9 Aprel 2015 16:04 MüsahibəRusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana hərbi müdaxilə olacağı halda Kollektiv Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə yardım edəcəyini bildirirlər. Ekspertlər tərəfindən birmənalı qəbul edilməyən açıqlama, Azərbaycana yönəlik müharibə elanı kimi də xarakterizə edilir. Rusiya-Azərbaycan əlaqələrinin yüksək olduğu bir vaxtda Lavrovun bu açıqlamasının hansı məqsəd daşıdığı isə yəqin ki çoxmənalıdır. Bu və digər məsələlər barədə yaranmış sualları Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırdı.
- Lavrov son açıqlamasında hərbi müdaxilə olacağı halda KTMT-nin Ermənistana kömək edəcəyini dedi. Fikrinizcə, rusiyalı nazirin fikirləri nə qədər məntiqlidir? Digər tərəfdən söhbət Ermənistana müdaxilədən yox, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməkdən gedir.
- Sergey Lavrovun açıqlamasında özü-özünü dolağışa saldığı məntiq var. O, açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ "müstəqil subyekt" ola bilməz, birbaşa Ermənistana tabedir. Çaşdıqlarından Dağlıq Qarabağa hücumu Ermənistana hücum kimi dilə gətirirlər. Azərbaycanın son günlərdəki döyüş hazırlıqları, müdafiə naziri Zakir Həsənovun, eyni zamanda cənab Prezident İlham Əliyevin qətiyyətli bəyanatları bunları müəyyən qədər qorxuya salıb. Lavrovun bu fikirləri həm də sığortalanmaq cəhdidir. Yəni ki, Azərbaycan Dağlıq Qarabağda döyüş əməliyyatlarına başlaya bilər, işğal altında olan torpaqlarını hərbi əməliyyatlarla geri qaytara bilər. Bunların hamısı Rusiyanı qorxudur. Təbii ki, Lavrovun məntiqi yalnışdır. Çünki Azərbaycan nə Ermənistana hücuma hazırlaşmır, nə də bu yöndə təhdid etmir. Hələlik diplomatik danışıqlar gedir. Lakin Ermənistan üçün Lavrovun açıqlaması sığortadır, kompensasiyadır. Eyni zamanda Rusiya Azərbaycandan çox BMT-ni, digər beynəlxalq qurumları, onların timsalında Qərbi hədələyir. Müəyyən siyasi məsələlərdə Azərbaycan Qərblə toqquşanda belə, bizim üçün təhlükə Rusiya tərəfdən idi. Çünki Rusiyanın bu tip açıqlamalarından və təxribatlarından heç vaxt sığortalanmamışıq. Ola bilsin ki, bu fikirlər fərd olaraq Lavrovun öz düşüncəsidir, amma bütün hallarda Rusiyanın təmsilçisidir, iri ranqlı məmurlarından biridir. Lavrovun açıqlaması Azərbaycanın dövlət maraqları baxımından qəbuledilən deyil. Ümumiyyətlə bu gün Qərb və Rusiyanın Qafqaz üzərində nəzarət istəyi var. Həmin təzyiqlər Ermənistana da edilir. Digər tərəfdən Saakaşvili Rusiyaya qarşı yenidən dirildilir. Qərb Rusiyaya demarş edir. Yəni ki, Qərb Qafqaz üzərində öz gücünü bərqərar edəcəyini açıq şəkildə nümayiş etdirir. Rusiya da böyüklük kompleksinə girərək Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı ənənəvi fikirlər səsləndirir. Lavrovun açıqlaması da həmin estafetin növbəti davamıdır. Lakin nə Qərbin, nə Rusiyanın, nə də onların nəzarətində olan ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağla bağlı gözlə görünən səyləri yoxdur. Sanki onlara Azərbaycanın belə bir probleminin olması təzyiqlər üçün lazımdır. Bu mənada həmin dövlətlər Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında maraqlı görünmürlər. Hər bir dövlət üçün müəyyən problemləri saxlamaq dünyanın paradokslarından biridir. Məsələn, Türkiyədə kürd məsələsinin həllə yaxın olması dünyanı şoka saldı. Nəticədə Türkiyəni yeni problemlərin içinə atmağa çalışırlar. Terror aksiyalarının təşkili, "Gəzi" hadisələri kimi məsələlər bu qəbildəndir. Gürcüstanda da vəziyyət bir qədər səngiyən kimi eyni proseslər başladı. Hətta düşmən Ermənistanda artıq mitinqlər başlayıb. Azərbaycanda isə kifayət qədər ciddi siyasi sabitlik var. Həmin dairələrin qənaətinə görə, bunun üçün Azərbaycdan nəsə etmək lazımdır. Dağlıq Qarabağ məsələsi haqqında zaman-zaman qıcıqlandırıcı fikirlərin səsləndirilməsi də Azərbaycanı narahat etməyə yönəlikdir. Bu cür açıqlamaları müəyyən vaxtlarda eşidəcəyik. Azərbaycan ictimai-siyasi fəalları, hakimiyyət ranqında olan insanlar dərhal bu məsələlərə münasibət bildirməlidir. Çünki Lavrovun bəyanatı beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmaq prinsipini aşağılamaqdır.
- Elşən bəy, Rusiyanın Azərbaycana qarşı aqressiyası nədən qayaqlanır? Hesab etmək olar ki, bu, Səudiyyə Ərəbistanı-Azərbaycan yaxınlaşması, eyni zamanda İranın "Altılıq"la əldə etdiyi anlaşmadan sonra Qərbin bölgədə möhkəmlənəcəyi ehtimalıdır?
