“Ədəbiyyatı iş hesab etmirəm”
Aqşin Evrən: “Əgər o işlə məşğul olsaydım...”
6 Aprel 2015 16:41 MüsahibəMüsahibim şair Aqşin Evrəndir. O, 1990-cı ildə Şirvan şəhərində anadan olub. Şeir və yazıları mütəmadi olaraq ədəbi portallarda və jurnallarda çap olunur. Bir sıra ədəbi mükafatların qalibidir.
- Doğru yolda olduğunuza inanırsınız?
- Şekspirin bir sözü var. Deyir, yaxşı və pis yoxdur, biz öz düşüncələrimizlə yaxşı və pisi yaradırıq. İndi "doğru yol" məsələsi də bir az mübahisəlidir. Məsələn, Con Kennedi də doğru yolda olduğuna inanırdı. Amma snayperlə alnının ortasında düymə boyda qırmızı dəlik açdılar.
- Yazılarınızla tanınmağa başlayanda nələr dəyişdi?
- Müsbətə doğru müəyyən dəyişikliklər oldu. Amma bunları böyük bir şey hesab etmirəm. Mənim 24 yaşım var. Daha da ciddi işlər görmək lazımdır. Vallah, ayda min manat gəlirim olsaydı, gedib hansısa bir şəraitsiz kənddə oturub yazıb-pozardım. Günümüz avtobus "şofer"lərinə "qabaqda saxlayarsız" deməklə keçir. Amma gedəcəyimiz yerə gedib çatmamışıq. "Qabaqda saxlayarsız" deyə-deyə də geriyə gedirik.
- Özünüzü başqa işdə sınaya bilərdinizmi?
- Deyəsən, Hadı müəllimin fəlsəfəsi çox təsirli olub (gülür). Məsələn, orta məktəbdə oxuyanda bir dəfə palçıqqarışdıran maşın sürmüşəm. Məşğul ola bilərdim. Yaxşı snayper atırdım. Hə, vallah. Hərbi sirr olduğuna görə bəzi məqamları açıqlamıram, ciddi bir təklif də gəlmişdi. Amma o işlə məşğul olsaydım, mənə min cür damğa vurardılar. Ədəbiyyatı isə iş hesab etmirəm. Məsələn, dünyada ən çox redaktəyə ehtiyacı olan mətn - "mən ədəbiyyatla məşğulam" cümləsidir. Ədəbiyyat yaşam tərzidir.
- Yazıçı uğur qazanması üçün nə etməlidir?
- Bu, baxır mənsub olduğu ölkənin ictimai-siyasi vəziyyətinə. Beynəlxalq uğur üçün yazıçıya təkcə istedad kifayət etmir. Ona ölkədən mədəni, ictimai, siyasi sektorlar da dəstək olmalıdır. Ümumiyyətlə isə uğurun "Qızıl üçbucaq" düsturu var. Xəyal gücü+İnam+Zəhmət=Uğur. Yazıçının xəyal gücünə hər iki aspektdən ehtiyacı var. Bəzən biriləri 20 ölkə gəzir, amma iki dənə təsirli cümlə yaza bilmir. Bəzənsə uğur üçün adama cəmi 20 qəpik lazım olur. Avtobusa minib Sahilə gedirsən və bütün həyatın dəyişir.
- Gündəlik yazılarınızı limitlə yazırsız?
- Yox, elə vaxt olur ki, aylarla heç nə yazmıram. Bir hekayənin üstündə 5-6 ay işləyirəm. Neçə dəfə silib yenidən yazmışam. Bizdə bəzən bir günə 3 hekayə, 1 roman, nə bilim, 21 dənə şeir yazırlar. Mən dünya ədəbiyyatında belə hal görməmişəm. Hətta Markes də deyirdi ki, günə cəmi bir cümlə yazıram. Pamuk roman yazanda gedib qəhrəmanının yatağının eskizlərini çəkir. Bizdə isə hələ də 16-cı mərtəbədə yaşayan şəxsən tanımadığı qızın həyatından, intim münasibətlərindən roman yazanlar var.
