“Dünyada aparılan ikili siyasət Azərbaycanın haqlı mövqeyini müdafiə etmir”

Son günlər cəbhə xəttində artan gərginlik və ermənilərin müntəzəm olaraq atəşkəs rejimini pozması aktiv hərbi əməliyyatların başlamasını qaçılmaz edib. Təsadüfi deyil ki, bu arada bəzi beynəlxalq ekspertlər də Qarabağda aktiv hərbi əməliyyatların mümkünlüyü barədə ehtimallarla çıxış edirlər. Paralel olaraq yaxın vaxtlarda işğal altında olan 7 rayonun qaytarılacağı barədə yayılan məlumatlar da Dağlıq Qarabağ problemi ilə bağlı müəyyən proseslərin getdiyi təsəvvürü yaradır. Bəs görəsən bütün bu irəli sürülən iddia və ehtimallar nə dərəcədə real görünür? Məsələ ilə bağlı Ədalət Partiyasının sədr müavini, siyasi ekspert Mütəllim Rəhimli ilə söhbətləşdik.

-Mütəllim bəy, son günlər Azərbaycanın 7 rayonunun yaxın vaxtlarda geri qaytarılacağı barədə xəbərlər yayılır və Rusiyanın bunda maraqlı olduğu bildirilir. Sizcə, bu nə dərəcədə mümkün variantdır?

-Bir müddət əvvəl də belə bir fikir ortaya atılmışdı. Hətta sosial şəbəkələrdə Qarabağ ətrafında işğal altında olan rayonların azad edilməsi ilə bağlı sevinc dolu statuslar yazılırdı. Kimisi bu rayonların ordumuz tərəfindən azad edildiyini, kimisi isə ermənilərin könüllü olaraq boşaltdığını bildirirdi. Əlbəttə, işğal altında olan bütün torpaqlarımızın azad edilməsi vacibdir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Təəssüf ki, dünyada aparılan ikili siyasət Azərbaycanın haqlı mövqeyini müdafiə etmir. Düşünürəm ki, Rusiya tərəfindən bu ideyanın ortaya atılması ictimai fikri yoxlamaq cəhdləridir. Çünki son günlər elə bir situasiya yaranmayıb ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması üçün Rusiya Ermənistana təzyiq etsin. Əgər indi bu rayonların qaytarılması üçün "müharibə" başlasa hesab edirəm ki, bu bizim maraqlara uyğun deyil və üçüncü qüvvənin planlarına daxildir. Nəticədə respublikamız nəinki nəsə əldə edər, hətta itirə bilərik. Ancaq Azərbaycanın Rusiya ilə əməkdaşlığının dərinləşməsi üçün gələcəkdə 7 rayonun geri qaytarılması danışıqlar predmeti ola bilər. Bu regionda baş verən hadisələrin inkişaf istiqamətinə bağlı olacaq. Hazırda isə bu hadisələr kifayət qədər dumanlı görünür. Belə şəraitdə isə Rusiyaya əlavə problem lazım deyil.

-Ümumiyyətlə, Rusiya Azərbaycan ərazilərinin işğaldan azad edilməsində maraqlıdırmı?

-Hər bir dövlətin özünün maraqları və niyyətləri var, siyasətini də buna görə qurur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, düşünmürəm ki, səmimi olaraq Türkiyədən başqa hansısa ölkə arzu etsin və buna cəhdlər göstərsin. Yalnız regionda yarana biləcək situasiya və Azərbaycanın uğurlu siyasəti Rusiyanı bizim ərazilərin işğaldan azad edilməsi zərurəti ilə razılaşdıra bilər. İndi isə Rusiyanın başı daha çox Ukrayna hadisələrinə, Yaxın Şərqdə baş verən proseslərə qarışıb. Ukrayna yaranan qanlı toqquşmalar fonunda Rusiya keçmiş sovet respublikaları ərazisində hələlik hər hansı gərginliyə razı deyil. Yalnız Ukrayna hadisələrində Rusiyanın xeyrinə müəyyən dəyişikliklər baş verərsə Azərbaycanla bağlı siyasətində yeniliyin olacağına ümid bəsləmək olar.

-Bu arada cəbhədə yenidən gərginliyin artması və erməni təxribatlarını necə dəyərləndirirsiniz?

- Cəbhədə baş verən atışmaların nəticələri göstərir ki, ermənilər çoxsaylı itkilər verməkdədir. Həm də Ermənistanın bir gərginlik içərisində olduğu görünür. Hakimiyyətin düçar olduğu bu gərginlik getdikcə cəmiyyətə də sirayət edir. Erməni mətbuatı və sıravi vətəndaşlar getdikcə hakimiyyəti səriştəsizlikdə ittiham edir, hətta hökumətin istefası tələbləri də səslənir. Maraqlıdır ki, Ermənistan kütləvi informasiya vasitələri tənqidi yazılarında Azərbaycanla müqayisədə öz ölkələrinin Müdafiə Nazirliyini bacarıqsızlıqda günahlandırır. Bütün bunlar sübut edir ki, Ermənistanın könüllü olaraq cəbhədə təxribat etməsi mümkün deyil. Mövcud vəziyyətlə barışması, situasiyanı dəyişə bilməməsi onu deməyə əsas verir ki, Ermənistan düşdüyü vəziyyətdən alternativ çıxış yolu tapa bilmir. Yəni tələfat verməyə davam edərək vəziyyətin belə davam etməyəcəyinə, dəyişəcəyinə ümid edir.

-Erməni təxribatının davamlı xarakter alması hərbi əməliyyatların intensivləşməsinə gətirib çıxara bilərmi?

- Hələlik cəbhədə iriçaplı hərbi əməliyyatların başlanılması real görünmür. Baxmayaraq ki, belə bir əməliyyatın başlaması yalnız Azərbaycanın xeyirinə olardı. Hər iki dövlətin hərbi gücünün, ordunun və xalqın mənəvi-psixoloji vəziyyətinin müqayisəsi göstərir ki, Ermənistan bizim qarşımızda tab gətirə bilməz. Regionda yaranmış situasiyanın təhlili göstərir ki, Azərbaycan tərəfi Ermənistanın mövcud gərginlikdən qurtarmasına imkan verməməlidir. Hakimiyyət geniş miqyaslı hərbi əməliyyatlara başlamaq riskini görürsə partizan dəstələri vasitəsilə Qarabağ və işğal olunmuş ərazilərimizdə düşmənə lazımi zərbələr endirə bilər. Bu yolla ərazilərimizi ermənilərdən təmizləyə biləcəyimizə ümid edirəm.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31