- Səudiyyə Ərəbistanı-Azərbaycan yaxınlaşması bir çox ölkələrlə yanaşı Rusiyanı da narahat edir. Rusiyanın ən yaxın müttəfiqi olan İran belə öz siyasi rakursunu dəyişdi, Amerikayla hamını şoka salacaq razılaşma əldə etdi. Bu Rusiyanın müttəfiqliyinin artıq İrana lazım olmadığını göstərir. İran neftini dünya bazarına çıxarsa, İran yox Rusiya İranla müttəfiqlik etməyə, onun şərtlərini icra etməyə başlayacaq. Yəni diktə edən tərəf İran olacaq. Yəməndə baş verən hadisələrə nəzarət edən koalisiyanın başında Səudiyyə Ərəbistanı dayanır. Qərbin də bu məsələdə koalisiyaya dəstək verməsi və Yəməndə baş verənlərdə maraqlarının olması şübhəsizdir. Belə olan halda Azərbaycan Səudiyyə Ərəbistanı ilə yanaşı Qərbə yaxın dövlət kimi də səciyyələnir. Əsasən də Rusiya bu məsələyə xüsusi diqqət yetirir. Ümumiyyətlə neft ölkələri həmişə dünyanın diqqətində olublar. Həm də hamının müttəfiq olmağa maraq göstərdiyi ölkələrdir. Digər tərəfdən Rusiyanın aqressiyası təkcə Azərbaycana qarşı çevrilməyib. Onun təklənməsində, mövqelərinin zəiflədilməsində Azərbaycan rol oynamayıb. Azərbaycan sadəcə burada Rusiyanın aqressiyasının tuş gəldiyi ölkələrdən biridir. Rusiyanın aqressiyasında Azərbaycanın müstəqil olaraq güclənməsi, Qərblə ciddi münaqişəyə getməməsi, qonşu dövlətlərlə uzun illərdir saxladığı sabit əlaqələr faktorları var. Belə olan halda Azərbaycanın Rusiyanın siyasi maraqlarını heç bir rakursdan təmin etmir. Ona görə də, öz varlığını göstərmək üçün zaman-zaman ortaya atmacalar atır. Başqa səbəb görmürəm.
- Digər bir məsələyə - Türkiyədə baş verən proseslərə diqqət edək. Son günlərdə Türkiyədə başlayan terror aksiyalarında hansı tezislər var?
- Türkiyə bir addım önə çıxan kimi onu zəiflətməyə çalışırlar. Həmişə Türkiyəni dünya siyasətinə qarışmaması üçün başını özünə qatıblar. Lakin Rəcəb Tayyib Ərdoğan kənar güclərin bu səylərinin qarşısını ala bilir. Ərdoğan Türkiyə tarixinin son dönəmlərdə yetişdirdiyi ən güclü siyasi liderlərindən biridir. Buna heç kəsin şübhəsi ola bilməz. Ölkədə keçirilən ədalətli seçkilər, Ərdoğanın özünün qətiyyəti bunu deməyə əsas verir. Ərdoğan Türkiyə səviyyəsindən də önə çıxıb. Artıq söhbət "Böyük üçlük"dən gedir. Türkiyənin Səudiyyə Ərəbistanıyla ciddi əlaqələri yaranıb. Ərdoğan müsahibəsində İranın ikinci evi olduğunu dedi. Bunlar dünyanın diqqətindən qaçmır. Kürd məsələsi də demək olar ki, həllinə yaxındır. Nəticədə Türkiyə üçün yeni problem yaratmaq lazımdır. "Gəzi" hadisələri də adi proses deyildi, Türkiyə siyasətinə atılmaq üçün hazırlanmış "virus" idi. Türkiyəni qarışdıqmaq məqsədi güdürdülər. Lakin Ərdoğan da oradan da təkbaşına çıxdı. Bu gün söhbət artıq terrordan gedir. Terror hansısa dövləti vurmaq üçün əl atılacaq ən axırıncı addımdır, şərəfsiz vasitədir. Bu aksiyaların arxasında hansı qüvvələrin dayandığı Türkiyənin Dərdin dövlətinə bəllidir. Bölgədə baş verənlərin fonunda "Böyük üçlük" - Türkiyə, İran və Ərəb ölkələri önə çıxa bilərdi. Qərb bunun qarşısını almaq üçün yeni oyun qurdu. Səudiyyə Ərəbistanının lideriyində koalisiya yaradaraq, Yəmənin üzərinə göndərdi. Digər tərəfdən İranı barışıq eyforiyasına saldı. Qərb bölgə dövlətlərinin hamısının başını özünə qatıb. Türkiyədə baş verən terror aksiyaları da bu qəbildəndir. Lakin birmənalı olaraq, həmin aksiyaların arxasında Qərbin dayandığını demək siyasi əlxaqdan uzaqdır. Terror aksiyaları sinxron şəkildə qurulub. Ərdoğanın siyasi hakimiyyəti dünyanın siyasi güclərinin maraqlarına qane etmir. Onlara marionet müxalif qüvvənin hakimiyyətə gəlməsi lazımdır. Öz tələblərini diktə etmək üçün bu vacibdir. Ərdoğandan isə öz məqsədləri üçün istifadə edə bilmirlər. Siyasi güclərin əsas hədəflərindən biri Türkiyəni dünya siyasətindən təcrid etməkdir.
Mənsur