- Yazarkən hansı çətinlikləri çəkirsiz?
- Nəsr yazanda ilk və son cümlə imkan vermir rahat yaşayaq. Şeirdə isə o naməlum istiqamətdən gələn zəhlətökən sarsıntılar, dağıntılar çətinlik yaradır. Əksər hallarda şeir yazandan sonra doğmalara bir-bir zəng edirəm, hal-əhval tuturam. Bir çoxları kimi mənim də uşaqlıq illərim çətin dövrə təsadüf edib. Hər şey gəlib gözümün qabağında dayanır: Ağacdan yıxılmaqdan tutmuş, ta həyatdan yıxılmağa qədər. Amma o dövrün də gözəllikləri var idi. Məsələn, o vaxt ayaqqabı bizə futbol oynamaq üçün lazım idisə, indi daha çox çıxıb getmək üçün lazım olur.
- Yazmaq üçün mövzuları necə tapırsınız?
- Əgər söhbət publisistikadan gedirsə, mövzunu cəmiyyət özü yaradır. Nəsr və şeirdə isə mövzu axtarmıram. Yazıram, mövzu olur. Şeir üçün mövzu seçmək absurddur. Çünki qarnın ac olanda "oturum bir sevgi şeiri yazım" deyib qələmi əlinə alsan, o şeirdən gül-çiçək yox, pendir-çörək iyi gələcək. Ciddi bəddi nümunələrdə mövzunu insanın daxili aləmi, ağrıları diqtə edir.
- Bakı insan sıxlığının olduğu şəhərdir, ərazisi isə kiçikdir. Belə sizə yazmağa çətin olmur ki? Bir çox yazar tanıyıram ki, yazmaq üçün paytaxtdan kənara - daha sakit yerlərə çəkilirlər.
- Zatən, adamı yazmağa məcbur edən insan sıxlığı və insan yoxluğudur.
- Şeirlərinizdən kosmopolit düşüncə sahibi kimi görünürsüz.
- Haqlısız, müəyyən mənada kosmopolitizm var, amma heç o düşüncə tərzini də tam qəbul etmirəm. Ümumiyyətlə, özümü heç bir "izm"ə aid etmirəm. Çünki ətrafına yumurta qabığı hörsən, hər şeyi ağ görəcəksən. Bu isə özünü aldatmaq olar, çünki heç nə ağ deyil, ağ rəng öldü. Fikrimcə, yazıçının öz balaca dünyası olmamalıdır. Öz balaca dünyası olan adam heç vaxt ortaya böyük əsər qoya bilməz. İdeologiya, pafos - bunlar hamısı qaldı ötən əsrdə. İndi camaat gözü ilə gördüyünə inanmır. Həmişə deyirəm, evdə uşaq kartof istəyəcək, qadın hamamda kraxmal. Bunların hər ikisi, təxminən, eyni şeydir. Amma eyni şeyi bir araya gətirmək də çətin məsələdir. Axı eyni qütblər həmişə bir-birini itələyir.
- Şeirlərinizdə kədər və zaman məsələri var. Bunun hansısa xüsusi səbəbləri varmı?
