“Etiraf zamanı”: Bildiyimiz artist İsmi Şahzadə ilə
“Arada özümə deyirəm, mən çooox böyük adam olacam, çooox”
2 Aprel 2015 14:11 Müsahibə"Etiraf zamanı" - layihənin adıdır. Burada seçilmiş müxtəlif peşə sahibləri sırf özləri haqda olan sualları cavablandırırlar. Verəcəkləri cavablar etiraf xarakterlidir. Layihənin ikinci müsahibi artıq bəllidir. O, fotoqraf İsmi Şahzadədir. Tanıyaq.
- Salam, səni tanımaq maraqlıdır, ilk olaraq haqqında məlumat verərdin.
- Mənəm də, İsmi Şahzadə, ixtisasca şərqşünas (ərəbşünas), peşəcə fotoreportyor, xislətcə deyib-gülən biri.
- Bir az da hobbilərindən danış.
- Sözün açığı bu hobbi sözünü eşidəndə qıdığım gəlir. Çünki hələ də elə bilirəm ki, orta məktəbdəki kimi xatirə dəftərində olan o hobbi sualıdı, yəni hobbim, elə şəkil çəkməklə başladı, sonralar bunu dostlarım, "İsmi, bunu yaxşı çəkmisən", "bu əladı" deyə-deyə həvəsləndirdilər. Və başladım fotoqraflardan hərəsindən bir şey öyrənməyə. Əsas hobbim isə, insanları, ətrafımdakıları təbəssümləndirmək - gülmək yox ha, təbəssümləndirməkdir.
- Hədəf yolundakı çətinliklər nələrdir?
- Əvvəllər yaşa görə hədəflər böyük idi. Elə bilirdim, tək maneə valideynlərdir. Amma indi başa düşürəm ki, elə onlar da heç vaxt gözlərində böyüməyən övladlarının xoşbəxtliyi üçün hər nəyə desən razıdırlar. İndi vallah, insan iradəsinin insan hədəfinə mane olacağını düşünürəm, başqa heç nə, heç bir varlıq. Əgər mənim hədəfim var və bu hədəf üçün sadəcə lazımi, mərhələli yolu keçməliyəm, bu qədər sadə, keçə bilmirəmsə deməli hansısa məsuliyyətimi, oxumağımı, bacarığımı və ya nəyisə əskik edirəm, problem insanın özündədir. Məsələn, bu ana olan hədəfim xaricdə təhsil almaqdı. Amma o qədər başqa işlərə başım qarışıb ki, oturub konkret özümə günün nizam qaydaları tərtib edə bilmirəm ki, imtahana hazırlaşım çıxım gedim.
- Özündən razısan?
- Hələ nə yatmışam ki, nə də yuxu görüm, çox tezdi hələ.
- Səni ifadə edən ən yaxşı cümlə hansıdır?
- İsmi Şahzadə - bildiyimiz artist.
- Fotoqraflıq istədiyin peşədir?
- Fotoqraflıq - mənim üçün, yanımda gəzib dolaşdığımız, amma axşamlarda bir evdə qaldığımız sevgilidir.
- Kiminsə kumirisən?
- Bütün iş yoldaşlarımın kumiriyəm, inan.
- Bəs, sənin kumirin kimdir?
- Hələ ki yoxdur. Lakin Cim Kerrini dəhşət izləyirəm.
- "Ağ yalan" danışmısan?
- Özüm də inanmışam öz danışdığıma.
- Nəyə peşimansan?
- Peşiman olmağa qıcıqlanıram, heç nəyə peşiman deyiləm. İnsan öz elədiyi yalnış və ya doğru olsun, niyə ona peşiman olsun axı? Əziyyət çəkib, fiziki yorulub və ya beyin işlədib, yəni gedən gedib də, peşimançılıq mənasız hissdir. Olmasın heç kim.
- Ən çox nəyə əsəbləşirsən?
- Qulaqcığımın itməyi və ya bir qulağının xarab olmağı, tozsoran səsi və ən əsası kondisioner havasının sifətimə vurması.