- Yəqin, kədərli zamanlarda yazmışam (gülür). Bilmirəm, mən yazdığım şeirləri heç vaxt analiz etməmişəm ki, nə haqda yazdım, necə yazdım. Şeir haqda danışmaq yox, onu sadəcə, oxumaq lazımdır. Əgər yaxşı şeirdirsə, o, zatən, özü cavab verəcək suallara, özü danışacaq. Ümumiyyətlə, bizdə belə bir təfəkkür formalaşıb ki, şeir ilahidən gəlir. Nə bilim, guya Allahın pıçıltısıdır. Vallah, boş şeylərdir. Şairlər özlərini fenomen elan etməyi xoşlayırlar. Bu inanc incəsənətin digər sahələrində də var. Amma ədəbiyyatda daha faciəvi hal alıb. Məncə, bu, Mövlanənin ekstazı ilə bağlıdır. Belə bir inanc var ki, Mövlanə yazanda Allahla ünsiyyətə girirmiş və hatifdən gələn sözləri deyirmiş, müridləri də yazırlarmış. İndi çoxu bunu öz həyatına "copy-paste" edib. Metro işçisi ilə normal ünsiyyət qura bilməyən adam, gəlir Allahla ünsiyyətə girdiyini və bundan da bir şeir "doğduğunu" deyir. Belə qəribə bir vəziyyət...
- "İlahi şifrələr"dən bəhs edərdiz bir az... Necə oldu kitab?
- Qadağan olundu.
- Yazmaq həyatınız boyunca davam edəcəkmi?
- Mən heç həyatımın davam edib-etməyəcəyi haqda düşünmürəm, o ki qaldı yazmaq haqda. Təkcə onu bilirəm ki, yazmaq lənət kimi yapışıb canıma.
- Bayaq özünüzü heç bir "izm"ə aid etmədiyinizi dediniz. Bir az danışa bilərdiz bu haqda?
- Bu haqda heç vaxt düşünməmişəm. Qəliblərə sığmaq ədəbiyyatı siyasiləşdirir, çərçivəyə salır. Mühüm olan mətnin gücüdür. Bunun hansı dildə, hansı irqdə, hansı ölçüdə yazılması elə də vacib deyil, deyə düşünürəm.
- Ümumiyyətlə, yazarın özünü hansısa ədəbi cərəyana aid etməsi nə qədər məntiqlidir?
- Hökm qoya bilmərəm. Hərənin öz seçimi var. Dediyim kimi, mənim üçün bu, vacib şərt deyil. Realizm, sürrealizm, modernizm, postmodernizm - bunlar bir bədənin müxtəlif ölçüdə paltarlarıdır. Mühüm olan bədənin sağlamlığıdır. Sözün, əsərin gücü texniki göstəricilərdən, strukturdan yüksəkdə olmalıdır. Oxucu heç bilmir ki, sən bunu yazanda viski içmisən, ya yupi. Oxucu ciddi, zərbə effekti yaradan mətn istəyir.
- Kitab seçmək üçün öz tərziniz varmı? Yoxsa, hər növdən olan kitabı oxumaq lazımdır?
- Məncə, mütaliə mərhələli şəkildə aparılmalıdır. Mən 15 yaşımda "Səfillər"i oxuyandan sonra daxilən çox səfil oldum. Əsərin psixoloji mənfi təsirini sonradan hiss etdim. İnsan kitabdan, filmdən nəsə qavramaya bilər, amma onun şüuraltısı təsirli məqamları maqnit kimi çəkib beyinə yayır. Yadıma gəlir ki, qardaşım "Tom və Ceri"yə baxandan sonra harda siçan görürdüsə, öldürüb atırdı pişiyin qabağına. Və ya məhləmizdə bir uşaq "Sehirli xalat" filminə baxandan sonra anasının xalatını geyinib pəncərədən "uçmuşdu" yerə.
- Seviləcək obraz yaratmaq üçün çoxlu insan tanımaq lazımdır? Yoxsa ki, yazarlar tanrısal gücə malikdirlər?
- Dünyada bir dənə də olsun fenomen yoxdur. Hətta deyərdim ki, insan övladı bacarıqlarının çox az qismini kəşf edə bilib. Hamının xoşuna gəlmək isə insanın xarakteri ilə bağlıdır, burda təcrübə əsas deyil. Məsələn, körpə uşaqlar da hamının xoşuna gəlir, amma onlar heç insanla bitkini ayıra bilmirlər, nəinki yaxşı ilə pisi. Əgər insanın içində "kista" varsa, o, nə vaxtsa partlayıb digər orqanları zəhərləyəcək. Yaxşı insan obrazı yaratmaq asandır, ancaq bu obraz bir yerdə axsayır, səhv edir, domino daşları tək dağılır. Hətta ən təcrübəli qatil də cinayətdən sonra mütləq iz qoyur.