- Bəs, səni ən çox kimlər əsəbləşdirir?
- Məni ən çox, xətrini çox istədiyim insanlar əsəbləşdirir. Onsuz da başqası olsa əsəbləşdirəndə heç vecimə almaram, tanımadığım, çox istəmədiyim adama görə niyə əsəbləşim?
- Yaxın dostun cinayət işləsə onu polisə verərdin?
- Məsələn, birini öldürsə, gəlib desə heç kim bilməsin zad, yenə də təhvil verərdim. Amma haqlıdı, özünü müdafiə edib öldürüb, nə bilim zəruri hallara görə öldürübsə gizlədərdim onu. Lakin , haqsız yerə edibsə cinayəti, özüm satardım, özüm təhvil verərdim dostu.
- Bir film çəkmək şansın olsaydı, nə haqda olardı?
- Dərin dövlət, xüsusi təhlükəsizlik servisləri haqda, bir sözlə "Kurtlar Vadisi".
- Həyatına ən çox iz buraxan hadisə nədir?
- İki dəfə meyit yumuşam, heç unutmuram. Qorxularımı yendim, böyüdüyümü anladım, çox yaxşı təsir edib inkişafıma.
- Ən çox nəyin yoxluğunu yaşayırsan?
- Əslində yoxluq yox, yarımçıqlıq deyərdim, yoxluq yoxdu mənə görə. Yoxluqdan danışırıqsa deməli var, var olan bir nəsnədən danışırıq. Yarımçıqlıqdakı, məsələn dostlarımın yarımçıqlığı. Hansı ki, çoxu həbsdədir, sevgi yarımçıqlığı hansı ki, ömrü boyu məndə birtərəfli olur da sevgi, ya mən sevirəm o sevmir mən, ya da o məni sevir, mən onu sevə bilmirəm. Bax belə.
- Gördüyün işin xaricində nə etmək istərdin?
- Bundan əlavə, təyyarələrdə olure, bələdçidir nədi, hostess bax o işdə çalışmaq istərdim. Çoxlu gəzəcəm axı ona görə.
- Əlinin çatmadığı bir insanla tanış olub söhbət etmək şansın olsaydı, o kim olardı? Ondan nələri öyrənərdin?
- Təbii ki, əlimin çatmayacağını bildiyim amma hər zaman onu oxuduqlarımdanmı, ya onun elədiklərinə görəmi, tarixdə qoyduğu izə görəmi, qısa müddətlik də olsa görmək istədiyim kimlərsə var. Sözün açığı mənə sirli qalan insanlar, elm adamları, dahilər var onlardan kimisə görmək istərdim. Məsələn elə Nikolay Koperniki görmək istərdim. Onun yarım sirli həyatını düşünürəm ki, öz gözümlə görsəm çözərdim, bu qədər sirli olmazdı o. Əla sualdı. Bu "Hollivud" aktyoru vare Cim Kerri, deməli onunla dost olub onun yaşam formasını bilmək istərdim. Çünki arada özümə deyirəm, "mən çooox böyük adam olacam, çooox".
- Heç kimsənin bilmədiyi özəlliyin varmı?
- Hamının bildiyi özəlliyim, enerjili olmağım, manıs olmağım və sairdir. Heç kimin bilmədiyi özəlliyim isə, çox ciddi bir insan olmağımdır.
- Uğurlarında ilham qaynağın olub?
- Mən vallah, hələ çox uğur qazanmayınca, uğurlarımın oduğunu düşünmürəm. Mən elə bir "virusam" ki, ustadım, müəllimim, ilham qaynağım olmayıb. Yəni daxilən elə beləyəm, uşaqlıqdan bu yana
- İsmi, sən niyə beləsən?
- Mən??? Heç kim kimi, mən də əbədi deyiləm. Belə olmağımı da, o məşhur mahnıdakı kimi desək: "İstəyirdim soruşum, pərvərdigardaaan??
Görəsəəən, dünyaya nöş gəlir insaaan?".
Mənsur Rəğbətoğlu