- Belə görünür ki, həyatı çox ciddiyə alırsız.
- Həyatı ciddiyə almayan insan ölmüş insanlardır. Əgər insan yaşayırsa, demək, həyat onun üçün ciddidir. Mən "ölümdən qorxmuram, həyat mənasızdır" deyən insanın başına avtomat diriyəndə ağlayıb, yalvardığını görmüşəm. Filmdə də deyildiyi kimi - "mən onun üzündən insanın əzabının son həddini gördüm".
- Bəs, müasir ədəbiyyat haqda nə düşünürsüz?
- Azərbaycanı nəzərdə tutursunuzsa, bizdə hələ tam şəkildə müasir ədəbiyyat formalaşmayıb. Xüsusən də, poeziyada. Çiçəkdən-böcəkdən-kəpənəkdən qopmaq lazımdır. Bunlar haqda min ildir yazırlar. Elə şairlər var ki, onların orta əsr şairləri ilə bircə "ayfon"luq fərqi var. Amma düzələcək, yoluna düşəcək. Dünyada isə vəziyyət yaponcadır, ədəbiyyat xeyli inkişaf yolu keçib, kifayət qədər ciddi əsərlər yaranır. Hətta mədəniyyət sahəsini diqtə edən film sektoru da öz mənbəyini müasir bədii əsərlərdən götürür.
- Sosial media ədəbiyyatı ilə bağlı fikirlərinizi bilmək istərdik. Düşünürsüzmü, sosial şəbəkələr yazarların düşüncə qəlibini dayazlaşdırır?
- İstər-istəməz sosial şəbəkələr yaradıcı insana təsir göstərir. Məsələn, ağlında böyük bir ideya hərləndiyi vaxt bir qızın qamburger yeməsi ilə bağlı yazdığı statusu oxuyursan və o ideya yığılır yerləşir qamburberin içinə. O ideya elə status boyda olur. Yəni biri var evdə oturub Hamsunun "Aclıq" romanını oxuyursan, biri də var balaca, dəcəl bir xanımın qamburger statusunu.
- Aqşinə bəy, deyə bilərsiz, niyə mövcud ədəbi mühitin yazarları biri-birini tənqid etməkdən qaçırlar?
- Bəziləri üzdə tənqid edir, bəziləri gizlicə tənqid edir, məsləhətlərini verir, bəziləri isə üzdə deməsə də, orda-burda kiminsə dalınca danışır. Üçüncü hal ədəbi tənqid yox, bədii təhqirdir. İki-üç gün əvvəl teatr festivalında idim. Gənc aktyorlar bir-biri ilə o qədər mehriban idilər ki, lap adamın yadına uşaqlığı düşürdü. Bizim ədəbi mühitdə bu dərəcədə mehribanlıq, saf münasibət nadir hallarda görünür. Məsələn, mənə də səbəbsiz yerə kin saxlayanlar var. Yaradıcı insanı qoy kənara e, vallah, heç kişiyə yaraşmır kin saxlamaq. Adam istəyir çağırıb desin ki, ay qardaş, mən sənə nə etmişəm, dərdin ağrın nədir, gəl de, həll edək. Düşmənçilik, paxıllıq, kin hətta bizim qonşuluqdakı seriyalı qatil də yaraşmırdı. Anası onu haqda demişdi ki, o belə oğlan deyil, yəqin, hadisə zamanı içkili olub.
- Bura qədər danışdıqlarınızın xaricində nə demək istərdiniz?
- Hər şey yaxşı olacaq. Hər şey yaxşı öləcək.
Mənsur Rəğbətoğlu